Meksika müxtəlif sahələr üzrə Azərbaycanla sıx əməkdaşlıq etməkdə maraqlıdır

 

                                                      Meksika sürətli sosial-iqtisadi inkişafa malik olan ölkəmizlə əlaqələri genişləndirmək niyyətindədir

 

Məlum olduğu kimi, bu günlərdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Meksika Senatının nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə senatın xarici əlaqələr komitəsinin sədri senator Qabriela Cuevas Barron rəhbərlik edib.

Görüş zamanı nazir müavini X.Xələfov Azərbaycanın Latın Amerikası ölkələri və Meksika ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edərək, iki dövlət arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb. Azərbaycan ilə Meksika arasında mövcud siyasi əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu deyən nazir müavini, əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin xüsusi rola malik olduğunu vurğulayıb. X.Xələfov Azərbaycan və Meksikanın bir çox beynəlxalq məsələlər üzrə yaxın mövqedən çıxış etdiklərini deyərək, Meksikanın qanunverici orqanında Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar qəbul edilmiş sənədlərin yüksək qiymətləndirildiyini qeyd edib.

Senator Qabriela Cuevas Barron Azərbaycanın çox önəmli ölkə olduğunu qeyd edərək, son 10 ildə ölkəmizin əldə etdiyi inkişaf göstəricilərinin heyranlıq doğurduğunu bildirib. Qonaq, həmçinin, Azərbaycanın iqtisadisosial sahədə əldə etdiyi nailiyyətlərin və inkişaf təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında iqtisadi, mədəni, turizm, humanitar və xüsusilə enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin aparılması imkanları və qarşılıqlı səfərlərin intensivləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Ümumiyyətlə, son dövrlərdə Azərbaycanla Meksika arasında münasibətlər daha da möhkəmlənib. Bu isə ilk növbədə, iki ölkə münasibətlərinin möhkəm əsasa söykənməsi ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycan-Meksika münasibətlərinin təməli Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən qoyulub. Ölkəmizin müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyan Meksika Azərbaycanı dövlət kimi tanıyan dövlətlərin sırasında ilk yerlərdə dayanır. İki dövlət arasında diplomatik münasibətlər isə 1992-ci il fevralın 10-da qurulub.

2006-cı il oktyabrın 2-də Milli Məclisin qərarı ilə iqamətgahı Mexiko şəhərində olmaqla, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında Səfirliyinin təsis edilməsi haqqında Qanun qəbul edilib. Bundan 3 il sonra İ.Muxtarov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycan və Meksika parlamentlərarası səviyyədə əməkdaşlığa malikdir. Bu məqsədlə hər iki ölkənin parlamentində dostluq qrupları yaradılıb. 2005-ci ildə Milli Məclisdə Azərbaycan-Meksika Parlamentlərarası Dostluq Qrupu təsis olunub. 2010-cu ilin aprelində Meksika Konqresinin Deputatlar Palatasında Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu fəaliyyətə başlayıb.

2012-ci ildə isə ölkəmizə səfər edən Meksika Birləşmiş Ştatları Konqresi Deputatlar Palatasının beynəlxalq əlaqələr komitəsinin sədri Porfirio Munyoz Ledo Prezident İlham Əliyevin qəbulunda olub. Görüşdə dövlət başçısı Azərbaycan ilə Meksika arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Son illərdə iki ölkə əlaqələrinin sürətlə inkişaf etdiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycan ilə Meksikanın beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan ilə Meksika arasında iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.

Meksikalı qonaq isə ölkəmizdə gedən yüksək inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını deyib.

Azərbaycana səfəri çərçivəsində P.M.Ledo Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə də görüşüb. Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycan parlamenti nüfuzlu beynəlxalq təşkilatlar, eləcə də, dünyanın bir çox ölkəsinin qanunverici orqanları ilə sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, Meksika dövləti və parlamenti ilə əlaqələrin inkişaf etdirilməsi də Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir və artıq Azərbaycan-Meksika münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Azərbaycanın iqtisadi potensialından, sülhün və təhlükəsizliyin təmin olunmasında dünyadakı rolundan danışan S.Seyidov ağrılı problemimiz - Dağlıq Qarabağ münaqişəsi barədə də qonağa ətraflı məlumat verib, Azərbaycanın öz gücü hesabına və dünyadakı dostlarının dəstəyi ilə torpaqlarını erməni işğalından azad edəcəyini diqqətə çatdırıb.

Porfirio Munyoz Ledo əlavə edib ki, Meksika parlamentinin hər iki palatası - SenatDeputatlar Palatası Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Qonaq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ədalətli həll olunacağına və Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyinə əminliyini ifadə edib. O, Meksikanın mərkəzi meydanlarından birinə Ümummilli lider Heydər Əliyevin adının, birinə də Xocalı adının verilməsini iki ölkə arasında olan dostluq münasibətinin bariz nümunəsi kimi qiymətləndirib. P.Munyoz Ledo eyni zamanda vurğulayıb ki, Meksika müxtəlif sahələr üzrə Azərbaycanla sıx əməkdaşlıq etməkdə maraqlıdır.

