Azərbaycan Prezidenti İlham
Əliyev Gəncə şəhərinə və Göygöl rayonuna səfər
edib
Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərində Heydər Əliyev park-kompleksinin və Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə yenidən qurulan Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət edib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə Heydər Əliyev Parkında aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verib.
Daha sonra Prezident İlham Əliyev Gəncədə möhtəşəm layihə əsasında yeni tikilən Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Mərkəzlə tanış olan Prezident İlham Əliyevə burada görülən işlər barədə ətraflı məlumat verilib.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin həyətində ağac əkib.
Heydər Əliyev Mərkəzində Müasir İncəsənət Muzeyi və Amfiteatr da inşa edilib. Burada tanınmış rəssamların müxtəlif əl işləri və digər sənət nümunələri nümayiş etdirilir.
* * *
Dünən Gəncədə Olimpiya Parkının təməlqoyma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısına respublika əhəmiyyətli, o cümlədən Gəncə bölgəsi üzrə idman yarışlarının keçirilməsi məqsədilə müasir tələblərə uyğun tikiləcək Olimpiya Parkının eskiz layihəsi haqqında geniş məlumat verilib.
Prezident İlham Əliyev Gəncə Olimpiya Parkının təməlini qoyub.
Dövlətimizin başçısı Olimpiya Parkının inşasının yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa olunmuş Məhsəti Gəncəvi Mərkəzinin açılışında iştirak edib.
Qədim İpək Yolunun əsas mərkəzlərindən sayılan Gəncənin abadlaşdırılması istiqamətində son illərdə həyata keçirilən tədbirlər bu tarixi şəhərin simasına maraqlı elementlərin əlavə olunması ilə yadda qalır. Bu gün Gəncə həm də öz tarixini yaşadır, yetişdirdiyi şəxsiyyətləri təbliğ edir, onların xatirəsini əbədiləşdirir. Prezident İlham Əliyev 2013-cü il yanvarın 16-da Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam çərçivəsində çoxsaylı tədbirlər, sərgilər, konsertlər təşkil edilib. Sənədə əsasən Gəncədə Məhsəti Gəncəvi Mərkəzi inşa olunub. Məhsəti Gəncəvinin zəngin irsinin sərgiləndiyi Mərkəzin qarşısında şairənin möhtəşəm heykəli qoyulub, Məhsəti bağı salınıb.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev Mərkəzin ətrafını və Məhsəti parkını gəzib.
Dövlətimizin başçısı görülən işlərdən razılığını bildirib və müvafiq tapşırıqlarını verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsi ilə tanış olub.
Məhəlləyə gələn dövlətimizin başçısı əvvəlcə Kəlbəcər rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış olub.
Prezident İlham Əliyevə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, lazımi avadanlıqla təchiz olunan binada işçilərin rahat fəaliyyəti üçün bütün tələblər nəzərə alınıb.
Binanın foyesində Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlər yaradılıb.
Dövlətimizin başçısı iş otaqlarında və akt zalında yaradılan şəraitlə maraqlanıb.
Sonra Prezident İlham Əliyev Mədəniyyət Sarayında olub.
Prezident İlham Əliyev 1200 şagird yerlik Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbində də olub.
Məktəbin foyesində Ulu öndər Heydər Əliyevin iştirak etdiyi beynəlxalq tədbirləri, Ümummilli liderin və Prezident İlham Əliyevin məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlər quraşdırılıb.
Dövlətimizin başçısı məhəllənin baş planına baxıb.
Prezident İlham Əliyev məktəbin idman zalı ilə də tanış olub.
Diqqətə çatdırılıb ki, məhəllədə tikilən bağçada da yüksək şərait yaradılıb.
Daha sonra dövlətimizin başçısı Kəlbəcər rayonundan məcburi köçkün Ofeliya Məmmədovanın evində yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, ailə üzvlərinin sayı 5 nəfərdən ibarət olan Ofeliya Məmmədovanın dördotaqlı mənzilində hər cür şərait yaradılıb.
Çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edən Prezident İlham Əliyev deyib: “Gəncədə çox gözəl şəhərcik tikilibdir. Son illər ərzində tikilən ən böyük köçkün şəhərciyidir. Burada bütün işlər yüksək səviyyədə görülübdür. Böyük ərazidir, 25 bina tikilib və burada 7 min köçkün yaşayacaqdır. Son illər ərzində tikilən ən böyük layihədir. Əslində şəhər içində bir şəhərdir. Mən görürəm ki, çox gözəl işlər görülübdür. Böyük məktəb, uşaq bağçası, tibb məntəqəsi, 500 nəfərlik mədəniyyət sarayı tikilibdir. Yəni, bütün şərait - idman meydançaları, açıq, qapalı stadion vardır. Burada rahat yaşamaq üçün bütün imkanlar vardır. Siz buna layiqsiniz. Uzun illər ağır şəraitdə yaşamısınız. Bundan sonra rahat yaşayacaqsınız. Sizi təbrik edirəm”.
Məcburi köçkün Ofeliya Məmmədova göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa olunan Nizami Gəncəvi Muzeyinin açılışında iştirak edib.
Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib və muzeyin binasında yaradılan şəraitlə tanış olub.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində “DET-AL Alüminium” MMC-nin Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə metaltökmə və fasiləsiz yayma zavodu ilə tanış olub.
Prezident İlham Əliyev ölkədə alüminium sənayesinin inkişafına və “DET-AL Alüminium” Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının tikinti və quraşdırma mərhələsi, texnoloji və istehsal prosesləri, məhsulların növü və təyinatı haqqında hazırlanan stendlərə və bu prosesi əks etdirən videoçarxa baxıb.
Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, kompleksdə dünya standartlarının tələblərinə cavab verən, istehsal gücü 50 min ton olan iki modern zavod qurulub. Bunlar metaltökmə və fasiləsiz yayma, təzyiqlə emal və boyama zavodlarıdır.
Dövlətimizin başçısı metaltökmə və fasiləsiz yayma zavodunu işə salıb.
Azərbaycan Prezidenti İlham Əliyev zavodun fəaliyyəti ilə bağlı stendlərə və maketə baxıb, istehsal prosesini izləyib, hazır məhsullarla tanış olub.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi ilə tanış olub.
Dövlətimizin başçısı kompleksdə yaradılmış şəraitdən razılığını bildirib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni inşa olunmuş Gəncə dairəvi avtomobil yolunun açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə Yevlax-Gəncə və Gəncə dairəvi, eləcə də Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolları ilə bağlı stendlərə baxıb.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verib ki, avtomobil yolunda 4 körpü, müxtəlif səviyyəli 3 yol qovşağı, 9 avtobus dayanacağı inşa olunub. Əlavə iki zolağın inşası ilə yolun genişləndirilməsi nəzərdə tutulub.
Daha sonra Prezident İlham Əliyevə Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunun sxemi təqdim olunub.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlətimizin başçısına məlumat verib ki, Gəncədəki “ASAN xidmət” mərkəzi ötən il dekabrın 21-dən vətəndaşlara xidmət göstərməyə başlayıb. Gəncə “ASAN xidmət” mərkəzi şəhərin və bir neçə ətraf rayonun əhalisinə xidmət edir.
Dövlətimizin başçısı binada yaradılan şəraitlə tanış olub.
Burada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının stendi də qurulub.
Prezident İlham Əliyev mərkəzdə işçilər üçün yaradılan şəraitlə də tanış olub. Bildirilib ki, mərkəzin işçilərinin ümumi sayı 165 nəfərdir, onlardan 55-i könüllüdür.
Sonra dövlətimizin başçısı “ASAN xidmət” mərkəzinin əməkdaşları və könüllülərlə görüşüb.
Xidmətin kollektivini salamlayan Prezident İlham Əliyev deyib: “Artıq Gəncədə də “ASAN xidmət” fəaliyyət göstərir. Çox gözəl hadisədir. Artıq bu iş regionlarda başlamışdır. İndi bu xidmət Bakı, Sumqayıt, Gəncə şəhərlərində vardır və vətəndaşlar böyük maraq göstərirlər. Bir il ərzində 1 milyona yaxın müraciət olmuşdur və hamı razıdır. Bu, yeni bir xidmətdir. Yeniləşən Azərbaycan üçün çox böyük fayda verən bir xidmətdir. Həm insanlara yüksək səviyyəli xidmət göstərilir, eyni zamanda, bütün xoşagəlməz halların qarşısının alınması üçün “ASAN xidmət”in böyük əhəmiyyəti vardır. Əlbəttə, bizim bütün dövlət qurumları, vətəndaşlarla birbaşa ünsiyyətdə olan qurumlar getdikcə bu səviyyədə xidmət göstərməlidir ki, heç bir bürokratiyaya, rüşvətxorluğa, korrupsiyaya yol verilməsin. İnsanlara yüksək səviyyəli mədəni xidmət göstərilməlidir. Mən hesab edirəm ki, “ASAN xidmət”in yaradılması nəinki ictimai xidmətlər sahəsində, bütövlükdə ölkəmizin gələcək uğurlu, müasir inkişafı üçün öz rolunu oynayacaqdır. Bilirəm ki, artıq digər qurumlarda da “ASAN xidmət”də göstərilən xidmətlərin səviyyəsində iş qurulması prosesi gedir.
