Azərbaycan-MDB münasibətləri inkişaf edir

 

                                                                                       Minskdə MDB Daimi Nümayəndələri Şurasının cari ildə ilk iclası olub

 

Belarusun paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) mənzil-qərargahında Birliyin iştirakçısı olan dövlətlərin bu təşkilatın nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələri Şurasının 2014-cü ildə ilk iclası olub. Bu barədə AzərTAc-a Birliyin Minskdəki İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev iclasda iştirak edib.

Xəbər verildiyi kimi, keçən ilin oktyabr ayında Birliyin Minsk zirvə görüşündə qərara alınıb ki, 2014-cü ildə bu təşkilata Ukrayna sədrlik edəcək. Bununla əlaqədar, bir il ərzində Səlahiyyətli Daimi Nümayəndələr Şurasına Ukraynanın MDB Əlaqələndirmə Təsisatları Yanında səlahiyyətli daimi nümayəndəsi İvan Buneçko rəhbərlik edəcək.

Ukrayna bu fəxri missiyanı Belarus Respublikasından qəbul edib. MDB iştirakçıları olan ölkələrin dövlət başçılarının rəyinə görə, keçən il Belarus Respublikası Birlik ölkələrinin müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətinin genişləndirilməsi üçün böyük işlər görüb.

Daimi Nümayəndələr Şurasının iclasında İvan Buneçko Ukraynanın 2014-cü ildə MDB-də sədrliyi Konsepsiyasını və həmin konsepsiyanın reallaşdırılmasına dair Tədbirlər Planını həmkarlarına təqdim edib.

İclas iştirakçıları Ukraynanın sədrliyi çərçivəsində bütün tədbirlərin yerinə yetirilməsində Səlahiyyətli Daimi Nümayəndələr Şurasının və Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin rolunu və vəzifələrini müzakirə ediblər. Bundan əlavə, Daimi Nümayəndələr Şurasının üzvləri 2014-cü il üçün Şuranın fəaliyyət planını bir daha müzakirə edərək təsdiqləyiblər.

Səlahiyyətli daimi nümayəndələr Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) aprelin 4-də Moskvada keçirilməsi nəzərdə tutulan növbəti iclasının gündəliyinin layihəsinə dair təklifləri də müzakirə ediblər. Daxil olmuş təkliflər dövlətlərin müvafiq nazirlik və idarələri tərəfindən işləniləcək. Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyinin layihəsinin son variantını Daimi Nümayəndələr Şurasının fevralın 4-də keçiriləcək iclasında formalaşdırmaq nəzərdə tutulur.

