Son illər ərzində dünyada Azərbaycan kimi sürətlə inkişaf edən ikinci ölkə olmamışdır

 

Prezident İlham Əliyev: Bu günün reallıqları göstərir ki, ancaq müstəqillik dövründə bizim xalqımız yüksək zirvələrə çata bilər. Bugünkü dövr əgər bizim bütün tariximizi nəzərə alsaq, ən sürətli inkişaf dövrüdür

 

Məlum olduğu kimi, hazırda dünyanın mənzərəsi kifayət qədər mürəkkəbdir. Qlobal miqyasda müşahidə edilən bir sıra arzuolunmaz proseslər - maliyyə-iqtisadi böhranlar, mal və xidmətlərə istehlakın kəskin azalması, siyasi-hərbi kataklizmlər ayrı-ayrı ölkələrdə tənəzzülə, ciddi sosial fəsadlara gətirib çıxarıb. Lakin Azərbaycan dünya üçün çətin keçən illərdə də sabitlikinkişaf adası kimi fərqlənir. Belə ki, Azərbaycan müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərdən məhz təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan məqsədyönlü siyasət sayəsində qurtularaq güclü sosial-iqtisadi inkişafa nail olub. Müstəqilliyimizin son 20 ili, çox haqlı olaraq, ölkə həyatının bütün sahələrində intibah dövrü kimi səciyyələndirilir. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 11 ildə həyata keçirilən və milli mənafeyə söykənən siyasət respublikamızı qlobal risklərdən sığortalayaraq daha böyük nailiyyətlərin qazanılmasına real zəmin yaradıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu günlərdə Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində söylədiyi nitqində də bugünkü dövrü ölkəmizin bütün tarixi ərzində ən sürətli inkişaf mərhələsi kimi xarakterizə edib:Bu günün reallıqları göstərir ki, ancaq müstəqillik dövründə bizim xalqımız yüksək zirvələrə çata bilər. Bugünkü dövr əgər bizim bütün tariximizi nəzərə alsaq, ən sürətli inkişaf dövrüdür”.

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı regionbütün dünya ölkələrinə nümunədir

Beləliklə, hazırda ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Son illər ərzində Azərbaycan kimi sürətlə inkişaf edən ikinci ölkə olmamışdır”.

Məlumdur ki, hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən amillər sırasında ümumi daxili məhsul (ÜDM) istehsalının artması mühüm faktor qismində çıxış edir. Bu mənada kifayət qədər ciddi qlobal risklərlə müşayiət olunan illərdə ölkəmizdə iqtisadiyyatın davamlı olaraq genişlənməsi və ÜDM istehsalında artıma nail olunması böyük nikbinlik doğurur. Son 11 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. Belə ki, 2004-cü ildən bu günə qədər respublikamızda ümumi daxili məhsul istehsalı 3,4 dəfə artıb. Ötən il ÜDM istehsalında 3 faiz artıma nail olunub ki, bu da dünya miqyasında rekord göstəricidir. Ölkə iqtisadiyyatının genişlənməsi nəticəsində son illərdə respublikamızda makroiqtisadi sabitlik təmin olunub, ölkədə işsizliyinyöxsulluğun səviyyəsi 5 faizə enib.

Son 11 ildə Azərbaycan iqtisadiyyatının genişlənməsinin miqyası region ölkələri ilə müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. Davamlı iqtisadi artım nəticəsində Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faizi respublikamızın payına düşür. Hətta ekspertlər belə mülahizələr irəli sürürlər ki, Azərbaycanın iqtisadi inkişafı bu templərlə davam edəcəyi təqdirdə gələcəkdə Cənubi Qafqaz iqtisadiyyatı dedikdə məhz ölkəmizin iqtisadiyyatı başa düşüləcək.

Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlar beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrində də öz əksini tapıb. Bu baxımdan dünyada böyük nüfuza malik Davos İqtisadi Forumunun qiymətləndirməsi xüsusilə diqqəti cəlb edir. Sözügedən mötəbər iqtisadi forum 2014-cü ildə Azərbaycan iqtisadiyyatını dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Bu, o deməkdir ki, Azərbaycan dünyanın ən yüksək rəqabətqabiliyyətli 40 ölkəsi sırasında yer alır və bu da çox haqlı olaraq ölkəmiz üçün tarixi nailiyyət kimi dəyərləndirilir.

Son 11 ildə Azərbaycanın dinamik inkişafı həm də ölkənin strateji valyuta ehtiyatlarının artmasında öz təsdiqini tapıb. Hazırda ümumi daxili məhsulunun 70 faizi həcmində və yaxud 35 milyard dollardan çox strateji valyuta ehtiyatları olan Azərbaycan dünyanın ən möhkəm maliyyə dayanıqlılığına malik ölkələri sırasında yer alır. Son 11 ildə strateji valyuta ehtiyatlarımızın artması həm də onunla əlamətdardır ki, ölkəmizdə davamlı olaraq böyükhəcmli maliyyə tutumuna malik infrastruktur layihələri reallaşdırılıb. Şəmkirçay, Taxtakörpü su anbarlarının yaradılması, yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən layihələr, Oğuz-Qəbələ-Bakı su xəttinin çəkilməsi, yeni enerji güclərinin yaradılması və bu qəbildən olan digər işlərin reallaşdırılmasına böyük məbləğdə maliyyə vəsaiti xərclənib. Bununla belə, respublikamız strateji valyuta ehtiyatlarını artırmağa nail olub.

Həyata keçirilən bu və digər tədbirlər nəticəsində Azərbaycan investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevrilib. Ötən 11 il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulub. O da əlamətdar haldır ki, ölkəmizdə müxtəlif sahələrə yönəldilən investisiyaların strukturu da əhəmiyyətli dərəcədə dəyişib. Təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, 2014-cü ildə ölkəmizə yatırılan 27 milyard dollar həcmində sərmayələrin 16 milyard dollarını daxili investisiyalar təşkil edib. Eyni zamanda, Azərbaycan investisiya idxal edən ölkədən sərmayələr ixrac edən ölkəyə çevrilibdünyada donor qismində çıxış edir. Son illərdə respublikamız qonşu Gürcüstan, Türkiyə ilə yanaşı, Avropa ölkələrinin sərmayə bazarlarında da aktiv iştirakını təmin edib.

Praqmatik siyasətçi olan Prezident İlham Əliyev ölkənin xarici borclanmasının optimal həddə saxlanılmasına ciddi önəm verir. Biz bir sıra ölkələrin nümunəsində xarici borclanmanın necə ağır nəticələrə gətirib çıxartdığının şahidi olmuşuq. Azərbaycan isə xarici borclanmanın risklərindən tam sığortalanıb. Məqsədyönlü siyasət sayəsində ölkənin maliyyə imkanlarının genişlənməsi, öz növbəsində, Azərbaycanın qlobal risklər şəraitində manevr imkanlarını artırır. Qiymətləndirmələrə görə, hazırda ölkəmizin məcmu xarici aktivləri onun öhdəliklərini 2,7 dəfə üstələyir. Qeyd etmək xoşdur ki, hazırda ölkəmizin xarici borclanmasının səviyyəsi kifayət qədər aşağı həddədir. Respublikanın xarici borcu ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdəndir.

Əlamətdar haldır ki, ölkəmizdə son 11 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, ilk növbədə, sosial mahiyyəti ilə fərqlənib. Bu siyasətin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Ötən 11 ildə ölkənin hər yerində sosial infrastruktur layihələri reallaşdırılıb. Bəhs olunan dövrdə respublikada 2900 məktəb binası, 560 tibb ocağı tikilibya təmir edilib, 50-dən çox olimpiya idman mərkəzi, 30 gənclər mərkəzi istifadəyə verilib, respublikanın bütün regionları quruculuq-abadlıq meydanına çevrilib.

Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan nitqində son illərdə Azərbaycanın inkişafından, ölkəboyu reallaşdırılan quruculuq-abadlıq işlərindən məmnunluğunu ifadə edib: “Son illərdə şəhərlərimizin abadlaşdırılması, ölkəmizin iqtisadi, sosial inkişafı, beynəlxalq nüfuzumuzun artırılması göz qabağındadır”.

Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə yeni regionalqlobal enerji xəritəsi yaranır

Hazırda dünyada özünəməxsus inkişaf modeli ilə fərqlənən Azərbaycan, eyni zamanda, qlobal əhəmiyyət daşıyan bir sıra yeni layihələrin təşəbbüskarı və fəal iştirakçısı qismində çıxış edir. Artıq hamı tərəfindən təsdiqlənən bir həqiqətdir ki, bütün parametrlər baxımından Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihəni reallaşdırmaq mümkün deyil. Getdikcə artan iqtisadi potensialı sayəsində bölgədə yeni reallıqları məhz respublikamız diktə edir. İndiyədək ölkəmiz regionun inkişafında əhəmiyyətli rol oynayan “Bakı-Tbilisi-Qars”, “Bakı-Tbilisi-Ərzurum”, “Bakı-Tbilisi-Ceyhan” kimi tarixi layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də onların reallaşdırılmasına və uğurla istismar edilməsinə sanballı töhfələr verib. Azərbaycanın əsas moderator rolunda çıxış etdiyi “Bakı-Tbilisi-Qars” dəmiryolu xəttinin inşası da layihə çərçivəsində uğurla davam etdirilir. “Bakı-Tbilisi-Qars” dəmiryolu xəttinin obrazlı şəkildə “dəmir İpək yolu” adlandırılması heç də təsadüfi deyil. Yeni dəmiryolu xəttinin, həmçinin, Bosfor boğazında dəmir yolu tunelinin inşası Trans-AvropaTrans-Asiya dəmiryolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə AvropaAsiyaya çıxarılmasını təmin edəcək.

Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan nitqində diqqəti son vaxtlarda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmasına, respublikamızın iştirakı ilə yeni regionalqlobal əhəmiyyətli enerji xəritəsinin yarandığına yönəldib: “Görün Azərbaycan qazı bu gün Avropa üçün, Avrasiya üçün, bu bölgə üçün nə qədər böyük əhəmiyyət daşıyır. Yəni, yeni enerji xəritəsi yaradılır. Bunu biz yaradırıq, öz tərəfdaşlarımızla birlikdə”.

Dövlət başçısının ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunun artmasını məmnunluqla dilə gətirməsi təsadüfi deyil. Artıq Azərbaycan özünün elə bir yüksək inkişaf səviyyəsinə çatıb ki, başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə də fəal şəkildə sanballı töhfələr verir. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində ardıcıl olaraq həyata keçirdiyi tədbirlər bundan sonra onilliklər ərzində ölkəmizə həm maddi, həm siyasi dividendlər gətirəcək. Hazırda Avropanın bir sıra ölkələri özlərinin neftə olan tələbatlarının nəzərəçarpacaq hissəsini məhz Azərbaycanın ixracı hesabına ödəyir. Ötən il sentyabrın 20-də Bakıda təməli qoyulan “Cənub” qaz dəhlizi layihəsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artıracaq. Təxminən 45 milyard dollar həcmində sərmayə qoyuluşu tələb edən yeni dəhliz vasitəsilə Xəzərin qaz ehtiyatları Avropa İttifaqının mərkəzi ölkələrinə çatdırılacaq. Xəzər hövzəsi ilə uzaq Adriatik dənizi sahillərini birləşdirəcək “Cənub” qaz dəhlizi dörd hissədən ibarətdir: “Şahdəniz” yatağı, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP. Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir.

