Azərbaycan dünyada
heç kimdən asılı olmayan müstəqil siyasət həyata keçirir
Prezident İlham
Əliyev: Müstəqillik bizim üçün ən böyük
sərvətdir, ən böyük dəyərdir
Məlum olduğu kimi, Azərbaycan hazırda öz inkişafına görə regionun lider dövlətidir. Əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və son 11 ildə Prezident İlham Əliyevin ardıcıllıqla davam etdirdiyi siyasət sayəsində iqtisadi potensialını, maliyyə imkanlarını əhəmiyyətli dərəcədə artıran, daxildə möhkəm vətəndaş həmrəyliyinə nail olan ölkəmiz, eyni zamanda, beynəlxalq birliyin aparıcı aktorlarından birinə çevrilib. Yəni bu gün Azərbaycanın inkişafı elə bir yüksək səviyyəyə çatıb ki, regionda istənilən layihənin həyata vəsiqə almasında ölkəmizin təşəbbüsləri və iştirakı həlledici rol oynayır, həmçinin, respublikamız bundan sonra onilliklər boyu Avropanın enerji təhlükəsizliyinə hesablanan yeni regional və qlobal əhəmiyyətli enerji xəritəsinin formalaşmasında aparıcı mövqeyə malikdir.
Təbii ki, Azərbaycan qlobal miqyasda ölkəmizə böyük inam qazandıran, təsir imkanlarını artıran belə yüksək inkişaf mərhələsinə müstəqillik illərində çatıb. Əsrlər boyu xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşayıb, məmləkətimizin sərvətləri talanıb. Bu gün isə Azərbaycan müstəqil dövlətdir, 20 ildən çoxdur ki, xalqımız öz taleyinin sahibidir. Bir sözlə, qısa müstəqillik tarixində əldə olunan nailiyyətlər Azərbaycan xalqının xoşbəxtliyinin məhz müstəqilliklə bağlı olduğunu bir daha təsdiqləyir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyindəki nitqində müstəqilliyimizin xalqımız üçün çox böyük dəyər kəsb etdiyini xüsusi vurğulayıb: “Biz müstəqil siyasət aparırıq. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir”.
Azərbaycanın müstəqil siyasəti milli dəyərlərə, ənənələrə əsaslanır
Bu bir faktdır ki, hər bir ölkənin sosial-iqtisadi inkişafını, qlobal risklərə dayanıqlılığını şərtləndirən amillər sırasında cəmiyyətin monolitliyi mühüm yer tutur. Tarixi təcrübə də göstərir ki, ideoloji həmrəyliyə malik olan, iqtidar-xalq birliyi yüksək səviyyədə təmin edilən ölkələr qarşıya qoyulan bütün hədəflərə müvəffəqiyyətlə çatırlar. Bu mənada bütün dünyada yeni inkişaf modeli kimi qəbul edilən Azərbaycanın nümunəsi daha xarakterikdir. Ölkəmizin inkişafını fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, Azərbaycan iqtidarı heç vaxt populist vədlərlə çıxış etmir və dövlət siyasətinin müəyyənləşməsində cəmiyyətdən gələn sifarişlər əsas götürülür. Ölkəmizdə məqsədyönlü siyasət sayəsində bərqərar olan möhkəm ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi qlobal risklər və kənar mənfi təsirlər şəraitində Azərbaycanın dünyaya nümunəvi inkişaf modeli təqdim etməsini şərtləndirən əsas faktor qismində çıxış edir. Prezident İlham Əliyev sözügedən nitqində ölkəmizin bu reallığına diqqət çəkərək bildirib: “Azərbaycanda ictimai-siyasi vəziyyət çox müsbətdir, xalqla iqtidar arasında birlik möhkəmdir. Bizim islahatlarımız, siyasi addımlarımız, beynəlxalq səviyyədə apardığımız işlər xalq tərəfindən dəstəklənir və bugünkü Azərbaycan reallıqları bunu göstərir”.
