Ümummilli lider Heydər Əliyevin siyasi-ideoloji fəaliyyətində Türk dünyası məsələləri

 

Türklərin tarix boyu dünya birliyi ilə fəal münasibətləri Yer üzünün bütün nöqtələrinə səpələnmiş bu əzəmətli xalqın nümayəndələri arasında böyük mütəfəkkirlərin, qüdrətli dövlət xadimlərinin yetişməsinə şərait yaratmışdır. Türk dünyasının fəxri olan Ulu öndər Heydər Əliyev də XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi böyük dühalardan biri kimi ehtiramla xatırlanır. Heydər Əliyevi başqa tarixi şəxsiyyətlərdən fərqləndirən başlıca xüsusiyyətlər Onun qeyri-adi zəkaya, yüksək təşkilatçılıq bacarığına, hadisələri müşahidə və təhlil etmək sahəsində unikal qabiliyyətə malik olmasıdır. Heydər Əliyev dühasının şöhrəti bir xalq, bir ölkə, bir qitə çərçivəsinə sığmayıb, bütün dünyaya yayılmışdır.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 34 illik siyasi və dövlətçilik fəaliyyəti dövründə Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi, dünya birliyində layiqli yerini tutması üçün yorulmadan və əzmlə çalışmış və buna əsasən nail olmuşdur. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Bu dahi şəxsiyyətin siyasi-ideoloji fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayıb bütövlükdə Türk dünyasını, ümumən dünyanı əhatə edir. Təsadüfi deyildir ki, Heydər Əliyev bütün dünyanın etiraf etdiyi görkəmli liderdir.

Ulu öndərin baxışları və fəaliyyətində Türkiyə və Türk dünyası ilə əlaqələrin qurulub inkişaf etdirilməsi xüsusi yer tuturdu. Onun bu sahədəki mövqeyi Azərbaycan daxilindəki fəaliyyətdə, SSRİ-nin türk xalqlarına münasibətdə, Türkiyə və Türk dünyası ilə əlaqələrin qurulub inkişaf etdirilməsində özünü büruzə verirdi. O, Öz fəaliyyətində Türkiyəyə, türk və müsəlman dünyasına daha geniş baxaraq onları vəhdətdə görürdü. Heydər Əliyev bu məsələdə Özünün mükəmməl nəzəri biliyi və nəhəng praktik fəaliyyəti ilə seçilirdi. Türk və müsəlman xalqları arasında mədəni əlaqələrin gücləndirilməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev bu istiqamətdə fəaliyyət göstərirdi.

XX əsrin 80-ci illərinin əvvəllərində Ulu öndər Heydər Əliyev Öz şəxsiyyəti ilə türkçülük düşüncəsini, türkçülük faktını SSRİ kimi nəhəng imperiyanın ən ali iyerarxiyasına qədər gətirib çıxarmışdı. Təsadüfi deyil ki, SSRİ rəhbərlərindən biri kimi Moskvada keçirdiyi illərdə dünya Heydər Əliyevi, əsasən, bir təqdimatla tanıyırdı: “Kremldə ucalan türk bayrağı”.

Ümummilli liderin Türk dünyasının problemləri ilə ardıcıl şəkildə məşğul olmağa başladığı mərhələ isə, əsasən, 1993-cü ildən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Heydər Əliyevin Türk dünyasının gələcəyi ilə bağlı baxışlar sistemində müstəqil türk dövlətləri ilə əlaqələr mühüm yer tutur: türk dövlətlərinin müstəqilliyinin müdafiəsi, mövcud imkanlar çərçivəsində Türk dünyasının birliyinin təmin olunması, bu birliyin narahat dünyamızda nizam yaradılması məqsədinə xidmət etməsi, Azərbaycanın iqtisadi, siyasi, ictimai problemlərinin həllində Türk dünyasının imkanlarından istifadə edilməsi, Türk dünyasının qüvvələrinin birləşdirilməsi və birgə hərəkətinin təmin edilməsi, Türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsi və bunun üçün müstəqil türk dövlətlərinin imkanlarından istifadə edilməsi.

