Dünyada işğalda Ermənistana bərabər ola biləcək ikinci bir ölkə yoxdur

 

 Bahar Muradova: Müxtəlif beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ məsələsinin gündəmdə olması vacibdir

 

Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Bahar Muradovanın AZADİNFORM-a müsahibəsi:

- Bahar xanım, son vaxtlar ölkəmizə qarşı bir-birinin ardınca qarayaxma kampaniyasını görürük. Məlum olduğu kimi, ölkəmizdə birinci Avropa Oyunlarının keçirilməsinə çox az bir müddət qalır. Lakin bu oyunların keçirilməməsi üçün “vətənpərvərlər”, bəzi beynəlxalq təşkilatlar əllərindən gələni edirlər. Təbii ki, burada erməni lobbisinin təsirini hamımız bilirik. Sizcə, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi niyə xarici dairələrə sərf etmir?

- Bu, təkcə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi məsələsi ilə deyil, həm də Azərbaycanın çox maraqlı, gərgin və əhəmiyyətli bir regionda, geostratejigeosiyasi məkanda yerləşməsi, özünün ictimai-siyasi, insani, mədəni, eyni zamanda, coğrafi imkanları ilə dünyanın diqqət mərkəzində olması və bütün bunlara rəğmən çox qısa bir müddətdə müstəqilliyini bərpa etmiş, bütün resurslarını öz xalqının, dövlətinin maraqları naminə reallaşdıran, eləcə də, digər beynəlxalq güclərin regiondakı maraqlarını balanslaşdırılmış şəkildə nəzərə alaraq, müstəqil siyasət yeritməsi ilə əlaqədardır. Hazırda dünyada çox ciddi proseslər gedir. Bu proseslər dünyanın nizamını yenidən dəyişməyə yönəlib və belə bir məqamda əlbəttə ki, ərazi nöqteyi-nəzərindən kiçik bir dövlətin müstəqil siyasət yürütməsi regionda çox ciddi maraqları olan dairələr üçün o qədər də xoşagələn hal deyil. Əlbəttə, bir sıra beynəlxalq dairələr burada daha çox sözəbaxan, daha çox kənar iradə və təsir nəticəsində siyasət yeridən, buya digər tövsiyələri bir əmr kimi qəbul edən bir rejim, bir ölkə rəhbəri, bir xalq, bir dövlət görmək istərdilər. Azərbaycan beynəlxalq hüququn prinsiplərini əldə rəhbər tutan, ölçüsündən - böyüklüyündən, kiçikliyindən, iqtisadi, hərbi qüdrətindən asılı olmayaraq, dövlətlər arasında bərabər hüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərə üstünlük verən bir ölkədir. Öz siyasətini də buna uyğun qurur. Bayaq dediyim standartlarmaraqlarla buna yanaşan dairələr əlbəttə ki, bu cür münasibətlər qarşısında başqa yol tapmayaraq, bu ölkəni gözdən salmaq, uğurlarını görməmək, ən azı uğurlarını başqa neqativ məqamlara bağlamaq istiqamətində layihələrə start verirlər. Əlbəttə ki, bütün dünyanı əhatə edən və diqqət mərkəzində olan tədbirlər isə belə layihələri reallaşdırmaq üçün bir fürsət kimi dəyərləndirilir. Azərbaycana diqqətin və marağın artdığını nəzərə alaraq, onu tamamilə neqativ yönə istiqamətləndirmək səyləri şəklində meydana çıxır. Odur ki, bu, bir tək birinci Avropa Oyunları ilə bağlı deyil. Xatırlayın, Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, irimiqyaslı, elə bizim öz resurslarımızın işlənməsi ilə bağlı layihələrimizə start verdiyimiz zaman, Azərbaycana qarşı hansı təxribatlardan, kampaniyalardan istifadə olunmurdu ki? Amma Azərbaycan bütün bunların qarşısında məhz müstəqil iradə və siyasətə istinad etdiyi üçün dayana bildi.

Üstəlik də, xalqın mütləq-əksəriyyətinin bu siyasəti dəstəkləməsi daim Azərbaycan hökumətinin yanında olması nəticəsində bu layihələri nəinki başlaya bildik, onları uğurla irəli apara bildik.