Bu məqamda vurğulamaq yerinə düşər ki, ümumiyyətlə, Azərbaycan-MDB münasibətləri regional əhəmiyyəti və mütərəqqi maraqlara xidmət etməsi ilə səciyyələnir. İlk növbədə qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin əsası 1991-ci il dekabrın 8-də Rusiya, Ukrayna və Belarus respublikalarının Minsk görüşündə SSRİ-nin buraxılması və Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında əldə etdikləri razılaşma ilə qoyulub. Daha sonra, yəni, həmin il dekabrın 21-də Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında razılaşmaya əsasən quruma Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Moldova və Ermənistan daxil olmaqla daha 8 ölkə qatılıb. Təşkilatın yaradılması Sovetlər Birliyinin dağılmasından sonra keçmiş ittifaqa daxil olan respublikaların bir-biri ilə bağlı olan iqtisadiyyatının bərpası yönündə atılmış bir addım idi. Məlum olduğu kimi, Sovet imperiyasının parçalanması ərəfəsində ittifaq respublikaları arasında uzun illər boyu mövcud olan mədəni, mənəvi, iqtisadi əlaqələr xeyli zəifləmişdi. 1991-ci ilədək mövcud olan çoxşaxəli əlaqələrin birdən-birə kəsilməsi isə həmin ölkələrdəki sosial-iqtisadi vəziyyətə mənfi təsir göstərmişdi. Bu səbəbdən, belə bir qurumun yaradılması keçmiş ittifaq respublikaları arasında qarşılıqlı münasibətlərin bir-birinə hörmət və milli dövlət maraqları çərçivəsində davam etdirilməsinə şərait yaratdı. Müstəqil Dövlətlər Birliyinin strukturuna Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, Parlamentlərarası Assambleya, 1993-cü ildən Minskdə fəaliyyət göstərən İcraedici Katiblik daxildir. Təşkilatın digər orqanları içərisində Xarici İşlər Nazirləri Şurasını, MDB ölkələrinin Müdafiə Nazirləri Şurasını, Sahəvi əməkdaşlıq orqanını, Xarici İqtisadiyyat Təsisatların Rəhbərlərinin Şurasını, Neft və Qaz üzrə Hökumətlərarası Şuranı və İqtisadiyyatın digər sahələri üzrə rəhbərlərin hökumətlərarası şurasını göstərmək olar. Vurğulamaq yerinə düşər ki, Azərbaycanın MDB ilə əməkdaşlığında iqtisadi maraqların təmini mühüm əhəmiyyət kəsb edir. Keçmiş SSRİ ölkələri arasında dövlətlərarası siyasi və iqtisadi münasibətlərin qurulması məqsədini daşıyan bu əməkdaşlıq hazırda daha çox üzv ölkələr arasında iqtisadi inteqrasiyanın konkret çərçivələrinin müəyyənləşdirilməsinə və reallaşdırılmasına xidmət edir. Bu əlaqələrin inkişafına önəm verən Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə daxil olması ilə əlaqədar 1993-cü il noyabrın 5-də Nazirlər Kabinetinin yanında Dövlətlərarası ticarət-iqtisadi münasibətlərin əlaqələndirilməsi Komissiyasının yaradılması haqqında qərar qəbul olunub. Qərara əsasən qurumun əsas vəzifələri sırasında respublikalararası ticarət-iqtisadi sazişlərin bağlanmasına dair bütün hazırlıq işlərinin yerinə yetirilməsi, bağlanmış sazişlərin həyata keçirilməsinə nəzarət edilməsi, bu zaman meydana çıxan məsələlərin həlli üçün müvafiq sənədlərin hazırlanması və onların həyata keçirilməsi, öz iclaslarında respublikalararası ticarət-iqtisadi əlaqələr sahəsində işin təşkili və yerinə yetirilməsi üzrə nazirliklərin, baş idarələrin, müəssisə və təşkilatların rəhbərlərinin hesabat və məlumatlarının dinlənilməsi müəyyənləşdirilib.

Azərbaycan Respublikası bir sıra MDB ölkələri ilə azad ticarət rejimini yaradıb, sərbəst sərmayə üçün hüquqi baza tərtib olunub. Eyni zamanda, Müstəqil Dövlətlər Birliyi çərçivəsində bir sıra mühüm sənədlər qəbul olunub. Bunların içərisində Müstəqil Dövlətlər Birliyinin 2020-ci ilə qədərki dövr üçün iqtisadi inkişaf strategiyasını, MDB-nin 2020-ci ilə qədərki dövr üçün iqtisadi inkişaf strategiyasının birinci mərhələsinin (2009-2011-ci illər) həyata keçirilməsi üzrə Tədbirlər Planını, 2003-2010-cu illərdə iqtisadi sahədə Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlər arasında əməkdaşlığın səmərəliliyinin artırılması və inkişafına yönəlmiş tədbirlərin İcra Planını, MDB-yə üzv dövlətlər arasında ticarət-iqtisadi əlaqələr, sosial-iqtisadi vəziyyəti əks etdirən, eyni zamanda, inkişaf perspektivləri haqqında illik məcmuələri nümunə göstərə bilərik.