Heydər Əliyev bu məqsədlərin həyata keçirilməsində Türkiyə Cümhuriyyətinin rolunu həmişə yüksək qiymətləndirmişdir. Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq münasibətləri əbədi və dönməz xarakter almışdır.

Tarixi-siyasi, dini, milli-mənəvi köklərə bağlı Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə sürətli inkişafı Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin isə “Biz bir millət, iki dövlətik” tezislərinə əsaslanmışdır.

Ümummilli lider Heydər Əliyev dövlətçilik fəaliyyətində Türk dünyasının böyük öndəri Atatürkün dövlət quruculuğu təcrübəsinə həmişə böyük əhəmiyyət vermiş, onun irsinin öyrənilməsi və təbliğini vacib hesab etmişdir. Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, Atatürk yalnız proqressiv ideyalar irəli sürməklə kifayətlənməmiş, bu ideyaları həyata keçirmiş, qurmuş olduğu dövləti möhkəmləndirmək üçün tarixi stimullar müəyyən etmiş, zəngin ideya qaynaqları aşkara çıxarmışdır. Ulu öndər qeyd etmişdir ki, Türkiyə Cümhuriyyəti Mustafa Kamal Atatürkün yalnız fəaliyyəti nəticəsində deyil, həm də qəhrəmanlığı nəticəsində yaranmışdır.

Görkəmli dövlət xadimi Heydər Əliyev Atatürkü XX əsrin ən böyük şəxsiyyətlərindən biri hesab etmiş, yüksək dəyərləndirmiş, onun müdrikliyini, dahiliyini, xalqına əvəzsiz xidmətlər göstərdiyini dəfələrlə qeyd etmişdir:Mustafa Kamal Atatürk dünyada XX əsrin ən böyük şəxsiyyətlərindən biridir. Dövlət adamı kimi, siyasət adamı kimi və dövlət başçısı kimi. Ölümündən sonra da Türkiyə xalqı onun qoyduğu yol ilə gedir. Görün yol nə qədər doğru-düzgün qurulub ki, o yoldansağa, nə sola dönmək mümkün deyil. Bu, Mustafa Kamal Atatürkün müdrikliyini göstərir”.

Ümummilli lider Heydər Əliyevə sülh uğrunda apardığı mübarizəyə görə beynəlxalq “Atatürk Sülh Mükafatı” təqdim olunması (1999) münasibətilə Onun dediyi sözlər Atatürkün və Türkiyənin təcrübəsinin Azərbaycan üçün nə demək olduğunu çox aydın şəkildə göstərir: “Mənə böyük Atatürkün adını daşıyan Beynəlxalq Sülh Mükafatı təqdim olunubdur. Bu, mənim üçün, bütün Azərbaycan xalqı üçün, müstəqil Azərbaycan dövləti üçün böyük şərəfdir. Mən bununla fəxr edirəm. Atatürkün şəxsiyyəti, onun yaratdığı Türkiyə Cümhuriyyəti mənim üçün örnəkdir. Mən buna daim sadiq qalacağam”.

Atatürkün irsini öyrənmək və təbliğ etmək üçün 2001-ci ildə Bakıda görkəmli dövlət xadimi Heydər Əliyevin Sərəncamı ilə Atatürk Mərkəzi yaradıldı. Həmin mərkəzin açılışında çıxış edən Heydər Əliyev demişdir:Atatürkün həyatını, fəaliyyətini daim öyrənmək lazımdır. Bizdəki Atatürk Mərkəzi bu işləri görəcəkdir. Atatürkün indiyə qədər Azərbaycanla əlaqədar dediyi sözləri, gördüyü işləri, naməlum qalan cəhətləri aşkara çıxaracaqdır... Atatürkün ideyalarını yaymaq, təbliğ etmək və xalqımıza çatdırmaq, həm də bu ideyalardan faydalanmaq, istifadə etmək sahəsində çox işlər görmüşəm. Bu, bir siyasi xadim, liderPrezident kimi mənim fəaliyyətimdə çox böyük yer tutur”.

