2014-cü il Hindistan-Azərbaycan əlaqələrində
əhəmiyyətli il olacaq
Müsahibimiz
Hindistanın Azərbaycandakı səfiri Vinod
Kumardır:
- Cənab səfir, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Hindistan olub. Ötən müddət ərzində iki ölkə arasında əlaqələrin inkişafından razısınızmı? Ümumiyyətlə, əgər 2013-cü ilə nəzər salsaq, iki ölkə arasındakı münasibətlərdə hansı əsas məqamları qeyd edərdiniz?
- Doğrudur,
Hindistan Azərbaycanın dövlət
müstəqilliyini tanıyan ilk Asiya ölkələrindən biridir.
26 dekabr 1991-ci ildə Hindistan
Azərbaycanın dövlət müstəqilliyini
tanıyıb və artıq 28 fevral
1992-ci il tarixindən ölkələrimiz
arasında diplomatik münasibətlər qurulub. Ötən illər ərzində
iki dövlət rəsmiləri
qarşılıqlı surətdə Bakıda və Nyu Delhidə (New Delhi) rəsmi və işgüzar
səfərlərdə olublar.
Keçirilən görüşlərdə əməkdaşlığın
müxtəlif istiqamətlərinə dair
çoxlu dövlətlərarası sənədlər
imzalanıb. Hesab edirəm ki,
ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, eləcə də digər
sahələrdə əməkdaşlığın
inkişafı üçün kifayət
qədər hüquqi baza
mövcuddur. Bu
baxımdan 2013-cü il də Hindistan-Azərbaycan
əlaqələrində çox mühüm və tədbirlərlə dolu bir il
oldu. Belə ki, ötən il
Azərbaycandan dörd
nazir Hindistana səfər etdi. Maliyyə naziri Samir Şərifovun
və ədliyyə naziri Fikrət Məmmədovun səfərlərinin
ardından Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov
da Hindistanda səfərdə oldu.
Bundan əlavə, Hindistan tərəfinin dəvəti
ilə energetika naziri Natiq Əliyev
beynəlxalq “Energy Access” seminarında
iştirak etmək üçün ölkəmizə
səfər etdi.
Həmin
səfərlərdə iki
ölkə arasında
əməkdaşlığa dair bir sıra
razılaşmalar əldə
olundu ki, çox yaxın illərdə biz bunun bəhrəsini görəcəyik.
Yeri gəlmişkən qeyd edim ki, ölkələrimiz
arasında siyasi əlaqələr çox
yüksək səviyyədədir.
Ticarət əlaqələrimiz də ildən-ilə artmaqdadır. Hazırda Hindistan
Azərbaycanın ən
böyük ticarət
partnyorlarından biridir.
Belə ki, 2012-ci ildə ticarət dövriyyəsinin
həcmi 2 milyard
ABŞ dolları təşkil
edib. Ötən ilin noyabr ayına olan məlumata görə, ölkələrimiz arasında
ticarət dövriyyəsinin
həcmi 1 milyard dollardan artıq olub. Qeyd edim ki, ticarət dövriyyəmizdə
neft əsas paya sahibdir. Hindistan öz daxili tələbatını ödəmək
üçün Azərbaycandan
Ceyhan limanı vasitəsi ilə neft idxal edir.
İxrac
məhsullarına gəldikdə
isə, bunların çeşidi müxtəlifdir.
Azərbaycana müxtəlif ərzaq
məhsulları, tekstil,
zərgərlik məmulatları,
elektronika avadanlıqları,
avtomobil hissələri,
kosmetika və əczaçılıq məhsulları
ixrac olunur. Hesab edirəm ki, siyasi əlaqələrimizlə
yanaşı iqtisadi əlaqələrimiz də
ilbəil artmaqdadır.
