Azərbaycanda dini,
milli və mənəvi dəyərlərimizin
qorunmasına xüsusi diqqət yetirilir
Prezident İlham
Əliyev: Azərbaycan öz milli, dini dəyərlərinə
sadiqdir. Bizim dini dəyərlərimiz milli
dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini
dəyərlərsiz təsəvvür etmək mümkün deyil
Tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olub. Təsadüfi deyil ki, müxtəlif zaman kəsiklərində işğallara məruz qalmasına, müxtəlif xalqlar tərəfindən assimilyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub və yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin yüksək səviyyədə formalaşmasına və inkişafına mühüm töhfələr verib. 70 ilə yaxın bir müddətdə ateizmin təbliğ edildiyi və hökm sürdüyü SSRİ mühitində yaşamasına baxmayaraq, xalqımız daim mənəvi - dini dəyərlərə, sərvətlərə əsaslanan humanist meyilləri yaşadıb. Bunun da nəticəsində bu gün Azərbaycan xalqı yüksək dövlət dəstəyi və qayğısının fonunda ən yüksək mənəvi-əxlaqi davranış nümunələrini özündə təcəssüm etdirməkdə və örnək təşkil etməkdədir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra İslam ənənələrinə əsaslanan müqəddəs bayramların qeyd olunmasının bərpa edilməsi, hər bir vətəndaşa etiqad azadlığından yararlanmağa maksimum şəraitin yaradılması, eləcə də, müxtəlif millətlərin və dinlərin nümayəndələrinə istənilən şərait və şərtlərdə yüksək səviyyəli diqqət və qayğının göstərilməsi ölkəmizdəki mövcud humanitar dəyərlərin, eyni zamanda, münasibət və meyillərin inkişafına yüksək stimul verib. Bu da, şübhəsiz, Azərbaycanı yüksək səviyyəli dəyərlərin daşıyıcısı olan müxtəlif xalqlar və dinlərin nümayəndələrinin yanaşı yaşadığı ideal və arzuedilən məmləkətə çevirib.
Azərbaycanda İslam mədəniyyətinə xas maddi və mənəvi dəyərlər təkcə qorunub saxlanılmır, həm də genişləndirilir, inkişaf etdirilir
Müsəlman ailəsinin bir üzvü olan Azərbaycan xalqının milli, mədəni dəyərlərinin formalaşmasında İslam dəyərləri, digər müsəlman cəmiyyətləri ilə tarixi-mədəni əlaqələrin rolu böyükdür. Şərq və Qərb sivilizasiyalarının, eləcə də, milli mədəniyyətin harmonik şəkildə qovuşduğu Azərbaycandakı müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən, İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi-mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur.
Azərbaycanda İslam mədəniyyətinə xas maddi və mənəvi dəyərlər həm də genişləndirilir, inkişaf etdirilir. Təkcə bir faktı qeyd edək ki, keçmiş SSRİ dönəmində respublikamızda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı dəfələrlə artıb. Son 11 il ərzində respublikamızda 250-yə yaxın məscid tikilib və yaxud təmir edilib. Xalqımız üçün çox böyük dəyər kəsb edən Bibiheybət, Təzəpir, Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi yüksək səviyyədə təmir-bərpa işləri aparıldıqdan sonra insanların istifadəsinə verilib. Bu yaxınlarda Bakının Binəqədi rayonunda 12 min kvadratmetr sahədə inşa olunan möhtəşəm Heydər məscidinin istifadəyə verilməsi isə respublikamızda dövlət-din münasibətlərinin çox yüksək səviyyədə qurulmasının daha bir ifadəsidir. Ölkəmizdə dövlət vəsaiti hesabına belə bir möhtəşəm məscidin inşa olunması bir çox cəhətdən əlamətdardır. Bu, həm də Azərbaycanın öz milli, dini ənənələrinə möhkəm bağlı olduğunu təsdiqləyir.
Göründüyü kimi, Azərbaycan həm İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişlənməsində önəmli rol oynayır, həm də ölkə ərazisində və dünyada İslam irsinin qorunmasında və yaşadılmasında fəal işlər görür.
