Real işlərə Prezidentin yüksək
qiyməti ən ali
mükafatımızdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il yanvarın 21-də Gəncə şəhərinə səfər etməsi, şəhərimizdə görülən genişvüsətli abadlıq-quruculuq işlərindən məmnun qalması, həmçinin Gəncənin inkişafına dair Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılması haqqında Sərəncam imzalaması bütün gəncəlilər kimi, Yeni Azərbaycan Partiyasının fəalları tərəfindən də böyük rəğbət hissi ilə qarşılanıb. Real işlərə ölkə başçısı tərəfindən verilən yüksək qiymət hər bir partiya üzvünün, şəhər sakininin ali mükafatıdır. Biz göstərilən diqqətə, qayğıya yalnız uğurlarımızla, nailiyyətlərimizlə, əməli işlərimizlə cavab verəcək və siyasi fəaliyyətimizdə Ulu öndərimizin ideyalarını daim uca tutacağıq.
Azərbaycan son 10 il ərzində istər ölkədaxili problemlərin həllində, istərsə də beynəlxalq aləmdə ən uca zirvələrə çatıb, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsi sayəsində ölkəmizin siması başdan-başa dəyişib, müasirləşib, xalqımızın güzəranı yeni keyfiyyət səviyyəsinə yüksəlib. Bütün bu tarixi nailiyyətlər öz qədimliyini və tarixiliyini qoruyub saxlamaqla gündən-günə gözəlləşən və müasirləşən doğma Gəncəmizin simasında daha əzəmətli görünür. Möhtərəm Prezidentimizin diqqət və qayğısı nəticəsində dahi Nizami yurdu özünün yeni intibahını yaşayır. Şəhərimizdə aparılan genişmiqyaslı abadlıq, yenidənqurma, təmir-tikinti və sosial-mədəni quruculuq işləri, 2012-ci ildə Gəncəyə səfəri zamanı bu işlərə ölkə Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyev tərəfindən yüksək qiymət verilməsi hər bir gəncəlinin qəlbində iftixar hissi doğurdu, yeni qələbələr qazanmaq uğrunda əzmkarlığını artırdı, Gəncənin inkişafına güclü stimul oldu. Bütün şəhər ictimaiyyəti, xüsusən, partiya fəalları möhtəşəm quruculuq işlərinin daim önündədirlər. Ulu öndərin arzuladığı kimi, sürətlə tərəqqi edən Gəncənin hər bir abidəsində, tikintisində, binasında, park və küçələrində partiya fəallarının gərgin zəhməti var. Şəhərin müasirləşməsində partiya fəalı olan elm adamları, həkimlər, müəllimlər, bütün təbəqədən olan insanlar əllərindən gələni əsirgəməyiblər.
Müstəqil Azərbaycanımızın memarı və qurucusu Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, uzaqgörən və praqmatik dövlət siyasətinin uğurlu nəticəsidir ki, bu gün respublikamızın Qərb bölgəsinin mərkəz şəhəri olan, öz tarixi dəyərlərini qoruyub saxlamaqla gündən-günə gözəlləşən, 4000 illik tarixi olan Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtıdır. Bu, bizim hər birimizi ürəkdən sevindirir. Cənab Prezidentimizin Gəncəyə olan xüsusi diqqət və qayğısının nəticəsidir ki, Gəncə artıq Avropa şəhərləri ilə qardaşlaşır, Gəncə ilə adı bir çəkilən Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin yubileyləri onların doğma şəhəri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində də beynəlxalq miqyasda qeyd olunur. Bu gün şəhərimizdə Madrid Klubunun xətti ilə keçirilən tədbirlər, I və II Beynəlxalq Şərab festivalları, Dünya Gənclər Festivalı və s. tədbirlər bir daha onu təsdiqləyir ki, Gəncə beynəlxalq tədbirlərin məkanına çevrilib.
Dahi Heydər Əliyevin əsasını qoyduğu, hazırda Onun adını daşıyan möhtəşəm Heydər Əliyev park-kompleksi və Heydər Əliyev Mərkəzi, bu kompleksə daxil olan Zəfər Tağı, süni göl, açıq səma altında amfiteatr və s. şəhərimizə gələn qonaqları heyran edəcək.
