Xalqımızın azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsi

 

20 yanvar 1990-cı il Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən birini əks etdirən tarixdir. Eyni zamanda, bu, xalqımızın azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış şanlı qəhrəmanlıq səhifəsidir. SSRİ-nin çöküş ərəfəsində olduğu bir zamanda xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsinə vurulmağa cəhd edilən zərbə idi. SSRİ rəhbərliyinin xalqımıza, onun azadlıq mübarizəsinə qarşı həyata keçirdiyi bu əməliyyat Sovet imperiyasının siyasətinin gerçək mahiyyətini əks etdirən növbəti arqument oldu. Bu fakt, eyni zamanda, SSRİ-nin Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti dəstəkləməsinə növbəti dəfə dəlalət edirdi.

20 Yanvar faciəsinin mahiyyətini daha dərindən anlamaq üçün bir-biri ilə sistematik surətdə bağlı olan bir neçə kompleks məsələyə, faciənin törədilməsinə imkan verən situasiyaya, 20 Yanvar olayına siyasi-hüquqi qiymət verilməsinə nəzər yetirmək məqsədəmüvafiqdir.

20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır

Paytaxt Bakının zəbt olunması SSRİ DİN-in, DTK-nın və Sovet ordusunun hissələrilə müdafiə naziri Yazovun komandanlığı altında həyata keçirilmişdi. Öz konstitusiya hüquqlarının bərqərar edilməsi tələbi ilə çıxış edən dinc, silahsız əhali gülləbaran edilmişdi. Ən dəhşətli faktlardan birio idi ki, Sovet ordusu bu qırğını törətmək üçün, hətta qadağan olunmuş silahlardan, güllələrdən də istifadə etmişdi. Bu qanlı aksiyalar nəticəsində Bakıda və respublikanın rayonlarında 131 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq və Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi. O da qeyd olunmalıdır ki, Sovet ordusunun vəhşilikləri təkcə həmin gecə ilə məhdudlaşmadı və bir müddət müxtəlif yerlərdə dəhşətli qətliamlar davam etdirildi. Təxribat planına uyğun olaraq əvvəlcədən televiziyanın enerji bloku partladıldığından radioteleviziya verilişlərinin yayımı dayandırılmışdı, eyni zamanda, qəzetlər də nəşr olunmurdu. Mərkəzi mətbuat və Rusiyanın televiziya kanalları isə hadisəni təhrif edən yalan məlumatlar yaymaqda idi. Görünməmiş zorakılıqla üzləşən, qanı küçələrə axıdılan insanlar informasiyasız və köməksiz durumda acınacaqlı vəziyyətdə qalmışdı.

Xalqa xəyanət edən antimilli hakimiyyət faciənin mahiyyətini hər vasitə ilə ört-basdır etməyə çalışırdı

20 Yanvar faciəsinin törədilməsindən sonra müşahidə olunan ən dəhşətli faktlardan biri o zamankı Azərbaycan rəhbərliyinin xəyanətkar, antimilli mövqeyi oldu. O zaman ölkəyə “rəhbərlik” edən səriştəsiz qüvvələrin bu məsələyə biganə qalmaları, hər vəchlə hadisənin mahiyyətini gizlətməyə çalışmaları bir daha sübut etdi ki, bəhs olunan qüvvələr Moskvanın kölgəsi altında, kölə psixologiyası ilə yaşayırlar və xalqın ali mənafeyini Mərkəzin imperialist maraqlarına qurban verməkdən çəkinmirlər. Başqa sözlə, bütün mahiyyəti və mövcudluğu ilə Kremldən asılı olan o zamankı Azərbaycan rəhbərliyi nəinki müstəqillik ideyalarını, prinsiplərini mənimsəmək iqtidarında və niyyətində deyildi, hətta özlərinin korporativ səciyyəli ambisiyalarını xalqın ali mənafeyindən və müstəqillik istəyindən üstün tuturdu.