Bu gün də, Azərbaycan dünyaya yeni-yeni prizmalardan açılır. İndi hər kəs Azərbaycanın timsalında çox dinamik, sıçrayışlı iqtisadi inkişaf edən, hərbi cəhətdən qüdrətlənən, sosial cəhətdən vətəndaşlarını yüksək rifahla təmin etmək imkanlarını getdikcə artıran bir dövləti görür. Bu da Azərbaycanın düşmənlərini narahat edir. Gözü götürməyənlər bundan narahat olurlar. Nəyə görə biz kimlərinsə qarşısında hesabat vermirik, kimlərinsə göstəriş və tövsiyələrini bir əmr kimi qəbul etmirik, nəyə görə biz öz resurslarımızın istifadəsi üçün və hansı istiqamətə yönəltmək üçün məsləhətləşmirik? Bütün bunlar bir sıra dairələri narahat edir, onlar da bu imkandan yararlanmaq istəyərək, Azərbaycanı qaralamaq kampaniyasına start veriblər.

- Çox maraqlıdır ki, sapı özümüzdən olan baltalar onların dəyirmanına su tökür. Belə bir ehtimal varmı ki, onlar bu oyunların ölkəmizə verəcəyi töhfələrdən xəbərsiz bunu edirlər? Məncə, yetərincə insan bilir ki, birinci Avropa Oyunları ölkəmizə nə verəcək. Bilmək istəməyənlərə isə sizin vasitənizlə təkrar xatırlatmaq yerinə düşər. Bu Oyunlar ölkəmizə nə qazandıracaq?

- Təəssüf ki, ölkə içində olan məhdud sayda insanlar, xaricdən yönləndirilən belə fəaliyyətlərdə yer alırlar. Azərbaycan dövlətinin mənafeyinə qarşı olan layihələrdə iştirak edirlər. Siz, doğrudan da, elə düşünürsünüz ki, onlar bu tədbirlərin Azərbaycana faydalarından xəbərsizdirlər? Çox təəssüf ki, Azərbaycana kənardan yönəlmiş “məqsədləri” özü üçün məqbul bilən soydaşlarımız da var. Hansı ki, onlar yalnız belə bir şəraitdə müəyyən iqtisadi, siyasi, fərdi maraqlarını ödəyə biləcəklərini, bunun da onlara sərf etdiklərini düşünürlər. Ona görə də, xaricdən gələn bu səslərə daxildən əks-səda verirlər. Amma neçə illər ərzində bu insanların əgər ürəyi Azərbaycanla bir deyildisə, Azərbaycanın uğurlarını gözləri götürmürdüsə, yalnız pisləşə biləcək ehtimal olunan şəraitdə özlərini reallaşdırmağı düşünürdülərsə, bu illər ərzində əmin olmalı idilər ki, bütün bunlar əbəsdir. Bütün bunlar səmərəsiz və faydasız fəaliyyətdir. Görünür, başqa bir şəkildə öz hədəflərinə çata bilməyəcəklərini dərk etdiklərindəndir ki, köhnə vərdişlərini yerə qoya bilmirlər və Azərbaycana qarşı qaralama kampaniyasında iştirak etməyi özlərinə rəva bilirlər. Lakin mən düşünürəm ki, bu, onların faciəsidir. Şəxsi, fərdi, qrup faciəsidir. Öz xalqına, dövlətinə qarşı olan layihələrdə yer alaraq, uğur qazanacağını güdənlərin hər birini uğursuzluq gözləyir. Necə ki, bu gün onlar bu vəziyyətdədirlər.

Əlbəttə, bu bizi narahat edir. Biz anlamaq istəyirik ki, nədən bəzi insanlar belə bir fəaliyyətlərdə iştirak edirlər, bunu özlərinə rəva bilirlər? Hətta onları bəzi hallarda geri qaytaracağımızı, islah edəcəyimizi, Azərbaycanın vicdanlı, məsuliyyətli, vətənpərvər vətəndaşları ilə birlikdə ölkənin uğurlarına sevinəcəklərini düşünürük... Biz belə düşüncəmizdə haqlıyıq. Normal insan, vətəndaş, öz ölkəsini sevən insan belə düşünməlidir. Amma çox təəssüf ki, bütün bu səylərimiz də əbəsdir. Onlar artıq Azərbaycan xalqının uğura yönələn fəaliyyəti ilə onları əlaqələndirə biləcək bütün körpüləri yandırıblar. Geriyə də qayıdışları yoxdur. Buna təəssüf etməkdən başqa bizə bir şey qalmır. Amma daha böyük təəssüf onlara düşür. Çünki Azərbaycan bütün bunlara rəğmən öz inkişaf yolunu uğurla davam etdirir. Qarşısına qoyduğu bütün hədəflərə zamanında və layiqincə çatır. Bundan da, yalnız Azərbaycan xalqı udur, faydalanır. Özünü bu xalqla görməyənlər isə iflasa məhkum olmuş insanlardır.

