Ekoloji vəziyyətin yaxşılaşdırılması
işləri hər il diqqət mərkəzindədir
Ekologiya və təbii sərvətlər nazirinin müavini, YAP Siyasi Şurasının üzvü
Firdovsi Əliyev www.yap.org.az
saytına müsahibə verib:
- Firdovsi müəllim, bu günlərdə dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası ötən ilə, eyni zamanda, cari il üçün qarşıda duran vəzifələrə bir baxış oldu. Sizin fikirlərinizi bilmək istərdik.
- Bu gerçəkliyi xüsusi qeyd etmək istərdim ki, artıq ölkə əhalisi başa vurduğumuz ilin əvvəlki ildən daha möhtəşəm uğurlarla yadda qaldığının şahidinə çevrilib. Bu da ondan irəli gəlir ki, qazanılan uğurlarla kifayətlənmir, hər bir il üçün konkret hədəflər müəyyənləşdirilir və ona çatmaq üçün ciddi tədbirlər həyata keçirilir. Azərbaycan bu gün uğurlu sosial-iqtisadi islahatları ilə dünyanın nüfuzlu maliyyə qurumlarının da hesabatlarında birinciliyini qorumaqdadır. Məlum olduğu kimi, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görüb. Bunu da qeyd etmək istərdim ki, 2009-cu ildən dünyanı bürüyən, nəticələri hələ də davam edən iqtisadi və maliyyə böhranı hər bir ölkənin hansı imkanlara və potensiala malik olduğunu ortaya qoydu. Azərbaycan iqtisadiyyatının möhkəm təməl üzərində qurulması, düşünülmüş və məqsədyönlü siyasəti bu maliyyə və iqtisadi böhrandan uğurla çıxmasına stimul verdi. Bu gün Azərbaycan dövlətinin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı önəmli addımlar və əldə olunan uğurlu nəticələr dünyanın diqqətindədir. ÜDM-də özəl bölmənin payının 85 faizdən yuxarı olması deyilənlərin təsdiqidir.
Dövlət başçısı İlham Əliyev ölkənin hərtərəfli inkişafında regionların malik olduğu potensialdan səmərəli istifadəni qarşıya mühüm vəzifə qoyaraq regional inkişaf proqramları ilə bu məqsədin gerçəkləşdirilməsində maraqlı olduğunu təsədiqlədi. Ötən il artıq ikinci Dövlət Proqramının icrası başa çatdı. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, ikinci Proqramın icrası bir daha onu göstərir ki, Azərbaycanda istənilən məsələ öz həllini tapa bilər. Üçünücü proqramın icrası nəticəsində bu günə qədər həll olunmayan məsələlər öz həllini tapacaq. Dövlət başçısının mütəmadi olaraq bölgələrə səfərləri olması, Dövlət Proqramından irəli gələn vəzifələrin hansı səviyyədə yerinə yetirilməsi ilə yerində tanış olması, ictimaiyyət nümayəndələri ilə görüşü və onları narahat edən problemlərin həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlarını verməsi, bir sözlə, dövlətin siyasətində insan amilinin öndə olması əhali tərəfindən böyük rəğbət hissi ilə qarşılanır.
Təkcə ötən ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir ki, Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsi barədə aydın təsəvvür yaransın. 2013-cü ildə ÜDM 6 faiz, qeyri-neft sektoru 9,8 faiz artıb. Əhalinin pul gəlirləri 8 faiz çoxalıb. 110 min yeni iş yeri açılıb ki, onlardan 80 mini daimi iş yerləridir. İşsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi 5,3 faizə enib. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanıb. Əməkhaqları, pensiyalar artıb. Sosial müdafiənin gücləndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Dövlət başçısı İlham Əliyev çıxışlarında uğurlarımızı rəqəmlərin dili ilə diqqətə çatdıranda bu fikri hər zaman bildirir ki, bunlar son hədd deyil. Azərbaycanın malik olduğu iqtisadi imkanlar əsas verir ki, istənilən layihəni uğurlu sonluqla başa çatdırsın.
Ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələrin müzakirə olunduğu müşavirədə möhtərəm Prezidentimiz bir daha qeyd etdi ki, ölkəmizin əsas inkişaf dinamikasını iqtisadi gücümüz müəyyən edir və iqtisadi islahatların dərinləşməsində Azərbaycan böyük uğurlara imza atıb. Ölkəmizin investisiya cəlbediciliyini qoruması da bu inkişafdan qaynaqlanır. Həyata keçirilən siyasətin bu gününə və gələcəyinə böyük inamla yanaşan xarici investorlar qoyduqları vəsaitin təhlükəsizliyinə tam əminliklərini ifadə edir, əməkdaşlıq əlaqələrinin genişlənməsində maraqlı olduqlarını bildirirlər. Azərbaycan təşəbbüsləri gerçəkləşdirən ölkə kimi imicini günbəgün möhkəmləndirir. XXI əsrin müqaviləsi kimi dəyərləndirilən “Şahdəniz-2” layihəsi bu əməkdaşlığa daha böyük töhfə olacaq.
- İqtisadi tərəqqi digər sahələrin inkişafı üçün də davamlı addımların atılmasını şərtləndirir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri ekoloji problemlərin həllidir. Ölkə Prezidenti İlham Əliyevin keçirilən hər müşavirədə bu sahə ilə bağlı konkret tapşırıqları olur...
- Dövlət başçısı İlham Əliyevin bu tezisini bir daha xatırlatmaq istərdim- “Ekologiya məsələləri hər bir ölkə üçün, hər bir vətəndaş üçün vacib olmalıdır. Bu, insanların sağlamlığıdır. Sağlam ekoloji mühit, sağlam hava, təmiz su- bütün bunlar insanın həyatı üçün ən əhəmiyyətli məsələlərdir.” Son illər ölkə rəhbərinin sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühitlə bağlı Dövlət proqramlarının qəbulu, bu istiqamətdə mövcud problemlərin daha səmərəli həll edilməsi məqsədilə sərəncamların imzalanması da dövlətin bu sahəyə diqqət və qayğısından irəli gəlir. Keçirilən müşavirələrdə ekoloji tarazlığın bərpa edilməsi, ətraf mühitin qorunması, yaşıllıqların genişləndirilməsi istiqamətində görülən işlər, qarşıda duran konkret vəzifələr açıqlanır, bir həqiqət qeyd olunur ki, əsrlər boyu bizim regionda ekoloji məsələlərə ciddi fikir verilmirdi. Ətraf mühitin qorunması, ekoloji durumun yaxşılaşdırılması beşinci, onuncu dərəcəli məsələ kimi gündəlikdə dururdu. Amma bir əsas məqam da xüsusi qeyd edilir ki, sovetlər birliyinə xas olan ümumi meyillərə baxmayaraq, Azərbaycanda ekoloji məsələlərin həlli işinə 1970-80-ci illərdə böyük diqqət göstərilirdi. Bu gün Bakının ətrafında gördüyümüz ağaclar, meşəliklər, yaşıllıq zolaqları Ulu öndər Heydər Əliyevin təşəbbüsü, Onun şəxsi iştirakı ilə salınmışdır. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Ümummilli lider Heydər Əliyev ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına, mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirmişdir.
Ölkəmizin təbii ehtiyatları və onlardan səmərəli istifadə olunması məsələsi görkəmli iqtisadçı və coğrafiyaşünas alimlər tərəfindən də layiqincə tədqiq edilmişdir. Görkəmli akademik Həsən Əliyev təbii resurslardan səmərəli istifadə, meşələrin qorunması, yaşıllıqların salınmasının ilk təbilini vurmuş və ömrünün sonunadək bu mühüm sosial-bioloji sferanın sağlamlaşdırılması ilə məşğul olmuş və bu gün də əhəmiyyətini itirməyən ətraf mühitin mühafizəsi üzrə sanballı əsərlərin müəllifi olmuşdur.
Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra ekologiyanın təmizliyi dövlətin həyata keçirdiyi siyasətin prioritet istiqamətinə çevrildi. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı digər istiqamətlər kimi, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində də problemlərin həllinə yol açdı, görülən bir-birindən əhəmiyyətli işlər Azərbaycanı yaşıllıqlar diyarına çevirdi. Ulu öndər Heydər Əliyevin bu sahəyə diqqət və qayğısının nəticəsi olaraq müvafiq Sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı.
