İlk Avropa Oyunlarına hazırlıq
işləri yüksək templə davam etdirilir
Təqribən 500 gündən sonra açılışı olacaq Bakı 2015 Oyunları Azərbaycan və Avropa idmanı tarixində ən mühüm hadisə kimi yadda qalacaq
Məlum olduğu kimi, yanvarın 28-də ilk Avropa Oyunlarının açılışı mərasiminə 500 günün qalması qeyd olunub. 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının rəsmi vebsaytı “baku2015.com””un məlumatına əsasən, bu gündən etibarən, yarışın təşkilatçıları Avropa Oyunlarında iştirak edəcək 49 Avropa Milli Olimpiya komitələrinə idman növlərinin kvalifikasiyası haqqında məlumat göndərməyə başlayacaqlar. Təşkilatçılar, həmçinin, bəyan ediblər ki, Bakı 2015 Oyunlarından 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına kvalifikasiya platforması qismində istifadə ediləcək. Buraya velosiped idman növü, güllə atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvando, triatlon və voleybol (çimərlik) daxildir. Hazırda, ilk Avropa Oyunlarının proqramında 18 idman növü var və 5400-dən artıq idmançının iştirakı gözlənilir.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yüksəkrütbəli üzvü və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hiki Bakı şəhərinin gələn il keçiriləcək Avropa Oyunları çərçivəsində yüksəksəviyyəli idman yarışının təşkili üçün çox əlverişli vəziyyətə malik olduğunu qeyd edib: “Avropa Oyunlarına hazırlıq mərhələsinin yekun 500 gününə daxil olan Bakı şəhərinə uğurlar arzulayıram və əminəm ki, Bakı bütün Avropanın qürur duyacağı yüksək keyfiyyətli idman tədbirini təşkil edəcək. Biz bu mühüm hədəfə nail olmaq və əzəmətli idman tədbirinin hazırlıq işlərində, Avropa idmançıları və dövlətləri üçün təcrübədə davamlı irəliləyişi əldə etmək məqsədilə Bakı 2015-ə cəlb edilən hər kəsi təbrik edirik”.
Azərbaycanın gənclər və idman naziri, eyni zamanda, Bakı 2015 Əməliyyat Komitəsinin baş icraçı direktoru olan Azad Rəhimov bildirib ki, hər ötən gün Bakıda keçiriləcək ilk Avropa Oyunlarının daha diqqətlə təşkili məsuliyyətini və şərəfini artırır. Nazir vurğulayıb ki, Oyunlar üçün yeni infrastruktur və iş yolları ev sahibliyi edəcək şəhərin və ölkənin görünüşünü tamamilə dəyişəcək: “Oyunlar üçün böyükhəcmli tikinti layihələri bizim şəhərlərimiz, cəmiyyətimiz və gənclərimiz üçün onlardan onilliklər boyu faydalanmağa imkan verəcək - yeni hava limanı və nəqliyyat sektorunda metropoliten və avtobus sahəsində 13 mühüm təkmilləşdirmə layihəsi, habelə, yeni beynəlxalq standartlara uyğun idman arenalarının açılması daha çox gənci idmanla məşğul olmağa həvəsləndirəcək və Avropada yeni idman məkanının meydana çıxmasını təmin edəcək”.
Azad Rəhimov qeyd edib ki, müxtəlif sahələrdən olan yerli layihəçilərin, xidmət təchizatçılarının və şirkətlərin Oyunlara hazırlıq işlərinə cəlb edilməsi biznez və texnologiya daxil olmaqla, mədəniyyət və kreativ sənayelərədək çoxlu sektorlarda yerli bilik və təcrübə inkşafı üçün dəyərli irs qoyacaq. Bu isə gələcəkdə Bakının və Azərbaycanın Avropada idman, biznes, turizm və mədəniyyət istiqamətlərində yeni və dinamik məkana çevrilməsinə şərait yaradacaq.
Bu möhtəşəm müsabiqə üçün biletlərin satışı, könüllülük, mədəniyyət və başqa aparıcı proqramların təşkili üzrə işlər getməkdədir.
