Əflatun Amaşov: Mətbuat Şurası 2013-cü ildə gördüyü işlərlə daha səmərəli fəaliyyət perspektivi üçün zəmin yarada bilib

 

                                                              Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA-ya müsahibəsi:

 

- 2013-cü il Azərbaycan mediası üçün hansı önəmli hadisələrlə yadda qaldı?

- 156 jurnalistin Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı əsasında inşa edilmiş binanın mənzillərinin sahibinə çevrilməsini xüsusi vurğulamağa dəyər. İyulun 22-də Milli Mətbuat Gününə təsadüf edən bu hadisə ömrünü-gününü jurnalistikaya sərf etmiş insanların zəhmətlərinin bəhrəsini görmələri anlamında nə qədər fərdi səciyyə daşıyırdısa, peşənin cəmiyyətdəki nüfuz göstərici nöqteyi-nəzərdən bir o qədər ümumi əhəmiyyətə malik idi. Müstəsna ictimai missiya yerinə yetirən media əməkdaşlarının həyat şəraitlərinin yaxşılaşdırılması onların öz sahələrinə daha möhkəm bağlanmalarını bir növ, stimullaşdırır. Belə bir həyati təminat cəmiyyətdə sözfikir azadlıqlarının dərinləşməsinə dəstək baxımından da müstəsna önəm daşıyır. 2013-cü ildə Azərbaycan jurnalistlərinin VI qurultayı baş tutdu. Qurultayda Azərbaycan mediasının bu günü və sabahı ilə bağlı vacib diskussiyalar aparıldı, qərarlar çıxarıldı. Ali məclis, eyni zamanda, mütəşəkkil institut kimi jurnalistikanın cəmiyyətə mesajı anlamında da xüsusi səciyyə daşıdı, ölkə gündəminin başlıca hadisəsinə çevrildi.

Ötən il Azərbaycan jurnalistlərinin dövlət başçısı cənab İlham Əliyevlə geniş formatlı görüşünün keçirilməsi ilə də tarixə düşdü. Görüşdə ölkə mediasına dair bir çox vacib məqamlar müzakirə olundu. Cənab Prezident söz və ifadə azadlığı ilə bağlı dəyərli fikirlərini bölüşdü. Media təmsilçilərinin qaldırdıqları məsələlərə həssas münasibət göstərdi. Hesab edirəm ki, dövlət başçısı ilə istər jurnalistlər üçün yeni yaşayış binasının açılışındakı, istərsə də noyabrın 24-də “Jurnalistlərin dostu” mükafatının təqdimetmə mərasimindəki görüş ötən ilin ən yadda qalan media olaylarındandır.

- Bir neçə gün öncə Mətbuat Şurası 2013-cü ildə gördüyü işlərə dair hesabatını açıqladı. Şuranın ötənilki fəaliyyətindən gəlinən nəticələr barədə hansı ümumiləşdirməni aparmaq mümkündür?

- Gördüyümüz işlərə cəmiyyətin verdiyi qiymət daha önəmlidir. Ümumən onu deyə bilərəm ki, 2012-ci illə müqayisədə ötən il MŞ-yə daxil olan şikayətlərin sayında azalma var. 610 müraciətdən 423-ü ayrı-ayrı media orqanlarının fəaliyyətindən narazılığı əks etdirir. 2012-ci ildə şikayətlərin sayı 507 idi. Əlbəttə, bu, bir tərəfdən Şuranın işinin effektivliyi ilə izah olunursa, digər tərəfdən məsələyə Azərbaycan jurnalistikasının inkişafı kimi yanaşmaq lazımdır. Mövcud anlamda ənənəvi KİV-lərin fəaliyyətini vurğulamaq istərdim. Hesab edirəm ki, ötən illər ərzində onlar oturuşmuş media strukturu olaraq özlərini təsdiqləməyi bacarıblar. Bu təsdiqləmədə peşə dəyərlərinə həssas yanaşma vacib amildir. Problemlərin qalmasına baxmayaraq, həmin KİV-lər ümumi işə fayda baxımından model yarada biliblər. Əslində, formalaşdırdıqları dəst-xətt internet media resurslarının bir çoxu üçün də təcrübi əhəmiyyət daşımaqdadır və mövcud pozitiv meyil kifayət qədər aydın sezilir.