Son on ildə Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ekoloji vəziyyətin yaxşılaşdırılmasına, ətraf mühitin qorunmasına diqqəti imzaladığı Fərman və sərəmcamlardan, Dövlət proqramlarından aydın görünür. Məlum olduğu kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan edilmişdir. Həmin il çərçivəsində görülən mühüm tədbirlər dövlət başçısı İlham Əliyevin böyük əminliklə söylədiyi “2010-cu il Azərbaycan tarixinə nəinki “Ekologiya ili”, eyni zamanda, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dönüş ili kimi yazılacaqdır” fikrini gerçəkliyə çevirdi.
Xatırladaq ki, ekoloji problemlərin həllinə dair keçirilən müşavirədə dövlət başçısı İlham Əliyev həlli vacib məsələləri diqqətə çatdırmışdır: “Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük ehtiyac var. Bizim hamımız bunu bilirik və elə etməliyik ki, Bakı, onun ətrafı, bütün Abşeron yarımadası ekoloji cəhətdən ən təmiz bölgəyə çevrilsin”. Bu həqiqət hər bir kəsə bəllidir ki, uzun illər ərzində neft-qaz sənayesinin inkişafı nəticəsində Abşeronun böyük əraziləri həm neftlə, həm də neft tullantıları ilə çirklənib. Bu kimi ekoloji problemlərin həlli üçün təxirəsalınmaz tədbirlərin vacib olduğunu bildirən dövlət başçısı İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin iştirakı ilə həmin ərazilərdə həyata keçirilən təmizlənmə işlərini, yeni yaşıllıqların salınmasını yüksək qiymətləndirir. Prezident İlham Əliyevin elə bir çıxışı yoxdur ki, ekoloji məsələlərə diqqət yönəldilməsin, onların həlli yolları açıqlanmasın. Prezident İlham Əliyevin imzaladığı “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair”, “Meşələrin bərpa edilməsi və artırılmasına dair” və bu kimi neçə-neçə Dövlət proqramları çərçivəsində ölkəmizdə ekoloji çirklənmənin aradan qaldırılması və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülüb. Bildirilir ki, ekologiya sektoruna qoyulan vəsait elə hesab edilməməlidir ki, bu vəsait qoyuldu və heç bir nəticə vermir. Bunun nəticəsini gələcək nəslin sağlamlığında görəcəyik. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə hər zaman günün aktual məsələlərindəndir. Dövlət başçısı İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” da bu kimi məsələlərin həllində əhəmiyyətli rol oynadı. Ən əsası, yaşıllaşdırma istiqamətində mühüm addımlar atılır. Ağacların qanunsuz qırılmasına görə cəza tədbirləri görülür. Ölkə ictimaiyyəti bu təşəbbüsə çox fəal şəkildə qoşulur. Məlumdur ki, dövlət başçısı İlham Əliyev qısa müddət ərzində Bakıda və Abşeron yarımadasında ən azı 3 milyon ağac əkilməsini qarşıya ən ümdə məqsəd kimi qoymuşdu.
Havanın çirklənməsi məsələlərinə də böyük diqqət göstərilir. Havanın çirklənməsinin 70 faizi avtonəqliyyatın payına düşür. Nəzərdə tutulan tədbirlər bu sahədə də mövcud problemlərin aradan qaldırılmasına zəmin yaradacaq. Dövlət başçısı bildirir ki, ekoloji problemlərin həlli istiqamətində görülən işləri ən qabaqcıl Avropa ölkələrinin standartlarına uyğunlaşdırsaq müəyyən müddətdən sonra həm insanların sağlamlığı, həm onların fiziki qabiliyyəti, ümumiyyətlə, Azərbaycanda yaşamaq üçün ən lazımi şərait yaradılacaq. Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da dövlət başçısı İlham Əliyev ekoloji vəziyyətin yaxşılaşdırılması işlərinin hər il diqqət mərkəzində olduğunu önə çəkərək bildirdi ki, kompleks tədbirlər görülür. Xüsusilə havanı çirkləndirən amillər bir daha təftiş edilməlidir. “Əlbəttə ki, “Avro-3” standartına keçid sürətləndirilməlidir. “Avro-3” də son hədd deyildir. “Avro-4”, “Avro-5” ilə bağlı işlər daha da sürətlə getməlidir”. Havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılması qarşıya mühüm vəzifə kimi qoyuldu. Havanı çirkləndirən müəssisələrdə ciddi yoxlamaların aparılması, belə müəssisələrin siyahısının hazırlanması ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, eyni zamanda, digər aidiyyəti qurumlara tapşırıqlar verildi.
