Latviya Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir
Azərbaycanla Latviya bir-birini hərtərəfli surətdə dəstəkləyir və tərəflər arasında siyasi, iqtisadi, elmi-texniki və digər sahələrdə yüksək səviyyəli əlaqələr mövcuddur
Xəbər verildiyi kimi, yanvarın 23-də Latviya Seymində ölkənin xarici siyasət xətti barədə illik müzakirələr keçirilib. Parlament görüşündə Latviyanın xarici işlər naziri Edqar Rinkeviç çıxış edərək ölkənin beynəlxalq siyasətinin prioritetlərindən və Avropa İttifaqı (Aİ) məsələlərindən danışıb. Parlamentdəki görüşdə Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov da iştirak edib. O, Latviya Seyminin və hökumətinin nümayəndələri ilə bir sıra görüşlər keçirib. Müxtəlif istiqamətlərdə Azərbaycan-Latviya əməkdaşlığı müzakirə olunub.
Çıxışı zamanı nazir Edqar Rinkeviç 2015-ci ildə Avropa İttifaqı Şurasında Latviyanın prezidentliyinə hazırlıqla əlaqədar olaraq “Şərq tərəfdaşlığı” ölkələri ilə münasibətlər məsələsində aşağıdakı prioritetləri diqqətə çatdırib: iqtisadi əlaqələrə və vahid Avropa iqtisadi məkanına inteqrasiyaya kömək göstərilməsi, sərbəst hərəkət zonalarının genişləndirilməsi, vətəndaş cəmiyyətinin fəallığı.
Latviya xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, ölkəsi Aİ ilə “Şərq tərəfdaşlığı” proqramının iştirakçıları arasında daha sıx əməkdaşlığın yaradılması ilə əlaqədar bir neçə böyük tədbir keçirməyi planlaşdırır. Latviya naziri, həmçinin, Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişafından danışıb və bildirib ki, Latviya Azərbaycan ilə Aİ arasında fəal dialoqun yaradılmasına çalışacaq.
Ümumiyyətlə müstəqillik əldə etdikdən sonra Azərbaycan dünyanın bütün ölkələri ilə, xüsusən yaxın Baltikyanı ölkələrlə dinc və mehriban qonşuluq münasibətlərinə əsaslanan xarici siyasət xətti yürütməyə başlayıb. Bu siyasi kursda Latviya ilə münasibətlər xüsusi yer tutur.
Xatırlatmaq yerinə düşər ki, ölkəmiz Baltikyanı respublikalar olan Litva, Latviya və Estoniya ilə birlikdə uzun müddət keçmiş SSRİ-nin tərkibində olub. Bu isə həmin respublikalarla Azərbaycan arasında dərin və hərtərəfli əməkdaşlığın yeni dövrün tələblərinə uyğun şəkildə qurulmasında yardımçı olub. Digər tərəfdən, Baltikyanı respublikalarla əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyası prosesinə dəstək verib. Bu mənada hazırda Azərbaycanın sıx əməkdaşlıq etdiyi Avropa ölkələrindən biri kimi Latviya xüsusi əhəmiyyətə malikdir.
Artıq qeyd etdiyimiz kimi, Latviya Azərbaycanın müstəqillikdən əvvəl də əlaqələrinin olduğu az sayda Avropa ölkələrindən biridir. Azərbaycanla Latviya keçmiş SSRİ-nin tərkibində müttəfiq respublikalar olublar və iki ölkə arasında iqtisadi, mədəni əlaqələrin əsası da məhz həmin dövrdə qoyulub. Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra isə Latviya ilə əlaqələrin siyasi müstəvidə qurulması və inkişaf etdirilməsi üçün imkanlar yaranıb. İlk növbədə, qeyd edək ki, Azərbaycan Latviyanı müstəqil dövlət kimi 1991-ci il avqustun 30-da, Latviya isə respublikamızın müstəqilliyini 1992-ci il yanvarın 8-də tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr isə bundan 2 il sonra yaradılıb. 2005-ci ildə Azərbaycan Respublikasının bu ölkədə, 2006-cı ildə isə Latviya Respublikasının ölkəmizdə səfirliyi fəaliyyətə başlayıb. Onu da xüsusi olaraq qeyd edək ki, Baltikyanı ölkələr içərisində Azərbaycan Respublikasının səfirliyi ilk olaraq məhz Latviyada açılıb.