- Bildiyiniz kimi, mart ayında qondarma rejim xaricdən bir qrup jurnalisti Dağlıq Qarabağa gətirdi. Lakin məlum oldu ki, həmin səfər zamanı elə argentinalı jurnalist öz məqaləsində ölkəmizə qarşı qərəzli mövqedən çıxış etdi. Bu cür yazılara cavab olaraq Azərbaycan jurnalistikası nə etməlidir?

- Bu tip yazılara qarşı jurnalistlərimizin nə etməli və nə edə biləcəkləri aydındır. Kimlərsə bunu bu günədək dərk etməyiblərsə də, ötən bu illər, baş verən hadisələr, proseslər imkan verir ki, hətta ən az müşahidə qabiliyyəti, məntiqi nəticə çıxarmaq, mühakimə yürütmək imkanı olmayanlar da bunu dərk etsinlər. Əgər sənin əlində qələm varsa, sən jurnalist vəsiqəsi gəzdirirsənsə və 3-5 kəlimə sözü bir-birinin ardınca qoşub istər şifahi, istərsə də yazılı bir şəkildə ortaya qoya bilirsənsə, sən bütün bunların qarşısında nə etməli olduğunu dəqiq bilməlisən. Əlbəttə ki, uğurlardan yazmaqonu təbliğ etmək insana sevinc bəxş edir, kim olmasından asılı olmayaraq. Hətta dünyanın ən ucqar nöqtəsində belə, qeyri-adi bir hadisə ilə rastlaşırıqsa, onun haqqında informasiya alırıqsa bu bizi riqqətə gətirir, bəzi hallarda həyəcanlandırır, bəzi hallarda isə sevindirir. Bir çox hallarda isə kədərləndirir. Yəni, insan hiss, həyəcanla yaşayır. Bunlar müsbət ruhlu olduqda, əlbəttə ki, insana stimul verir. Sözlə məşğul olan, peşəsi jurnalist olan insanlar əlbəttə ki, dünyanın hər yerində olan hadisələri tənqidi nöqteyi-nəzərdən qiymətləndirməlidirlər. Bu, jurnalistin vəzifələrindən biridir. Amma yalnız biri deyil, əsası deyil, Azərbaycanı deyil, elə dünyada gedən proseslərin müsbət və mənfi cəhətlərini açmalıdırlar. Əgər bir istiqamətli yanaşacaqsansa onda həqiqəti tapa bilməyəcəksən. Onu yalnız bir rəngdə görəcəksən. Əgər bizə qarşı qaralama kampaniyası gedirsə, bunun cavabını əlbəttə ki, ilk növbədə, qələm əhli verməlidir. Əslində, bunların əksəriyyəti sifariş əsasında yazılır. Biz bunu bilirik. Çünki Azərbaycanı heç bir dəfə də görməyən, onun xəritədə harada yerləşdiyini bilməyən insanlar bir də görürsən ki, Azərbaycandakı proseslər haqqında birdən-birə başladı yazmağa. Əlbəttə ki, rəsmi mənbələr, ölkəmizin müvafiq qurumları, xarici ölkələrdəki nümayəndəliklərimiz bununla bağlı cavab verirlər, verməlidirlər. Bu onların həm vəzifəsi, həm də bir vətəndaşlıq borcudur. Amma adi sıravi vətəndaş olanların da borcudur. Biz gözləməli deyilik ki, bunu yalnız rəsmi orqanlar, siyasilər, ictimai xadimlər cavablandırsın. Hər kəs öz sahəsi üzrə bu imkanlardan istifadə etməlidir. Hesab edirəm ki, bizim mətbuat nümayəndələri bu məsələnin yalnız siyasilərin vəzifəsi olduğunu düşünməməli, eləcə də, hər bir Azərbaycan vətəndaşının borcu olduğunu dərk etməlidirlər. Bu gün dünyanı narahat edən o qədər çox sayda ciddi hadisələr baş verir ki, hansı ki, o, bütün insanlığı təhdid edir. Bizim mətbuatın səsi niyə bu məsələlərdə çıxmasın? Tutalım, elə yalnız Dağlıq Qarabağ məsələsində kimsə bizə qarşı bir qaralama kampaniyası çərçivəsində məqalə yazıbsa, ona cavab verməkdən söhbət getmir. Bütövlükdə insanlığı, bəşəriyyəti, dünyanı, o cümlədən, bizi təhdid edən hadisələrə qarşı niyə öz səsimizi qaldırmamalıyıq ki? Hesab edirəm ki, bizim mətbuat nəinki ölkə içərisində, eləcə də, dünyada gedən proseslərə müdaxilə etmək, qatılmaq sahəsində də özünü sınamalıdır. Dağlıq Qarabağ da bu məsələlərin içində əsas istiqamət olmalıdır.

