Azərbaycanın dinamik
inkişafında yeni mərhələ
Cənab İlham Əliyevin
xalqın böyük dəstəyi ilə yenidən Prezident
seçilməsindən sonra davam etdirdiyi çoxşaxəli
fəaliyyət Azərbaycanın gələcəyə
doğru inamla irəlilədiyini göstərir
2013-cü il Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm bir hadisə ilə yadda qaldı. Bu, ölkəmizdə keçirilən prezident seçkiləridir. Bəhs olunan seçkilər Azərbaycan xalqının ali iradəsini ifadə etməklə xalq-hakimiyyət birliyini növbəti dəfə nümayiş etdirdi. Prezident İlham Əliyev oktyabrın 9-da keçirilən prezident seçkilərində seçicilərin 84,54 faizinin dəstəyini qazanmaqla növbəti möhtəşəm qələbəyə imza atdı. Bu, əslində, Azərbaycanın son 10 ildə keçdiyi yola, qazandığı uğurlara, daxili və xarici siyasət kursuna, bu kursu həyata keçirən Prezident İlham Əliyevin fəaliyyətinə verilən ən yüksək qiymətdir. Ümumiyyətlə, cənab İlham Əliyevin prezident seçkilərində böyük üstünlüklə qalib gəlməsinin əsasında da xalqın iradəsi, inamı və seçimi dayanır. Siyasi plüralizm, şəffaf, ədalətli, demokratik şəraitdə baş tutan seçkilərin nəticəsi xalqın öz gələcəyini güclü, müstəqil, hərtərəfli inkişafa malik rifah dövlətinin yaradılmasının qarantına - Prezident İlham Əliyevə etibar etdiyini göstərdi. Və əminliklə demək olar ki, öz yolunda inamla irəliləyən Azərbaycanda növbəti 5 ildə də davamlı inkişafın, yeni nailiyyətlərin şahidi olacağıq. Bu kontekstdə qeyd etmək lazımdır ki, cənab İlham Əliyevin xalqın böyük dəstəyi ilə yenidən Prezident seçilməsindən sonrakı fəaliyyəti Azərbaycanın gələcəyə doğru inamla və dinamik inkişaf tempi ilə irəlilədiyini bir daha sübuta yetirdi.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və səhiyyənin inkişafı istiqamətində əsaslı tədbirlər görülüb
Qeyd etmək lazımdır ki, cənab İlham Əliyevin dövlətimizin başçısı kimi fəaliyyətinin növbəti mərhələsində ölkə əhalisinin sosial müdafiəsi istiqamətində mühüm tədbirlər görülüb. Başqa sözlə, bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilib. Belə ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə dekabrın 24-də Bakının Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışı olub. Mərkəzdə yaradılan şərait bir daha sağlamlıq imkanları məhdud insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.
Ümumiyyətlə, qeyd etdiyimiz kimi, dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin fonunda əhalinin sosial müdafiəsinin gücləndirilməsi məsələsi əhəmiyyətli yer tutur. Ümumiyyətlə, Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət insan amilinə verilən yüksək dəyərin nümunəsinə çevrilib. Bu çərçivədə son illərdə əlilliyi olan şəxslərlə bağlı ölkə qanunvericiliyi təkmilləşdirilib, 10-a qədər yeni hüquqi normativ akt qəbul edilib. Dövlətimizin başçısının imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Cənab İlham Əliyevin xalqın iradəsi əsasında üçüncü dəfə Prezident seçilməsindən sonra səhiyyənin inkişafı da xüsusi diqqət mərkəzində olub. Yanvarın 7-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə paytaxtda Azərbaycanın ən böyük tibb müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzi istifadəyə verildi.
Ümumiyyətlə, Azərbaycanda səhiyyə yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikilməsi, mövcud tibb ocaqlarının yenidən qurulması geniş vüsət alıb. Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturun təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm uğurlar əldə edilib. Bu məqsədlə səhiyyənin prioritet sahələri üzrə 9 Dövlət Proqramı qəbul olunub.
Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilir
Onu da vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasətin fonunda ölkədə mülki müdafiə, ərazilərin təbii, həmçinin, texnogen xarakterli fövqəladə hallardan qorunması və əhalinin təhlükəsizliyinin təmin edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Özəlliklə də bu sahədə ixtisaslı kadrların yetişdirilməsi işi xüsusi əhəmiyyət daşıyır. Cənab İlham Əliyevin növbəti Prezidentlik dönəminin geridə qalan dövründə də bu məsələlər diqqət mərkəzində olub. Bu sırada ötən ilin dekabr ayının 27-də Prezident İlham Əliyevin iştirakı ilə Fövqəladə Hallar Nazirliyi Akademiyası binasının açılış mərasiminin keçirilməsini qeyd etmək lazımdır. Qeyd edək ki, akademiya müasir tələblərə cavab verən xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri üzrə əlavə təhsilin həyata keçirilməsini və fövqəladə hallar sahəsində fundamental və tətbiqi elmi tədqiqat işlərinin aparılmasını təmin edən xüsusi təyinatlı təhsil müəssisəsidir. Bu təhsil ocağının ixtisaslı kadrlarla komplektləşdirilməsi, tədris prosesinin normativ-hüquqi aktlara və normativlərə uyğun qurulması, fövqəladə hallar sahəsində elmi tədqiqatların aparılması və digər mühüm vəzifələrin yerinə yetirilməsi üçün son illərdə bir çox işlər görülüb.
Turizmin inkişafı diqqət mərkəzində olub
Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycanda iqtisadiyyat, idman, mədəniyyət, incəsənət və digər sahələrdə əldə olunan yüksək nailiyyətlər xarici iş adamları ilə yanaşı, turistlərin də ölkəmizə marağını artırıb. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmizdə turizmin inkişafı istiqamətində mühüm layihələrin icrası da buna əlverişli zəmin yaradır. Bu baxımdan, Azərbaycanda otel biznesinin daha da inkişafı üçün kompleks tədbirlər reallaşdırılır. Məhz bu istiqamətdə davamlı işlərin görülməsi Prezident İlham Əliyevin xüsusi diqqətindədir. Məlumat üçün qeyd edək ki, ötən ilin dekabr ayının 10-da dövlətimizin başçısı ölkəmizin şimal regionuna səfəri çərçivəsində Qubada “Rixos Quba Azerbaijan” hotel kompleksinin açılışında iştirak edib. Prezident İlham Əliyev ötən ilin sentyabrında Qubaya səfər edərkən bu hotelin mükəmməl infrastruktura və müasir xidmət şəbəkəsinə malik bir kompleks kimi formalaşması üçün müvafiq tapşırıq və tövsiyələrini vermişdi. Ölkəmizdə bu cür komplekslərin sayının çoxalması Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də respublikamıza gələn turistlərin sayının artmasına zəmin yaradır. “Rixos Quba Azerbaijan” hoteli təkcə Quba rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir.
Bununla yanaşı, dekabrın 19-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ”, “Pik Palas” hotellərinin açılışında iştirak ediblər. Ümumiyyətlə, Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan “Şahdağ” qış-yay turizm kompleksində inşa edilən hotellər bu istirahət məkanına marağı daha da artırır. Qonaqların istirahətinin yüksək səviyyədə təmin olunduğu bu hotellərdə yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə turizm sektorunun inkişafına xüsusi diqqət yetirilir.
Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda turizmin inkişafını da qeyri-neft sektorunun əsas sahələrindən biri elan edib və bu istiqamətdə davamlı tədbirlər görülməkdədir. Yanvarın 3-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsinin açılışı da bu tədbirlər sırasındadır. Bu kompleksin inşası göstərir ki, Azərbaycanda turizmin inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir. Paytaxt ilə yanaşı, indi bu prosesə regionlar da cəlb olunub və bölgələrimizdə irimiqyaslı turizm layihələri icra edilir.
