İtaliya ölkəmiz üçün Avropada ən mühüm tərəfdaşlardan biridir

 

                                                                                        Azərbaycan və İtaliya sahibkarları arasında işgüzar görüş keçirilib

 

Xəbər verildiyi kimi, yanvarın 23-də Bakıda “ASK Biznes Konsaltinq” MMC və “MADE S.p.A.” şirkətinin təşkilatçılığı ilə Azərbaycan və İtaliya sahibkarları arasında işgüzar görüş keçirilib. AzərTAc-ın məlumatına görə, görüşdə italyan iş adamları ilə yanaşı, əsasən tikinti, mebel, topdan və pərakəndə satış, turizm və sənaye sektorlarında fəaliyyət göstərən 50-yə yaxın azərbaycanlı iş adamı iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib ki, İtaliya Respublikasının məşhur “MADE S.p.A.” şirkətinin əməkdaşları ilə Azərbaycan sahibkarlarının bu görüşü iki ölkə arasında işgüzar əlaqələrin inkişafında mühüm rol oynayacaq. Məmməd Musayev qeyd edib ki, “MADE S.p.A.” mülki, sənaye və kommersiya obyektlərinin tikintisi sahəsində 40 illik təcrübəyə malik şirkətdir. O, memarlıq özəlliyi olan abidələrin bərpası, rekonstruksiyası, habelə yolların, avtobanların salınması, hidrotexniki qurğuların tikintisi üzrə dünyada tanınır. Azərbaycan ilə İtaliya arasında mövcud iqtisadi əlaqələr barədə məlumat verən Məmməd Musayev bildirib ki, ASK-nın təşkilatçılığı ilə iki ölkənin iş adamlarının bir sıra görüşləri keçirilib. Bu görüşlərdə tikinti, memarlıq, mebel istehsalı, enerji sistemləri, turizm kimi mühüm məsələlər üzrə əməkdaşlıq və investisiya məsələləri müzakirə olunub. Daha sonra çıxış edən “MADE S.p.A.” şirkətinin prezidenti Cuzeppe Massaskuza deyib ki, uzun müddətdir Azərbaycan şirkətləri ilə əməkdaşlıq edirlər. ASK ilə birgə biznes fəaliyyəti qurmaq, Azərbaycan şirkətləri ilə sıx əməkdaşlıq iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.

Görüşdə ASK nəzdində fəaliyyət göstərən “ASK Biznes Konsaltinq” MMC-nin təqdimatı keçirilib. Bildirilib ki, ötən il qeydiyyatdan keçən “ASK Biznes Konsaltinq” MMC İtaliya, İspaniya, Moldova, Türkiyə və digər ölkələrdəki tərəfdaş təşkilatlarla əməkdaşlıq müqavilələri bağlayıb. İş adamlarının bu görüşü də “ASK Biznes Konsaltinq”in imzaladığı əməkdaşlıq müqaviləsi çərçivəsində keçirilir.

Görüşdə, həmçinin, İtaliyanın “MADE S.p.A.” və “Beghelli Group” şirkətlərinin təqdimatı olub. Qeyd edilib ki, “Beghelli Group” işıqlandırma, ev elektronikası, sənaye və yaşayış məntəqələrində təhlükəsizlik və mühafizə sistemləri və digər sahələrdə fəaliyyət göstərir və məhsulları dünyanın 60 ölkəsində satılır. Tədbir birgə layihələrin həyata keçirilməsinə, ticarət əlaqələrinin genişləndirilməsinə dair ikitərəfli görüşlərlə başa çatıb.

