2013-cü ildə də
ölkəmizdə sosial proqramlar
uğurla icra olunub
Prezident İlham Əliyev: 110 min yeni iş
yeri açılmışdır ki, onlardan 80 mini daimi iş
yeridir. İşsizliyin
səviyyəsi 5 faizə düşmüşdür.
Yoxsulluğun səviyyəsi də
aşağı düşmüşdür,
5,3 faizdir
Ölkəmizin iqtisadi imkanları ilə birbaşa əlaqəli olan sosial məsələlərin həlli bütün dövrlərdə olduğu kimi, bu gün də dövlətin diqqət mərkəzindədir. Azərbaycan bu gün inkişafının elə mərhələsindədir ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının müxtəlif sahələrində tərəqqi və intibaha xidmət edən, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan islahatları yüksək dinamizmlə gerçəkləşdirmək imkanı yaradıb. Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində aparılan siyasət həmçinin, paralel olaraq yoxsulluğun səviyyəsinin aşağı düşməsinə xidmət edir. 2013-cü ilin yekunlarından göründüyü kimi, Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun və regionların inkişafının sürətlənməsi, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyinin təmin olunması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühitinin yaradılması əhalinin sosial rifahının daha da yaxşılaşmasına zəmin yaradıb. Başqa sözlə, 2013-cü il üzrə makroiqtisadi göstəricilərin dinamikası əhalinin rifah halının artmasında da müşahidə olunub. Ötən ildə 57 milyard manat olan ümumi daxili məhsulun (ÜDM) adambaşına düşən ümumi həcmi 4,4 faiz artaraq 6 min 132 manata (təxminən 8 min ABŞ dollarına) çatıb. 2012-ci illə müqayisədə işləyənlərin orta aylıq əməkhaqqı 6,2 faiz artaraq 423 manat, pullu xidmətlərin həcmi isə 8,2 faiz artaraq 6,5 milyard manat olub. Ötən müddət ərzində inflyasiya 2,4 faiz təşkil edib və əhalinin pul gəlirlərinin artımından xeyli aşağı olub. Eyni zamanda, 2013-cü ildə əhalinin banklarda olan əmanətlərinin məbləği 34 faiz artaraq 6,8 milyard manata çatıb.
Ötən ildə də dövlət büdcəsi vəsaiti hesabına əsas dövlət vəzifələrinin sabit maliyyələşdirilməsi təmin edilib, əmək haqları, müavinətlər, pensiyalar üzrə öhdəliklər tam və vaxtında yerinə yetirilib. Belə ki, ötən il minimum əməkhaqqı 13 faiz, əmək pensiyasının baza hissəsi 17,6 faiz çərçivəsində artımı təmin edilib. Dövlət sektorunda çalışanların əmək haqları isə ən azı 10 faiz həcmində artırılıb. Tətbiq olunmuş artımlar təxminən 3 milyon nəfərdən çox insanın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaradıb.
Ümumiyyətlə, Azərbaycanda yeni inkişaf strategiyasının başlıca istiqamətləri respublikanın bütün mövcud potensialından səmərəli istifadə etməklə, yoxsul təbəqənin, işsizliyin sayının minimuma endirilməsindən ibarətdir. Ölkəmizdə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində aparılan siyasət həmçinin, paralel olaraq yoxsulluğun səviyyəsinin aşağı düşməsinə xidmət edir. Zəngin valyuta sərvətlərinin ölkəyə daxil olmasının fonunda sözsüz ki, bütün sosial təbəqələr və sahələr üzrə yüksək sıçrayışların müşayiət olunması qaçılmazdır. Bu tendensiya ötən ildə də müşahidə olunub. Ötən il dünya maliyyə böhranı bir çox Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda işsizliyin səviyyəsinə ciddi təsir göstərməyib. Əksinə, Azərbaycanda işsizliyin səviyyəsi azalıb. 2003-cü ildən bu günədək respublikamızda 1 milyondan artıq yeni iş yeri açılıb ki, onların mütləq əksəriyyəti daimi iş yeridir. Yanvarın 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev yeni iş yerlərinin açılmasını, əməkhaqqı və pensiyaların artırılmasını dövlətin həyata keçirdiyi uğurlu sosial siyasətin nəticəsi olduğunu bildirib: “Keçən il maaşlar və pensiyalar qaldırılmışdır. Bu da müsbət haldır. Biz yaxşı bilirik ki, bəzi ölkələrdə pensiyalar, maaşlar kəsilir, iş yerləri, xərclər ixtisar edilir. Azərbaycanda heç bir sosial proqrama toxunulmadı, əksinə biz insanların rifah halının yaxşılaşması üçün əlavə tədbirlər gördük. Həm sosialyönümlü, həm investisiya yönümlü. Əlbəttə ki, bu, özünü real həyatda da göstərir”.