Milli-mənəvi dəyərlərin qorunması və təbliği uğurla davam etdirilib
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən birini də milli-mənəvi dəyərlərin qorunması və təbliği təşkil edir. Bu dəyərlərin daşıyıcılarının əbədiləşdirilməsi - müxtəlif abidələrin salınması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bakının Nərimanov rayonunda ucaldılan “Kitabi-Dədə Qorqud” abidəsinin və yeni salınan Dədə Qorqud parkının dekabrın 13-də Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasiminin keçirilməsini bu istiqamətdə görülən silsilə tədbirlər sırasında xüsusilə qeyd etmək lazımdır. Şübhəsiz ki, Dədə Qorqud parkı həm də qədim Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayişi meydanıdır. Vurğuladığımız kimi, cənab İlham Əliyevin yenidən dövlətimizin başçısı seçilməsindən sonra özündə milli dəyərləri yaşadan mədəniyyət nümunələrinin bərpasına diqqət davam etdirilib. Bu kontekstdə paytaxt Bakının ötən ilin dekabr ayının 30-da qədim tarixi rəmzlərindən biri, milli memarlığımızın nadir nümunəsi, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Qız qalasında konservasiya və yeni muzey ekspozisiyasının yaradılması işlərinin başa çatdırılmasını qeyd etmək olar. Məlumat üçün qeyd edək ki, dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qız qalasında həyata keçirilən konservasiya işləri və yeni yaradılan muzey ekspozisiyası ilə tanış olublar.
Ümumiyyətlə, tarixi abidələrimizin qorunub saxlanması və bərpası məqsədilə dövlət səviyyəsində silsilə kompleks tədbirlər həyata keçirilir. Qədim İçərişəhərdə yerləşən abidələrin konservasiyası və bərpası istiqamətində görülən işlər də bu tədbirlərin tərkib hissəsidir.
Paytaxt Bakının və regionların sosial-iqtisadi inkişafı yönündə əsaslı tədbirlər görülüb
Ötən yüz günlük dövrdə dövlətimizin başçısı bu müddət ərzində paytaxt Bakının və regionların sosial-iqtisadi inkişafına da xüsusi diqqət yetirib. İlk növbədə qeyd edək ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflər əsasında “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələr uğurla yerinə yetirilib. Bu məsələ dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda xüsusi müzakirə olunub. Qeyd etmək lazımdır ki, ötən il ərzində bütün dövlət proqramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, elektrik enerjisi və təbii qaz təchizatı, içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin həyata keçirilməsinə nail olunub. Başqa sözlə, proqramlarda nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Həmçinin, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələr uğurla yerinə yetirilib. Qeyd etdiyimiz kimi, bu dönəm ərzində Prezident İlham Əliyev ölkəmizin ayrı-ayrı regionlarının inkişafına göstərdiyi xüsusi diqqəti davam etdirib. Bu kontekstdə yanvar ayının 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə və Göygöl rayonuna səfəri xüsusi olaraq qeyd edilməlidir. Dövlətimizin başçısı səfər çərçivəsində Gəncə şəhərində Heydər Əliyev park-kompleksinin və Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Daha sonra Prezident İlham Əliyevin iştirakı ilə Gəncədə Olimpiya Parkının təməlqoyma mərasimi olub. Dövlətimizin başçısına məlumat verilib ki, Gəncə Olimpiya Parkı böyüklüyünə və xidmət səviyyəsinin müxtəlifliyinə görə MDB məkanında yeganə belə idman obyekti olacaq. Burada idmanın bütün növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaq. Olimpiya Parkı son illərdə sürətlə inkişaf edən Gəncənin ümumi görünüşünə əlavə yaraşıq verəcək. Prezident İlham Əliyev Gəncə Olimpiya Parkının təməlini qoyub. Dövlətimizin başçısı Olimpiya Parkının inşasının yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib. Prezident İlham Əliyev səfər çərçivəsində, eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa olunmuş Məhsəti Gəncəvi Mərkəzinin açılışında iştirak edib. Ümumiyyətlə, Qədim İpək Yolunun əsas mərkəzlərindən sayılan Gəncənin abadlaşdırılması istiqamətində son illərdə həyata keçirilən tədbirlər bu tarixi şəhərin simasına maraqlı elementlərin əlavə olunması ilə yadda qalır. Bu gün Gəncə həm də öz tarixini yaşadır, yetişdirdiyi şəxsiyyətləri təbliğ edir, onların xatirəsini əbədiləşdirir. Prezident İlham Əliyev 2013-cü il yanvarın 16-da Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayib. Sərəncam çərçivəsində çoxsaylı tədbirlər, sərgilər, konsertlər təşkil edilib. Sənədə əsasən, Gəncədə Məhsəti Gəncəvi Mərkəzi inşa olunub. Məhsəti Gəncəvinin zəngin irsinin sərgiləndiyi Mərkəzin qarşısında şairənin möhtəşəm heykəli qoyulub, Məhsəti bağı salınıb.
