Azərbaycanın Davos Forumunda iştirakına böyük maraq göstərilir

 

  Forumun Azərbaycan üçün ən mühüm nəticələri ölkəmizin beynəlxalq iqtisadi nüfuzunun daha da artması və müxtəlif sahələrdə yeni tərəfdaşlıq imkanlarının meydana çıxması olacaq

 

Məlum olduğu kimi, bu günlərdə Dünya İqtisadi Forumunun Davosda növbəti illik sammiti keçirilir. Qlobal əhəmiyyətə malik iqtisadi, siyasi məsələlərin müzakirə edildiyi Foruma bu ilnüfuzlu ölkələrin dövlət və hökumət başçıları dəvət olunublar. Onu da qeyd edək ki, Davos Forumunda mütəmadi olaraq iştirak edən Prezident İlham Əliyev builki Sammitə qatılmaq üçün bu günlərdə İsveçrəyə işgüzar səfər edib.

Yeri gəlmişlən, əvvəlki illərdə olduğu kimi, bu dəfə də Forum iştirakçılarının Azərbaycana olan marağı özünü aydın göstərib. Belə ki, Azərbaycan Prezidenti artıq bir sıra dövlət rəsmiləri və nüfuzlu şirkətlərin təmsilçiləri ilə görüşlər keçirib. Məsələn, Prezident İlham Əliyev Davosda İsrail dövlətinin prezidenti Şimon Peresbaş nazir Benyamin Netanyahu ilə görüşüb. Görüşlərdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən iqtisadi, hərbi əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin, dövlət başçısı Davos şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, İsveçrənin “Holcim” şirkətinin sədri və baş icraçı direktoru Bernar Fontana, Fransanın “Airbus Group International” şirkətinin baş icraçı direktoru Jan Pyer Talamoni, İsveçrənin “Swiss Re” şirkətinin beynəlxalq əlaqələr üzrə sədri Martin Parker, Danimarkanın “Philips” şirkətinin vitse-prezidenti və satış üzrə rəhbəri Ronald de Jong ilə də görüşüb. İşgüzar xarakterli görüşlərdə adıçəkilən qurumların Azərbaycanla iqtisadi əlaqələrinin perspektivləri müzakirə olunub, yeni əməkdaşlıq təklifləri irəli sürülüb.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun iştirakçılarının Azərbaycana xüsusi maraq göstərməsi ölkəmizin dünya iqtisadi münasibətlərindəki yeri ilə bağlıdır. Bildiyimiz kimi, Azərbaycan son 7-8 ildir ki, dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına malik ölkələrdən biridir. Həmçinin, Azərbaycan özünün iqtisadi gücünə görə Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadiyyatı region iqtisadiyyatının 80 faizindən çoxunu təşkil edir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə gerçəkləşən qlobal əhəmiyyətli enerji layihələri ölkəmizin dünya iqtisadiyyatındakı yerini möhkəmləndirib. Azərbaycan beynəlxalq iqtisadi əməkdaşlıqda etibarlı tərəfdaş imicini qazanıb. Ölkəmizin tərəfdaşları ilə münasibətlərini qarşılıqlı hörmət və imzalanan hüquqi sənədlər çərçivəsində qurması, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin, sahibkarların hüquqlarının qorunması, əlverişli biznes mühitinin yaradılması, mövcud sosial-iqtisadi sabitlik və digər amillərin sayəsində Azərbaycanla əməkdaşlığa can atan dövlətlərin sayı da artır. Bu sahədə əldə olunan nailiyyətlər həm ölkə daxilində sosial-iqtisadi siyasətin yüksək səviyyədə həyata keçirilməsi, həm də xarici siyasi əlaqələrin iqtisadi əməkdaşlıq sferasına uğurlu transformasiyası sayəsində mümkün olub. Bu baxımdan, təsadüfi deyil ki, Azərbaycan Davos Forumunun daimi iştirakçılarından, hətta Forumun keçirildiyi məkanlardan birinə çevrilib.

Bu məqamda xatırladaq ki, Dünya İqtisadi Forumu 1971-ci ildən başlayaraq hər il İsveçrənin Davos şəhərində keçirilir. Forumun keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri birliyə cəlb etmək, onların arasında əlaqə yaratmaqdünyada yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir.

Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu həm də iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqudünya ictimaiyyətinə hesabatı xarakteri daşıyır. İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir.

Forumun iqtisadisiyasi əhəmiyyəti bu gün daha da artıb. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.