Bütövlükdə, görüşdə dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolu, Azərbaycan ilə Meksika arasında iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin əhəmiyyəti və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ümumiyyətlə, iki ölkə rəsmiləri arasında görüşlər mütəmadi olaraq keçirilir. 2006-cı ildə Meksikanın səhiyyə naziri, 2007 və 2008-ci illərdə bu ölkənin Türkiyədəki və eyni zamanda, Azərbaycanda akkreditə olunmuş səfiri ölkəmizdə səfərdə olub. İki ölkənin xarici işlər nazirləri və nazir müavinləri səviyyəsində dəfələrlə keçirilən görüşlər, aparılan müzakirələr və məsləhətləşmələr Azərbaycan ilə Meksikanın beynəlxalq siyasi arenada tərəfdaşlıq əlaqələrindən xəbər verir.

Bundan əlavə, iki ölkə mədəniyyət, biznes, energetika, rabitə, kənd təsərrüfatı, neft sənayesi və digər sahələr üzrə də əməkdaşlıq edir. Belə ki, 2010-cu ilin mart ayında Meksikada Azərbaycan mədəniyyəti günləri keçirilib. Həmin ilin sentyabrında isə Meksikanın biznes, siyasət və mədəniyyət dairəsini təmsil edən nümayəndə heyəti Azərbaycana səfər edərək İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi, ARDNŞ, Dillər Universiteti və Azərbaycan Diplomatik Akademiyasında görüşlər keçiriblər.

Azərbaycan və Meksika arasında müqavilə-hüquq bazası o qədər də geniş deyil. İki ölkə arasında imzalanan sənədlər içərisində “Azərbaycan Respublikası Xarici İşlər NazirliyiMeksika Birləşmiş Ştatları Xarici İşlər Nazirliyi arasında akademik diplomatik əməkdaşlıq haqqında Sazişi, “Azərbaycan Respublikası Xarici İşlər NazirliyiMeksika Birləşmiş Ştatları Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələrin təsis edilməsinə dair Anlaşma Memorandumunu və “Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında diplomatik pasporta malik vətəndaşların vizadan azad olunması haqqında Sazişi göstərmək olar.

Buna baxmayaraq, son bir ildə Azərbaycan-Meksika münasibətlərində əhəmiyyətli irəliləyiş gözə çarpır. Belə ki, 2012-ci ilin əvvəlində Meksikaya səfəri zamanı xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin yüksək rəsmi şəxsləri ilə görüşlər keçirib.

Meksika ilə münasibətlərin genişləndirilməsi həm də Azərbaycanın Latın Amerikası ölkələri ilə əməkdaşlıq siyasətinin tərkib hissəsidir. Ölkəmizin xarici siyasətində yeni olan bu tendensiya ondan ibarətdir ki, Azərbaycan artıq ənənəvi münasibətdə olduğu ölkələrlə əməkdaşlığı genişləndirməklə yanaşı, bu vaxtadək münasibətlərin sıx olmadığı dövlətlərlə də yeni əlaqələr yaradır. Bu çərçivədə, Latın Amerikası ölkələri, habelə Meksika ilə əməkdaşlıq hazırda diqqət mərkəzindədir. Qeyd edək ki, Prezident İlham Əliyev də çıxışlarında bu məsələyə dəfələrlə toxunaraq, ölkənin maraqlarını ifadə edib. Belə ki, dövlət başçısının Nazirlər Kabinetinin 2012-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran məsələlərə həsr olunan iclasındakı çıxışında da bildirdiyi kimi, Azərbaycan diplomatiyasının fəaliyyət dairəsi genişlənməkdədir: “Latın Amerikası ölkələri ilə əlaqələrimiz daha da güclənir və qarşılıqlı səfərlərin keçirilməsi bunu göstərir. Eyni zamanda, Latın Amerikasında həm siyasi, həm də iqtisadi maraqlarımızın təmin edilməsi üçün gözəl şərait vardır. Azərbaycan investisiyaları orada tələb olunurbiz bu məsələyə çox diqqətlə baxırıq”.

Bildiyimiz kimi, bu bölgə erməni lobbisinin uzun illərdir ki, geniş fəaliyyət göstərdiyi regionlardandır. Erməni lobbisi bölgədəki nüfuzsiyasi təsir imkanlarından, birinci növbədə, qondarma “erməni soyqırımı”nı tanıtdırmaq məqsədilə istifadə edir. Lakin son dövrlərdə erməni lobbisinin fəaliyyətinə qarşı inamla əks hücuma keçən Azərbaycan rəhbərliyi və diasporu ölkə həqiqətlərinin tanıdılmasında mühüm uğurlara nail olub. Belə ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər öz nəticələrini verməkdədir. Xocalı faciəsini soyqırımı kimi tanıyan üç xarici dövlətdən ikisi məhz Latın Amerikası ölkələridir. Belə ki, 2011-ci ilin dekabrında Meksika, 2012-ci ilin aprelində isə Kolumbiya senatları Xocalı faciəsinin soyqırımı kimi tanındığını təsdiqləyən qətnamələr qəbul ediblər. Bu, həm də Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyan məsələlərdə Meksikanın ölkəmizin mövqeyinə olan dəstəyini göstərir.

Göründüyü kimi, Azərbaycan ilə Meksika arasındakı münasibətlərin genişlənməsi hər iki ölkənin siyasi, iqtisadi maraqlarına uyğundur və hazırda əlaqələr inkişaf mərhələsindədir.

 

Hülya MƏMMƏDLİ

Yeni  Azərbaycan.-2014.- 18 yanvar.- S.8.