Qeyd etmək lazımdır ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə də əhəmiyyətli təsir edib. Belə ki, işsizliyin səviyyəsinin azaldılması Dövlət Proqramında əsas məsələlərdən biri kimi nəzərdə tutulub. Heç şübhəsiz regionların sosial-iqtisadi inkişafının göstəriciləri sırasında ən mühümü yoxsulluğun azaldılmasıdır. Çünki yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni iş yerləri yaratmaq təşkil edir. Məsələn, 2005-ci ildə ölkə üzrə işsizlərin sayı 7,5 faiz və ya 317,8 min nəfər təşkil edirdisə, 2011-ci ildə bu göstərici 5,4 faiz və ya 250,9 min nəfər olub. İşsizlik statusu almış şəxslərin ümumi sayı 56343-dən (2005-ci il) 38330 nəfərədək (2011-ci il) azalıb. İşsizlik müavinəti alan şəxslərin sayı isə 2087-dən (2005-ci il) 1002 nəfərədək (2011-ci il) azalıb. 2010-cu ildə dövlət sektorunda məşğul olan insanların sayı 28630 nəfər təşkil edirdisə, 2011-ci ildə onların sayı 2130 nəfər azalaraq 26500 nəfər olub. 2011-ci ilin yekunlarına görə, ölkədə yoxsulluğun səviyyəsi 8 faizədək azalıb. 2013-cü ildə isə, 110 min yeni iş yeri açılıb. Ötən ilin yekunlarına görə, işsizliyin səviyyəsi 5 faiz, yoxsulluğun səviyyəsi isə 5,3 faizədək aşağı düşüb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev keçən ildə sosial məsələlərin həlli istiqamətində önəmli addımların atıldığını vurğulayıb: “Keçən il işsizliklə bağlı olan problemlər öz həllini tapmışdır. 110 min yeni iş yeri açılmışdır ki, onlardan 80 mini daimi iş yeridir. İşsizliyin səviyyəsi 5 faizə düşmüşdür. Yoxsulluğun səviyyəsi də aşağı düşmüşdür, 5,3 faizdir. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 8 faizini təşkil edir. Bu da dünya miqyasında ən gözəl göstəricilərdən biridir”.
Bütövlükdə, sosialyönümlü iqtisadiyyatı respublikamızın strateji inkişaf və modernizasiya konsepsiyasının əsas təməllərindən biri kimi qiymətləndirmək olar. Prezident İlham Əliyevin keçmiş sovet dövründən qalmış əmanətlərin qaytarılması haqqında imzaladığı Fərman da həmin tendensiyanın bariz göstəricilərindəndir. Məhz 2013-cü ildə ən vacib sosial layihələrindən biri kimi vətəndaşların keçmiş SSRİ Əmanət Bankında qalan əmanətlərinin fərdi birdəfəlik ödənilməsi prosesinin başa çatmasını misal göstərmək olar. Ödənişə başlanıldığı andan MDB məkanında rekord müddətdə, yəni 1 il 7 ay ərzində 1 milyon 623 minə yaxın əmanət hesabı üzrə 597 milyon manat fərdi birdəfəlik ödəmələr həyata keçirilib.
Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Ölkəmizdə sosial sahədə görülən tədbirlər sistemində ünvanlılıq prinsipinə əməl olunur. Belə ki, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olanlar - əlillər, ahıl vətəndaşlar və uşaqlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Ötən il ərzində də əhalinin sosial müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirilib, onların təminatının yaxşılaşdırılması üçün pensiya və müavinətlərin həcmi artırılıb. Məsələn, 2013-cü il avqustun 27-də Prezident İlham Əliyev əmək pensiyalarının baza hissəsinin artırılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən yaşa görə, əmək pensiyasının baza hissəsinin məbləği 2013-cü il sentyabrın 1-dən 100 manat müəyyən edilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət nəticəsində ölkəmizdə əlillərin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradılıb. Şübhəsiz, dövlət başçısı tərəfindən imzalanan müvafiq Fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılıb. Pensiya təminatı sistemində həyata keçirilən islahatlar isə bu kateqoriyadan olan şəxslərin əmək pensiyalarının ciddi artımına səbəb olub.
Beləliklə, Azərbaycanda həyata keçirilən çoxşaxəli sosial siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və yaxşı həyat şəraitinin təmin olunmasına yönəlib. Ölkənin iqtisadi inkişafından, səmərəli neft strategiyası nəticəsində əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir.
SEVİNC
Yeni Azərbaycan.-2014.- 17 yanvar.- S.2.