Xalqımızın iftixarı olan dahi şairimiz Nizami Gəncəvinin Məqbərəsinin yenidən qurulması və ərazisinin abadlaşdırılması, Nizami adına muzey və mərkəzin yaradılması, “Xəmsə” kompleksinin, Məhsəti Gəncəvi Mərkəzinin, Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinin, Dövlət Bayrağı meydanının yaradılması və sair möhtəşəmliklər tariximizə, milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısının parlaq təzahürləri kimi bizi qürurlandırır.
Ölkəmizin və partiyamızın həyatında məlum olduğu kimi, ən önəmli hadisə, 2013-cü il oktyabırın 9-da keçirilən prezident seçkiləri oldu. Yeni Azərbaycan Partiyasının V qurultayında dövlətimizin başçısı, partiyamızın Sədri cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi 600 minlik YAP üzvləri kimi, bütün gəncəlilərin də ürəyindən oldu. Ona görə ürəyindən oldu ki, şəhərimizdəki problemlər həll edilir, binalar, yollar, prospektlər, park və xiyabanlar, tarix-mədəniyyət abidələri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, sənaye müəssisələri yenidən qurulur, ən müasir avadanlıq və texnologiyalarla təchiz edilir. Şəhərimizin və partiyamızın həyatında ictimai-siyasi fəallığı, peşəkarlığı və təşəbbüskarlığı ilə seçilən gənclər icra strukturuna irəli çəkilir, onlara yüksək etimad göstərilir. Kadrların seçilib yerləşdirilməsində aşkarlıq, şəffaflıq mühiti insanlarımızın partiya və dövlətimizə olan inam və sədaqətini daha da gücləndirir. Şəhərimizdə insanları narahat edən problemlərə həssalıqla yanaşılması ictimai rəyin idarə olunması və düzgün istiqamətləndirilməsi üçün olduqca münbit şərait yaradır.
YAP Gəncə şəhər təşkilatı bu gün mütəşəkkil siyası qüvvə kimi böyük intellektual gücə malikdir. Belə ki, partiyamızın sıralarda 2 akademik, 4 əməkdar elm xadimi, 51 elmlər doktoru, professor, 500 nəfər elmlər namizədi birləşib. YAP Gəncə şəhər təşkilatı üzvlərinin sayı 30 min nəfərdən çoxdur. YAP sıralarına qəbul olunanlar arasında gənclər üstünlük təşkil edirlər. Bir sözlə, YAP dünənin, bu günün və gələcəyin partiyası olaraq, özünün sosial bazasını daim genişləndirir, bütün təbəqə və yaş qruplarını özündə sıx birləşdirir.
250 ərazi ilk partiya təşkilatında birləşən partiya üzvləri Gəncənin sosial-iqtisadi və ictimai həyatında özlərini vahid qüvvə olaraq göstərirlər. Bu tendensiya şəhər rəhbərliyinin YAP Gəncə şəhər təşkilatının səmərəli fəaliyyətinə xüsusi önəm verməsindən, fəal, bacarıqlı və istedadlı gənclərin partiya sıralarında möhkəmlənərək formalaşması, inkişaf etməsi və irəli çəkilməsindən qaynaqlanır. Artıq belə gənclərdən bir çoxu idarəetmə strukturlarında göstərilən etimadı layiqincə doğruldurlar. Şəhər rəhbərliyi Gəncənin bütün təbəqələrdən olan vətəndaşları ilə yanaşı, gənclərlə də mütəmadi olaraq görüşür, onların irəli getməsinə geniş imkanlar yaradır.
“Bizim amalımız qüdrətli Azərbaycandır, müstəqillikdir, inkişafdır, sosial rifahdır”. Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının V qurultayında söylədiyi bu mübariz çağırış bütün YAP üzvlərini, xalqımızı, bütün sağlam düşüncə sahiblərini daha fəal olmağa, cəmiyyətimizin, dövlətin həyatında və idarə olunmasında iştirak etmək kimi konstitusiya və dövlətimiz qarşısında müqəddəs vətəndaşlıq borcunu şərəflə yerinə yetirməyə sövq edir.
Bizim amalımız dəyişməzdir: Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyinin, Heydər Əliyev ideyalarının əbədiyaşarlığının qarantı-Ulu öndərin siyasi kursunun ən layiqli varisi, dövlətimizin başçısı və partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi altında növbəti beş ildə də daha böyük uğurlar, daha böyük qələbələr qazanmaq!
Naqif HƏmzƏyev,
YAP Gəncə
şəhər
təşkilatının
sədri
Yeni Azərbaycan.-2014.- 24 yanvar.- S.6.