ABŞ-Azərbaycan münasibətləri tərəflərin milli maraqlarına və müasir geosiyasi çağırışlara cavab verir

 

Tərəflər arasında münasibətlərin uzunmüddətli perspektivdə uğurla davam və inkişaf etdirilməsi hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir

Məlum olduğu kimi, hazırda Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları (ABŞ) müasir beynəlxalq münasibətlər sistemində strateji tərəfdaş kimi çıxış etməkdədirlər. Ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanır. Hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar milli maraqlar sisteminin qarşılıqlı faydalı əlaqələr üzərində uzlaşdırılmasıdır.

Ümumiyyətlə, Birlərmiş Ştatlarla Azərbaycan arasında bir çox sahəni ehtiva edən çoxşaxəli əlaqələr mövcuddur. Belə ki, Vaşinqtonla Bakı beynəlxalq təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi, demokratik inkişaf istiqamətində əməkdaşlığın dərinləşdirilməsi kimi yönlərdə sıx təmaslara malikdirlər.

ABŞ-Azərbaycan əməkdaşlığı beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir

Heç şübhəsiz, iki ölkə arasındakı strateji münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də regional və beynəlxalq təhlükəsizlik sahəsindəki əməkdaşlıq əlaqələridir. Bununla bağlı müxtəlif zaman kəsiklərində qarşılıqlı səfərlər təşkil edilir, təhlükəsizliyə, əməkdaşlığa dair ən aktual məsələlərlə əlaqədar olaraq dialoqlar keçirilir, məsləhətləşmələr aparılır. Digər tərəfdən, tərəflər arasında baş tutan rəsmi və işgüzar təmaslar münasibətlərin inkişafına özünəməxsus töhfələr verir. Bu məqam, aprelin 10-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşündə bir daha vurğulanıb. Görüşə görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən amerikalı diplomat qədim tarixə və zəngin mədəniyyətə malik respublikamıza səfir təyin olunmasından şərəf duyduğunu vurğulayıb. O, Birləşmiş Ştatlar hökumətinin güclü və müasir demokratik Azərbaycanla əlaqələrə böyük önəm verdiyini nəzərə çatdırıb.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələr üzrə mövcud tərəfdaşlıq münasibətlərinin enerji, nəqliyyat, təhlükəsizlik, terrorizmlə mübarizə və digər istiqamətlərdə daha intensiv davam etdirilməsi üçün hər cür imkanların olduğu bildirilib. Səfirin fəaliyyəti dövründə qarşılıqlı-faydalı əməkdaşlıq potensialından səmərəli istifadə olunacağına əminlik ifadə edən tərəflər, xüsusilə xalqımız üçün önəmli olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müvafiq addımların atılmasının vacibliyini vurğulayıblar. Görüşdə qarşılıqlı münasibətlərin perspektivləri baxımından tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Birləşmiş Ştatlar Azərbaycanı regional təhlükəsizliyin qarantı və etibarlı tərəfdaş kimi dəyərləndirir

Ümumiyyətlə, Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş etməsi Birləşmiş Ştatlar tərəfindən yüksək qiymətləndirilir. Vaşinqton ölkəmizi regional təhlükəsizliyin qarantı hesab edir və bu istiqamətdə əməkdaşlığın önəmini xüsusi vurğulayır. Eyni zamanda, təhlükəsizlik kontekstində ABŞ-la Azərbaycanın strateji tərəfdaşlığını uğurlu edən faktorlardan biri də rəsmi Bakının beynəlxalq terrorizmlə mübarizədə, həmçinin, qlobal sülhyaratma prosesində Vaşinqtona yüksək səviyyəli dəstək verməsidir. Belə ki, Azərbaycan Respublikası bir sıra “qaynar” geostrateji məntəqələrdə beynəlxalq terrorizmə və digər dağıdıcı, qeyri-qanuni hal və hərəkətlərə qarşı mübarizədə Birləşmiş Ştatlarla əməkdaşlıq etməkdə və bu istiqamətdə pozitiv nəticələr əldə olunmaqdadır. Məhz bütün bunları nəzərə alan ABŞ ölkəmizi etibarlı strateji tərəfdaş kimi qəbul etməkdədir. Rəsmi Vaşinqtonun timsalında dəfələrlə bəyan edilib ki, Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi Birləşmiş Ştatların xarici siyasət konsepsiyasında öz əksini tapmış prioritetlərdəndir və bəhs olunan milli dövlət Azərbaycanı uzun müddət beynəlxalq təhlükəsizlikdə güclü tərəfdaş hesab edib. Bu gün isə Birləşmiş Ştatlar iqtisadi, siyasi, humanitar istiqamətlərdə və təhlükəsizlik kontekstində ikitərəfli əlaqələrin intensiv surətdə inkişaf etdirilməsində maraqlı tərəf kimi çıxış etməkdədir.