Bu məqamda qeyd etmək yerinə düşər ki, son illər Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi daha da güclənir. Bu proses bir sıra regional və beynəlxalq layihələrin həyata keçirilməsində ölkəmizin oynadığı rolda da özünü açıq şəkildə göstərməkdədir. Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan siyasət dünyanın aparıcı dövlətlərinin ölkəmizə olan diqqətini artırmaqdadır. Bütün bunlar ölkəmiz haqqında həqiqətlərin dünyada obyektiv şəkildə qarşılanmasına, Ermənistanın işğalçılıq siyasətinin də düzgün qiymətləndirilməsinə böyük imkanlar yaradır. Bu baxımdan, Avropanın aparıcı dövlətlərindən, bütövlükdə dünyanın ən böyük 8 ölkəsindən biri olan İtaliyanın mövqeyi xüsusilə diqqəti cəlb edir. Ümumiyyətlə, İtaliya ölkəmiz üçün Avropada və dünyada ən mühüm tərəfdaşlardan biridir. Ölkələrimiz bütün istiqamətlərdə, xüsusilə, iqtisadiyyat sahəsində çox fəal əməkdaşlıq edir. Azərbaycanda uğurla fəaliyyət göstərən İtaliya şirkətlərinin ölkəmizdə infrastruktur obyektlərinin tikintisi, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, ətraf mühit, turizm və bir sıra sənaye sahələrinə maraqları getdikcə artmaqdadır.

Bir sözlə, ölkələr arasında siyasi, iqtisadi, mədəni, humanitar və parlamentlərarası münasibətlər davamlı surətdə inkişaf etməkdədir. Xatırladaq ki, ötən il dekabrın 16-17-də Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İtaliya hökumətlərarası komissiyasının III iclası keçirilib. İclasda komissiyanın hər iki tərəfi təmsil edən üzvləri, nazirlik və idarələrin nümayəndələri iştirak ediblər. İtaliya tərəfini xarici işlər nazirinin müavini Marta Dassunun sədrliyi ilə müxtəlif nazirliklərin 17 əməkdaşı, Azərbaycan tərəfini energetika naziri Natiq Əliyevin sədrliyi ilə dövlət qurumlarının 14 əməkdaşı təmsil edib. Azərbaycan tərəfinin nümayəndələri iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu, energetika sahəsində, habelə, digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün geniş perspektivlərin olduğunu vurğulayıblar. Qeyd olunub ki, 2013-cü il noyabrın 13-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə Bakıda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Azərbaycan-İtaliya biznes forumu keçirilib. Biznes forumda hər iki tərəfin sənaye, inşaat, konsaltinq, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, energetika, infrastruktur, arxitektura, dizayn, hidroenergetika və s. sahələrdə fəaliyyət göstərən nümayəndələri iştirak ediblər. Elə həmin vaxt AZPROMO ilə İtaliyanın Ticarətin Təşviqi və Beynəlmiləlləşdirilməsi Agentliyi (ICE) arasında qarşılıqlı anlaşma haqqında Memorandum imzalanıb. O da bildirilib ki, İtaliya Respublikası ölkəmizin mühüm xarici ticarət tərəfdaşıdır. Azərbaycan qeyri-neft sektorunda İtaliya ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. İtaliya tərəfinin nümayəndəsi bildirib ki, hazırda iki ölkə arasında əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar var. Odur ki, bu istiqamətdə birgə tədbirləri gücləndirmək lazımdır. İtaliya şirkətlərinin Azərbaycandakı əsas kapitala investisiyalarının ümumi məbləği hazırda 47,9 milyon dollar, son 10 ildə 2,7 dəfə genişlənən qeyri-neft sektoruna isə 65,6 milyon dollar təşkil edir. Hazırda Azərbaycanda 45 İtaliya şirkəti fəaliyyət göstərir. Bu şirkətlər sığorta, bank, ticarət və digər sahələrdə çalışırlar.