Azərbaycanla Latviya arasında qarşılıqlı səfərlər, dövlət başçıları səviyyəsində keçirilən rəsmi və işgüzar görüşlər münasibətlərin dərinləşməsi baxımından böyük əhəmiyyət daşıyır. Latviya ilə münasibətlərin möhkəmlənməsinə böyük önəm verən Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti bu istiqamətdə çox uğurlu olub. Belə ki, iki ölkə arasında dövlət başçıları səviyyəsində ilk görüş 1997-ci il iyulun 8-də NATO-nun Madriddə keçirilən Zirvə toplantısı zamanı baş tutub. Ulu öndər Heydər Əliyevlə Latviyanın o zamankı prezidenti Guntis Ulmanis arasında keçirilən görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Azərbaycanın və Latviyanın dövlət başçıları arasında növbəti görüş 1999-cu il sentyabr ayının 10-da Yaltada “Baltik-Qara dəniz əməkdaşlığı: XXI əsr Avropa inteqrasiyasına doğru ayırıcı xətlərsiz” mövzusunda keçirilən beynəlxalq toplantıda gerçəkləşib. Ulu öndər Heydər Əliyevlə həmin vaxt Latviyanın yeni seçilmiş prezidenti Vayra Vike-Freyberqa arasında keçirilən görüşdə iki ölkə arasında münasibətlərin inkişaf səviyyəsi və mövcud imkanlar ətrafında fikir mübadiləsi aparılıb.
Latviyadan Azərbaycana ilk rəsmi səfəri isə 2001-ci il 9-12 iyul tarixlərində bu ölkənin xarici işlər naziri İndulis Berzinş gerçəkləşdirib. Latviya rəsmisini qəbul edən Ümummilli lider Heydər Əliyev, Azərbaycanın Avropa Şurasına üzv olmasının Latviyanın şuraya sədrliyi dövrünə təsadüf etdiyini deyərək bu məsələdə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib: “Azərbaycanın Avropa Şurasına qəbul olması prosesində bizi həmişə dəstəklədiyinizə görə sizə və Latviya hökumətinə bir daha təşəkkür etmək istəyirəm”.
Eyni zamanda, işgüzar xarakter daşıyan həmin görüşdə iki ölkənin xarici işlər nazirləri tərəfindən əməkdaşlıq haqqında və avtomobil daşımaları barədə müqavilə imzalanıb.
2011-ci il 18-21 Latviya Respublikasının daxili işlər naziri Linda Murnietsin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri də iki ölkə arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından müsbət dəyərləndirilə bilər. Məlumat üçün bildirək ki, xanım Murniets ilə görüşdə Prezident İlham Əliyev Riqaya səfərindən sonra Latviyadan Azərbaycana ilk dəfə belə yüksək səviyyəli nümayəndə heyətinin gəlməsinin önəmini qeyd edərək, səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından uğurlu olacağını bildirib. Öz növbəsində, Latviya rəsmisi ölkəsinin Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini, bu nöqteyi-nəzərdən səfərin böyük əhəmiyyət daşıdığını bəyan edib.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə Latviya-Azərbaycan əlaqələri inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycanın siyasi-strateji əhəmiyyətinə böyük önəm verən Latviyanın rəsmi dairələri son illərdə ölkəmizə səfərlərini intensivləşdirib. Məsələn, Azərbaycanla əlaqələrə göstərilən marağın təsdiqi olaraq 2004-cü ilin martında bu ölkənin dövlət katibinin müavini Andris Teykmanisin, həmin ilin iyulunda isə dövlət katibi Edqars Rinkeviçusun respublikamıza səfərini qeyd etmək olar. Latviya prezidentlərinin ölkəmizə səfərləri 2005-ci və 2009-cu illərdə baş tutub. Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya sonuncu rəsmi səfəri isə bu ilin yanvarında gerçəkləşib. İki ölkənin yüksək rəsmi şəxsləri arasında qarşılıqlı səfərlər əsasında keçirilən çoxsaylı görüşlər və əldə olunan razılaşmalar Azərbaycan-Latviya əlaqələrinin yüksək inkişaf dinamikasından xəbər verir.