Bundan başqa, Prezident İlham Əliyev Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsi ilə tanış olub. Qeyd etmək lazımdır ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Qarabağ müharibəsi zamanı doğma yurd-yuvalarından didərgin düşmüş insanların müvəqqəti yaşayış yerlərindən və çadır şəhərciklərindən müasir qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi yüksək diqqətin bariz təzahürüdür. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, bu gün ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayıb, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülüb. Onların maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Respublikanın bir çox yerlərində salınan bu qəsəbələr bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli həyata keçirilən siyasətin mühüm istiqamətini təşkil edir. Bunu Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün tikilən yeni çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllədə yaradılan şərait də təsdiqləyir.
Həmçinin, dövlətimizin başçısı Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa olunan Nizami Gəncəvi Muzeyinin açılışında da iştirak edib.
Bundan əlavə, Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində “DET-AL Alüminium” MMC-nin Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının açılışında iştirak edib. Qeyd edək ki, Gəncədə “DET-AL Alüminium” MMC-nin Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodları da Azərbaycan iqtisadiyyatına mühüm töhfədir. Prezident İlham Əliyevin 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi haqqında Sərəncamına əsasən bu zavodların fəaliyyəti ölkə iqtisadiyyatının sənayeləşdirilməsinin sürətləndirilməsi, yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi, rəqabətqabiliyyətli müasir və prioritet istehsal sahələrinin yaradılması sənayenin innovasiyalar əsasında inkişafının və yeni iş yerlərinin açılmasının təmin olunmasına xidmət edir.
Dövlətimizin başçısı səfər çərçivəsində Gəncə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə “ASAN xidmət” mərkəzinin fəaliyyəti, Gəncə Dövlət Filarmoniyasının yeni binasında aparılan inşaat işləri, həmçinin, “VEGO” hotelində yaradılmış şəraitlə tanış olub.
Bundan başqa, Prezident İlham Əliyev yeni inşa olunmuş Gəncə dairəvi avtomobil yolunun açılışında iştirak edib. Qeyd edək ki, son 10 ildə ölkəmizin yol-nəqliyyat strukturunda əsaslı dəyişikliklər baş verib. Nəqliyyat sisteminin təkmilləşdirilməsi, sərnişin daşımalarının beynəlxalq səviyyədə qurulması istiqamətində mühüm layihələr icra olunur. Ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistrallar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulur. Prezident İlham Əliyevin Sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət mərkəzi avtomagistralların, regionlarda isə kənd və qəsəbələri birləşdirən avtomobil yollarının təmirinə yönəldilib. Bu proses Gəncə şəhərində da geniş vüsət alıb. Yeni salınan Gəncə dairəvi avtomobil yolu bölgənin inkişafına, o cümlədən nəqliyyatın maneəsiz hərəkətinə mühüm töhfə verəcək.
Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygölə səfəri çərçivəsində Bayraq Meydanı Kompleksinin açılışında iştirak edib. Qeyd edək ki, Göygöl rayonunda salınan Bayraq Meydanı kompleksində ucaldılan üçrəngli bayrağımız, quraşdırılan gerbimiz möhtəşəmliyi ilə diqqəti cəlb edir, hər kəsin qəlbində iftixar və qürur hissləri oyadır. Kompleksdə yaradılan şərait, həmçinin, “Azərbaycan dövlətinin rəmzləri muzeyi” milli atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.
