HEYDƏR ƏLİYEV İDEYALARI MÜASİR AZƏRBAYCANIN İNKİŞAFININ TƏMƏL FAKTORU KİMİ

 

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə və taleyinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Böyük Öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu bir dövlət olaraq dahiliklə müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, ehkamlaşmış köhnə stereotiplər çərçivəsini dağıdaraq milli ruhun, milli ideologiyanın yüksəlişinə təkan vermişdir.

Azərbaycanın müasir siyasi tarixininçağdaş həyatının təxminən son 35 ili Ulu öndərimiz Heydər Əliyevlə, Onun çoxtərəfli və genişmiqyaslı zəngin əməli-nəzəri və siyasi fəaliyyəti ilə bağlı olmuşdur. Bu dövrdə Ulu öndərin rəhbərliyi altında Azərbaycan xalqı tarixi baxımdan bir əsrdən digər əsrə, bir ictimai-siyasi quruluşdan digərinə, asılılıqdan müstəqilliyə, bir ideoloji müstəvidən digər ideoloji mühitə qədəm qoymuşdur. Bu dövrə nəzər salarkən ölkəmizin nə qədər dəyişib inkişaf etdiyinin real mənzərəsini görürük. Bu illər ərzində Azərbaycan xalqı, sözün həqiqi mənasında, misilsiz inkişaf yolu keçmişdir. Ən başlıcası, demokratik, müstəqil, dünyəvi və hüquqi Azərbaycan dövləti bərqərar olmuşdur. Bu, xalqımızın həm iqtisadi, həm siyasi, həm də mənəvi sərvətidir. Bu tarixi qələbəni lazımınca qiymətləndirmək, qorumaq, möhkəmlətmək və ona dönməz xarakter vermək Azərbaycan milli ideologiyasının mahiyyət və məzmununu təşkil edir.

Ümummilli liderimiz Heydər Əliyevin tarixin ən çətin, məsuliyyətli dövrlərində Azərbaycanın milli mövcudluğunu yaşatmaq kimi ağır yükün altına girən fenomenal şəxsiyyət olduğu danılmazdır. Ulu öndər siyasi və dövlətçilik fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət hissi ilə, qurub-yaratmaq arzusu ilə yaşamış, milli ideallara bağlı olmuşdur. Ümummilli lider bütün zəngin və mənalı həyatı boyu həmişə xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir.

Hələ Azərbaycana ilk rəhbərliyi dövründə böyük təzyiqlərlə, təqiblərlə üzləşməsinə baxmayaraq, Heydər Əliyev dühası heç bir çətinlikdən qorxmayaraq xalqda tarixi keçmişi, dili, mədəniyyəti, milli adət-ənənələri haqqında əsaslı təsəvvürlər formalaşdırmağa nail olmuşdur. Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz azərbaycançılıq ideyasının, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması prinsipləri əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi faktlara çevrilməsidir.

Ulu öndərin həyat və fəaliyyətinə nəzər salarkən əmin oluruq ki, O, ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Ulu öndər 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra demişdir: “Mən ömrümün qalan hissəsini də Azərbaycan xalqına bəxş edirəm!” Doğrudan da, 1993-2003-cü illərdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, ölkəmizin hərtərəfli inkişafında, Azərbaycanın o ağır, çətin vəziyyətdən xilas edilməsində Heydər Əliyevin müstəsna rolu vardır.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni eranın təməli qoyuldu. 1990-cı illərin əvvəlində, gərgin bir zamanda yalnız nominal şəkildə özünü müstəqil aparmağı bacaran, reallıqda isə böyük dövlətlərin geosiyasi maraqlarının toqquşduğu bir müstəvidə de-fakto suverenlik hüquqlarından məhrum olan Azərbaycanın bugünkü müstəqil, müasir və qüdrətli dövlətə çevrilməsi prosesi dövlətçilik tariximizin qızıl hərflərlə yazılan səhifələri sayıla bilər. Məhz belə bir çətin durumda, Azərbaycanın müstəqilliyini itirmə astanasında, torpaqlarımızın xaricidaxili separatçıların və naqislərin fəaliyyəti nəticəsində bölünməsi təhlükəsi yarananda Ulu öndər Heydər Əliyev Azərbaycanın suverenliyinin qarantına çevrildi, dövlətimizi qoruduuçurumdan xilas etdi. Bu çətin prosesin bütün ağırlığı, məsuliyyəti Ulu öndər Heydər Əliyevin, şərəfi və bəhrəsi isə bütün Azərbaycan xalqının payına düşdü. Azərbaycanın dövlət müstəqilliyini xilas etməklə yanaşı, ölkəmizi vahid ideologiya - azərbaycançılıq ideologiyası ətrafında birləşdirməyi bacaran Ulu öndər Heydər Əliyev Azərbaycanda müasir dövlətçilik fəlsəfəsinin də əsasını qoydu. Bu, vahid, bölünməz və qüdrətli Azərbaycan dövlətinin əsasının qoyulduğu gün idi.