Müstəqilliklərini yenidən əldə etmiş türk dövlətlərinin qarşılıqlı əlaqələrində ikitərəfli münasibətlərlə yanaşı, dövlət başçılarının sammitləri də xüsusi yer tutur. Azərbaycan bu mötəbər tədbirlərdə həmişə intensiv iştirak etmiş, ümumtürk dəyərlərinin dirçəlməsi yönümündə xüsusi fəallıq göstərmişdir. Ulu öndərimiz türk dövlət başçılarının zirvə toplantılarının əhəmiyyətindən bəhs edərək demişdir: “Şübhəsiz ki, zirvə toplantısı bizim xalqımızın (türk xalqlarının - İ.H.), müstəqil ölkələrimizin bu günü və gələcəyi üçün əhəmiyyətli yoldur. Yəni bizim türk mənşəli, türkdilli xalqlarımızın, tarixi, milli, mənəvi ənənələri eyniyaxud bənzər olan xalqlarımızın hər birinin müstəqil dövlət kimi mövcud olması, onların həm dövlətlərarası əlaqələrinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi, həm də bu əlaqələrdən istifadə edərək tarixi irsimizi, keçmişimizi canlandırmaq və onun əsasında xalqlarımızı daha da yaxınlaşdırmaq dünyanın indi mürəkkəb proseslər gedən bir dövründə çox mühümdür. Ona görə də mən bu görüşə böyük əhəmiyyət verirəm. Orada hansı sənədin imzalanıb-imzalanmamasından asılı olmayaraq, elə bu görüşlərin özü, fikir mübadiləsi, həmin ölkələrin prezidentlərinin ünsiyyəti-bunlar hamısı respublikamızın həm iqtisadi, həm mədəni, elmi, həm də bütün başqa sahələrdə bundan sonra da bir-biri ilə sıx əlaqələr yaratması üçün imkanlar açacaqdır”.

Türkdilli dövlət başçılarının V zirvə görüşündə (1998, Astana) çıxış edən Ulu öndər Heydər Əliyev dövlət başçılarının diqqətini regional inteqrasiya prosesinə təkan verəcək layihələrin hazırlanmasına yönəltmişdi. Həqiqətən də, sonrakı illərdə dünyanın siyasi mənzərəsini dəyişən “Əsrin müqaviləsi”, “Böyük İpək yolu”, TRASEKA, TASİS proqramları kimi qlobal layihələrin həyata keçirilməsində, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, TÜRKSOY-un, Türk Yazarlar Birliyinin yaradılmasında Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Məhəmməd Füzulinin 500, Türk dünyasının ana kitablarından olan “Kitabi-Dədə Qorqudun 1300 illik yubileyinin UNESCO səviyyəsində keçirilməsi, Azərbaycanın müstəqil türk dövləti kimi bütün dünyada tanınması, türk dövlətləri başçılarının zirvə görüşlərinin təşkili, türk dünyası üçün onlarla taleyüklü məsələlərin irəli sürülməsi və müzakirəsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər “Manas” dastanının 1000, böyük qazax şair-filosofu Abayın 150, Özbəkistanın böyük dövlət xadimi, Türk dünyasının böyük şəxsiyyəti Əmir Teymurun 660, qazax şairi A.Kunanbayevin 125, özbək yazıçısı M.Şeyxzadənin 70 illik yubileylərini birlikdə, yaxud Azərbaycanda qeyd etmələrini böyük tarixi hadisələr kimi çox yüksək qiymətləndirmişdir.