Ümumiyyətlə, son 11 ildə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin ana xəttini məhz xəliqilik təşkil edib. Yəni, son 11 ilin təcrübəsinə diqqət yetirdikdə Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq. Ölkəmizdə 2004-cü ildən bəri uğurla icra edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının qəbul edilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin prioritetlərinin müəyyən edilməsində xalqın istəyini, cəmiyyətdən gələn sifarişləri əsas götürməsinin bariz nümunəsidir. Qeyd edək ki, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının qəbul edilməsi təşəbbüsünü Prezident İlham Əliyev hələ 2003-cü ildə seçicilərlə görüşlərində irəli sürüb. Praqmatik siyasətçi olan cənab İlham Əliyev xalqın inamını qazanaraq Prezident seçildikdən sonra öz vədinə sadiq qaldı. Artıq 2004-cü ildən bəri ölkəmizdə Onun rəhbərliyi altında uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları sayəsində Azərbaycanın bütün bölgələri iqtisadi güc amilinə çevrilib.
Öz növbəsində, qısa müddətdə əhalinin məşğulluq probleminin həllinə nail olunması ölkəmizdə cəmiyyətin tələbatının və istəyinin dövlət siyasətində mütləq nəzərə alınmasının daha bir ifadəsidir. Cəmi 11 il ərzində respublikamızda işsizliyin 5 faizədək azalması Prezident İlham Əliyevin necə praqmatik və öz vədinə sadiq qalan siyasətçi olduğunu bir daha təsdiqləyir. Qeyd edək ki, 2004-cü ildən bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində respublikamızda 1 milyon 300 mindən artıq yeni iş yerləri açılıb ki, onların da böyük əksəriyyəti daimidir.
Ölkəmizdə dövlət siyasətinin milli maraqlar, cəmiyyətin tələbi və istəyi əsasında formalaşdırıldığını təsdiqləyən belə misalların sayı kifayət qədər çoxdur. Bütün bunlar isə ölkə vətəndaşlarında Azərbaycan iqtidarına, dövlət başçısına böyük inam yaradır, cəmiyyətimizin monolitliyini təmin edir.
Azərbaycanın müstəqil dövlət siyasəti, həmçinin, milli dəyərlərə, ənənələrə əsaslanır. Bu amili nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Bizim müstəqilliyimiz də milli dəyərlər, ənənələr üzərində qurulubdur”.
Vurğulamaq yerinə düşər ki, xalqımız tarixin müxtəlif dönəmlərində təzyiqlərə məruz qalsa da, öz milli kimliyini, ənənələrini, dilini qoruyub saxlamağa müvəffəq olub, ədəbiyyatını, mədəniyyətini daim zənginləşdirib. Azərbaycanda əsrlər boyu Novruz və digər milli-dini bayramlar qeyd olunub. Müstəqillik illərində isə milli mədəniyyətimiz, tarix boyu bizi xalq kimi yaşadan mənəvi dəyərlərimiz xüsusi dövlət qayğısı ilə əhatə olunub. Hazırda ölkəmizdə insanların əziz tutduqları bütün bayramlar dövlət səviyyəsində qeyd edilir.
Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunu xüsusi vurğulamaq gərəkdir. Son 11 il ərzində respublikamızda 250-yə yaxın məscid tikilib və yaxud təmir edilib. Xalqımız üçün çox böyük dəyər kəsb edən Bibiheybət, Təzəpir, Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi yüksək səviyyədə təmir-bərpa işləri aparıldıqdan sonra inanclı insanların istifadəsinə verilib. Hazırda Gəncədəki İmamzadə dini, tarixi, mədəni mərkəzində də belə təmir-bərpa işləri həyata keçirilir. Bu yaxınlarda isə dövlət vəsaiti hesabına Bakının Binəqədi rayonunda inşa olunan möhtəşəm Heydər məscidi inanclı insanların istifadəsinə verildi. Bir sözlə, ölkəmizdə dövlət tərəfindən cəmiyyətin istəyi nəzərə alınaraq dini abidələrin bərpasına, həmçinin, yeni məscidlərin inşasına böyük diqqət göstərilir.