Bundan başqa, dövlətimizin başçısı yanvarın 21-də Göygölə içməli suyun verilməsi mərasimində iştirak edib. Vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan zaman keçdikcə daha çox yeni nailiyyətlərin müəllifi kimi də tanınmaqdadır. Dövlətin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri əhalinin sosial ehtiyaclarının diqqət mərkəzində saxlanılması, elektrik, qaz, içməli su təminatının daha da yaxşılaşdırılmasıdır. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri də Göygöl şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasıdır.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl Olimpiya İdman Kompleksinin açılışında da iştirak edib. Ümumiyyətlə, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda idmanın inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu cür komplekslərin istifadəyə verilməsi bir daha sübut edir ki, ölkədə idmanın kütləviliyini artırmaq, gənclərin idmana marağını təmin etmək və bu sahədə yeni-yeni qələbələr qazanmaq üçün dövlət tərəfindən məqsədyönlü işlər həyata keçirilir. Azərbaycanda idman sahəsinə göstərilən diqqət artıq bütün dünyada böyük rəğbətlə qarşılanır. Bunun nəticəsidir ki, 2015-ci ildə ilk Avropa Oyunları və 2017-ci ildə İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçiriləcək.
Yanvarın 21-də, həmçinin, Prezident İlham Əliyev Göygöl şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Vurğulayaq ki, Göygöl rayonundakı Heydər Əliyev parkında Ulu öndərin adını daşıyan möhtəşəm Heydər Əliyev Mərkəzinin yaradılması dahi siyasi xadimin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan daha bir mühüm addımdır. Heydər Əliyevin həyat və fəaliyyətinin, Onun xalqımıza yadigar qoyduğu zəngin irsin yüksək səviyyədə təqdim edildiyi Mərkəzlə yaxından tanışlıq bir daha sübut edir ki, bütün mənalı ömrünü xalqına və Azərbaycan dövlətçiliyinə həsr edən Ulu öndər hər şeydən çox sevdiyi Vətəni üçün misilsiz tarixi işlər görüb.
Prezident İlham Əliyev Göygölə səfəri çərçivəsində Gənclər Mərkəzi ilə də tanış olub. Qeyd edək ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səmərəli gənclər siyasəti həyata keçirilir. Bunun nəticəsidir ki, gənclər cəmiyyətimizin ən dinamik təbəqəsi qismində çıxş etməkdədir. 2005-2009-cu illəri əhatə edən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” bu proseslərdə çox mühüm rol oynayıb. Hazırda həyata keçirilən “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” bu tədbirlərin məntiqi davamıdır. Bu gün gənclərin vətənpərvərlik və dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, milli mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyəsi prioritet istiqamətlərdəndir. Bölgələrdə gənclər üçün müasir tələblərə cavab verən sosial infrastruktur obyektlərinin tikintisi də bu amala xidmət edir. Göygöldə Gənclər Mərkəzinin yaradılması da gənclərin rayonun həyatında fəal mövqe tutmalarına yeni stimul vermək məqsədi daşıyır.
Yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə işlər uğurla icra olunur
Prezident İlham Əliyevin növbəti dəfə dövlət başçısı kimi fəaliyyətə başlamasından bu günə qədər həyata keçirilən tədbirlər sırasında yol infrastrukturunun inkişafı istiqamətində atılan addımlar da xüsusi olaraq qeyd edilməlidir. Məlum olduğu kimi, dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunda inşaat işlərinin gedişi ilə tanış olub, Zabrat-Pirşağı avtomobil yolunun açılışında iştirak edib. Ümumilikdə, paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bütün bu işlər “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq görülür. Bu çərçivədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə istismara buraxılır. Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə işlər uğurla icra olunur.
Azərbaycanın dinamik inkişafı davam edəcək
Məlum olduğu kimi, yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Prezident İlham Əliyev iclasda nitq söyləyərək əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələrdən bəhs edib. İclasda toxunulan məsələlərə və səsləndirilən fikirlərə nəzər yetirdikdə belə qənaətə gəlmək olur ki, 2013-cü il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil oldu. Başqa sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu 2013-cü ildə də mühüm nailiyyətlərin əldə edilməsini şərtləndirdi. Belə ki, sosial, iqtisadi, mədəni sahələrdə əhəmiyyətli tədbirlər görüldü, mühüm siyasi-hüquqi islahatların həyata keçirilməsi sayəsində ölkəmiz demokratik inkişaf yolunda qətiyyətlə irəliləməyə davam etdi və Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmləndi. Ötən ildə əldə edilən nailiyyətləri şərtləndirən mühüm faktorlardan biri də səmərəli layihələrin həyata keçirilməsi oldu. Həm ölkə daxilində, həm də Azərbaycanın xarici siyasəti çərçivəsində əhəmiyyətli layihələrin həyata keçirilməsi milli inkişafı sürətləndirməklə yanaşı, ölkəmizin beynəlxalq əlaqələrinin əhatə dairəsinin genişlənməsinə də mühüm töhfələr vermiş oldu.
