Azərbaycan bütün
azadlıqların təmin edildiyi tolerant ölkədir
Prezident İlham
Əliyev: Azərbaycanda bütün millətlərin,
dinlərin nümayəndələri bir
ailə kimi yaşayır. Bu,
bizim siyasətimizdir, xalqın da sifarişidir
Azərbaycan öz tarixi ərzində bütün sahələrdə ən yüksək inkişafa məhz müstəqilliyinin son 20 ilində nail olub. Təməli xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü müstəqil siyasət sayəsində respublikamız getdikcə daha da güclənir. Son illərdə Azərbaycan dünyaya spesifik xüsusiyyətlərə malik davamlı inkişaf modeli təqdim edir, ölkəmizdə bütün regionlar paralel surətdə inkişaf edir, şəhər və kəndlər abadlaşır, siyasi və iqtisadi sahədə hər il yeni-yeni nailiyyətlər əldə olunur, eyni zamanda, ardıcıl dövlət qayğısı sayəsində milli-mənəvi dəyərlərimiz zənginləşir, cəmiyyətin monolitliyi, həmrəyliyi daha da möhkəmlənir.
Lakin Azərbaycanın müstəqillik yolu ilə inamla irəliləməsi, dünyada etibarlı tərəfdaş imici qazanması dostlarımızı sevindirməklə yanaşı, düşmənlərimizi, əleyhdarlarımızı da narahat edir. Bədxahlarımız ölkəmizə qarşı zaman-zaman təzyiq mexanizmlərini işə salır, məqsədyönlü çirkin kampaniya təşkil edərək dünyada Azərbaycan haqqında mənfi imic formalaşdırmağa çalışırlar. Prezident İlham Əliyevin bu günlərdə Bakıda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində söylədiyi nitqində vurğuladığı kimi: “Bu kampaniya əslində heç vaxt dayanmamışdır. Sadəcə olaraq önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da eybəcər formalar alır. Biz bunu üç il bundan əvvəl - 2012-ci ildə “Eurovision” müsabiqəsi ərəfəsində görmüşük. Bu gün də birinci Avropa Oyunları ərəfəsində bunu görürük. Bu, koordinasiya şəklində təşkil edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan anti-azərbaycan kampaniyasıdır ki, bunun məqsədi ölkəmizi ləkələmək, qaralamaq, işlərimizə kölgə salmaq və Azərbaycanı geridə qalmış, qeyri-demokratik, azad olmayan ölkə kimi təqdim etməkdir. Bütün bunlar, təbii ki, yalan üzərində qurulur. Ona görə nə Azərbaycan xalqı, nə dünya ictimaiyyəti buna inanmır”.
Müstəqillik illərində Azərbaycanın əldə etdiyi ən mühüm uğurlardan biri azad, demokratik cəmiyyət quruculuğu ilə bağlıdır
Azərbaycanda azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biri kimi dəyərləndirilir. Prezident İlham Əliyev sözügedən şənlikdəki çıxışında müstəqilliyimizin son 20 ilində Azərbaycanda azad cəmiyyət formalaşdığını xüsusi nəzərə çatdıraraq vurğulayıb: “Azərbaycanda bütün azadlıqlar təmin edilib. Azərbaycanda azad cəmiyyət formalaşıb. Hər kəs azaddır. Azad mətbuat təmin edilib. İnternetə heç bir məhdudiyyət qoyulmur, azad internet var. Sərbəst toplaşmaq azadlığı təmin edilib. Vicdan, din azadlığı bəzi ölkələrdən fərqli olaraq tam şəkildə təmin edilibdir”.