Müşavirədə digər ekoloji tədbirlərin də görüləcəyi bildirildi. Böyükşor gölünün təmizlənməsi layihəsinə başlanılacaq və gələn il onun birinci mərhələsi başa çatacaq. Bildirildi ki, şəhərin mərkəzində yerləşən bu gölə axıdılan çirkab suları, lay suları, neftlə çirklənmiş sular Bakının ekoloji vəziyyətini böyük dərəcədə pisləşdirir. Buna görə də, dövlət başçısı İlham Əliyev bu layihənin icra edilməsinin vacibliyini vurğuladı. Möhtərəm Prezidentimiz digər göllərlə də bağlı işlərin görülməsinin zamanı çatdığını diqqətə çatdıraraq, kompleks tədbirlərin həyata keçirilməsi üçün xüsusi proqramın qəbul olunacağını bildirdi.
Son illər neft və neft tullantıları ilə çirklənmiş ərazilərin təmizlənməsi, rekultivasiyası, münbit torpaqla örtülməsi, ağac və gül kollarının əkilməsi, bir sözlə həmin ərazilərin yaşıllaşdırılması istiqamətində atılan addımlar da göz qabağındadır. Bakı Buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, çay suları altında qalmış sahələrin və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və digər tədbirlərin həyata keçirilməsi üçün Prezident İlham Əliyevin göstərişinə əsasən maliyyə vəsaitlərinin ayrılması bu problemlərin vaxtında həllini reallaşdırmışdır. Atılan hər addım ümumi bir məqsədə xidmət edir- Azərbaycanın hərtərəfli inkişafını təmin etmək, daha da müasirləşdirmək, yeniləşdirmək, ekoloji baxımdan təmiz ölkəyə çevirmək. Hər bir Azərbaycan vətəndaşı təbiəti mühafizə siyasətinə, ekoloji mədəniyyətə, təbii resursları qorumağa və qənaətlə istifadəyə yönəldilən tədbirləri dəstəkləməli, qeyd olunan istiqamətlərdə səylərini daha da artırmalıdırlar.
- Firdovsi müəllim, hər bir problemin həllində maarifləndirmə işinin yüksək səviyyədə qurulması mütləqdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq bu istiqamətdə gördüyünüz işləri qənaətbəxş hesab edirsinizmi?
- Təbii ki, maarifləndirmə işinin gücləndirilməsi ən vacib məsələlərdəndir. Dövlət başçısı İlham Əliyevin “Biz qısa müddət ərzində deyə bilərəm ki, hər sahədə dönüş yarada bildik: həm dövlət siyasətində, həm ictimai fikirdə. İndi bax, mən görürəm ki, təşəbbüslərimiz əhali tərəfindən necə də gözəl qarşılanır. Artıq əhali, insanlar bu təşəbbüslərə qoşulurlar, iməciliklər keçirilir, kütləvi qaydada ağaclar əkilir. Yəni, bu, bir xalq hərəkatı formasını almışdır. Belə də olmalıdır. Çünki bu, bizim ümummilli işimizdir” fikirləri ictimaiyyət üçün bir çağırışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq Azərbaycanın zəngin təbiətini, təbii sərvətlərini qorumaq, bərpa etmək üçün Ulu öndər Heydər Əliyevin tövsiyələrini, Prezident İlham Əliyevin tapşırıqlarını rəhbər tutaraq bu yöndə davamlı yeni-yeni layihələr həyata keçiririk.
Yeni Azərbaycan.-2014.- 28 yanvar.- S.6.