O da vurğulanıb ki, Trans-Adriatik boru kəməri layihəsinin seçilməsi enerjidaşıyıcılarının ixrac marşrutlarının şaxələndirilməsi istiqamətində Azərbaycanın atdığı mühüm addımlardan biridir. Bu boru kəməri ilə Azərbaycan qazı Türkiyədən Yunanıstan və Albaniya əraziləri ilə Avropa bazarına çatdırılacaq. Müzakirələrin yekunlarına əsasən müvafiq protokol tərtib edilib. Beləliklə, vurğulamaq yerinə düşər ki, İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında sıx dərin dostluq telləri, geniş əməkdaşlıq münasibətləri və strateji əhəmiyyət daşıyan möhkəm siyasi-iqtisadi tərəfdaşlıq mövcuddur. Respublikamızın dövlət müstəqilliyini bərpa etməsindən sonra Avropa ölkələri içərisində ən yüksək səviyyədə iqtisadi əməkdaşlığı və siyasi münasibətləri gücləndirən ilk dövlətlərdən biri, məhz İtaliya olub. Xatırladaq ki, İtaliya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci il tarixində tanıyıb. Eyni zamanda, 8 may 1992-ci il tarixində iki ölkə arasında diplomatik əlaqələr yaradılıb. 1997-ci ilin mart ayında İtaliya Respublikasının Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycan Respublikasının İtaliyada səfirliyi təsis edilib. Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında indiyədək 30 sənəd imzalanıb. İki ölkə arasında əməkdaşlıq rəsmi səfərlər sayəsində daha da möhkəmlənib. Ümummilli lider Heydər Əliyevin İtaliya Respublikasına ilk rəsmi səfəri 24-27 sentyabr 1997-ci ildə baş tutub. Prezident İlham Əliyev isə 2005-ci ilin 24-26 fevral tarixlərində İtaliyada rəsmi səfərdə olub. Eyni zamanda, 2 iyun 2011-ci il tarixində İtaliyanın birləşdirilməsinin 150 illiyi münasibətilə, Romada təşkil edilmiş rəsmi tədbirdə iştirak etmək məqsədilə, Prezident İlham Əliyev həmin ölkəyə səfər edib. Onu da qeyd edək ki, 2013-cü ilin 5-6 mart tarixində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva İtaliyada səfərdə olub və “Romada Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisinin açılışında iştirak edib. Qarşılıqlı səfərlər parlament və hökumət nümayəndələri səviyyəsində də davam etdirilib.

Bütövlükdə, birgə əməkdaşlığa dair mühüm razılaşmaların əldə olunması tərəflər arasında qarşılıqlı münasibətlərin güclənməsinə əlverişli zəmin yaradıb. “Əsrin müqaviləsi”nin imzalanması və Azərbaycanın neft ehtiyatlarının işlənməsində İtaliya şirkətlərinin təmsil olunması isə ölkələr arasında iqtisadi-siyasi əlaqələrin yeni mərhələdə inkişafına təkan verib.

Onu da vurğulamaq yerinə düşər ki, enerji sahəsində əməkdaşlıqla yanaşı, siyasi, iqtisadi, sosial, humantiar, elmi-mədəni, təhsil, səhiyyə, turizm və digər bölmələrdə intensiv əlaqələrin inkişafı İtaliya-Azərbaycan münasibətlərində yeni dinamikaya səbəb olub. İtaliya ilə Azərbaycan arasında yaradılmış hökumətlərarası komissiyanın intensiv fəaliyyəti hər iki dövlətin siyasi-iqtisadi münasibətlərinə yeni dinamizm elementlərinin əlavə edilməsinə əhəmiyyətli təsir edib. Son illərdə möhkəm təməllər üzərində dərinləşən Azərbaycan-İtaliya əlaqələri öz növbəsində, ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxaraq Avropa regionunu əhatə edən böyük əməkdaşlıq fazasına qədəm qoyub. Hər iki dövlət Trans-Avropa enerji şəbəkəsinin formalaşmasında həlledici rola malik olmaqla strateji əhəmiyyət kəsb etməyə başlayıb. Qeyd etdiyimiz kimi, İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi münasibətlərin əsas prioriteti neft və qaz sahəsində əməkdaşlıqla bağlıdır. Belə ki, Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə nəql olunan neftin əsas alıcılarından biri İtaliyadır. Hazırda Avropa bazarlarına nəql olunan neft resurslarının böyük bir hissəsi məhz İtaliya limanları vasitəsilə Avropa İttifaqı (Aİ) ölkələrinə çatdırılır. Bu dövlət ölkəmizə məxsus neftin 40 faizini öz ərazisi ilə Avropaya tranzit edir. İtaliya Avropa İttifaqında yüksək nüfuza malik dövlət kimi regionda Azərbaycanla enerji sahəsində əməkdaşlığın möhkəmlənməsinə töhfə verməsi ilə diqqəti cəlb edir. Rəsmi Roma öz enerji siyasətini həyata keçirərkən Azərbaycan Respublikası ilə uzunmüddətli və davamlı xarakterə malik strateji layihələri prioritet kimi qəbul edir.