Təşkilatçılar bildiriblər ki, Oyunlar üçün yerlərin inşası əsas hədəfdir, o cümlədən, İdmançılar Kəndi artıq elit idmançılar üçün ən yaxşı yerləşmə və hazırlıq yerlərindən biri kimi nəzərdən keçirilir və bəzi sahələr artıq bu il sınaq tədbirləri üçün hazır olacaq.
Yarışa hazırlıqla bağlı Bakı 2015 Əməliyyat Komitəsinin Baş Əməliyyat rəhbəri Cim Şer bildirib ki, proses yüksək səviyyədə davam etməkdədir: “Növbəti 500 gün ərzində Avropa Olimpiya Komitəsi, Azərbaycan xalqı və Avropa idmançıları qarşısında öhdəliklərimizin yerinə yetirilməsi üçün hələ ediləcək çox iş var, lakin biz bugünədək əldə etdiyimiz irəliləyişdən məmnunuq”.
Xatırladaq ki, Avropa Oyunlarının yaradılması ilə bağlı qərar 8 dekabr 2012-ci ildə İtaliyanın paytaxtı Roma şəhərində keçirilən Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında qəbul edilib. Məhz həmin iclasda Avropa Milli Olimpiya komitələrinin böyük səs çoxluğu ilə Azərbaycanın paytaxtı Bakı şəhəri ilk Avropa Oyunlarına ev sahibliyi edəcək yer olaraq seçilib.
Oyunlara sahiblik, təşkilatçılıq və tənzimlənmə Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən həyata keçirilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 17 yanvar 2013-cü il tarixli Sərəncamı ilə I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik edir. Təşkilat Komitəsinin sədrinin qərarı ilə 2015 Bakı Avropa Oyunları Əməliyyat Komitəsi yaradılıb.
Sərəncamda da qeyd olunduğu kimi, Avropa tarixində ilk dəfə təşkil olunan bu oyunların məhz Azərbaycana həvalə edilməsi Beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən, idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir.
MÜSTƏQİL AZƏRBAYCANDA OLİMPİYA HƏRƏKATI ÜMUMMİLLİ LİDERİN ADİ İLƏ BAĞLIDIR
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanın idman təcrübəsinə və ölkədəki Olimpiya hərəkatına nəzər yetirdikdə, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi heç də təsadüfi deyil. Çünki Ulu öndər Heydər Əliyev daim hər bir sferada olduğu kimi, idman sahəsində də gənclərin öz potensiallarını ortaya qoymasına şərait yaradırdı. Daha dəqiq desək, Azərbaycanda idmanın inkişafına, ölkəmizin dünyada idman ölkəsi kimi tanınmasına şərait yaradan işlərin əsası məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
Doğrudur, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) 1992-ci ildə yaradılsa da ilk illərdə bu qurumun fəaliyyəti nəzərə çarpmırdı, qurum ölkənin idman hərəkatına liderlik etmək iqtidarında deyildi. 1992-ci ildə Barselonada keçirilmiş XXV Yay Olimpiya Oyunlarında da Azərbaycan müstəqil dövlət kimi təmsil oluna bilmədi. Ölkəmizin beş idmançısı MDB-nin birləşmiş komandasının tərkibində Olimpiya Oyunlarında iştirak etməli oldu.
Lakin 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra bütün sahələrdə olduğu kimi, idman sektorunda da əsaslı dönüş baş verdi. Azərbaycanda dağılmış idman infrastrukturu, demək olar ki, yox səviyyəsində olan Olimpiya hərəkatı məhz həmin dövrdən sonra dirçəlməyə başladı. Çox keçmədən, yəni, 1996-cı ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatıldı. Bu tarixi hadisənin reallaşdırılmasında Ulu öndər Heydər Əliyevin böyük əməyi oldu. Ulu öndərin Atlanta Oyunlarına hazırlıq haqqında Sərəncamı, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini verdi. Belə ki, Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu və bir gümüş medal qazanıldı. Sərbəst üsulla güləşən Namiq Abdullayevin həmin yarışlarda qazandığı gümüş medal Azərbaycan milli Olimpiya komandasının Olimpiya Oyunlarında qazandığı ilk medal idi.
AZƏRBAYCAN OLİMPİYA HƏRƏKATINDA YENİ DÖVR
Azərbaycan Olimpiya hərəkatının daha da genişlənməsində MOK-un 1997-ci ilin 31 iyulunda keçirilən növbəti Baş Məclisinin komitənin yeni idarə heyətini formalaşdırmasının böyük rolu oldu. Həmin iclasda cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Bununla da Azərbaycan idmanında, Olimpiya hərəkatında yeni və möhtəşəm mərhələnin əsası qoyuldu.