Törədilmiş cinayət və onun nəticələri aşkar olduğu halda, respublika rəhbərliyi baş vermiş faciənin mahiyyətini hər vasitə ilə ört-basdır etməyə cəhd göstərirdi. Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də 20 Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın əksər siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə buya digər dərəcədə iştirak etdiklərini bir daha təsdiq etdi. Nə qədər ikrah hissi oyatsa da, bu, bir həqiqət idi ki, o dövrkü respublika rəhbərliyi, hətta şəhidlərin - 20 Yanvar qurbanlarının dəfn mərasiminə gəlməyi belə lüzum görməmişdi. Bu hadisələrdən sonra xalqımız daha bir gerçəkliyin də şahidi olurdu. Xalqın mübarizəsini siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların üzü ortaya çıxmışdı. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra nədənsə bu mövzunu unutmağa başlamışdı. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi-hüquqi qiymət vermək üçün öz imkanlarından istifadə etməmişdi. Beləliklə, hadisələrdən uzun müddət keçsə də, keçmiş SSRİ-nin və Azərbaycanın o zamankı rəhbərliyi tərəfindən xalqa qarşı törədilmiş ağır cinayətə siyasi-hüquqi qiymət verilməmişdi. Hələ Azərbaycanda Sovet hakimiyyəti mövcud olduğu dövrdə 20 Yanvar faciəsi ilə bağlı olangeniş xalq kütlələri tərəfindən yığılıb Dövlət İstintaq Komissiyasına təhvil verilmiş konkret dəlil və sübutlar qəsdən ölkəmizdən çıxarılmışdı. O dövrdə Azərbaycanın prokurorluq və hüquq-mühafizə orqanları müvafiq istintaq tədbirləri həyata keçirməmiş, hətta əksinə, 20 Yanvar faciəsi ilə bağlı bir sıra məxfi sənədlər, o cümlədən mühüm arxiv sənədləri bütövlükdə və ya qismən məhv edilmişdi.

1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı 1993-cü ilə qədər faktiki olaraq heç bir tədbir görülmədi. 1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoydu və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirmədi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının da işi başa çatdırılmamış qaldı. Çünki Azərbaycanı bu faciəyə gətirib çıxarmış səriştəsiz rəhbərlər vətənpərvərlik hisslərindən məhrum olduqlarından, habelə öz şəxsi ambisiyalarının əsirinə çevrildiklərindən xalqın gözünə pərdə asmaq niyyətinə düşmüşdülər.

Azadlıq və mübarizə yolu Yanvar hadisələrindən keçmiş xalqımızın bu faciəsinə ilk 3 il müddətində siyasi-hüquqi qiymət verilməməsi, əslində, Azərbaycanın o dövrdə hakimiyyətdə olmuş iqtidarlarının öz xalqına xəyanəti kimi səciyyələndirilməlidir.

20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilib

Amma bütün bunlara baxmayaraq, Ümummilli lider Heydər Əliyev bu məsələyə xüsusi həssaslıqla yanaşaraq hadisəyə siyasi-hüquqi qiymət verilməsi, cinayətkarların aşkarlanması istiqamətində yorulmaz fəaliyyət göstərdi. Qanlı faciənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn xalqımızın Ümummilli lideri Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi:

“Əziz həmvətənlərim!

Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı daimi nümayəndəsindən xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm.

Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır. Vaxtımızın məhdudluğundan bu məsələlərin üzərində ətraflı dayanmaq istəmirəm...

Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya-siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı.

Bunlar üçün ilk növbədə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci katibi Vəzirov müqəssirdir. Bu yüksək vəzifədə olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, özünün səhv addımları, yaramaz üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır. Xalq isə hiddətlənmişdir. Elə buna görə də Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərliyinin istefası tələbi irəli sürülmüşdür. Söhbət əslində Vəzirovun istefasından gedirdi. Bəs bu məsələ indiyə kimi niyə həll olunmamışdır? Yalnız dünən Bakı şəhərinə ordu yeridildikdən, qırğın və dağıntılar baş verdikdən sonra Vəzirov Azərbaycandan əslində qaçmışdır. Bu, böyük səhvdir. Ən böyük səhv isə, sözsüz ki, qeyri-ciddi, bu yüksək vəzifəyə əsla yaramayan adamın bir vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib təyin edilməsi idi. Ancaq təkcə bununla bitmir.

İndi yanvarın 19-dan 20-nə keçən gecə baş vermişbu gündavam edən faciənin üstündə dayanmaq istəyirəm. Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir...

Nəhayət, 19-dan 20-nə keçən gecə Sovet ordusunun, SSRİ Daxili İşlər Nazirliyinin böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur.

Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır”.

Daha sonra Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi: Yanvar faciələrinin səbəbkarlarının - istər İttifaq, istərsə də respublika rəhbər partiya, Sovet, hüquq-mühafizə orqanı işçilərinin, hərbçilərin bu günədək aşkar edilib qanunla məsuliyyətə cəlb olunmaması xalqda dərin hiddət və etiraz doğurmuşdur. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bütün bunları işğalçı siyasət və dəqiq düşünülmüş hərbi təcavüz kimi qiymətləndirərək və insan hüquqları bəyannaməsinin kobud şəkildə pozulması kimi nəzərdə tutaraq qərara alır ki, 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin”.

Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı Ümummilli lider Heydər Əliyev bəyan etdi ki, 1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq Bakı şəhərinə müasir silahlı Sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür: “Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət, qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidi”.

Bunun ardınca Ulu öndər Heydər Əliyev 1991-ci il iyunun 19-da SSRİ Nazirlər Kabinetinə hadisəylə bağlı məktub göndərdi: “Yanvar hadisələrində yüzlərlə adam öldürüldü və şikəst edildi. Artıq il yarım keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri onillər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”.

Bütün bunlarla yanaşı, Ümummilli lider Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı. Ulu öndər Heydər Əliyev ötən 4 ildə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməməsini və o zamankı Milli Şura tərəfindən qəbul edilmiş qərarın səthi xarakterli olmasını bildirdi: “Bu qərarı oxuyanda, doğrusu, çox həyəcanlandım. Düşündüm ki, Milli Şuraüçün öz millətinin, öz xalqının aqibətinə, taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti fikirə gəldim ki, bu faciəyə, bu hadisəyə niyə indiyə qədər siyasi qiymət verilməyib... Mənim fikrim belədir ki, bu qərarın qəbul edilməsi Azərbaycan xalqına, bəlkə də, 20 Yanvar 1990-cı ildə olan faciə kimi böyük xəyanətdir. İki il keçəndən sonra deputat-istintaq komissiyasının ortaya bir şey çıxarmaması, boş-boş sözlərlə camaatı aldatması, qərarda bu komissiyanın işinin qənaətbəxş hesab edilməsi, yenə də deyirəm, xəyanətdir”.

Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi qiymət verilmiş oldu.

20 Yanvar faciəsi unudulmur

Azərbaycan xalqına qarşı tarixən törədilən cinayətlərin daim yaddaşlarda qalması, xüsusən də, son onilliklərdə yaşanan faciələrdən zərərçəkənlərə-şəhid ailələri, məcburi köçkün və qaçqın ailələrinə qayğı göstərilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu baxımdan, 20 Yanvar faciəsi istisna deyil.

2010-cu ildə 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin açılışında iştirakı zamanı Prezident İlham Əliyev bu hadisə haqqında demişdi: “20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan, demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu”.

Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarını yad edir, hadisənin üzərindən artıq 24 il keçməsinə baxmayaraq, SSRİ ordusunun azərbaycanlılara qarşı törətdiyi bu qırğınla bağlı respublikada və ölkədən kənarda daha geniş tədbirlər, müxtəlif aksiyalar keçirilir. Bu tədbirlərin keçirilməsində dövlətin dəstəyi və təşkilatçılığı ilə görülən işlər danılmazdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilən “20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nda görüləcək tədbirlər geniş əksini tapıb. Belə ki, planda respublikanın bütün şəhər və rayonlarında, o cümlədən idarə, müəssisə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfrans və mühazirələrin təşkil olunması, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin mətbuatda geniş işıqlandırılması, faciənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor qurumları tərəfindən müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.

Tədbirlər planında, həmçinin 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım verilməsi, Şəhidlər Xiyabanı ərazisində lazımi işlər aparılması, bütün tədris müəssisələrində faciəyə həsr olunmuş xüsusi dərs keçilməsi, Azərbaycanda təmsil olunan əsas dini konfessiyaqurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil olunması, paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər Xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər Xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində matəm əlaməti olaraq və faciə qurbanlarının xatirəsini yad etmək məqsədi ilə dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.

Ümumiyyətlə, Azərbaycanda 20 Yanvar faciəsinin qurbanları da daxil olmaqla bütün şəhid ailələrinə dövlət tərəfindən yardım və güzəştlər edilir. Məlum olduğu kimi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısı ölkədə həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsini təşkil edir. Sürətlə inkişaf edən respublikamızın iqtisadi gücünün, maliyyə imkanlarının artması fonunda dövlət sosial müdafiəyə ehtiyacı olan ailələrin maddi və mənzil-məişət şəraitinin yaxşılaşması üçün daha böyük imkanlar yaradıb. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi olaraq son illərdə bilavasitə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında irimiqyaslı layihələr həyata keçirilib. Belə ki, respublikanın müxtəlif rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi, eləcə də, bu kateqoriyadan olan insanların avtomobillərlə təmin olunması bunun əyani təsdiqidir.

 

Yeni Azərbaycan”ın

Analitik Qrupu

Yeni  Azərbaycan.-2014.- 18 yanvar.- S.4.