İtaliya neftlə bərabər, qaz resurslarının da əsas alıcısıdır. Xatırladaq ki, hələ 2007-ci ilin dekabr ayında Azərbaycanla İtaliya arasında qaz sektorunda əməkdaşlığa dair protokol imzalanıb. Əlavə edək ki, “Şahdəniz” konsorsiumu 28 iyun 2013-cü ildə elan edib ki, “Şahdəniz-2” layihəsindən hasil ediləcək qaz həcmlərini Yunanıstan, İtaliya və cənub-şərqi Avropadakı müştərilərə çatdırmaq üçün Trans-Adriatik boru kəmərini (TAP) seçib. 13 fevral 2013-cü ildə Yunanıstan, İtaliya və Albaniya hökumətləri Trans-Adriatik boru kəməri üzrə hökumətlərarası saziş imzalayıblar. Bir sözlə, İtaliya Azərbaycanın şaxələndirmə siyasətini dəstəkləyərək regionda iri yanacaq-kommunikasiya dəhlizlərinin yaradılmasında təşəbbüs göstərən əsas dövlətlərdən biridir. Və görünən odur ki, enerji əməkdaşlığı formatı gələcəkdə daha geniş coğrafi miqyas alacaq. Azərbaycanın müəllifi olduğu, Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəmərinin coğrafiyası daha da genişlənəcək və Balkanlara qədər uzanan qaz xəttinin birləşdirilməsi nəticəsində Avropada ən nəhəng qaz şəbəkəsi yaranmış olacaq. Yanacağın Azərbaycandan Türkiyə və Yunanıstana, oradan isə İtaliyaya, Balkan yarımadasına və başqa Avropa ölkələrinə ixracı üçün regionda ən iri qaz marşrutu mövcud olacaq. Eyni zamanda, bu enerji sistemi şaxələnərək Mərkəzi Avropanın bir çox dövlətlərini əhatə edəcək. Yanacağın sözügedən marşrut üzrə Xəzər hövzəsindən, Orta Şərqdən və Mərkəzi Asiyadan Avropaya çatdırılması nəzərdə tutulur. Gələcəkdə, həmçinin, Qazaxıstanın və Türkmənistanın da qaz resurslarının bu dəhlizlə nəqli mümkün sayılır. Bu amil İtaliya ilə Azərbaycan arasında iqtisadi təmasları dərinləşdirməklə yanaşı, məhz respublikamızın enerji strategiyası nəticəsində bu ölkənin də regionda tranzit dövlətə çevrilməsinə səbəb ola bilər. Yəni, İtaliya təkcə Azərbaycan qazının alıcısı deyil, həm də yanacağın digər Avropa dövlətlərinə ixracı üçün tranzit ölkə rolunu oynamış olacaq. Azərbaycan qazı Avstriyaya, Bolqarıstana, Macarıstana həm də bu ölkənin ərazisindəki marşrutlarla çatdırılacaq. Bu strateji addım, bundan başqa, respublikamızın Avropa regionunda çoxvektorlu enerji sistemləri yaratmaq gücünü ortaya qoyur. Yeri gəlmişkən, Azərbaycanla İtaliya arasında iqtisadi əməkdaşlıq enerji resursları ilə məhdudlaşmır. Qeyd olunduğu kimi, hər iki tərəf neftdən kənar sahələrlə bağlı bir sıra layihələri müzakirə edib. İndiyədək keçirilən Azərbaycan-İtaliya biznes-forumlarında müzakirə olunan əsas məsələlər neft və qaz sahəsində əməkdaşlıqdan başqa, qeyri-neft sektorunda əməkdaşlığı da nəzərdə tutur. Tərəflər iqtisadiyyatın bir çox sahələri üzrə geniş əməkdaşlıq əlaqələrini gücləndirmək niyyətindədirlər.