Prezident İlham Əliyevin fəaliyyəti yüksək qiymətləndirilir
Əlbətdə ki, Prezident İlham Əliyevin səmərəli fəaliyyəti həm cəmiyyət nümayəndələri, həm də ayrı-ayrı yerli və xarici qurumlar tərəfindən yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, dövlətimizin başçısı dəfələlərlə müxtəlif mükafatlarla təltif edilib. Bu sırada cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı üçüncü dönəmin bu günə qədərki dövrünü səciyyələndirərkən geridə qoyduğumuz ilin noyabr ayının 24-də dövlətimizin başçısına “Jurnalistlərin dostu” mükafatının təqdim edilməsini xüsusilə vurğulamaq lazımdır. Bu, ilk növbədə onu göstərdi ki, Azərbaycan mətbuatının hazıkı inkişafı məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. İkincisi isə, bu həm də onun göstəricisidir ki, Azərbaycan mətbuatı obyektiv və qərəzsiz düşünməyi bacarır və Prezident İlham Əliyevin onlara göstərdiyi yüksək diqqət və qayğını düzgün qiymətləndirir.
Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun “2013-cü ilin adamı” mükafatının təqdim olunması mərasiminin keçirilməsini də bu kontekstdə xüsusi olaraq qeyd etmək lazımdır.
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fasiləsiz iş
2013-cü il oktyabrın 19-da keçirilən andiçmə mərasimindən sonra cənab İlham Əliyevin Prezident kimi xarici siyasət sahəsində də fəaliyyəti olduqca zəngin və səmərəli olub. Bu dönəmdə Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması yönündə ardıcıl fəaliyyətini davam etdirib. Prezident İlham Əliyev dövlət başçısı kimi yeni müddətinin ilk günlərindən etibarən bu istiqamətdə görüşlər və müzakirələr aparıb. 2013-cü il oktyabrın 21-də dövlətimizin başçısı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliki qəbul edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün hazırlanması tədbirləri qismində noyabrın 4-də Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ), Jak Foru (Fransa), həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Noyabrın 19-da isə Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü olub. Ermənistanın qeyri-konstruktiv yanaşması hər hansı irəliləyişin əldə edilməsinə mane olub. Lakin tərəflərin qarşıdakı aylarda dövlət başçıları və xarici işlər nazirləri səviyyələrində müzakirələri davam etdirmək qərarına gəlməsi danışıqların fəallaşmasına müəyyən şərait yaratdı.
Dekabrın 15-də Prezident İlham Əliyev növbəti dəfə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsini qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər müzakirə edilib.
Beləliklə, dövlət başçısı bu müddətdə keçirilən bütün əlaqədar müzakirələrdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında prinsipial mövqeyini ortaya qoyub.
