Kəlbəcər rayonunun işğalından 22 il ötür

 

Ermənilərin təcavüzü nəticəsində rayon tamamilə dağıdılıb, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülübitkin düşüb

Kəlbəcər rayonunun təcavüzkar Ermənistan tərəfindən işğal edilməsindən 22 il ötür. Məlumat üçün bildirək ki, ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu ilin 8 avqustunda inzibati rayon statusu alıb. Qərbdə Ermənistanla şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. İşğala qədər rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi olub. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə, Bərdə - İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir.

1993-cü il aprelin 1-2-də işğal olunan rayon erməni silahlıları tərəfindən tamamilə dağıdılıb, əhalisi isə öz dədə-baba torpaqlarından didərgin salınıb. İşğal nəticəsində Kəlbəcərdən 53340 nəfər adam qovulub, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülübitkin düşüb.

Kəlbəcərin işğalına qədər rayonda 19 ibtidai, 44 orta, 33 natamam orta məktəb, 1 qiyabi orta təhsil məktəbi, 1 peşə məktəbi, 1 texnikum (Tibb Texnikumu), 16 uşaq bağçası, günü uzadılmış 38 qrup, 41 mədəniyyət evi, 44 klub, 1 şəhər mərkəzi xəstəxanası, 1 uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd həkim ambulatoriyası, 75 feldşer-mama məntəqəsi və sair fəaliyyət göstərsə də, erməni işğalı nəticəsində onların hamısı dağıdılıb.

Kəlbəcərin işğalından danışarkən öncə onu vurğulamaq yerinə düşər ki, hər zaman Azərbaycan xalqına, dövlətinə qarşı düşmən mövqedə dayanan, əsrlərlə tarixi torpaqlarımızı ələ keçirməyə səy göstərən ermənilər Sovet imperiyasının rəhbərliyində təmsil olunan havadarlarının köməyi ilə 1988-ci ildə Dağlıq Qarabağda separatçı hərəkata başladılar. İlk olaraq, Ermənistanda yaşayan həmvətənlərimizin öz dədə-baba torpaqlarından qovulması ilə başlanan bu proses ikinci mərhələdə Dağlıq Qarabağın və onun ətrafındakı rayonların işğalı ilə davam etdirildi. Həmin illərdə ermənilərin min bir təxribat törətməsinə - yollarda pusqular quraraq dinc əhalini gülləbaran etməsinə, Ağdam-Kəlbəcər elektrik xəttini partladıb rayonu işıqsız qoymasına, Yevlax-Kəlbəcər magistral yolunu bağlamasına baxmayaraq, yerli əhali torpaqlarını qoruyurdu.

1992-ci ilin may ayında AXC-”Müsavatcütlüyünün hakimiyyətə gəlməsi ilə ölkədə yaranan hakimiyyətsizlik, xaos, özbaşınalıqlar sərhəd zonalarında, o cümlədən, Kəlbəcərdə bütün müdafiə planlarını alt-üst etdi, hərc-mərcliyin bünövrəsini qoydu. O zamankı rəhbərlik Kəlbəcərin müdafiəsini təşkil etmək adı ilə, əslində, rayonun müdafiə sistemini dağıtmağa başladı. Orduda siyasiləşmə, yerli döyüşçülərin, könüllülərin rayonun müdafiəsindən uzaqlaşdırılması əhalinin döyüş əzmini sarsıtdı. Beş il düşmənlə mərdliklə vuruşan, bütün əzab-əziyyətə sinə gərən rayon əhalisi çıxılmaz vəziyyətdə qaldı. Bu arada isə Kəlbəcərin işğalına qədər Ağdaban faciəsi baş verdi. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırıldı, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verildi. 67 nəfər qətlə yetirildi, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırıldı, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi. Ağdaban faciəsi tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri sayılır. Bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insani işgəncələr verilməsi, insanların doğma yurdundan didərgin salınması, XX əsrin ən qanlı terrorlarından biri - günahsız qocaların, körpə və qadınların güllələnməsi, əsirlərin başının dərisinin soyulması, dırnaqlarının qoparılması, meyitlərin gözünün çıxarılması, qulaqlarının kəsilməsi, tarixi memarlıq və mədəniyyət abidələrinin dağıdılması, müqəddəs ziyarətgah və qəbiristanlıqların təhqir və məhv edilməsi, klassik Azərbaycan şeirinin ustadı Aşıq Qurbanın və Aşıq Şəmşirin əlyazmalarının yandırılıb talan edilməsi, erməni separatçılarının dünya ictimaiyyətinin gözü qabağında gerçəkləşdirdiyi etnik təmizləmə siyasətinin davamı idi.

Kəlbəcərin işğalının əsası isə 1993-cü il mart ayının 26-da qoyulub. Ermənilər Ağqaya tərəfdən Keçiliqaya, Zağalar, Çıraqlı kəndlərini yandırıb, Kəlbəcər-Tərtər magistralını bağlamağa cəhd göstəriblər. Basarkeçərlə Kəlbəcər arasında mühüm strateji sahə olan Qaraqaya yüksəkliyinin ələ keçirilməsi üçün düşmən 15-20 gün öncədən hazırlıq işləri aparırmış. Rayon sakinlərinin bildirdiyinə görə, kömək edilməməsi, AXC-”Müsavatcütlüyünün səriştəsiz rəhbərliyinin xəyanəti, satqınlığı Kəlbəcərin işğalı ilə nəticələnib. Beləliklə, işğal nəticəsində Kəlbəcər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. Lakin artıq o çətin günlər arxada qalıb. Dağlıq Qarabağın və ətrafındakı rayonların işğaldan azad olunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə qətiyyətli siyasət həyata keçirilir. Bununla yanaşı, bu gün qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin normallaşdırılması istiqamətində də məqsədyönlü fəaliyyət göstərilir. Dövlətin onlara göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını bildirən kəlbəcərlilər, eyni zamanda, yaxın vaxtlarda torpaqlarımızın işğaldan azad olunacağına inanırlar.

 

Oktay HACIMUSALI

Yeni  Azərbaycan.-2015.- 2 aprel.- S.7.