Heç kəsə sirr deyil ki, keçmiş SSRİ-nin dağılması ərəfəsində bir sıra regionlarda alovlanan münaqişə ocaqları bu gün hələ də qalmaqdadır. Xüsusən də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükə daşıması baxımından tezliklə ədalətlə həll edilməsi vacib olan məsələdir. Məlum olduğu kimi, 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan bu münaqişədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal olunub, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, ölkəmizə milyardlarla dollar məbləğində maddi zərər dəyib.

Hazırda Ermənistanın işğal altındakı ərazilərdə həyata keçirdiyi talan siyasəti dəyən zərərin miqdarını və miqyasını genişləndirir. Nəticədə, Ermənistanın aqressiv siyasəti bu gün bütün Avrasiyada olduğu kimi, MDB məkanında da ən önəmli regionlardan olan Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq mühitinə zərbə vurub. Müstəqil Dövlətlər Birliyinin üzvü kimi, Azərbaycanla Ermənistan arasında belə bir konfliktin mövcudluğu təşkilat daxilindəki birlik, əməkdaşlıq mühitinə, eləcə də, qurum daxilində inteqrasiya proseslərinə mənfi təsir göstərir. Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Dağlıq Qarabağ münaqişəsinə münasibətinə gəlincə, Ermənistan istisna olmaqla, digər ölkələr Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyır. Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin ayrı-ayrılıqda konfliktlə bağlı mövqeyi münaqişənin sülh yolu ilə ərazi bütövlüyü çərçivəsində tezliklə həllinin vacibliyindən ibarətdir. Təşkilata üzv ölkələrin bir çoxu BMT-nin, ATƏT-in, Avropa Şurasının, İslam Konfransı Təşkilatının Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələrinin aradan qaldırılmasını tələb edən qərar və qətnamələrinin qəbulunda iştirak ediblər. Bu fakt da üzv ölkələrin Ermənistanın işğalçı siyasətinə mövqeyini ifadə edir. Təşkilatın fəaliyyətində ən aparıcı rol oynayan ölkə Rusiyanın, eyni zamanda, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olduğunu nəzərə alsaq, Azərbaycan ictimaiyyəti Müstəqil Dövlətlər Birliyindən məsələ ilə bağlı daha qətiyyətli mövqe gözləməkdə haqlıdır.

Sonda onu da qeyd etmək yerinə düşər ki, Müstəqil Dövlətlər Birliyi Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) yeni icraçı direktoru Anatoli İksanovun bu vəzifədə fəaliyyətə başlaması ilə əlaqədar Moskvada mətbuat konfransı keçirilib. Tədbirdə Fondun İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.

A.İksanov bildirib ki, fond MDB ölkələri ilə yanaşı, Baltikyanı dövlətlər və Gürcüstan ilə əməkdaşlığa üstünlük verəcək: “Biz təkcə MDB ölkələri ilə deyil, Gürcüstan və Baltikyanı dövlətlərlə yeni təmas nöqtələri tapmalıyıq. Bizim keçmiş Sovet məkanında çoxlu dostlarımız var və biz onlarla əməkdaşlığa can atırıq”.

Yeni icraçı direktor vurğulayıb ki, bu il Taras Şevçenkonun 200 illik yubileyinə həsr olunmuş forum, habelə Böyük Vətən müharibəsində qələbənin 70 illiyi ilə bağlı tədbirlər nəzərdə tutulub. Fondun İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Fondun fəaliyyətinin dövlətlərarası humanitar əməkdaşlığa dəstək verməkdən və inkişaf etdirməkdən ibarət olduğunu bildirib. Onun sözlərinə görə, keçirilməsi planlaşdırılan 9-cu elmi-yaradıcılıq forumunun başlıca məqsədi MDB ölkələrinin humanitar inteqrasiyasını gücləndirməkdir: “Bu forum elm və mədəniyyət xadimlərinin müzakirə meydanıdır”.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy isə çıxışında fondun dövlətlərin dostluğu sayəsində yarandığını və artıq yüzlərlə layihənin gerçəkləşdiyini deyib.

 

Nadir AZƏRİ

Yeni  Azərbaycan.-2014.- 24 yanvar.- S.8.