Belə ki, ötən il Hindistanın milli neft şirkəti olan ONGC ABŞ-ın “Hess”
şirkətindən “Azəri-Çıraq-Günəşli”
yataqlarındakı 2,72 faizlik
və Bakı Ceyhan əsas ixrac neft boru
kəmərindəki 2,36 faizlik
paylarına sahib olub. Düşünürəm ki, bu amil də iqtisadi
əlaqələrin inkişafına
təsirsiz ötüşməyəcək.
- Azərbaycanla iqtisadi əməkdaşlıqda Hindistan
tərəfi qeyri-neft
sektoruna da maraq göstərirmi? Məsələn, ölkənizin sahibkarları
daha çox hansı sahələrə
investisiya yatarmağa meyillidirlər?
- Sözsüz ki, Hindistan tərəfi Azərbaycan iqtisadiyyatının
bütün sahələrinə
maraq göstərir. Məlumat üçün bildirim ki, fevral ayında
Nyu-Delhidə III Hindistan-Azərbaycan
hökumətlərarası birgə komissiyanın iclası keçiriləcək.
İclasda iştirak etmək
üçün ekologiya
və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun
başçılıq etdiyi
Azərbaycan nümayəndə
heyəti Hindistana səfər edəcək.
Hindistan tərəfindən isə
iclasa ticarət və sənaye naziri xanım Daqubati Purandesvarinin rəhbərlik etdiyi nümayəndə heyəti
qatılacaq. Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə
olunacaq. Məlum olduğu
kimi, hazırda Hindistan dünya ölkələri arasında
yüksək texnologiyalar,
kosmik sənaye,
İKT kimi sahələrdə
çox irəli gedib. Biz bu
üstün təcrübəmizi
azərbaycanlı dostlarımızla
da bölüşməyə,
bu sahələrdə
Azərbaycan üçün
yüksək ixtisaslı
kadrların hazırlanmasına
öz töhfəmizi
verməyə hər zaman hazırıq. Bundan əlavə, bildiyiniz kimi, Hindistanda 1 milyard 200 milyondan artıq əhali yaşayır ki, bu da
dünya əhalisinin təqribən 1/5-dir. Hindistan
dünyada yeganə ölkələrdəndir ki,
öz əhalisini ərzaq məhsulları ilə tam təmin edə bilir. Kənd təsərrüfatı bizdə
çox yüksək
səviyyədə inkişaf
edib. Məsələn, Hindistan tərəfi
Azərbaycanda emal sənayesinin inkişafına,
eləcə də çayçılığın inkişafına öz köməyini göstərə
bilər. Bildiyim qədər
Azərbaycan çayının
şöhrəti vaxtilə
ittifaq miqyasında tanınırdı. Düzü mən
Bakıya gələndən
sonra, hind çayının
dadını itirmişəm,
yalnız Azərbaycan
çayı içirəm.
Hesab edirəm ki, mütəxəssis hazırlığını
gücləndirməklə bu sahəni daha da inkişaf
etdirmək olar. Qeyd edim ki, hindistanlı
sahibkarlar Azərbaycanla
əməkdaşlığa böyük maraq göstərirlər. Məsələn, ölkəmizin investorları
Sumqayıtdakı texnoparklara
da böyük maraq göstərirlər.
Burada kimya sənayesinin inkişaf etdirilməsinə
dair konkret layihələr də mövcuddur.
Ümumiyyətlə, Azərbaycanın nəqliyyat
dəhlizlərinin qovşağında
yerləşməsi, onu
istənilən ölkə
üçün maraqlı
edir, əməkdaşlığa
səsləyir. Bu baxımdan
Hindistan da istisna deyil. Hindli iş adamları “Şimal-Cənub”
nəqliyyat dəhlizinin
istifadəyə verilməsini
səbirsizliklə gözləyirlər.
Belə ki, bu nəqliyyat
dəhlizi işə düşdükdən sonra,
Hindistan İranın Bəndərabbas limanı
vasitəsi ilə Azərbaycandan keçməklə
Rusiya və Avropa bazarlarına geniş çıxış
imkanları əldə
edəcək. Bu baxımdan Azərbaycan bizim üçün Avropaya açılan qapıdır. Düşünürəm ki, bu nəqliyyat
dəhlizinin fəaliyyətə
başlaması Hindistandan
yüklərin daha tez zamanda dünya
bazarlarına daşınmasına
səbəb olacaq.