Azərbaycan, həmçinin Sovetlər birliyinə daxil olan digər türkdilli respublikalar dövlət müstəqilliyi əldə etdikdən sonra bu əlaqələr daha da genişlənmiş və möhkəmlənmişdir. Ümummilli lider 1996-cı ildə Türk Dünyası Yazıçılarının Üçüncü Qurultayının ölkəmizdə keçirilməsini əlamətdar hadisə hesab etmişbunu Azərbaycan Respublikasına, xalqına olan hörmət və ehtiramın təzahürü kimi çox yüksək qiymətləndirmişdir. Azərbaycanda Özbəkistan ədəbiyyat və incəsənəti günlərinin, Özbəkistanda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinin çox böyük əhəmiyyəti oldu.

Ulu öndər Heydər Əliyev türk xalqlarının əlaqələrinin möhkəmlənməsi yolunda atılan bütün addımları yüksək qiymətləndirmiş, fəaliyyəti boyu müvafiq istiqamətdə keçirilən tədbirlərin təşəbbüskarı, təşkilatçısı, iştirakçısı olmuşdur. O, TÜRKSOY beynəlxalq təşkilatının Bakıda keçirilən VIII toplantısında təşkilatın yarandığı vaxtdan başlayaraq həyata keşirdiyi məhsuldar fəaliyyətini xüsusilə qeyd etmişdir.

Türk dünyasının böyük və tanınmış ədəbiyyat xadimlərindən olan Çingiz AytmatovOljas Suleymenovun yaradıcılıqlarını izləyən Ulu öndər onlarla dəfələrlə görüşmüş, onların şəxsiyyətinə və xidmətlərinə yüksək qiymət vermişdir. Məsələn, Çingiz Aytmatov haqqında “Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün Türk dünyasının fəxridir”, - deyən Ulu öndər Oljas Suleymenov barəsində də yüksək fikir ifadə edib: “Bizi sizinlə çoxdankı dostluq bağlayır. Hələ o vaxtlar, mən burada - Azərbaycanda, siz isə Qazaxıstanda işləyən dövrlərdə, sonra Moskvada işlədiyim zaman mən sizə böyük iftixar hissi ilə baxırdım ki, xalqlarımızın belə gənc istedadları var; elə istedadlar ki, nəinki romanlar, pyeslər və ya digər ədəbi əsərlər yazmağa, həm də öz xalqı haqqında, onun taleyi, keçmişi, indisi və gələcəyi barədə düşünməyə qadirdirlər. İndi öz tarixi köklərini, tarixi keçmişini, milli özgürlüyünü və milli ləyaqətini daha dərindən dərk etmiş bütün xalqlarımızın belə görkəmli nümayəndələrindən birisiniz. Siz hələ cavanlığınızda (Oljas Suleymenova müraciət edir - İ.H.) bu məsələlərdə çoxlarına nisbətən daha böyük yetkinlik nümayiş etdirirdiniz... O vaxtlar mən bunu görür, müşahidə edir, duyurdumbuna görə də bu, əslinə qalsa, ədəbi istedadınızla yanaşı, məndə sizə hörmət və səmimi dostluq hissləri doğururdu”.

Fəlsəfi romanlar ustası Çingiz Aytmatov Ulu öndər tərəfindən “Dostluqordeni ilə, görkəmli söz ustası, şair Oljas Suleymenov isə “Şöhrət” və “Dostluq” ordenləri ilə təltif edilmişdir.

Görkəmli dövlət xadimi Heydər Əliyevi çox düşündürən problemlərdən biritürk dövlətlərinin iqtisadi-mədəni yaxınlaşması, birliyi məsələləri, bu mühüm məsələlərin həyata keçirilməsi yollarının nəzəri əsaslarının işlənib hazırlanması olmuşdur. Bu məsələlər isə Heydər Əliyevin yeni dövr türk birliyi strategiyasının yalnız bir qismini təşkil edir.