Bütövlükdə, Latviyanın respublikamızla müxtəlif sahələrdə əməkdaşlığa böyük maraq göstərməsi heç də təsadüfi xarakter daşımır. Bildiyimiz kimi, Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa ilə Asiyanı birləşdirən mühüm siyasi, iqtisadi dəhliz rolunu oynaması bir çox ölkələr kimi Latviyanın da diqqətini cəlb edir. Bundan əlavə, Azərbaycanın özünün son illərdə nail olduğu inkişaf göstəriciləri, respublikamızın regionda lider dövlətə çevrilməsi, habelə, ölkəmizin hər bir sahədə müstəqil siyasət yeritməsi və enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa xüsusi önəm verməsi də ölkəmizin tərəfdaşlıq qismində müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır. Malik olduğu zəngin karbohidrogen ehtiyatları sayəsində Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rola malik olan Azərbaycanda yaradılan əlverişli biznes mühiti və geniş iqtisadi inkişaf potensialı da respublikamızın tərəfdaş ölkələrlə daha sıx əməkdaşlığına imkan verir. Öz növbəsində, Avroatlantik məkana intensiv surətdə inteqrasiya edən Azərbaycan da Latviya ilə əməkdaşlıqda maraqlıdır. Qarşılıqlı ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələr hər iki ölkənin siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına cavab verir. Latviya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllində maraqlıdır. Rəsmi Riqa, həmçinin, ölkəmizin Avropa məkanına inteqrasiyasına da müsbət yanaşır. Eyni zamanda, hər iki ölkə beynəlxalq və regional təhlükəsizliyin, sülh və sabitliyin bərqərar olmasında maraqlı dövlətlər kimi çıxış edir.
Azərbaycanla Latviya arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bir sıra sahələr üzrə imzalanan sənədlər mühüm hüquqi baza rolunu oynayır. Məsələn, terrorçuluq, mütəşəkkil cinayətkarlıq sahəsində iki ölkə arasında əməkdaşlığın əsas prinsipləri 2005-ci ilin oktyabrında imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında terrorçuluq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”lə müəyyənləşdirilib.
Azərbaycanla Latviya arasında iqtisadi əlaqələr çoxşaxəli istiqamətdə inkişaf edir. Azərbaycan hökuməti ilə Latviya hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq prinsipləri haqqında Saziş, habelə, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya bu sahədə əməkdaşlığı genişləndirmək üçün münasib hüquqi baza kimi çıxış edir. Xüsusi qeyd etmək lazımdır ki, 2006-cı və 2009-cu illərdə keçirilən, hər iki tərəfdən 100-ə qədər iş adamının qatıldığı Azərbaycan-Latviya biznes forumları ölkələrin bir-birinin iqtisadi potensialı, biznes mühiti ilə tanış olması baxımından əhəmiyyətli idi. Hazırda Latviyada 30-a yaxın Azərbaycan-Latviya birgə müəssisəsi fəaliyyət göstərir.
Əlavə edək ki, Azərbaycanla Latviya arasında təhsil, gənclər və idman sahələrində, hava əlaqələri, İnformasiya və Kommunikasiya Texnologiyaları, Rabitə, Maliyyə, Səhiyyə nazirlikləri arasında əməkdaşlıq sahəsində sazişlər və “Birgə Bəyannamə” imzalanıb.
Beləliklə, bu gün Azərbaycanla Latviya bir-birini hərtərəfli surətdə dəstəkləyən siyasi, iqtisadi, elmi-texniki və digər sahələrdə tərəfdaş ölkələrdir. Bu iki ölkə arasında münasibətlər başlıca olaraq qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq, müxtəlif sahələr üzrə təcrübə mübadiləsi və bir sıra digər mütərəqqi prinsiplərə söykənir.
Sevinc NURİYEVA
Yeni Azərbaycan.-2014.- 25 yanvar.- S.8.