Həmin vaxtdan etibarən, mərhələ-mərhələ həyata keçirilən siyasət Azərbaycan idmanının tarixində şanlı səhifələrin yazılmasına səbəb olub. Prezident İlham Əliyevin istər dövlət başçısı, istərsə də MOK rəhbəri kimi gördüyü işlər Azərbaycanı, demək olar ki, Olimpiya ölkəsinə çevirib. Ötən dövrə nəzər saldıqda, Azərbaycanda idman və Olimpiya hərəkatının inkişafında da nə qədər böyük məsafə qət edildiyinin şahidi oluruq. Belə ki, dövlət başçısının MOK rəhbəri kimi fəaliyyət göstərdiyi ötən illər ərzində gerçəkləşdirilən çoxistiqamətli siyasət nəticəsində ölkəmizdə fiziki və mənəvi cəhətdən sağlam nəsil, müasir idman infrastrukturu yaradılıb. Bu gün Azərbaycada 30-dan çox müasir Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. İdman bazaları demək olar ki, ölkənin bütün bölgələrini əhatə edir. MOK-un fəaliyyətinə ən böyük qiyməti Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jaq Roqqe verərək deyib ki, Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün örnək olmalıdır.
Məhz idman sahəsində həyata keçirilən siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda idmanın müxtəlif növlərinə böyük axın müşahidə olunur. Bu onu təsdiq edir ki, Azərbaycanda idmanın inkişafı üçün gözəl şərait yaradılıb. Dövlət başçısının bu sahədə həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan beynəlxalq idman aləmində artıq öz layiqli yerini tutub və aparıcı idman ölkəsinə çevrilib. Bunu ötən dövr ərzində Olimpiya oyunlarında qazanılan uğurlar və idmançılarımızın əldə etdiyi medalların sayının artması da təsdiqləyir.
Olimpiada miqyasında sonuncu belə uğurlardan biri kimi “İdman ili” elan olunan 2012-ci ildə keçirilən London Yay Olimpiya Oyunlarını qeyd etmək olar. Məlum olduğu kimi, 53 lisenziya ilə 16 idman növündə təmsil olunan idmançılarımız London Olimpiadasında ölkəmiz üçün rekord sayda - 10 medal qazanmaqla, Azərbaycanın dünya Olimpiya hərəkatındakı mövqeyini bir qədər də möhkəmləndirdilər.
Bütün bu göstəricilər Azərbaycanda idmanın dinamik inikşaf tempinə malik olduğunu, idman uğurlarının davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Təbii ki, sadalanan uğurların əsasında idmana dövlət tərəfindən göstərilən yüksək səviyyəli qayğı durur. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri, reallıqları və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi bu istiqamətdə davamlı inkişafın əldə olunmasını təmin edir.
Nəticə etibarilə, Azərbaycanın idman müstəvisində beynəlxalq nüfuzu güclənməkdə və bu istiqamətdə beynəlxalq aləmdə ölkəmizin uğurları artmaqdadır. Bütün bunların nəticəsi kimi, bir sıra mötəbər idman yarışlarının təşkil olunması Azərbaycana etibar edilir. Məsələn, 2012-ci ilin avqust ayında Bakıda yeniyetmələr arasında sərbəst yunan-Roma qadın və çimərlik güləşi üzrə dünya çempionatı keçirildi. 16 ölkənin futbol komandalarının iştirakı ilə keçirilən FİFA U-17 qadınlararası dünya çempionatı isə artıq Azərbaycanın çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənəsinə sadiq olmasından xəbər verirdi. 2014-cü ildə isə taekvando üzrə dünya çempionatı Bakıda keçiriləcək.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını və idmanın inkişafını təmin edib. Eyni zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb.
Avropa Olimpiya Komitəsi də məhz bu amilləri nəzərə alaraq, 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsinə qərar verib.
Bir sözlə, I Avropa Oyunları Azərbaycanın və Avropanın idman tarixində mühüm və əlamətdar hadisə olacaq.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.-2014.- 30 yanvar.- S.6.