Ancaq neqativ cəhətlər də az deyil. “Reket jurnalistika” ilə mübarizə hələ də aktual səciyyə daşımaqdadır. İnternet media resurslarının sayının artması cəmiyyətin informasiya tələbatının ödənilməsi imkanlarının genişləndirilməsi baxımından zəruridir. Ancaq artımın gətirdiyi mənfi meyillərdən uzaqlaşmaq üzərində də dayanmalıyıq. Nəzərə alaq ki, peşə davranışı qaydalarına etinasızlıq göstərən bir sıra şəxslərin internetin doğurduğu şərait nəticəsində “fəaliyyət” dəst-xətlərini bu məkana daşıması reallığı var. Digər tərəfdən, münbit zəmin jurnalistikaya sırf sui-istifadə vasitəsi olaraq yanaşmayan qeyri-peşəkarlar üçün də cəlbedicidir. Onların ictimai mənafelərə bəzən tam bilməyərəkdən, etdiklərinin təfərrüatını düşünmədən zərbə vurduqları vəziyyətin yarandığını görürük. Belə nəticəyə gəlirik ki, hazırkı durum arxayınlaşmaq üçün əsas vermir. Əksinə, daha mütəşəkkil olmaq zərurətini ortaya qoyur. Zənnimcə, Mətbuat Şurası 2013-cü ildə gördüyü işlərlə daha səmərəli fəaliyyət perspektivi üçün zəmin yarada bilib.

- Mətbuat Şurası 2014-cü iliİnternet media ilielan etdi. İnternet media iliçərçivəsində Mətbuat Şurası hansı tədbirləri reallaşdırmağı planlaşdırır?

- Bildiyiniz kimi, Mətbuat Şurası hələ ötən ilin fevralında İnternet media resursları üzrə Komissiya formalaşdırmışdı. Güman edirəm, bu il həmin komissiyanın fəaliyyəti bir qədər intensiv səciyyə daşıyacaq. Şura internet təhlükəsizliyi ilə bağlı məsələləri diqqət mərkəzində saxlamağa çalışacaq. Mövcud istiqamətdə müvafiq qurumlarla əməkdaşlığı dərinləşdirməyi nəzərdə tuturuq. Mətbuat Şurası internet media resurslarında monitorinqlərini davam etdirəcək. Komissiyanın şikayətlərin araşdırılması prosesinə daha yaxından cəlbi vacibdir. Çünki Şuraya həmin media resurslarının fəaliyyəti ilə əlaqədar cəmiyyətin müxtəlif təbəqələrindən narazılıq məktubları daxil olmaqdadır. Digər tərəfdən, MŞ-nin sıralarında təmsil olunmaq üçün müraciət edən xəbər portalları var onlara media məkanında təmsilçilik üçün dəstək göstərilməlidir ki, Mətbuat Şurası bu işi həyata keçirməyi planlaşdırır.

Bildiyiniz kimi, internet hüquqi tənzimləmədən uzaq məkandır. Əlbəttə, fikir azadlığı plüralizmə şərait baxımından belə bir məkanın mövcudluğu çox yaxşı haldır. Ancaq birinin azadlığı digərinin azadlığını əlindən almamalı, həyat axarını pozmamalıdır. Çünki pozuntu halları ümumən cəmiyyətin ahənginə mənfi təsirini göstərir. Jurnalistika təbiət etibarilə bu ahəngdarlığı qorumağa çalışan missiya yerinə yetirirsə, onun özü məsələyə daha həssas münasibət bəsləməlidir.

