Azərbaycan İordaniya ilə dostluq münasibətlərinin davam
etdirilməsində maraqlıdır
İordaniyanın
Senatında iki ölkənin parlamentləri
arasında əməkdaşlıq məsələləri barədə
fikir mübadiləsi aparılıb
Xəbər verildiyi kimi, İordaniyanın nüfuzlu
“Əl-Rəy” qəzetində
Azərbaycan Respublikasının
İordaniya Haşimilər
Krallığındakı səfiri
Sabir Ağabəyovun
“Azərbaycan səfiri
İordaniyanın Ərəb
və İslam məsələlərindəki dəstəyini alqışlayır”
başlığı altında
müsahibəsi dərc
edilib.
Qəzetin yazdığına görə, Azərbaycan Respublikasının İordaniyadakı səfiri Sabir Ağabəyov sözügedən müsahibəsində regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün İordaniya Kralı II Abdullahın səylərini alqışlayıb. Səfir qeyd edib ki, ərəb və İslam məsələlərinin dəstəklənməsi, Krallıqda həyata keçirilən islahatlar, ölkənin BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi Krallığın beynəlxalq aləmdəki nüfuzunun göstəriciləridir. Səfir Sabir Ağabəyov hər iki ölkənin dövlət başçıları və xalqları arasındakı dostluq münasibətlərinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan Respublikasının mövqeyinin İordaniya tərəfindən dəstəklənməsini məmnuniyyətlə qarşıladıqlarını, hər iki tərəfin dövlət başçıları arasındakı dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verdiyini bildirib. Diplomatın sözlərinə görə, Azərbaycan ərəb və İslam dövlətləri, xüsusilə, İordaniya ilə dostluq münasibətlərinin davam etdirilməsində maraqlıdır. Səfir Sabir Ağabəyov bildirib ki, Azərbaycanın müstəqillik əldə etdiyi qısa müddət ərzində ölkədə siyasi plüralizmə əsaslanan demokratik sistemin əsası qoyulub, azad bazar prinsiplərinə söykənən iqtisadiyyat bərqərar olub. Son illərdəki bütün çətinliklərə baxmayaraq, Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsi olaraq, ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyətinə əsaslanan institutlarının quruculuğu həyata keçirilib. Daha sonra səfir beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan Respublikasının haqlı mövqeyinin dəstəklənməsinin, ölkəmizin işğal edilmiş torpaqlarının azad edilməsinin, qaçqın və məcburi köçkünlərin vətənlərinə qaytarılmasının və Dağlıq Qarabağ bölgəsində Azərbaycanın suveren hüquqlarının sülh yolu ilə təmin edilməsinin vacibliyini qeyd edib.
Sonda Sabir Ağabəyov bildirib ki, Azərbaycan xalqının və hökumətinin səyləri, eləcə də Ərəb və İslam ölkələrinin dəstəyi sayəsində beynəlxalq ictimaiyyət artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin zəruriliyini anlayır.
Ümumiyyətlə, İordaniya-Azərbaycan münasibətləri hər zaman yüksələn xətlə inkişaf edir. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bu əlaqələr dinamik mərhələyə qədəm qoyub. 1994-cü ilin 13 dekabr tarixində Ulu öndər Heydər Əliyev İKT-yə üzv dövlətlərin dövlət və hökumət başçılarının Mərakeşin Kasablanka şəhərində keçirilən Zirvə toplantısı çərçivəsində İordaniya Kralı Hüseyn bin Talal ilə görüşüb. Bu isə əlaqələrin dostluq və əməkdaşlıq müstəvisinə qədəm qoymasına şərait yaradıb. 1997-ci ildə isə İordaniya Krallığının şahzadəsi Abdullah bin Hüseyn Azərbaycanda səfərdə olub. Dövlət başçıları arasındakı görüşlər bir sıra beynəlxalq tədbirlər çərçivəsində də davam etdirilib. 2000-ci ildə keçirilən Davos Ümumdünya İqtisadi Forumunda Azərbaycan və İordaniyanın dövlət başçıları arasında ikitərəfli görüş keçirilib. 2000-ci ilin mart ayında İordaniya Kralı II Abdullah Ulu öndər Heydər Əliyevə ünvanladığı məktubunda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin birinci müavini İlham Əliyevi iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə, İordaniyaya səfərə dəvət edib.
2006-cı ilin avqustunda İordaniya Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib. Səfər zamanı “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında əməkdaşlığa dair Çərçivə Sazişi” imzalanıb. 2007-ci ilin 29-30 iyul tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniyada rəsmi səfərdə olub. Səfər zamanı 15 ikitərəfli sənəd imzalanıb, habelə, Əmman şəhərinin mərkəzi küçələrindən birinə Ümummilli lider Heydər Əliyevin adının verilməsi mərasimi keçirilib. Prezident İlham Əliyevin səfəri şərəfinə verilən naharda çıxış edən Kral Abdullah Azərbaycanın dövlət başçısının səfərinin qarşılıqlı əməkdaşlığın inkişafına yeni təkan verəcəyini söyləyib. O deyib ki, bu səfərdən sonra əlaqələrimiz daha da genişlənəcək və bunun üçün böyük potensial vardır.