Biz müasir, güclü dövlət qururuq. Azərbaycan dövlətində heç bir xoşagəlməz hala rast gəlinməməlidir və mövcud problemlər aradan qaldırılmalıdır. “ASAN xidmət”in fəaliyyəti bu istiqamətdə bizim işimizə böyük dayaqdır. Mən çox şadam ki, Azərbaycan vətəndaşları tərəfindən bu xidmətin fəaliyyətinə böyük dəstək, rəğbət vardır və bu addım yüksək qiymətləndirilir. Dəfələrlə dediyim kimi, “ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycanın ixtirasıdır və istisna olunmur ki, başqa ölkələr də bu nümunədən istifadə edəcəklər. Hər halda məndə olan məlumata görə, başqa ölkələrdə də xidmətin fəaliyyətinə böyük maraq vardır.
Birillik fəaliyyət özlüyündə gözəl göstəricidir. Çünki hamımız bilirik ki, bəzi hallarda yeni yaradılan hansısa bir layihə, yaxud da ki, irəli sürülən təşəbbüs ilk mərhələdə uğurlu olur, sonra bəzi çətinliklər ortaya çıxır, səviyyə aşağı düşür. “ASAN xidmət”də belə deyildir. Mən hesab edirəm ki, xidmət il ərzində öz işini daha da yüksək səviyyəyə qaldıra bilmişdir, səyyar xidmət göstərilir, bölgələrə xüsusi təchiz edilmiş avtobuslar ezam edilir və bu il Azərbaycanda ən azı 4, bəlkə də 5 yeni “ASAN xidmət” mərkəzi yaradılacaqdır.
Bütün bölgələrdə, ondan sonra hər bir şəhərdə belə xidmət olmalıdır. Bu xidmətin bir əlamətdar tərəfi ondan ibarətdir ki, burada işlərə könüllülər qoşulurlar. Bu da sizin üçün, cəmiyyət üçün çox gözəl hadisədir. Sizin üçün ona görə ki, artıq gənc yaşlarınızdan çox mühüm bir dövlət işində özünüzü göstərəcəksiniz. Cəmiyyət üçün ona görə ki, könüllülük hərəkatı, ümumiyyətlə, çox böyük təqdirəlayiq hərəkətdir, xoş niyyətin, vətənpərvərliyin təzahürüdür, öz xalqına, dövlətinə olan bağlılığın əlamətidir. Əgər hər bir insan ümumi işə könüllü şəkildə öz töhfəsini vermək istəyirsə, bu, ancaq alqışlanır. Könüllülər qruplarının fəaliyyəti hesab edirəm ki, cəmiyyətin uğurlu inkişafı üçün də öz rolunu oynayacaqdır.
Sizi salamlayıram, sizə minnətdaram ki, bu işə qoşulursunuz. Əminəm ki, gələcək illərdə Gəncə “ASAN xidmət”i, əgər belə demək mümkündürsə, qabaqcıl yerdə olacaqdır. Çünki gələcəkdə belə xidmətlər çox göstəriləcək, mərkəzlər açılacaq və bütün mərkəzlər arasında sağlam rəqabət aparılacaqdır. Sizi salamlayıram, sizə uğurlar arzulayıram”.
Gəncə şəhərindən könüllü Nigar Tağıyeva: “Cənab Prezident, Sizi ilk növbədə könüllülərimizin adından salamlamaq istəyirəm. Biz eşidəndə ki, keçən il Bakı şəhərində “ASAN xidmət” yaranıbdır, çox şad olduq. Çünki orada biz yaşda könüllülər dövlət orqanında işləyirlər. Ancaq düşünməzdik ki, tezliklə Gəncə şəhərində də bu xidmət fəaliyyət göstərər. Bu, bizi çox sevindirdi. Könüllülərimiz adından Sizə minnətdarlığımızı bildiririk ki, bizim üçün belə şərait yaradılıb, gənc yaşlarında dövlət orqanında işləyirik. Bizə göstərdiyiniz diqqətə görə Sizə minnətdarıq. Çox sağ olun”.