Respublikamız beynəlxalq münasibətlərdə ədalətin, bütün ölkələrlə bərabərhüquqlu, mehriban münasibətlərin tərəfdarıdır
Məlumdur ki, Azərbaycan regionda Ermənistanın təhlükəsizliyi pozmasından, təcavüzkar separatizm siyasətindən əziyyət çəkən ölkədir. Respublikamız ötən əsrin 80-ci illərinin sonlarından 90-cı illərinin əvvəllərindən etibarən Ermənistanın dövlət səviyyəsində dəstəklənən işğalçılıq siyasətinə məruz qalıb. Bu siyasət nəticəsində tarixi Azərbaycan ərazilərinin 20 faizi erməni silahlı birləşmələri tərəfindən işğal edilib. Ermənistanın təcavüzkar siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı Dağlıq Qarabağdakı və ora bitişik 7 rayondakı ev-eşiklərindən didərgin salınıb. Faktlardan da göründüyü kimi, bu gün Ermənistandakı diktator üsul-idarəsinə əsaslanan kriminal rejim beynəlxalq və regional təhlükəsizliyə, sabitliyə ən böyük təhlükə qismində çıxış edir.
Ermənistanın işğalçılıq siyasətinə məruz qalan Azərbaycan hesab edir ki, ədalət və beynəlxalq hüquq hər bir ölkənin prioriteti olarsa, yer üzündə gərginlik, toqquşma, müharibələr, qan tökülməsi daha az olar. Prezident İlham Əliyev sözügedən nitqində Azərbaycanın həyata keçirdiyi siyasətin ədalət prinsipi üzərində qurulduğuna diqqət çəkərək vurğulayıb: “Azərbaycan bu gün bölgənin aparıcı ölkələrindən biridir və bizim siyasət ədalətli siyasətdir. Biz bütün ölkələrlə bərabərhüquqlu, qonşularla mehriban münasibətlərin tərəfdarıyıq”.
Təəssüf doğuran hal odur ki, dünyanın müxtəlif regionlarında alovlanan münaqişələrə yanaşmalarda eyni prinsiplər, eyni yanaşmalar tətbiq olunmur, bir sıra hallarda ikili standartlar əsas götürülür. Azərbaycan belə ikili standartlardan yanaşmanı üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə öz üzərində hiss edir. Dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Eyni zamanda, ATƏT, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar oxşar qərarlar qəbul ediblər. Dünyanın əksər ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Lakin Ermənistan özünü cəzasız hiss edir və beynəlxalq birliyin mövqeyinə məhəl qoymur. BMT-nin və digər beynəlxalq qurumların qərarları uzun illərdir ki, kağız üzərində qalıb. Halbuki, beynəlxalq birlik bu kimi münaqişələrin həllində ilk növbədə ədalət prinsipindən, beynəlxalq hüquq normalarından çıxış etməlidir. Avropada, Yaxın Şərqdə və dünyanın digər regionlarında ayrı-ayrı ölkələrin terror, müharibə təhlükələri ilə üzləşdiyi, xalqların və müxtəlif konfensiyaların milli, irqi, dini dözümsüzlüyün acı fəsadlarını öz talelərində hiss etdikləri indiki dönəmdə beynəlxalq birliyin öz səylərini birləşdirməsi çox vacibdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan beynəlxalq aləmdə ədalətin pozulmasına qarşı mübarizə aparır: “Hər yerdə ədalət olmalıdır - cəmiyyətdə, ailədə, beynəlxalq münasibətlərdə. Ədalət pozulduqda hər şey pozulur, inam pozulur. Sanki dünyada yeni bir dəyərlər sistemi formalaşır. Ədalət əvəzinə qeyri-ədalətli yanaşma, bərabərlik əvəzinə qeyri-bərabərlik, düzgünlük əvəzinə riyakarlıq, yalan. Bax, biz buna qarşı mübarizə aparırıq. Əlbəttə, Azərbaycan böyük dövlət deyil, amma bizim də kifayət qədər gücümüz var ki, öz sözümüzü deyək, bölgədə və qitədə gedən proseslərə təsir edək”.