Əlbəttə, Birləşmiş Ştatların Azərbaycan Respublikasını etibarlı tərəfdaş və regional təhlükəsizliyin qarantı kimi dəyərləndirməsi, əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə etməsi təsadüfi deyil. Çünki Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji əməkdaşlıq platforması gerçəkləşdirilmir. Gerçəkləşdirilən bütün regional layihələrin mərkəzi oyunçusu qismində məhz Azərbaycan çıxış edir və sözügedən layihələr Cənubi Qafqazın təhlükəsizlik sisteminin əsaslarının möhkəmləndirilməsində əhəmiyyətli faktor kimi dəyərləndirilir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç kimdən asılı olmadığını da təsdiq edir. Bütövlükdə isə, ölkəmiz bir neçə istiqamətdə regional və qlobal təhlükəsizliyə fundamental töhfələr bəxş etməkdədir.

Nəticə etibarilə, regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı-faydalı səciyyə daşımaqda və perspektiv üçün optimist proqnozlar ifadə etməyə imkan verməkdədir. Ekspertlərin ümumi qənaəti ondan ibarətdir ki, münasibətlərin uzunmüddətli perspektivdə uğurla davam və inkişaf etdirilməsi hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir.

ABŞ Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllini tapması üçün aktiv diplomatik səylərə istinad etməlidir

Bundan başqa, hər iki dövlət beynəlxalq müstəvidə ən mühüm strateji məsələlərlə bağlı bir-birinə dəstək verməkdədirlər. Sirr deyil ki, bu gün ölkəmizin bir nömrəli problemi məhz Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamət kimi çıxış edir. Elə buna görə də, rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Amma Ermənistan davamlı surətdə etdiyi müxtəlif xarakterli manevrlərlə danışıqlar prosesini uzatmağa çalışır. Beləliklə, işğalçı ölkənin - Ermənistanın sərgilədiyi qeyri-konsrtuktiv mövqe münaqişənin həllinin uzanmasına səbəb olmaqdadır. Digər tərəfdən, münaqişənin beynəlxalq hüquq normalarına əsasən həll edilməsinə mane olan başlıca amillərdən biri də vasitəçilik missiyasını daşıyan ATƏT-in Minsk qrupunun lazımi səviyyədə addımlar atmaması və Ermənistanın qeyri-konstruktiv mövqeyinə loyal münasibət bəsləməsidir. Heç şübhəsiz, Minsk qrupunun fəaliyyət mexanizminin səmərəli olması üçün həmsədr dövlətlərin prinsipial və fəal mövqe sərgiləmələri gərəkdir. Bu kontekstdə ABŞ-dan da aktiv diplomatik səylər gözlənilir. Çünki ərazisinin 20 faizi işğal altında olan Azərbaycan Birləşmiş Ştatlar üçün etibarlı strateji tərəfdaşdır və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında ABŞ-ın səyləri də zəruri strateji amil kimi çıxış edir.

Ümumilikdə isə, təhlükəsizlik amilinə xüsusi diqqət yetirən aparıcı dövlətlər və beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll edilməsi istiqamətində fəal mövqe sərgiləməməsi dolayısıyla aşağıdakı nəticələrə gətirib çıxara bilər:

1. Cənubi Qafqaz kimi strateji önəm kəsb edən bir bölgədə dağıdıcı meyillər arta, regional təhlükəsizliyə təhlükə yaradan mənfi tendensiyalar ortaya çıxa bilər. Ən əsası, uzunmüddətli sabitlik və qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri formalaşdırmaq niyyətləri və planları ciddi zərər görə bilər;

2. Bu hal Ermənistanın dağıdıcı və təcavüzkar iddialarının əhatə dairəsinin genişlənməsinə, intensivlik səviyyəsinin artmasına yol aça bilər. Əlbəttə, bu prosesdə qlobal aktorların “xeyir-duası” təşviqedici və yönləndirici mexanizm kimi çıxış edəcək;

3. Bu kimi dağıdıcı tendensiyalar ATƏT-in Minsk qrupunun həmsədrləri kimi çıxış edən ölkələrin, o cümlədən, ABŞ-ın qlobal miqyasda nüfuz zonalarındakı mövqelərinin zəifləməsinə gətirib çıxara bilər. Çünki Cənubi Qafqaz kimi önəmli bir bölgənin “barıt çəlləyi”nə dönməsi “zəncirvari proses” kimi digər bölgələrdə də dağıdıcı meyilləri şiddətləndirə bilər;

Belə olan halda, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olmaq etibarilə ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllini tapması üçün aktiv diplomatiyaya istinad etməli və bu istiqamətdə ciddi nəticələrin əldə olunmasına çalışmalıdır. Çünki münaqişənin beynəlxalq hüquq normalarına əsasən həll olunmaması, status-kvonun saxlanması, ilk növbədə, regional və beynəlxalq təhlükəsizlik üçün potensial təhdid rolunu oynayır.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni  Azərbaycan.-2015.- 14 aprel.- S. 8.