Prezident İlham Əliyev: “Sağ olun”.
“ASAN xidmət” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid Sadıxlı: “Möhtərəm cənab Prezident, bütün “ASAN” könüllülərini birləşdirən ASAN Könüllüləri Gənclər Təşkilatı adından Sizi salamlayırıq. Ümumiyyətlə, könüllülük ölkəmizdə bir mədəniyyətə çevrilib. Son ildə könüllü hərəkatı elə geniş vüsət aldı ki, hətta biz keçən ilin dekabr ayında öz gənclər təşkilatımızı təsis etdik. Gənclər təşkilatı kimi bizim əsas məqsədimiz hər bir könüllünün fərdi inkişafına kömək etməkdir. Yəni, onların fərdi inkişafı üçün bir platformanın yaradılmasıdır. Sizin də dəfələrlə qeyd etdiyiniz kimi, ölkəmizin sabahını bugünkü gənclər formalaşdırır. Biz onlara diqqət yetirməklə ölkəmizin gələcəyinə diqqət yetiririk. Baxmayaraq ki, qısa müddətdir fəaliyyətdəyik, amma artıq bir sıra layihələrə imza atmışıq. Hər bir layihədə ilk sualımız belədir: könüllünün nə faydası olacaq və cəmiyyətə o biliklə nə fayda verə biləcəkdir.
Artıq bu gün ölkəmizin sürətli inkişafı danılmaz bir faktdır. Ən azı ona görə ki, bir neçə il öncə beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edəndə, hər dəfə ölkəmizin coğrafiyasını, mədəniyyətini, tarixini başa salmalı olurduq. Amma bu gün artıq o tədbirlərdə ölkəmizi onun son nailiyyətlərinə və nəhəng layihələrinə görə tanıyırlar. Bu da Sizin siyasətinizin nəticəsidir.
Biz gənclərə göstərdiyiniz qayğı və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Çünki həyatımızın hər bir sahəsində Sizin dəstəyinizi hiss edirik. Sizə sadiq və əmrinizə hər zaman hazır olan, Sizi səmimi qəlbdən sevən gənclər adından Sizə təşəkkür etmək istəyirik”.
Prezident İlham Əliyev: “Çox sağ olun”.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının yeni binasında aparılan inşaat işləri ilə tanış olub.
Dövlətimizin başçısı filarmoniya binasının layihəsini əks etdirən stendə baxıb.
Gəncə Dövlət Filarmoniyası binasının təməli 2012-ci il yanvarın 21-də Azərbaycan Prezidentinin iştirakı ilə qoyulub. Filarmoniya binasında hazırda tikinti işləri sürətlə davam etdirilir.
Prezident İlham Əliyev tikinti işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində “VEGO” otelində yaradılmış şəraitlə də tanış olub.
* * *
Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinə səfərini başa çatdıraraq Göygöl rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə Ümummilli lider Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygölə səfəri çərçivəsində Bayraq Meydanı Kompleksinin açılışında iştirak edib.
Prezident İlham Əliyev “Azərbaycan dövlətinin rəmzləri muzeyində də olub.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Göygölə içməli suyun verilməsi mərasimində iştirak edib.
Prezident İlham Əliyev şəhərə çəkilmiş yeni su xəttinin açılışını edib.
* * *
Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Prezident İlham Əliyev Göygöl Olimpiya İdman Kompleksinin açılışını bildirən rəmzi lenti kəsib.
Dövlətimizin başçısına yeni kompleks haqqında məlumat verən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Göygöl Olimpiya İdman Kompleksinin tikintisinə 2010-cu ilin sonunda başlanıb.
Prezident İlham Əliyev Göygöl Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Prezident İlham Əliyev əvvəlcə Heydər Əliyev parkı ilə tanış olub.
Prezident İlham Əliyev parkda tikilmiş Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Göygölə səfəri çərçivəsində Gənclər Mərkəzi ilə tanış olub.
Yeni Azərbaycan.-2014.- 22 yanvar.- S.2-3.