Məlum olduğu kimi, Azərbaycanın demokratik dəyərlərə, fundamental insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya və digər hüquqi sənədlərlə təsbit olunub. Azərbaycan dövləti daim ölkə Konstitusiyası və digər müvafiq qanunvericilik aktları ilə təsbit olunan demokratik prinsiplərə sadiqlik nümayiş etdirir. Bu gün dünyada mətbuatın Azərbaycan qədər azad olduğu və mətbuat işçilərinin sosial müdafiəsinin yüksək səviyyədə təmin edildiyi ölkələrin sayı çox azdır. Ölkəmizdə mətbuat üzərində senzura ləğv edilib. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” söz və məlumat azadlığının, KİV-lərin müstəqilliyinin təmin edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilməsini nəzərdə tutan mühüm sənəddir. Konsepsiyanın əsas müddəalarından biri KİV-lərin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı kənar müdaxiləyə yol verilməməsi ilə bağlıdır. Konsepsiyada əks olunmuş məsələlərin həlli, o cümlədən də kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 2009-cu ildən fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ardıcıl tədbirlər həyata keçirir. Siyasi oriyentasiyasından asılı olmayaraq, müəyyən prosedur qaydaları gözlənilməklə nəşr edilən bütün kütləvi informasiya vasitələri Fondun vəsaitlərindən bəhrələnirlər. Azərbaycanda yenə də hansı siyasi mövqe tutmasından asılı olmayaraq, bütün KİV-lərin əməkdaşları dövlət vəsaiti hesabına tikilən mənzillərlə təmin olunurlar ki, bu da dünyada analoqu olmayan haldır. Bu gün Azərbaycan internet azadlığı sahəsində ən qabaqcıl ölkələrlə rəqabət apara bilər. Ölkənin bütün regionlarında əhalinin sürətli internetə çıxışı təmin edilib.
Eyni zamanda, Azərbaycanda vicdan, dini etiqad azadlığının təmin olunması da dövlətin daim xüsusi həssaslıqla yanaşdığı istiqamətlərdəndir. Ölkəmizdə dövlət-din münasibətləri kifayət qədər yüksək səviyyədə qurulub. Bunu aşağıdakı faktlar bir daha təsdiqləyir. Son 11 il ərzində respublikamızda 250-yə yaxın məscid tikilib və yaxud təmir edilib. Xalqımız üçün çox böyük dəyər kəsb edən Bibiheybət, Təzəpir, Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi yüksək səviyyədə təmir-bərpa işləri aparıldıqdan sonra istifadəyə verilib. Hazırda Gəncədəki İmamzadə dini, tarixi, mədəni mərkəzində də belə təmir-bərpa işləri həyata keçirilir. Bir sözlə, ölkəmizdə dövlət tərəfindən dini abidələrin bərpasına, həmçinin, yeni məscidlərin inşasına böyük diqqət göstərilir. Bu cəhətdən Bakının Binəqədi rayonunda dövlət vəsaiti hesabına tikilən və bir müddət öncə istifadəyə verilən möhtəşəm Heydər məscidinin inşa olunması çox əlamətdardır. Bu, Azərbaycanın gücünü, inkişaf dinamikasını göstərməklə yanaşı, həm də bizim öz milli, dini ənənələrimizə nə qədər sadiq olduğumuzu təsdiqləyir.
Dövlətin davamlı dəstəyi və siyasi iradəsi sayəsində Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşıb
Azərbaycanda hər sahədə müşahidə edilən dinamik inkişafla paralel surətdə cəmiyyətdə vətəndaş fəallığının artması da məmnunluq doğurur. Bu da, ilk növbədə, ölkəmizdə ictimai sektorun inkişafına dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə və praktiki dəstəklə bağlıdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət sonrakı mərhələdə dövlət başçısı İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilir. Respublikamızda vətəndaş fəallığının artırılması, cəmiyyətin dövlət siyasətinin həyata keçirilməsində rolunun təmin edilməsi təşviq olunur, eyni zamanda, dövlət üçüncü sektorun inkişafına əməli dəstək verir, davamlı olaraq təşkilati-hüquqi və maliyyə yardımları göstərir.