İkitərəfli görüşlər intensiv xarakter daşıyıb
Prezident İlham Əliyev bu dönəmdə bir sıra dövlətlərin və beynəlxalq təşkilatların rəsmiləri, dövlət xadimləri ilə görüşlər keçirib, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi imkanlarını müzakirə edib. Belə ki, dövlət başçısı İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini, Bolqarıstanın keçmiş prezidenti Georgi Pırvanovu, Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiçi, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti və Azərbaycan-Niderland Dostluq Cəmiyyətinin sədri Rene Van der Lindeni, Serbiyanın keçmiş prezidenti Boris Tadiçi, Latviyanın keçmiş prezidenti Valdis Zatlersi, Estoniyanın keçmiş prezidenti Arnold Rüüteri, Rumıniyanın keçmiş prezidenti Emil Konstantineskunu, Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyətini, Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendrini, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu, Fransanın xarici ticarət naziri, ikitərəfli iqtisadi əməkdaşlıq komissiyasının həmsədri xanım Nikol Brikin başçılıq etdiyi nümayəndə heyətini, Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyqi, Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyətini, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini və Avropa Olimpiya Komitəsinin icraedici komitəsinin üzvü Spiros Kapralosu və digər rəsmiləri qəbul edib, Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl, Monteneqronun Prezidenti Filip Vuyanoviç və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Həmçinin, xarici ölkələrə səfərləri çərçivəsində Prezident İlham Əliyev Vilnüsdə Litva Respublikasının Baş naziri Alqirdas Butkeviçius, Latviya Respublikasının Prezidenti Andris Berjins, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron, Fransa Respublikasının Prezidenti Fransua Olland, İspaniya Krallığının Baş naziri Mariano Rahoy Brey, Avstriya Respublikasının Prezidenti Haynts Fişer, Estoniya Respublikasının Baş naziri Andrus Ansip, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort, Ukraynanın prezidenti Viktor Yanukoviç və digər rəsmilərlə görüşüb.
Beynəlxalq əhəmiyyətə malik tədbirlərdə iştirak
Ötən dövrdə Prezident İlham Əliyev ikitərəfli və çoxtərəfli səciyyə daşıyan bir sıra siyasi, iqtisadi, humanitar tədbirlərdə, forum və yığıncaqlarda iştirak edib. Bu tədbirlərin çoxu Azərbaycan üçün böyük əhəmiyyət daşıyan qərarların qəbulu, sənədlərin imzalanması ilə başa çatıb.
Belə ki, oktyabrın 25-də Prezident İlham Əliyev Belarus Respublikasının paytaxtı Minskdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Dövlət başçısı iclasdakı nitqində MDB çərçivəsində əməkdaşlığın Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Bütövlükdə, dövlət başçısının sözügedən iclasda iştirakı iqtisadi və humanitar sahələrdə uzunmüdətli təcrübəyə əsaslanan Azərbaycan və MDB ölkələri arasındakı əlaqələrin bundan sonra da genişlənməsinə stimul verdi.
Məlum olduğu kimi, 31 oktyabr-1 noyabr tarixlərində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Prezident İlham Əliyevin açılış mərasimində geniş nitq söylədiyi Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr iştirak edib. Onlar arasında nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və digər şəxslər var. Ənənə halını alan Forum Azərbaycanı mədəniyyətlərarası dialoq və əməkdaşlıq mərkəzlərindən biri kimi tanıdır. Forumun keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda təşkil olunmuş Humanitar Əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilib. Forumun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putindir. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.
Noyabrın 11-də Prezident İlham Əliyev Türkiyə Respublikasına rəsmi səfər edib. Dövlət başçısı səfər zamanı Türkiyə Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayib Ərdoğan və Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ilə görüşüb. Görüşlərdə Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan Prezidentinin Türkiyəyə rəsmi səfərinin əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyi qeyd edilib.
Səfərin ən mühüm məqamlarından biri isə Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasının keçirilməsi oldu. Prezident İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirak etdikləri iclasda iki ölkə arasında əməkdaşlığın bütün sferalarda - siyasi, iqtisadi, enerji və digər sahələrdə dinamik inkişaf etdiyi bildirildi, ikitərəfli layihələrin uğurla həyata keçirilməsinin əhəmiyyəti qeyd olundu. Həmçinin, Azərbaycanın Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 2013-cü il 13 noyabr tarixli iclasının nəticələrinə dair Birgə Bəyanatı, eləcə də, hökumətlər səviyyəsində digər sənədlər imzalandı.
Prezident İlham Əliyev noyabrın 29-da Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammitində iştirak edib. Sammitin ölkəmiz üçün ən mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında Sazişin imzalanması oldu. Bu, Avropa İttifaqının Azərbaycanla münasibətlərə verdiyi önəmi göstərməklə bərabər, tərəflərin bir-birinə daha çox yaxınlaşmasına töhfədir. Bu dövrün ən əlamətdar hadisələrindən biri də dekabrın 17-də Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması oldu. Bir sıra ölkələrin dövlət və hökumət başçılarının, eneji şirkətlərinin rəhbərlərinin iştirak etdiyi mərasim Azərbaycanın enerji siyasətində həmçinin, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeni dövrün başlanğıcı sayıla bilər.