O, ötən əsrin 90-cı illərinin əvvəllərində, xüsusən SSRİ dağıldıqdan sonra yaranmış beş yeni müstəqil türk dövlətinin arasındakı ictimai-siyasi əlaqələrin hətta qırılmaq səviyyəsinə gəlib çatdığını görürbu məsələ Onu ciddi narahat edirdi. Ulu öndər görürdü ki, bu dövlətlərdən hər biri öz problemlərini təklikdə həll etməyə çalışır, dil bir, din bir, qan bir qardaşlarının köməyinə müraciət etməyə, qardaş yardımından bəhrələnməyə nədənsə az meyil göstərirlər.

Belə bir şəraitdə türk dövlətlərindən hansısa biri təşəbbüsü ələ almalı, türk xalqlarını əməkdaşlığa, birliyə, birgə fəaliyyətə yönəltməli idi. Türkiyə böyük dövlət kimi yeni yaranmış türk dövlətləri ilə iqtisadi və mədəni əlaqələri genişləndirmək üçün cəhdlər göstərirdi. Lakin türk dövlətlərini və xalqlarını öz tarixi köklərinə istiqamətləndirmək kimi xeyirxah məqsəd güdən nisbətən məhdud miqyaslı işlərin özü belə, özünü keçmiş SSRİ-nin varisi sayan Rusiyada böyük qısqanclıqla qarşılanırdı. Eyni zamanda, Türkiyənin belə cəhdləri Avropa dövlətlərində və ABŞ-da birmənalı qarşılanmırdı. Digər tərəfdən, yeni müstəqilliyini qazanmış türk respublikalarının başçıları hələ Moskvanın adamı olaraq onlara xidmət edirdilər və bu adamların siyasi birliyə nail olmaq, tarixi soykökə qayıtmaq istiqamətində çalışmalarına ümid etmək doğru olmazdı. Çünki onlar psixoloji cəhətdən buna hələ hazır deyildilər. Odur ki, bu təşəbbüsü məhz yeni müstəqillik qazanmış türk dövlətlərindən biri öz üzərinə götürməli idi. Belə bir lider ömrünün çox hissəsini siyasətə və dövlət işlərinə həsr etmiş Heydər Əliyev ola bilərdi. Çünki Onu bütün türk xalqları görkəmli dövlət xadimi, Türk dünyasının böyük oğlu kimi tanıyırdı. Heydər Əliyev həm də Türk dünyasının problemlərini, onları yaxınlaşdırmaq yollarını dərindən bilirdi. Ona görə də, Ulu öndər hesab edirdi ki, türk xalqlarının yaxınlaşması zəruridir və müstəqil türk dövlətləri başçılarının toplantıları bu istiqamətdə əhəmiyyətli rol oynaya bilər və oynamalıdır.

Ümummilli lider türk xalqlarının yaxınlaşması zəruriliyindən bəhs edərək demişdir: “Mən bu gün həqiqətən qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayır, bir-birimizlə daha sıx əlaqədə saxlayır. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.

Bu günədək türkdilli ölkələrin dövlət başçılarının on zirvə görüşü keçirilmişbu görüşlərdə müzakirə olunan məsələlər və imzalananİstanbul bəyannaməsi”, “Bakı bəyannaməsi”, “Naxçıvan bəyannaməsi” və başqaları türkdilli dövlətlərin iqtisadi və mədəni əlaqələrinin artırılması və birliyi istiqamətində irəliyə atılmış çox mühüm addımlardır və bu gündavam edir.

Görkəmli dövlət xadimi Heydər Əliyev türk dövlətlərinin, ümumən türk dünyasının birliyinə heç zaman, sadəcə, etnik köklərin ümumiliyinə əsaslanan mədəni-etnoqrafik birlik kimi baxmaqla kifayətlənməmiş, bu birliyin siyasi perspektivlərinə xüsusi diqqət yetirmişdir.