Onu da xüsusi vurğulamaq gərəkdir ki, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, xanımı Mehriban Əliyeva və ailə üzvlərinin İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olmaları, eləcə də Mədinə şəhərində Peyğəmbər məscidini ziyarət etmələri İslam dini dəyərlərinə yüksək münasibətin bariz təzahürüdür.
Eyni zamanda, Azərbaycan nümunəsində ortaya çıxan əsas reallıqlardan biri də budur ki, ölkəmizdə dini dəyərlər milli dəyərlərimizdən ayrılmazdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir: “Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil”.
Bütün bunlara paralel olaraq xalqımız öz adət-ənənələrində, həyat tərzində dünyəvi və milli-mənəvi dəyərlərlə yanaşı, İslam dini dəyərlərini də yaşadır, mühafizə edir. Bir sözlə, Prezident İlham Əliyevin vurğuladığı kimi: “Biz öz müqəddəs dinimizə - İslam dinimizə sadiq olan xalqıq. Biz İslam dəyərlərini dünyada təbliğ etməliyik və bu məqsədlə Azərbaycan çox böyük işlər görür - həm Azərbaycan dindarları, həm Azərbaycan dövləti”.
Prezident İlham Əliyev, həmçinin, milli mənəvi dəyərlərimizin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində əhəmiyyətini vurğulayaraq deyib: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir”.
Azərbaycan İslam coğrafiyasında nüfuzlu və güclü dövlət kimi tanınır
Onu da xüsusi vurğulamaq gərəkdir ki, həyata keçirilən rasional xarici siyasət kursu Azərbaycanın müsəlman ölkələri arasında - İslam aləmində nüfuzlu, mötəbər dövlət kimi tanınmasını şərtləndirib. Məhz bunun qanunauyğun nəticəsidir ki, ölkəmiz müsəlman ölkələri ilə ikitərəfli və çoxtərəfli praqmatik əlaqələrə malikdir və münasibətlərin inkişafı, bütövlükdə, İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına xidmət edir.
Ümumiyyətlə, bu gün Azərbaycanla müsəlman ölkələri arasındakı münasibətlər bütün sahələrdə dinamik inkişaf tendensiyasına malikdir. Qarşılıqlı əlaqə və təmasların sıxlaşdığı bir dövrdə Azərbaycanla digər müsəlman ölkələri arasındakı münasibətlər, qarşılıqlı dəstək və işbirliyi meyilləri daim inkişaf etdirilməkdədir. Ölkələr arasında ikitərəfli və çoxtərəfli formatda mövcud olan yüksək səviyyəli təmasların fonunda siyasi, iqtisadi, mədəni, elmi, dini, humanitar və digər sahələrdə möhkəm həmrəyliyin formalaşdırılması yönündə mühüm addımlar atılmaqdadır. Bu da, nəticə etibarilə, ölkəmizi müsəlman ölkələrinin etibarlı əməkdaşına çevirməkdədir.
Müsəlman ölkələri Azərbaycanı etibarlı tərəfdaş və səmərəli münasibətlərə malik müttəfiq kimi qiymətləndirirlər
Qeyd etdik ki, Azərbaycanla müsəlman ölkələri arasındakı əlaqələr ən yüksək inkişaf mərhələsində davam etməkdədir. Bu əlaqələr bütün sahələri, iqtisadi, siyasi, mədəni, humanitar və s. istiqamətləri əhatə edir. Belə ki, Azərbaycan müsəlman ölkələrinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında (İƏT) təmsil olunur və ikitərəfli, eləcə də, çoxtərəfli formatda mövcud olan qarşılıqlı-faydalı əlaqələr davamlı olaraq daha da möhkəmləndirilir. Azərbaycanla müsəlman ölkələri daim beynəlxalq arenada qarşılıqlı surətdə bir-birlərinin mənafe və mövqelərini müdafiə edirlər. Belə ki, Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ məsələsində də bu ölkələrin hər biri Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan haqlı mövqeyini müdafiə edir. Bu, zaman-zaman İƏT çərçivəsində qəbul edilən qərar və qətnamələrdə də birmənalı şəkildə öz əksini tapır. Belə ki, hər il düzənlənən İƏT-in zirvə toplantılarında qəbul edilən yekun qətnamələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət öz əksini tapır və Azərbaycanın ərazi bütövlüyü tanınır, eləcə də, dəstəklənir.