Qeyd edək ki, “Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcəkdir. Bu, Azərbaycanın dünya enerji bazarlarında yerini möhkəmləndirəcək, ölkəmizin etibarlı tərəfdaş imicini möhkəmləndirəcəkdir.
2014-cü il yanvarın 15-də Brüsseldə işgüzar səfərdə olan Prezident İlham Əliyevin NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşü olub. Görüşdə Prezident İlham Əliyevin NATO-ya, özünün isə 2012-ci ildə Bakıya etdiyi səfərləri xatırlayan Rasmussen keçirilən görüşlər zamanı səmərəli müzakirələrin aparıldığını deyib. NATO-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini söyləyən baş katib Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatları zamanı Azərbaycanın tranzit, maliyyə yardımı və digər sahələrdə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. NATO-nun baş katibi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin, o cümlədən Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm ölkə olmasını, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Bu görüş NATO-nun beynəlxalq təhlükəsizliyin təmin edilməsi fəaliyyətində Azərbaycanın rolunun əhəmiyyətini bir daha nümayiş etdirib.
Həmçinin, Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun 2014-cü il üzrə Sammitində də iştirak edib. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də Forum iştirakçılarının Azərbaycana olan marağı özünü aydın göstərib. Dövlət başçısı artıq bir sıra dövlət rəsmiləri və nüfuzlu şirkətlərin təmsilçiləri ilə görüşlər keçirib. Belə ki, Prezident İlham Əliyev Davosda İsrail dövlətinin prezidenti Şimon Peres və baş nazir Benyamin Netanyahu ilə görüşüb. Görüşlərdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən iqtisadi, hərbi əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Bunlarla yanaşı, Davos şəhərində dövlət başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, İsveçrənin “Holcim” şirkətinin sədri və baş icraçı direktoru Bernar Fontana, Fransanın “Airbus Group International” şirkətinin baş icraçı direktoru Jan Pyer Talamoni, İsveçrənin “Swiss Re” şirkətinin beynəlxalq əlaqələr üzrə sədri Martin Parker, Danimarkanın “Philips” şirkətinin vitse-prezidenti və satış üzrə rəhbəri Ronald de Jong ilə də görüşüb. İşgüzar xarakterli görüşlərdə adıçəkilən qurumların Azərbaycanla iqtisadi əlaqələrin perspektivləri müzakirə olunub, yeni əməkdaşlıq təklifləri irəli sürülüb.
Bundan başqa, dövlətimizin başçısı yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya - yeni sərhədlər” mövzusunda keçirilən sessiyada iştirak edib. Prezident İlham Əliyev çıxış etdikdən sonra müvafiq sualı cavablandırıb. Sadalananlarla yanaşı, Prezident İlham Əliyev Davosda “Philips” şirkətinin vitse-prezidenti və satış üzrə rəhbəri Ronald de Jong, Niderland Krallığının Baş naziri Mark Rutte, Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab, İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter, “Hewlett-Packard” şirkəti idarə heyətinin üzvü xanım Ann Livermor, “GDF Suez” şirkətinin baş icraçı direktoru Jerar Mestrale, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, “Microsoft International” şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşlər keçirib.
Qeyd edək ki, Dünya İqtisadi Forumunun iştirakçılarının Azərbaycana xüsusi maraq göstərməsi ölkəmizin dünya iqtisadi münasibətlərindəki yeri ilə bağlıdır.
Bütövlükdə, cənab İlham Əliyevin üçüncü dəfə dövlət başçısı seçilməsindən sonrakı dönəm ərzində görülən işlərə nəzər salmaqla, Azərbaycanın daxili və xarici siyasət kursunun uğuruna bir daha əmin olmaq mümkündür.
Yeni
Azərbaycan.-2014.- 25 yanvar.- S.4-5.