Peşə dəyərləri mahiyyət etibarilə hər yerdə eynidir. Sadəcə, söhbət həmin dəyərlərin real müstəvisində tətbiqindəki transformasiyadan, yəni çatdırılma üsullarındakı dəyişikliklərdən gedir. Zənnimcə, qarşıda duran mühüm məsələ bu prosesi anlatmaqdan, internetin verdiyi imkanların ilk baxışdan kimlərəsə məsuliyyətsizlik kimi görünməsinin yaratdığı mənfiyönümlü eyforiyanı sarsıtmaqdan gedir. Nəzərə alaq ki, eyforiyaya qapılanlar bütün dünyada var onlar texniki imkanlardan yararlanma bacarıqlarını digərləri üzərində üstünlük sayaraq özlərinin oyun qaydalarını qurmaq istəyiblər. Təbii ki, bu qaydalardakı siyasi məram da zamanla üzə çıxıb. Yaxın Şərqdə baş verən bir sıra proseslərin mahiyyəti hamımıza yaxşı məlumdur. Odur ki, məsələlərə həssas yanaşmaq lazımdır. Məqsədimiz media dəyərlərini qoruyub saxlamaqdırsa, bütün detalları nəzərə almalıyıq. Sahənin biliciləri ilə əməkdaşlıq qurmalı, fikir mübadiləsi aparmalıyıq. Mətbuat Şurası bütün bunları nəzərə alaraq, 2014-cü ildə internet media ilə əlaqədar beynəlxalq konfransların təşkilini prioritet vəzifə sayır.

- 2014-cü ildə Mətbuat Şurasının fəaliyyətində hansı məqamlar xüsusi əhəmiyyət daşıyacaq? Hansısa cəhəti fərqləndirmək mümkündürmü?

- Mətbuat Şurasının 2014-cü il üçün planı təsdiqlənib. Plana uyğun hərəkət edəcəyik. Sənəddəki hər bir fəaliyyət müstəsna səciyyə daşımaqdadır. Başlıca missiyamıza uyğun şəkildə media ilə bağlı şikayətlərin araşdırılmasını həyata keçirəcəyik.

Qarşıda bizi Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin 130, o cümlədən Azərbaycanın ictimai fikir tarixində mühüm rolu olan Əli bəy Hüseynzadənin 150, Cəlil Məmmədquluzadənin 145 illik yubileyləri ilə bağlı mərasimlərin, eləcə digər tematik toplantıların təşkili gözləyir. Qeyd etdiyim kimi, internet media sahəsində beynəlxalq toplantıların təşkilini nəzərdə tuturuq. İlk belə tədbiri aprel ayında gerçəkləşdirməyi planlaşdırırıq. Bundan öncə isə fevral ayında internet təhlükəsizliyi ilə bağlı tədbirimiz var.

Mətbuat Şurasının planındaMəmur-media dialoqulayihəsi çərçivəsində regional müşavirələrin təşkili önəmli yer tutur. Onu da qeyd edim ki, MDB məkanının özünütənzimləmə qurumlarının ötən il Ukraynanın Odessa şəhərində baş tutmuş illik toplantısında şəbəkəyə rəhbərliyin Azərbaycana keçməsi təsdiqləndi. Buna görə , növbəti illik toplantının ölkəmizdə təşkili gündəlikdə duran vacib məsələlərdəndir. Ənənəvi olaraq, 22 iyul Milli Mətbuat Gününü, jurnalistika ümumilikdə ictimai fikir tariximizlə bağlı bir sıra önəmli məsələləri diqqət mərkəzində saxlayacağıq. İnanıram ki, 2014-cü il istər Mətbuat Şurası, istərsə bütövlükdə mediamız üçün daha məhsuldar keçəcək.

 

Yeni  Azərbaycan.-2014.- 29 yanvar.- S.5.