Qısacası, Azərbaycanın praqmatik və ədalətli mövqeyinin fonunda müsəlman dövlətləri ölkəmizi etibarlı tərəfdaş və sıx münasibətlərə malik müttəfiq kimi qiymətləndirirlər.
İslam dünyasının bir parçası kimi Azərbaycan da öz xarici siyasətində İslam ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə müsəlman dövlətlərinin dəstəyini daim hiss edir. Xocalı soyqırımını dünyada tanıyan ilk dövlətin Pakistan İslam Respublikası olması bunu təsdiq edən faktlardan biridir.
Xatırladaq ki, Azərbaycan İƏT-ə 1991-ci ilin dekabrında üzv seçilib. 1994-cü ilin may ayından etibarən Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İƏT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verildikdən sonra Ər-Riyaddakı səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İƏT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən, İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlanıb. Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına səfəri tərəflər arasında əməkdaşlığın gələcək inkişafı üçün zəmin yaradıb. Ümummilli liderin İƏT Baş katibi ilə 1994-cü ilin noyabrında Bakıda keçirdiyi görüşlər, həmin ilin dekabrında İƏT dövlət və hökumət başçılarının Kasablankada keçirilmiş VII Zirvə Konfransında iştirakı və İƏT Baş katibi, həmçinin bir sıra üzv dövlətlərin xahişilə Asiya ölkələri qrupu adından çıxışı Azərbaycanın mövqeyini təşkilat daxilində daha da möhkəmləndirdi.
Prezident İlham Əliyev də müsəlman dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi çərçivəsində qurumla əlaqələrə önəm verir. İƏT çərçivəsində genişləndirilən bu əlaqələr istər Azərbaycanın dövlət maraqları, istərsə də qurum daxilində inteqrasiyanın, əməkdaşlığın genişlənməsi və təşkilatın beynəlxalq mövqelərinin güclənməsi baxımından faydalıdır. Azərbaycan İƏT çərçivəsində müsəlman dünyasının başlıca problemlərinə dair aparılan müzakirələrdə, qərar və qətnamələrin qəbul edilməsində daim konstruktiv mövqedən çıxış edib.
Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində də qlobal əməkdaşlıq üçün əlverişli məkandır
Siyasi və iqtisadi məsələlərlə yanaşı, mədəniyyət, humanitar sahələrdə də Azərbaycan İslam ölkələri arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır. Azərbaycan humanitar, mədəni sahələrdə yeni qlobal mərkəzə çevrilməkdədir. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ənənə halını alması da təsadüfi olmayıb, ölkəmizin mədəniyyətlərin inteqrasiyasına verdiyi töhfələrdən xəbər verir. Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində də qlobal əməkdaşlıq üçün əlverişli məkandır. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin dünyada yayıldığı bir vaxtda, Azərbaycanda bu proseslərin tamamilə əksini, mədəniyyətlərin toqquşmasını deyil, qovuşmasını müşahidə etmək mümkündür. Bütün bunlarla əlaqədar olaraq, ölkəmiz dünya sivilizasiyalarının qovuşmasının və multikulturalizmin nəzərə çarpan nümunəsi kimi dünyada tanınır və sadalanan cəhətlər başqa ölkələrə də gözəl örnəkdir.
Bakıda Heydər məscidinin açılışı mərasimindəki çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, biz bu gün beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsi üçün öz dəyərli töhfəmizi veririk: “Təsadüfi deyil ki, məhz Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilmişdir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dialoqlar, mədəniyyətlərarası dialoq, humanitar forum, dünya dinlərinin liderlərinin zirvə görüşləri - bütün bunlar bu gün Azərbaycan reallıqlarıdır. Biz çalışırıq bu tədbirlərin keçirilməsi ilə ümumi işimizə töhfəmizi verək ki, dünyada da dini, milli zəmində heç vaxt anlaşılmazlıq, qarşıdurma olmasın”.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2015.- 9 aprel.- S.2.