Azərbaycan iqtisadiyyatı dünya iqtisadi sisteminə
uğurla inteqrasiya edir
Prezident İlham Əliyev:
Azərbaycan öz növbəsində əməkdaşlığın
gücləndirilməsi, Cənubi Qafqaz və
Mərkəzi Asiyanın inteqrasiyası üçün
vacib rol oynayır
Hazırda regionun lideri olan Azərbaycan eyni zamanda, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş, mühüm beynəlxalq nəqliyyat mərkəzi və şaxələndirilmiş təchizat infrastrukturuna, eləcə də, dünyada sürətli inkişaf tempinə malik dövlətdir. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunub. Eyni zamanda, hazırda Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya prosesi davamlı və yüksək templidir. Ölkəmizin xarici iqtisadi strategiyasının əsas prioritet istiqamətlərindən biri məhz müasir dünya təsərrüfat proseslərinə aktiv şəkildə qoşulmaq, qlobal geoiqtisadi məkanda baş verən yeni meyillərə adekvat şəkildə reaksiya verməkdən ibarətdir.
O da qeyd edilməlidir ki, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm cəhətlərdən biri də qloballaşma prosesindən irəli gələn meyarların ölkə reallıqları ilə məharətlə uzlaşdırılması, onların milli maraqlarını təmin edən uğurlu vəhdətinin yaradılması olub. İqtisadiyyatın neft-qaz gəlirlərindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı və ixracın stimullaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirən Azərbaycan dövləti xarici ticarət dövriyyəsinin strukturunda da müsbət keyfiyyət dəyişikliklərinə nail olub. 2003-cü ildə Azərbaycan 124 ölkə ilə ticarət əməliyyatı aparırdısa, 2012-ci ildə bu rəqəm 155-ə çatıb. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına əsasən, 2013-cü ilin yanvar-noyabr ayları ərzində, ölkənin xarici ticarət dövriyyəsi 31,7 milyard dollar təşkil edib. Əmtəə dövriyyəsinin 69,3 faizini və ya 22 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 30,7 faizini (9,7 milyard dollarını) isə idxal məhsulları təşkil edib, 12,3 milyard dollar məbləğində müsbət saldo yaranıb. Əmtəə mübadiləsinin 88,2 faizi uzaq xarici ölkələrlə, 11,8 faizi MDB üzvü dövlətləri ilə aparılıb.
Ölkəyə idxal edilmiş malların 76,2 faizi (7,4 milyard dolları) uzaq xarici dövlətlərdən, 23,8 faizi (2,3 milyard dolları) MDB üzvü ölkələrindən daxil olub. Bu dövrdə ixrac olunan malların 93,6 faizi, yaxud 20,6 milyard dolları uzaq xarici ölkələrə, 6,4 faizi və ya 1,4 milyard dolları MDB üzvü dövlətlərinə göndərilib.
Xarici ticarət əməliyyatları İtaliya, İndoneziya, Rusiya, Almaniya, Türkiyə, Tailand, Böyük Britaniya, Fransa, ABŞ, İsrail, Hindistan, Ukrayna dövlətləri ilə daha intensiv olub.
Dünya iqtisadiyyatında xarici ticarət əməliyyatları və investisiya qoyuluşu hazırkı beynəlxalq iqtisadi prosesdə həyati əhəmiyyətə malikdir. Prezident İlham Əliyev Davosda keçirilən “Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol” mövzusunda qəbulda çıxışı zamanı bildirib ki, ölkəmizin bu istiqamətdə yürütdüyü siyasətə uyğun fəaliyyətinin müsbət yekunları göz qabağındadır: “Siyasi və iqtisadi transformasiya və sərmayələrin cəlb edilməsi istiqamətində aparılan siyasət uğurlu olub. Bu gün artıq Azərbaycan xarici ölkələrə sərmayə qoyur. Bunların hamısı olduqca qısa zamanda baş verib. Bu gün bizim regionumuz nəhəng potensiala, dinamik inkişafa və böyük insan kapitalına malik məkan hesab olunur. Bu məsələdə böyük inkişaf potensialı vardır və bizim göstəricilər dünya üzrə orta göstəricilərdən üstündür”.