Azərbaycanın bu Forumda iştirakı isə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev Davos Forumunda üç dəfə - 1995, 2000 və 2002-ci illərdə iştirak edib. Qeyd edək ki, Azərbaycanın Davos Forumunda ilk dəfə iştirakı ölkəmizin beynəlxalq iqtisadi əlaqələrinə töhfə verən yeni ənənənin əsasının qoyulması baxımından önəmli hadisə idi. Dövlət və hökumət başçılarının, aparıcı beynəlxalq şirkətlərin rəhbərlərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qatıldığı Dünya İqtisadi Forumunda iştirak Azərbaycanın iqtisadi potensialının dünyaya tanıdılması, ölkəmizin tutduğu inkişaf xəttinin və nailiyyətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunması baxımından mühüm əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Davos iqtisadi forumlarında mütəmadi olaraq iştirak etməklə Azərbaycanı ən yüksək səviyyədə təmsil edir, Forumda iştirak edən müxtəlif ölkələrin dövlət və hökumət başçıları, iri şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri ilə görüşüb danışıqlar aparır. Prezident İlham Əliyev Davos Forumunda dövlət başçısı kimi ilk dəfə 2007-ci ilin yanvarında iştirak edib.

Son illərdə Azərbaycan Davos Forumunun illik yığıncaqlarında ardıcıl olaraq iştirak edir. Bu ondan xəbər verir ki, Azərbaycan dünyada önəmli iqtisadi aktor kimi qəbul olunur.

Həmçinin, məlum olduğu kimi, Dünya İqtisadi Forumunun İsveçrənin Davos şəhərində, adətən, yanvar ayının sonu-fevralın əvvəllərində keçirilən illik toplantısından əlavə, ilin müxtəlif aylarında digər şəhərlərdə regional məsələlərə həsr olunan beynəlxalq görüşlər keçirilir. Bu baxımdan 2013-cü ilin 7-8 aprel tarixlərində Dünya İqtisadi Forumunun “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoqmövzusuna həsr olunan Sammitinin Bakıda keçirilməsi əlamətdar hadisə oldu.

Bakıda keçirilən tədbirdə region dövlətlərinin iqtisadiyyatının inkişaf səviyyəsi və perspektivləri, siyasi proseslər, eləcə də qlobal iqtisadi problemlərin həllində təcrübə mübadiləsi və digər məsələlər əsas müzakirə obyekti olub.

Eyni zamanda, tədbirə beynəlxalq miqyasda böyük maraq göstərilib. Belə ki, Forumda dünyanın 300-dən çox aparıcı siyasiiqtisadi mərkəzlərinin, maliyyə institutlarının, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin, dünyanın 50-dən çox aparıcı kütləvi informasiya vasitəsinin təmsilçisinin iştirak etməsi və 500-ə qədər KİV-də forumla bağlı xəbər və rəylərin dərc olunması bunu təsdiqləyir.

Əslində, Davos Forumunun məhz Bakıda keçirilməsi təsadüfi deyil. Bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan özünün dünyaya açıq olduğunu daxildə həyata keçirdiyi iqtisadi islahatlarla, yerlixarici investorlara yaradılan əlverişli biznes mühiti ilə, beynəlxalq miqyasda isə geçəkləşdirdiyi nəhəng enerji layihələri ilə sübuta yetirib. Ölkəmiz müsbət beynəlxalq imicə malik, nüfuzlu və hörmət sahibi olan, hər bir məsələdə öz sözünü deyə bilən dövlətdir. Azərbaycan həm də bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməklə, onları ən yüksək səviyyədə keçirməklə bu sahədə böyük təcrübə əldə edib, beynəlxalq ictimaiyyətin etibarını qazanıb.

Digər tərəfdən, Cənubi Qafqaz və Mərkəzi Asiya nəinki Avrasiya məkanında, bütövlükdə, qlobal miqyasda siyasi, iqtisadi, humanitar, təhlükəsizlik və digər sferalarda beynəlxalq əməkdaşlığın, inteqrasiyanın gerçəkləşməsi baxımından olduqca mühüm strateji əhəmiyyətə malikdir. Bu region Uzaq Şərqi Qərbi Avropa ilə birləşdirən mühüm tranzit olmaqla bərabər, özünün iqtisadi imkanlarına, davamlı inkişafına görə də ayrı-ayrı dövlətlərin və şirkətlərin diqqətini cəlb edir. Bütövlükdə, Azərbaycanın uğurlu beynəlxalq siyasi, iqtisadi əlaqələri Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının stabilliyinə və inkişafına töhfədir. Eyni zamanda, Azərbaycan üçün beynəlxalq tərəfdaşlarla münasibətlərdə bərabərhüquqluluq, qarşılıqlı hörmət prinsipləri böyük əhəmiyyətə malikdir.

Bu səbəbdən də, Dünya İqtisadi Forumunun 2014-cü il Sammitində Azərbaycan bir sıra nəhəng şirkətlərdən tərəfdaşlıq təklifləri almaqdadır. Belə qənaətə gəlmək olar ki, budəfəki Forumun Azərbaycan üçün ən mühüm nəticələri ölkənin beynəlxalq iqtisadi nüfuzunun artması və müxtəlif sahələrdə yeni tərəfdaşlıq imkanlarının meydana çıxması olacaq.

 

Hülya MƏMMƏDLİ

Yeni  Azərbaycan.-2014.- 24 yanvar.- S.3.