Onu da bildirmək yerinə düşər ki, hazırda hər iki ölkə çox sıx ticari-iqtisadi əməkdaşlığa malikdir. Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda İtaliya öncül sıralarda qərarlaşıb. Məsələn, 2010-cu ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 5,3 milyard avro olub. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2011-ci ildə 9,6 milyard ABŞ dolları təşkil edib. Bu rəqəm İtaliyanın Avropa İttifaqına daxil olan 11 ölkə ilə malik olduğu ticarət dövriyyəsindən daha yüksəkdir. Bütövlükdə Azərbaycanın xarici ticarət dövriyyəsində ixracatda 35,2 faizlə İtaliya, idxalda isə 16,8 faizlə Rusiya öndə durur. Yeri gəlmişkən, 2010-cu ildə Bakıda keçirilən biznes forumda hər 2 ölkənin dövlət rəsmiləri, kənd təsərrüfatı, qida sənayesi, loqistika, inşaat, tikinti, xidmət, nəqliyyat, enerji və s. sahələri təmsil edən 60-dan çox şirkətin nümayəndəsi iştirak edib və tədbirdə işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub. İşgüzar görüşlərlə davam etdirilən tədbirin yekunu olaraq, İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb. Həmin sənəddə iki ölkə arasında ticarətin inkişafı, iqtisadiyyatın müxtəlif sahələri üzrə birgə müəssisələrin yaradılması, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və İtaliyanın Xarici Ticarət Əlaqələri üzrə Milli Təşkilatı, eləcə də, sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların cəlb edilməsi və s. sahələrdə əməkdaşlığın inkişafı nəzərdə tutulub. Ötən müddət ərzində İtaliyanın Azərbaycanda daha bir neçə şirkəti fəaliyyətə başlayıb.

Bu məqam ötən il noyabrın 13-də Bakıda keçirilmiş Azərbaycan-İtaliya biznes forumunda bir daha vurğulanıb. Məlumat üçün bildirək ki, hər iki ölkənin şirkətləri arasında əlaqələrin qurulması baxımından böyük əhəmiyyət kəsb edən həmin Forumda 130-dan artıq italiyalı iş adamı iştirak edib. Ümumiyyətlə, italyanlar respublikamızda kənd təsərrüfatı, qida sənayesi, turizm, yeyinti sənayesi, xidmət, məişət avadanlıqları, geyim, mebel və digər sahələr üzrə fəaliyyət göstərirlər.

Yeri gəlmişkən, diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir ki, İtaliya Respublikası Dağlıq Qarabağ probleminə dair dövlət səviyyəsində xüsusi olaraq, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Faktlara diqqət yetirək. Məlum olduğu kimi, bir neçə il öncə Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti İtaliyada rəsmi səfərdə olub. Səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədovun ilk rəsmi görüşü İtaliya Deputatlar Palatasının sədri Cianfranko Fini ilə olub. Görüş zamanı Azərbaycan parlamentinin spikeri bildirib ki, ölkələr arasında siyasi dialoqun davam etdirilməsi baxımından yüksək səviyyəli səfərlərin həyata keçirilməsi olduqca vacibdir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət verir.

Həmin görüş zamanı Azərbaycanın neçə illərdən bəri üzləşdiyi ən ağrılı problemi-Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ xüsusilə diqqət mərkəzində olub. İtaliya Deputatlar Palatasının sədri Cianfranko Fini isə bir daha ölkəsinin bu sahədəki mövqeyini ortaya qoyaraq qeyd edib: “Azərbaycan ikiqat haqsızlıqla üz-üzə qalıb. Həm torpaqları işğal olunub, həm də beynəlxalq birlik problemin ədalətli həllinə dəstək vermir”.