Azərbaycan iqtisadiyyatının dinamik inkişaf meyilləri ilə müşahidə olunması respublikamıza sərmayə qoyuluşlarının maliyyə imkanlarının güclənməsinə əhəmiyyətli dərəcədə zəmin yaratmaqdadır. Sərmayə qoyuluşlarının dinamikası son illər daha intensiv xarakter alıb və iqtisadiyyatın real sektoruna yatırılan kapital resursları ən mühüm sosial və infrastruktur layihələrini əhatə edib. Son illərin, xüsusən də, qlobal iqtisadi böhranın qabarıq şəkildə büruzə verdiyi dövrün təhlili bir daha göstərir ki, Avropa və MDB məkanında investisiya qoyuluşlarının həcminin azalması müşahidə olunur, lakin Azərbaycan əvvəlki kimi yenə də investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən biri kimi çıxış edir. Bu gün də dünyanın aparıcı investisiya şirkətləri, maliyyə qurumları ölkəmizə sərmayə yatırmaqda davam edir, etibarlı tərəfdaş olan Azərbaycana irihəcmli kreditlər ayırırlar. Xarici investorların Azərbaycana marağının kifayət qədər böyük olmasının başlıca səbəbləri, əlbəttə ki, ölkəmizdə investisiya mühitinin əlverişliliyi, investorların hüquqlarının qanunvericilik əsasında yüksək səviyyədə qorunması, ölkəmizin etibarlı tərəfdaş olduğunu dəfələrlə təsdiqləməsi, sərmayələrin yönəldildiyi sahələrdə cəzbedici mənfəətlərin əldə olunması və bu qəbildən olan digər amillərdir. Son 10 ildə iqtisadiyyatın inkişaf etdirilməsinə, müxtəlif sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə 109,8 milyard manat (131,9 milyard ABŞ dolları) həcmində sərmayə yönəldilib. Artıq ölkəmizin iqtisadi qüdrəti yerli sərmayələrin illik artımının daha da genişlənməsini şərtləndirir. Qoyulan vəsait isə ölkə iqtisadiyyatına xidmət göstərməklə yeni iş yerlərinin açılmasına şərait yaradır, Azərbaycanın iqtisadi qüdrətini artırır. Əgər 2003-cü ilin rəqəmlərinə diqqət etsək, görərik ki, ölkəmizdə ümumi investisiya qoyuluşu çox sürətlə - 5,1 dəfə, o cümlədən, qeyri-neft sektoruna yönəldilmiş investisiyaların 14 dəfə artmasına, 2013-ci ildə isə rekord həddə - 28 milyard ABŞ dollarına çatmasına nail olunub.
Onu da qeyd etmək lazımdır ki, iqtisadi inkişafda beynəlxalq əməkdaşlıq məsələsinə çox böyük əhəmiyyət verən Azərbaycan ikitərəfli və çoxtərəfli əlaqələrin daim genişlənməsinə, dərinləşməsinə və strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasına çalışır. Azərbaycan dövlətinin yürütdüyü xarici siyasəti səmimidir, qarşılıqlı etimada əsaslanır, çoxşaxəli, praqmatik və balanslaşdırılmışdır. Bu isə regionda və dünyada sülhün, sabitliyin qorunmasına və sosial-iqtisadi inkişafa əhəmiyyətli təsir etməkdədir. Azərbaycanda həyata keçirilən nəhəng beynəlxalq iqtisadi layihələr digər ölkələrin də maraqlarına xidmət edir. Hazırda ölkəmiz beynəlxalq enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır və bu mövqeyi daim möhkəmlənir. Enerji dəhlizlərinin artması isə Azərbaycanın həm iqtisadi, həm siyasi qüdrətinin, o cümlədən, beynəlxalq nüfuzunun artmasında və milli təhlükəsizliyinin möhkəmlənməsində önəmli rol oynayır.
Azərbaycanın kapital yönəltdiyi nəhəng transmilli layihələrin həm iqtisadi, həm sosial həm də siyasi əhəmiyyəti çox böyükdür. Bu layihələrdən biri olan Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu Avropanı və Asiyanı birləşdirəcək layihədir və yeni “İpək yolu” hesab olunur. Bu nəqliyyat dəhlizinin reallaşması ilə Pekindən Londona qədər onlarca dövlət bu tranzit xəttindən istifadə edə biləcək.
Hazırda əsas prioritet olan nəhəng enerji layihələrindən TAP, TANAP-ın da çox böyük iqtisadi və siyasi əhəmiyyəti var. Bu 2 layihə nəhəng yataqlardan təbii qazın nəqlini nəzərdə tutur və bu, Avropanın ən iri infrastruktur layihəsi olacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, regionumuz dinamik inkişaf edir və burada iqtisadi əməkdaşlıq üçün böyük potensial var: “Azərbaycan öz növbəsində əməkdaşlığın gücləndirilməsi, Cənubi Qafqaz və Mərkəzi Asiyanın inteqrasiyası üçün vacib rol oynayır. Deyə bilərəm ki, ölkələrimizi bir araya gətirmək istiqamətində ilk təşəbbüsü Azərbaycan göstərib. Bu da enerji siyasətimizin başlanğıcı ilə bağlıdır. Biz geniş boru kəmərləri şəbəkəsi vasitəsilə Xəzər, Qara və Aralıq dənizlərini birləşdirməyə müvəffəq olduq. Bu gün Azərbaycan yalnız enerji resurslarının təchizatçısı deyil, həm də tranzit ölkədir. Mərkəzi Asiya dövlətləri öz təbii sərvətlərini bizim infrastruktur vasitəsilə nəql edir. Bu layihə həm istehsalçı, həm istehlakçı, həm də tranzit ölkələr üçün faydalı şərait yaradıb. Bu layihə tərəfimizdən icra edilən yeni bir layihənin başlanğıcı olub. Mən Türkiyəni və Avropanı əhatə edəcək boru kəməri, həmçinin, Avropanın ən iri infrastrukturu hesab olunan “Şahdəniz-2” layihəsini nəzərdə tuturam. Ötən ilin dekabrında 25 milyard dollar dəyərində olan “XXI əsrin müqaviləsi” adlandırdığımız sənədi imzaladıq. Bu nailiyyət göstərir ki, qarşılıqlı dəstək və marağa əsaslanan geniş və səmimi əməkdaşlıq olduğu halda uğurlu nəticələr əldə edilir”.
SEVİNC
Yeni Azərbaycan.-2014.- 28 yanvar.- S.2.