Onlar bizi tənqid etdiyi kimi, siz də onları tənqid edin. Obyektiv bitərəf olmadıqlarına, qərəzli olduqlarına, digər səsləri eşitmək istəmədiklərinə, Azərbaycanın həqiqətlərinin müsbət istiqamətdən dünyaya yayılmasına qarşı olduqlarına görə jurnalistlərimiz də onları tənqid etsinlər. Separatizmə, təcavüzə, vandalizmə və deməli, erməni yalanlarına dəstək olduqlarına görə onları qınasınlar. Bu da jurnalistlərimizin silahıdır. Niyə silahınızdan zamanında və layiqincə istifadə etməyəsiniz?

- Beynəlxalq təşkilatlardan söz düşmüşkən, məlumdur ki, onlar Azərbaycana 2 məruzəçi təyin ediblər. Həmin məruzəçilər isə Dağlıq Qarabağla bağlı öz hesabatlarını təqdim etməlidirlər. Lakin bunu Ermənistan istəmir. Belə olan halda, dünyadan özümüzə qarşı qərəzli mövqelər gördüyümüz bir zamanda AŞPA-nın hesabatından ədalətli nə gözləyək?

- İstənilən halda, müxtəlif beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ məsələsinin gündəmdə olması vacibdir. Biz hər zaman buna çalışırıq. Hətta onlar tam obyektiv ola bilməsələr də. Yəni, ən azı Azərbaycan ərazisinin işğal altında olduğunu söyləyəcəklər, 1 milyon 200 min insanın öz evindən didərgin olduğunu fakt olaraq göstərəcəklər, Azərbaycan ərazisindən köçürülən insanlara məxsus evlərin, varidatın, bu ərazidə maddi-mədəniyyət abidələrinin dağıdıldığını göstərəcəklər. Necə ki, bu günə qədər olan hesabatlarda bunu göstərməyə bilməyiblər. Biz çalışmalıyıq ki, tam obyektiv ola bilməsələr belə, dünya ictimaiyyətinin diqqəti bu məsələdə olsun. Bu məsələ daim beynəlxalq təşkilatların gündəliyində, müzakirəsində olsun. Ona görə də, AŞPA-nın bu məsələ ilə bağlı məruzəçi təyin etməsi (Azərbaycan tərəfinin israrlı tələbləri nəticəsində) müsbət bir haldır. Azərbaycan tərəfi bu məruzənin hazırlanmasına maksimum dərəcədə kömək göstərir. Bu günlərdə Anne Brasserin belə bir açıqlaması olub ki, balansın qorunması naminə Ermənistan nümayəndə heyəti də burada iştirak etməlidir. İştirak etsin, əgər onlar bunun adını obyektivlik qoyurlarsa, biz bunu bərabərləşdirmə adlandırırıq. Çünki əgər Azərbaycanı tənqid etmək lazımdırsa, bunun müqabilində Ermənistanla balans gözlənilmir. Lakin əgər Azərbaycanın uğurlarından danışılırsa, onda mütləq Ermənistan da qoşulmalıdır. Fakt olaraq, bu belədir və biz bunu hər zaman görmüşük. Ona görə də, onlar buna balans, biz isə bərabərləşdirmə deyirik. Görək bu bərabərləşdirmədə Ermənistan nümayəndə heyəti bu məruzəyə nəyi əlavə etdirə biləcək. Hər halda, dünyada işğal məsələsində Ermənistana bərabər ola biləcək ikinci bir ölkə yoxdur. Hesab edirəm ki, Ermənistan bu məruzədə bu titulunu qoruyub saxlayacaq.

Bir məsələni də xüsusi vurğulamaq yerinə düşər. Bəzən biz münaqişənin uzanmasından doğan xəyal qırıqlığı nəticəsində bütün dünyanı erməni siyasətçilərinə və təcavüzkar siyasətə qoşmaq kimi yanlış fikirlərə yol veririk. Qətiyyən bunu etmək olmaz. Obyektiv, mütərəqqi ictimaiyyəti təcavüzkar siyasətə dəstək verən beynəlxalq dairələrdən ayırmaq lazımdır. Biz daim bu cür yanaşmamızla onları stimullaşdırmalıyıq ki, ortaya obyektiv mövqe qoymağa çalışsınlar. Mən düşünürəm ki, bu məruzə hazırlanarkən də mütləq Ermənistanın maraqlarına uyğun hansısa fikirlər oraya yol tapsa belə, əsas ağırlıq Ermənistanın təcavüzkar siyasətinə veriləcək.