Bu yaxınlarda isə yenə də Azərbaycanın fəal iştirakı ilə qədim türk torpağı olan Qars şəhərində tarixi TANAP layihəsinə start verilib. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. Azərbaycanın fəal iştirakı ilə icrasına start verilən TANAP regionda yeni əməkdaşlıq və təhlükəsizlik platforması yaradılmasına xidmət edir. Prezident İlham Əliyev yeni regionalqlobal enerji xəritəsini formalaşdıran layihələrdə Azərbaycanın fəal iştirakından məmnunluğunu bildirərək hər bir ölkənin milli təhlükəsizliyinin təmin olunmasında enerji təhlükəsizliyinin önəmini vurğulayıb: “Azərbaycan bütün bu layihələrdə fəal iştirakçıdır və bu gün biz yeni reallığı yaradırıq. Çünki enerji təhlükəsizliyi bu gün milli təhlükəsizlik qədər önəmlidir. Heç bir ölkə öz milli təhlükəsizliyini enerji təhlükəsizliyini təmin etmədən sığortalaya bilməz. Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib”.

Görülən işlər Azərbaycanın geosiyasi əhəmiyyətini, həmçinin, gücünü və təsir imkanlarını artırır

Azərbaycanın iqtisadi gücünün, maliyyə imkanlarının genişlənməsi, ölkələr arasında əməkdaşlığın dərinləşməsində daim xoş niyyət nümayiş etdirməsi, qlobalregional əhəmiyyətli layihələrin yerinə yetirilməsində əsas moderator rolunda çıxış etməsi öz müsbət nəticələrini verməkdədir. Son illərdə ölkəmizin geosiyasi əhəmiyyəti, həmçinin qlobal miqyasda təsir imkanları əhəmiyyətli dərəcədə artıb. Respublikamızın qısa müstəqillik tarixində 155 ölkənin dəstəyini qazanaraq dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi deyilənlərin təsdiqidir.

Məlum olduğu kimi, ölkəmiz cari ilin yayında birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsi də “qoca qitə”də ölkəmizə böyük inam bəslənilməsindən xəbər verir. Azərbaycan isə öz növbəsində bu inamı yüksək səviyyədə doğrultmaq üçün böyük səylə hazırlaşır və yarışları Olimpiya Oyunları səviyyəsində keçirtmək əzmindədir.

Öz növbəsində, Azərbaycanın beynəlxalq birliyin nüfuzlu aktoruna çevrilməsini qarşıya hədəf qoyan Prezident İlham Əliyev ölkəmizin regionalqlobal miqyasda nüfuzunun artmasına xüsusi önəm verdiyini bir daha nəzərə çatdırıb: “...Görülən bu işlər Azərbaycanın geosiyasi əhəmiyyətini artıracaq və bizim gücümüzü də artıracaq, təsir imkanlarımız da artacaq... Bu gün bölgədə nə iqtisadi, nə siyasi, nə başqa sahələrdə heç bir layihə bizim razılığımız olmadan icra edilə bilməz. Bunu yaxın tarix göstərib”.

Əldə olunan nailiyyətlər, əlbəttə ki, arxayınçılığa əsas vermir. Müasir dünyada güc amili mühüm rol oynayır. Buna görə də Azərbaycanın daha güclü dövlətə çevrilməsi qarşıda duran əsas hədəflərdəndir. Prezident İlham Əliyev sözügedən nitqində bildirib ki, biz daha güclü olmalıyıq: “Dünyanın bütün yerlərində biz bunu görürük, kim güclüdür, o da haqlıdır. Bu, nəyi göstərir? Onu göstərir ki, güclü olmaq lazımdır. Bizbunu çoxdan başlamışıq: güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi və əlbəttə ki, düşünülmüş siyasət və sosial ədalət”.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2015.- 9 aprel.- S. 3.