Türk dünyası ərazi və əhali etibarilə çox genişdir. Bura Türküstan, Mərkəzi Asiya, Yakutiya, Sibir türkləri daxildir. Volqaboyu türkləri - tatarlar, başqırdlar, çuvaşlar daxildir; Şimali Qafqaz türkləri daxildir... Onların hamısı Sovet dövründən keçmişlər, indi isə bir qismi Rusiyanın vətəndaşlarıdır. Ona görə də Heydər Əliyev Azərbaycanla, eləcə də, digər türk dövlətləriylə Rusiya arasındakı iqtisadi, siyasi, mədəni münasibətlərin inkişafına, qarşılıqlı əlaqələrin intensivliyinə həmişə xüsusi önəm vermiş, Rusiya türklərinin milli özünüdərk və özünümüdafiə imkanlarının genişlənməsinə türk dünyasının ümumi yüksəliş strategiyasının üzvi tərkib hissəsi kimi baxmışdır.

Heydər Əliyev uzaqgörən, qətiyyətli, eyni zamanda, səbrli, hadisəni mahiyyətindən, təsadüfi zərurətdən ustalıqla ayıran görkəmli dövlət xadimi idi. Bu isə Ona türk respublikaları ilə münasibətdə çox geniş səlahiyyətlər verirdi. Digər tərəfdən, Mərkəzi Asiya türklüyünün Türkiyəyə, oradan da Qərbi Avropaya yolunun ən kəsəsi Azərbaycandan keçir.

Türk dünyasının sevimlisi, görkəmli siyasətçi və dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin Türk dünyasının yüksəlişi barədəki strateji mövqeyini Onun aşağıdakı sözləri çox aydın və açıq şəkildə əks etdirir: “Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş Türk dünyası bəşər sivilizasiyasına yeni, misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması Türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır. İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir”.

Azərbaycan xalqının Ümummilli liderinin Türk dünyasının qarşılıqlı əlaqələrinin yüksəlişi strategiyası bu günuğurla davam etdirilməkdədir. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev türk xalqları arasında əlaqələrin genişlənməsinə, ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığın artırılmasına xüsusi əhəmiyyət verir. Azərbaycanın dövlət başçısı türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən IX Zirvə görüşündəki (2009, 2-3 oktyabr) çıxışında türkdilli ölkələr arasında iqtisadi, humanitar, mədəni əlaqələrin artırılmasının, müştərək layihələrin yaradılmasının vacibliyini önə çəkərək demişdir: “Əgər gələcəkdə bütün siyasi məsələlərdə, beynəlxalq təşkilatlarda, beynəlxalq müstəvidə biz bir-birimizə öz dəstəyimizi verməyə davam etsək, iqtisadi sahədə əməkdaşlığımızı konkret layihələrlə zənginləşdirsək, hümanitar və mədəniyyət sahəsində TÜRKSOY vasitəsilə, konkret layihələr vasitəsilə bu birliyi daha da gücləndirsək, bizim xalqlarımız bundan ancaq fayda götürəcəkdir.

Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir. Eyni zamanda, bu, bugünkü vəziyyətin reallıqlarıdır”.

Təsadüfi deyil ki, məhz Naxçıvan görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Türk Akademiyasının yaradılması qərara alındı. Qeyd etməliyik ki, 2011-2014-cü illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 4 Zirvə Toplantısı Almatıda, Bişkekdə, Qəbələdə və Bodrumda keçirilmişdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının başlıca vəzifələrindən bəhs edən Prezident İlham Əliyev qeyd etmişdir ki, bu, xalqlar və ölkələr arasındakı birliyi daha da möhkəmləndirməkdir.

Ümummilli lider Heydər Əliyevin daha çox əhəmiyyət verdiyi türkdilli xalqlar və dövlətlərin birliyi və əməkdaşlığı məsələləri bu gün ölkə Prezidenti İlham Əliyev və müstəqil türk dövlətlərinin rəhbərləri tərəfindən uğurla davam etdirilir.

 

İsmayıl HACIYEV

Milli Məclisin deputatı

Yeni  Azərbaycan.-2015.- 22 aprel.- S. 4.