Əlbəttə, bu fakt onu göstərir ki, İtaliya tərəfi bu problemə haqq və ədalət müstəvisində çox həssaslıqla yanaşır. Xatırladaq ki, İtaliya Senatı Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə qəbul edib. Bu qətnamədə Cənubi Qafqazda sülhün bərqərar olmasında, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verildiyi öz əksini tapıb. Senat Yeni Avropa xartiyasında da təsbit olunduğu kimi, sərhədlərin toxunulmazlığı prinsipinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyib. Qətnamədə bütöv bir regionun inkişafına maneçilik törədən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin Avropa məkanı üçün əhəmiyyətli olduğuna diqqət yetirilir. Bu qətnamə ilə İtaliya Senatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT, ATƏT və Avropa Şurasının bütün qətnamələrinin, qərarlarının tam şəkildə yerinə yetirilməsinin təmin edilməsinin vacibliyini qeyd edir.

Bir sözlə, Azərbaycanla İtaliya arasında yaxınlığın, əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu vaxta qədər Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığa dair təxminən 30 sənəd imzalanıb. Bu isə münasibətlərimizin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Azərbaycan və İtaliya yüksək səviyyədə siyasi dialoqun inkişaf etdirilməsində, iqtisadi münasibətlərin gücləndirilməsində maraqlıdırlar. 2009-cu ildə İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard ABŞ dollarına yaxın olub. Ötən illərdə iqtisadi əməkdaşlıq davamlı olaraq eyni səviyyədə olsa da, cari ilin bir neçə ayı ərzində iqtisadi göstəricilər nəzərə çarpacaq dərəcədə inkişaf edib. Regionda beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rol oynayan Azərbaycanın Avropanın etibarlı strateji tərəfdaşına çevrilməsi İtaliya tərəfindən də yüksək dəyərləndirilir.

Azərbaycanla İtaliya bir sıra beynəlxalq təşkilatlar çərçivəsində və eləcə də, onların parlament assambleyaları səviyyəsində qarşılıqlı faydalı əməkdaşlıq edirlər və bu əməkdaşlığı gələcəkdə daha da dərinləşdirmək məqsədəuyğun hesab olunur. Ümumiyyətlə, hazırda iki ölkənin qanunvericilik orqanları arasında əlaqələr də yüksələn xətlə inkişaf etməkdədir. Qeyd edək ki, İtaliya Senatında Azərbaycan üzrə dostluq qrupuna olan diqqətin və marağın artmasının şahidi oluruq. Senat üzrə dostluq qrupunun sayı 32 nəfərdən ibarətdir.

İtaliya Avropa İttifaqında da söz sahiblərindən biridir. 2006-cı ilin noyabr ayında Azərbaycan və Avropa İttifaqı arasında qəbul edilmiş Fəaliyyət Planı və 2009-cu ilin mart ayında Avropa İttifaqı Şurasının Şərq Tərəfdaşlığı haqqında bəyannaməsi strateji prioritetlərimiz sırasındadır və bu baxımdan, Azərbaycan Avropa İttifaqının üzvü olan ölkələrlə, o cümlədən İtaliya ilə daha sıx əməkdaşlıq etməyə və onun Avropa İttifaqına inteqrasiya təcrübəsindən faydalanmağa maraqlıdır. Qeyd olunmalıdır ki, həqiqətən İtaliya zəngin mədəniyyətə, böyük dövlətçilik tarixinə, güclü iqtisadiyyata, dünya siyasətində özünəməxsus yerə malik olan bir ölkə kimi həmişə mühüm maraq kəsb edir. Azərbaycanda da bu ölkəyə xüsusi maraq mövcuddur. Siyasi və iqtisadi cəhətdən də maraqlarımızın üst-üstə düşdüyü məqamlar çoxdur. İtaliyanın iş adamları, şirkətləri, Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu həyata keçirir, Xəzərin karbohidrogen ehtiyatlarının istismarında yaxından iştirak edirlər. Ölkəmizin xarici siyasətinin başlıca prioritetlərindən olan Avropa və Avroatlantik qurumlara inteqrasiya, o cümlədən, Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi, eləcə də, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesində İtaliyanın ölkəmizə dəstəyi şübhə doğurmur. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun şəkildə həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin İtaliya tərəfindən dəstəklənməsi prosesə öz müsbət təsirini göstərəcək.

 

Nadir AZƏRİ

Yeni  Azərbaycan.-2014.- 30 yanvar.- S.8.