Azərbaycan heç bir ölkə qarşısında öhdəlik götürməyib
Müstəqilliyinin ilk illərində gənc Azərbaycan dövlətinin qarşısında duran əsas prioritetlər sırasında ölkənin dövlətçiliyinin, suverenliyinin möhkəmləndirilməsi, siyasi təsisatlar qurulması, regional və qlobal miqyaslı təşkilatlarla əlaqələr yaradılması mühüm yer tuturdu. Bu gün əminliklə demək mümkündür ki, müstəqilliyinin ilk illərində bir sıra ciddi daxili və xarici çətinliklərlə üzləşən Azərbaycan qısa müddətdə siyasi sahədə qarşıya qoyduğu əsas hədəflərə çatmağa nail olub. Hazırda gənc Azərbaycan dövləti dünyanın əksər ölkələri və beynəlxalq təşkilatlarla xoş niyyətə əsaslanan əlaqələr qurmağa müvəffəq olub. Respublikamızın Avropa Şurasının Nazirlər Komitəsindəki uğurla keçən sədrliyi bir müddət öncə başa çatıb. Ölkəmiz 2001-ci ildən Avropa Şurasında təmsil olunur. Sözügedən quruma üzvlük ölkəmizi Avropa ilə yaxınlaşdırıb və mütərəqqi Avropa dəyərlərinin ölkəmizdə təşviq olunmasına imkan yaradıb. Hazırda Azərbaycanın siyasi sistemi əksər Avropa ölkələrinin siyasi sistemi ilə oxşarlıq təşkil edir. Respublikamızın dünya ölkələri ilə əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələr, eləcə də müxtəlif beynəlxalq təşkilatlarda üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməsi qlobal miqyasa Azərbaycanın nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün dünya üçün əhəmiyyətli ölkəyə çevrilib. Qısa müstəqillik tarixində 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının 2012-1013-cü illərdə qeyri-daimi üzvü seçilməsi bunun parlaq təzahürüdür. Ölkəmiz BMT TŞ-yə qeyri-daimi üzvlüyü dövründə iki dəfə quruma uğurla sədrlik edib.
Azərbaycan istər sosial-iqtisadi siyasət, istərsə də beynəlxalq münasibətlər sahəsində bütün uğurlara heç kimdən təmənna gözləmədən təkbaşına çatıb. Yuxarıda vurğuladığımız kimi, Azərbaycan dövləti qarşıya qoyulan hədəflərə çatılmasında, uğurlarımızın əldə olunmasında gücü, başlıca dəstəyi xalqdan, cəmiyyətdən alıb. Respublikamızın hər hansı bir beynəlxalq təşkilat və yaxud xarici dövlət qarşısında öhdəliyi yoxdur. Buna görə də, bu gün heç kim ölkəmizlə diktat dili ilə danışa bilməz. Prezident İlham Əliyev bunu nəzərə çatdıraraq deyib: “Biz hesab edirik ki, dünyada böyük-kiçik ölkə anlayışı olmamalıdır. Bütün ölkələr bərabər hüquqa malikdir. Ona görə biz bütün ölkələrlə öz siyasətimizi bu prinsiplər əsasında qururuq. Heç bir ölkə qarşısında öhdəlik götürməmişik və bu, mümkün deyil. Beynəlxalq təşkilatlarda ki, biz üzvük, o öhdəlikləri biz yerinə yetiririk, onlara hörmətlə yanaşırıq, vəssalam. Bizim başqa heç bir öhdəliyimiz yoxdur. Əgər kimsə hesab edir ki, Azərbaycanı nəyə isə təhrik etmək, sövq etmək, məcbur etmək mümkündür, səhv edir və bu səhv siyasətindən əl çəkməlidir. Son illərin tarixi bunu göstərir. Biz öz yolumuzla gedirik. Bu yol tərəqqi, inkişaf yoludur. Bu yol azadlıq-müstəqillik yoludur və biz bu uğurları bu yolda əldə etmişik”.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-2015.- 10 aprel.- S. 2.