- Türkiyə Çanaqqala zəfərini qeyd etməyə hazırlaşdığı bir zamanda Roma Papasının “erməni soyqırımı”ndan danışması və onu tanıması ilə bağlı qeyri-obyektiv rəyi ilə, yəqin ki, tanış oldunuz. Maraqlıdır ki, niyə Çanaqqala zəfəri yox, “erməni soyqırımı” gözə görünür?

- Çox təəssüflər olsun ki, belə bir addım atılıb. Hələ ki, onun özünün bununla bağlı ikinci bir şərhi ortada yoxdur. Çox istərdim ki, o ən azı bu tarixə qədər bu açıqlama ilə bağlı ikinci bir şərh verə idi. Hər halda, mən bu miqyaslı bir dini liderin dünyanın yarıdan çox hissəsinin tənqidi ilə üz-üzə gəlməsini istəməzdim. İstənilən halda, mən həmin açıqlamanı qəbul etmirəm. Düşünürəm ki, yanlış fikir səsləndirilib. Bu cür hadisələrə belə qiymət vermək din xadimlərinə baş ucalığı gətirməz. Belə miqyaslı bir din xadimi öz imkanlarını düşmənçiliyin qızışdırılmasına deyil, sülhün və barışın əldə olunmasına yönəltməli, siyasi məqsədlərə alət olmamalıdır.

Çanaqqala zəfərinin gözə görünməməsinə gəlincə isə, deyim ki, bunun səbəbləri çoxdur. Burada dini birlikdən tutmuş, eləcə də, Avropa ilə Türkiyənin tarixi münasibətlərinə söykənən çoxsaylı arqumentlər gətirmək olar. Hər halda, mən buna getmək istəmirəm. Bu da tarixçilərin işidir. Biz bu günümüzə baxaraq, məsələyə münasibət bildirməli olsaq, deməliyik ki, Çanaqqala zəfərinə qədər keçilən yol, həqiqətən də, türklər qarışıq, bu prosesdə iştirak edən bütün millətlərə çox böyük bəlalar gətirdi. Amma bu zəfər və ondan sonra bağlanan müqavilə insanlara sülh bəxş etdi. Biz nədən sülhü bayram etməyək? Hesab edirəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çox düzgün edərək, bu cür tədbirin keçirilməsi barədə qərar verib.

Dünya bu gün 9 May - Qələbə Gününü qeyd etməyə hazırlaşır. Doğrudur, bəziləri siyasi maraqlarından çıxış edərək, məsələyə başqa yöndən qiymət verirlər. Amma dünya faşizm kimi bir bəladan xilas oldu. O səbəbdən də biz faşizmin məhv olduğu günü bayram edirik.

- Bahar xanım, parlamentin ötən plenar iclasında Azərbaycan tərəfinə keçən ermənilərə vətəndaşlıq verilməsi təklif edildi. Etiraf edək ki, bununla bağlı səslənən fikirlər cəmiyyətdə birmənalı qarşılanmadı. Bu barədə nə deyə bilərsiniz?

- O, cəmiyyətdə yanlış anlaşıldı. Qaldırılan məsələ Azərbaycan vətəndaşları olan etnik ermənilərin hazırkı, separatçı rejimin əsarəti altında qalmaq istəməmələri və təmas xəttini bu tərəfə keçmələri ilə bağlı idi. Burada Ermənistan vətəndaşı olanyaxud da başqa ölkələrdə yaşayan erməni əsilli insanlardan söhbət getmirdi. Dağlıq Qarabağda olan ermənilər Azərbaycan vətəndaşları sayılırlar.

Hansı ki, onlar da Azərbaycan vətəndaşları olaraq, Ermənistanın təcavüzünün girovudurlar. Biz bunu belə hesab edirik. Onları girovluqdan qurtarmaq da Azərbaycanın vəzifələrindən biridir. Biz bütün vətəndaşlarımızın təhlükəsizliyini, hüquqlarını təmin etməliyik. Erməni əsilli vətəndaşlarımızın da, həmçinin. Söhbət bu aspektdən gedirdi və məsələyə bu prizmadan yanaşmaq lazımdır. Bununla bağlı sosial şəbəkələr, mətbuat cürbəcür açıqlamalar verdilər ki, bu da məsələnin mahiyyətindən kənar idi.

 

Yeni  Azərbaycan.-2015.- 17 aprel.- S. 5.