Bu isə, eyni zamanda, Azərbaycana hindli iş adamlarının gəlməsini
sürətləndirəcək, ticarət dövriyyəmizin
daha da artmasına
səbəb olacaqdır.
- Sizcə 2014-cü il Azərbaycan-Hindistan
əlaqələrində əvvəlki
illərdən nə ilə fərqlənəcək?
- Düşünürəm ki,
bu il,
ikitərəfli əlaqələrimizin
inkişafında mühüm,
əhəmiyyətli bir
il olacaq. Öncədən proqnoz vermək
istəməzdim, amma planlarımız böyükdür.
Çoxlu mühüm
qarşılıqlı rəsmi
səfərlər, mühüm
qərarların qəbul
ediləcəyi görüşlərlə
dolu bir il olacaq.
Sözsüz ki, hər iki ölkə bu əməkdaşlıqda
maraqlıdır. Hindistan tərəfi
Azərbaycanın ildən-ilə
inkişafına, daha da çiçəklənməsinə
sevinir, bundan çox məmnundur.
Yeri düşmüşkən, bir
haşiyə çıxmaq
istəyirəm. Azərbaycan, bu ölkənin sürətli inkişafı
haqda çox eşitmişdim. Mənim hansı
ölkəyə səfir
təyin olunmağım
müzakirə edilərkən,
Azərbaycanı seçdim-özüm
namizədliyimi irəli
sürdüm. Gəlib burada
hər şeyi gözlərimlə görmək
istəyirdim. Çox ölkələrdə
olmuşam, amma buradakı sürətli inkişafı digər ölkələrdə görmək
mümkün deyil.
Cənab
Prezidentə etimadnaməmi
təqdim edərkən,
Bakının, hətta
Nyu-Yorkdan da yaraşıqlı bir şəhər olduğunu
söylədim. Mən Prezident
İlham Əliyevin rəhbərliyi sayəsində
Azərbaycandakı bu
inkişafı alqışlayıram.
Məhz belə dinamik inkişaf sayəsində Azərbaycan
dünyanın güclü
və inkişaf etmiş ölkələri
sırasına daxil ola bilib.
Dünyada hələ də
davam edən iqtisadi böhran ölkəyə təsirsiz
ötüşüb. Hazırda Azərbaycan dünyada və beynəlxalq arenada öz sözünü deyən,
güclü bir dövlət olaraq tanınır. Hesab edirəm
ki, İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan qarşıdakı 5 ildə
daha böyük zəfərlərə imza
atacaq.
- Cənab səfir, sonda icazə verin, oxucularımız adından Hindistanın milli bayramı-Respublika günü münasibəti
ilə sizi təbrik edək, işlərinizdə müvəffəqiyyətlər
arzulayaq.
- 26 yanvar tarixi Hindistan
üçün çox
əzizdir. Məhz 1950-ci ildə Hindistan
Britaniya imperiyasından
azad olaraq, özünün konstitusiyasını
qəbul etmiş, özünü müstəqil
Respublika elan etmişdir. Hind xalqına azadlıq gətirən bu bayram artıq 64 ildir ki, ölkənin
bütün ştatlarında
böyük bayram şənlikləri ilə
qeyd olunur. Odur ki, mən də
sizin təbriklərinizi
qəbul edir, qəzetiniz vasitəsi ilə oxucularınıza,
eləcə də bütün Azərbaycan xalqına dərin minnətdarlığımı və sayğılarımı
çatdırıram. Düşünürəm ki, Azərbaycan
və Hindistan xalqları arasında dostluq və mehriban münasibət bundan sonra da
uğurla davam edəcəkdir.
Səlim Loğmanoğlu
Yeni Azərbaycan.-2014.- 25 yanvar.- S.6.