Qeyd edək ki, dövlətlərarası münasibətlər çoxşaxəlidir və müxtəlif istiqamətləri əhatə edir. 2008-ci ilin yanvar-fevral aylarında İordaniya Təhsil Nazirliyinin nümayəndə heyəti (ekspertlər səviyyəsində) Azərbaycana səfər edib və səfər zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub. 2008-ci ilin martında İordaniya energetika və mineral ehtiyatlar nazirinin müavini Faruk Əl-Hyari və İordaniya Neft emalı şirkətinin Baş direktoru Əbdülkərim Əl-Alavindən ibarət nümayəndə heyəti respublikamızda səfərdə olublar və səfər zamanı sənaye və energetika naziri Natiq Əliyevlə görüşüblər. Görüşdə Azərbaycandan İordaniyaya neft ixracatı imkanları, neft emalı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. 2008-ci ilin martında BMT-nin Baş Assambleyasının 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamənin qəbul olunmasına dair keçirilən səsvermədə İordaniya ölkəmizin mövqeyini dəstəkləyib.
Həmin ilin mayında Bakıda 2-ci İordaniya sərgisinin açılışı olub. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullah iştirak ediblər.
2009-cu ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniyada rəsmi səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın İordaniya Kralı II Abdullah və xanımı Raniyə ilə birgə görüşü, daha sonra Prezident İlham Əliyevin və Kral II Abdullahın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüş zamanı ikitərəfli əlaqələrin inkişafında hökumətlərarası iqtisadi komissiyanın işinin əhəmiyyəti vurğulanıb və İordaniyanın beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana verdiyi dəstək yüksək qiymətləndirilib. Həmin gün Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığının Baş naziri Nader Dəhəbi ilə görüşüb. Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən, iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün potensial imkanlar barədə fikir mübadiləsi aparılıb. 2010-cu ilin mayında isə İordaniya Haşimilər Krallığının Kralı II Abdullah Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində II Abdullahın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək və nümayəndə heyətinin iştirakı ilə geniştərkibli görüşü keçirilib. Görüşdə Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, bu səfərin əlaqələrimizin daha da genişlənməsinə töhfə verəcəyi bildirilib və ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Keçirilən görüşlərdən sonra mətbuat üçün bəyanatla çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, əlaqələrimiz çox yaxşıdır. Dövlətimizin başçısı bildirib ki, artıq bir neçə ildir ki, biz çox fəal əməkdaşlıq edirik və bu əməkdaşlığın yaxşı nəticələri vardır.
Prezident İlham Əliyev vurğulayıb ki, ölkələrimiz arasında möhkəm mədəni əlaqələr də vardır. Münasibətlərimizin uzun tarixi mövcuddur. İndi isə biz ikitərəfli məsələlərə aid gündəliyin daha da genişləndirilməsi üçün görüləsi işlər üzərində düşünməliyik. Dövlət başçısı söyləyib ki, İordaniya dövlətinin və dövlət başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman açıq və birmənalı mövqeyi təqdirəlayiqdir.
Çıxış edən İordaniya kralı II Abdullah ölkələrimiz arasında bu cür xüsusi münasibətlərdə irəliləyişi görməkdən çox şad olduğunu deyib. Kral II Abdullah aparılan konstruktiv müzakirələrin və bu səfər çərçivəsində imzalanan sənədlərin əməkdaşlığı daha da gücləndirəcəyinə əminliyini ifadə edib: “İnanıram ki, biz nəqliyyat, kənd təsərrüfatı, enerji və xidmətlər sektorunda xüsusi əməkdaşlıq sahələrini müəyyən edə biləcəyik. Son bir neçə ildə bir sıra perspektivli imkanlar araşdırılıb. İnanıram ki, ikitərəfli münasibətlərimizin gələcəyi çox vədedicidir”.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, İordaniya və Azərbaycanın hərbi sahədə də mühüm əməkdaşlıq əlaqələri mövcuddur. Vaxtaşırı olaraq hər iki ölkənin hərbi mütəxəssisləri qarşılıqlı səfərlər həyata keçirir və fikir mübadilələri aparırlar.
Sonda onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Sabir Ağabəyov bu ölkənin parlamentinin yuxarı palatasının (Senat) üzvü, İordaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun və İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Mərvan əl-Hmud ilə görüşüb. Görüşdə parlamentlər arasındakı əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb, bu əlaqələrin dövlətlər arasındakı münasibətlərin inkişafındakı rolunun əhəmiyyəti vurğulanıb, işçi qrupların yeni tərkibinin yaxın vaxtlarda təsdiq edilməsi barədə razılıq edilib.
Tərəflər, həmçinin, Əmmanda fəaliyyət göstərən İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin 2014-cü il üçün fəaliyyət proqramının təsdiq edilməsi məqsədilə, Dostluq Cəmiyyətinin İdarə heyətinin fevral ayının ilk günlərində iclasının təşkil edilməsi, eyni zamanda, Xocalı soyqırımı ilə bağlı silsilə mərasimlərin keçirilməsi barədə qərar qəbul ediblər. Görüş qarşılıqlı anlaşma və səmimi şəraitində keçib. Senat üzvünə ölkəmizin mədəni irsi haqqında hədiyyələr təqdim edilib.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-2014.- 28 yanvar.- S.8.