Müstəqillik illərində Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşıb. Hazırda ölkəmizdə 3000-dək QHT-nin fəaliyyət göstərməsi bunun bariz ifadəsidir. Xaricdəki bəzi maraqlı dairələrin verdiyi subyektiv qiymətdən asılı olmayaraq, Azərbaycanın QHT sektoru dünyada ən nümunəvi sektorlardan biridir. Ölkəmizdə siyasi əqidəsinə, hakimiyyətə münasibətinə, cəmiyyətdə tutduğu mövqeyə heç bir fərq qoyulmadan bütün QHT-lərə müraciət etdikləri sahə üzrə qrantlar verilir.
Son illərdə ölkəmizdə üçüncü sektorun aktivliyinin nəzərəçarpacaq dərəcədə artmasında dövlətin vətəndaş cəmiyyəti institutlarının təşkilatlanmasına verdiyi dəstək önəmli rol oynayıb. Bu mənada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Ötən yeddi ildə bu qurum tərəfindən Azərbaycanın vətəndaş cəmiyyətindən gələn təşəbbüslər fəal şəkildə dəstəklənib və istər respublika daxilində, istərsə də ölkə hüdudlarından kənarda Azərbaycanın milli-ictimai maraqlarına xidmət edən çoxlu sayda layihənin reallaşdırılmasına maliyyə yardımı göstərilib. Belə ki, 2008-2014-cü illər ərzində Şura tərəfindən müxtəlif layihələrə 20 milyon manatdan artıq vəsait xərclənib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası təkcə 2014-cü ildə yerli QHT-lərin 386 layihəsinin həyata keçirilməsi üçün 3 milyon manata yaxın vəsait ayırıb. Bundan başqa, 17 beynəlxalq layihə maliyyələşdirilib, 13 xarici ölkədə 27 layihə icra olunub. Həyata keçirilən layihələr çərçivəsində 640 təlim, 287 seminar təşkil edilib, 8 film, 5 sayt hazırlanıb. Ümumilikdə, Şuranın həyata keçirdiyi layihələrdən 175 mindən çox insan faydalanıb.
Bəzi “beynəlxalq” təşkilatların Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına göstərilən davamlı dövlət qayğısına məhəl qoymayaraq ölkəmizlə bağlı əsassız “bəyanatlar” səsləndirmələri heç bir sağlam məntiqə sığmır. Bu gün dünyanın bir sıra ölkələrində vətəndaş cəmiyyətlərinə basqılar göstərilməsi heç kimə sirr deyil. Ayrı-ayrı ölkələrdə insanların ifadə, sərbəst toplaşmaq azadlıqları məhdudlaşdırılır, kütləvi informasiya vasitələrinə təzyiqlər göstərilir, hətta sosial tələblərlə çıxış edən vətəndaşlar həbs olunurlar. Lakin Azərbaycana qarşı şər-böhtan atan dairələr, “beynəlxalq” təşkilatlar susurlar, bütün bunlar barəsində bircə kəlmə də danışmırlar. Prezident İlham Əliyev məlum dairələrin ikili standartlar nümayiş etdirməsini xatırladaraq onlara suallar ünvanlayıb: “Başqa yerlərdə insanlar boğularaq, güllələnərək öldürülürlər. Heç kim də buna görə məsuliyyət daşımır. Haradadır o qeyri-hökumət təşkilatları ki, bizi ittiham edirlər? Niyə susurlar? Niyə öz səslərini ucaltmırlar? Niyə o ölkələri ittiham etmirlər? Cürətlərimi çatmır? Yoxsa ki, bu, ikili standartlar siyasətidir?! Yəqin ki, hər ikisidir. Nə üçün beynəlxalq qurumlar bəyanatlar yaymırlar, vermirlər? Nə üçün qətnamələr qəbul edilmir? Bax bu suallara cavab almaq çox çətindir”.
Ölkəmiz sivilizasiyalararası əməkdaşlığa, qlobal miqyasda tolerantlıq ənənələrinin qorunmasına sanballı töhfələr verir
Hazırda dünyanın mənzərəsi kifayət qədər mürəkkəbdir. Ciddi narahatlıq doğuran məsələlərdən biri də qlobal miqyasda milli-dini-irqi zəmində münaqişələrin çoxalmasıdır. Dünyanın dörd bir tərəfində, o cümlədən Yaxın Şərqdə, Avropada, ABŞ-da, MDB məkanında milli-dini-irqi zəmində qarşıdurmalar baş verir. Prezident İlham Əliyev dünyanın bugünkü reallıqlarından narahatlığını ifadə edərək deyib: “Əfsuslar olsun ki, bu gün dünya siyasətində beynəlxalq hüquq yox, riyakarlıq, ikili standartlar, ayrı-seçkilik, irqçilik, islamofobiya, ksenofobiya hökm sürür. Budur bugünkü reallıqlar. Ona görə, biz buna hazır olmalıyıq və biz hazırıq”.
Dünyadakı narahatlıq doğuran mənzərə ilə müqayisədə Azərbaycan reallığı tamam fərqlidir. Bu gün Azərbaycan millətlərarası və dinlərarası dialoq baxımından da nümunəvi bir ölkədir. Qonşu dövlətin işğalçılıq siyasətindən əziyyət çəkən Azərbaycanın dünyada sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Azərbaycan elə bir ölkədir ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycan öz üstünlüyünü ölkənin çoxmədəniyyətli və çoxkonfessiyalı olmasında görür. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı abidələrə də eyni yanaşma tətbiq olunur. Məsələn, ölkəmizdə dövlət, həmçinin, rus pravoslav, katolik, alban kilsələrinin tikintisinə və bərpasına da öz dəstəyini göstərib.
Son illərdə Azərbaycan qlobal iqtisadi əhəmiyyət daşıyan, eyni zamanda, multikultural dəyərləri təbliğ edən tədbirlərin keçirildiyi məkana çevrilib. Davos İqtisadi Forumu kimi mötəbər bir təşkilatın növbəti iclasının Bakıda keçirilməsi ölkəmiz üçün böyük uğur olmaqla Azərbaycanın dünyada tanıdılması baxımından da əhəmiyyətli idi. Qafqaz və Orta Asiyada gedən proseslər, iqtisadi və siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsi üçün ölkəmizin seçilməsi bir daha göstərir ki, Azərbaycan nəinki coğrafi, həm də siyasi, iqtisadi və mədəni cəhətdən beynəlxalq mərkəzlərdən birinə çevrilib. Dünya miqyasında mötəbər təşkilat kimi tanınan, çox böyük nüfuza malik siyasətçiləri, ictimai xadimləri birləşdirən Madrid Klubunun toplantısının, Amerika-Azərbaycan konfransının, Birinci Qafqaz, Krans Montana forumlarının Bakıda keçirilməsi də çox əlamətdar hadisə idi. Son illərdə Bakıda ardıcıl olaraq Mədəniyyətlərarası Dialoq və Humanitar forumlar keçirilir. Ölkəmiz xalqımızın xoş məramına uyğun olaraq bu kimi tədbirlərə məmnuniyyətlə ev sahibliyi etməklə hazırda dünya üçün böyük önəm daşıyan dəyərlərin qorunmasına öz sanballı töhfəsini verir. Əlamətdar haldır ki, qlobal forumların əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış edirlər.
Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi və çoxkonfessiyalı cəmiyyətə malik olması ölkəmizin sivilizasiyalararası dialoqda rolunun artmasını şərtləndirir. Hazırda əksər Avropa təsisatlarının üzvü olan Azərbaycan eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının da üzvüdür. Dünyanın 200-dən artıq ölkəsini əhatə edən Avropa və Asiya təşkilatlarının üzvü olmaq Azərbaycanın, sivilizasiyalararası əlaqələrin gücləndirilməsində əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyev dünyadakı gərgin mənzərə ilə müqayisədə Azərbaycanda bütün millətlərin və dinlərin nümayəndələrinin bir ailə kimi yaşamalarını dövlətin siyasəti və cəmiyyətin istəyi kimi səciyyələndirib: “Baxın, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu, bizim siyasətimizdir, xalqın da sifarişidir”.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-2015.- 8 aprel.- S. 3.