Heydər Əliyevin hakimiyyətə qayıdışının ilk günlərində dövlət quruculuğu, demokratik institutların təşəkkül taparaq inkişaf etdirilməsi, siyasət, sosial-iqtisadi, təhsil, mədəniyyət, səhiyyə, infrastruktur sahələrində önəmli islahatların keçirilməsinə start verildi. Şəksizdir ki, başlanılan islahatların uğurla həyata keçirilməsi üçün ilk növbədə Azərbaycanın iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilməsi tələb olunurdu. Çünki bu gün beynəlxalq münasibətlər sistemində siyasətin formalaşdırılmasının əsasında iqtisadi amillər dayanır. Yəni dövlətlərarası münasibətlərin inkişafında iqtisadi əlaqələrin varlığı olduqca mühüm rola malikdir. Əvvəlki hakimiyyətlərin anlaşılmaz, bir çox hallarda isə qərəzli və şəxsi mənfəət çərçivəsində yürütdüyü iqtisadi siyasət isə Azərbaycanı kataklizmlər uçurumuna yuvarlayıb, hiperinflyasiyanın tüğyan etməsinə, dövlət borclarının az qala ümumi daxili məhsulun həcmi səviyyəsinə qalxmasına, beləliklə də ölkənin müstəmləkə halına düşə biləcəyinə gətirib çıxarmışdı. Digər tərəfdən, Azərbaycanda daxili qeyri-sabit siyasi vəziyyət ölkəmizə xarici investisiyanın gəlişinin qarşısını alırdı. Hakimiyyət daxilindəki xaotik mənzərə ölkənin iqtisadi-siyasi durumuna da təsir edirdi. Heydər Əliyevin gündəmə gətirdiyi iqtisadi siyasət bu neqativ halların qarşısına etibarlı sipər çəkdi, qərəzli və kortəbii siyasət nəticəsində Azərbaycanın sərvətinin müxtəlif çeşidli fırıldaqçı xarici ünsürlərə “peşkəş” edilməsi prosesinə birdəfəlik xitam verildi.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən daha da modernləşdirilir, müasir beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılır və inkişaf etdirilir. İstər daxili, istərsə də xarici arealda sabit, milli maraqlara söykənən, problemlərin həllinə istiqamətlənən, vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsini özündə əks etdirən və ən əsası, münasibətlərin və əlaqələrin normal tərəfdaşlıq çərçivəsində inkişafına nail olan siyasətin yürüdülməsi ölkəmizin bütün mənalarda yüksək nailiyyətlərə imza atmasına şərait yaradıb. Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən xarici siyasət kursu Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz bölgəsində lider, Avropa və digər qitələr üçünsə kifayət qədər ciddi partnyor kimi qəbul edilməsinə yol açıb. Azərbaycan bu gündünya dövlətləri ilə açıq və ikitərəfli münasibətlərin inkişafını özündə ehtiva edən xarici siyasət kursu yürüdür. Azərbaycan hakimiyyətinin ortaya qoyduğu bu məramın aydın və səmimi olması nəticə etibarı ilə dünya tərəfindən təqdir edilir. Məsələlərə yalnız beynəlxalq hüquqmilli maraqlar çərçivəsindən baxma prinsipi Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə eyni dərəcəli münasibətlər qurmasına imkan verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman ölkəmizin bu prinsiplərə sadiq qalacağını xüsusi olaraq vurğulayır. Bu məsələlərə toxunan dövlət başçısı bildirmişdir: “Azərbaycan beynəlxalq arenada özünə layiq yerini tuta bilmişdir. Xarici tərəfdaşlarımızın, dostlarımızın sayı gündən-günə artır. Azərbaycan çox gözəl beynəlxalq imicə malikdir. Bizim bütün xarici siyasətimiz bir məqsədi güdür ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunsun, Azərbaycan dövləti güclənsin və Azərbaycan xalqı daha da yaxşı yaşasın”.

2003-cü ilin oktyabrında keçirilən seçkilərdə böyük səs çoxluğu ilə Azərbaycanın Prezidenti seçilən İlham Əliyev andiçmə mərasimində söylədiyi nitqində dövlət başçısı kimi Ümummilli lider Heydər Əliyevin siyasətini davam etdirməklə xalqın Ona bəslədiyi ümidləri doğruldacağına söz verdi. Seçicilərinə, xalqa verdiyi vədə əməlləri ilə sadiq qalan Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı yeni çağırışlar nəzərə alınmaqla daha da zənginləşdirərək uğurla reallaşdırır.

Prezident İlham Əliyevin səyləri ilə həyata keçirilən tədbirlər sayəsində respublikamızda iqtisadiyyatın keyfiyyətcə yeni səviyyəyə qalxması təmin edilib. İqtisadi inkişaf tempi baxımından dünya liderinə çevrilən Azərbaycanda son 10 ildə ümumi daxili məhsul 3 dəfədən çox, dövlət büdcəsinin gəlirləri 16 dəfə artıb. Bu dövrdə ölkəmizdə orta illik iqtisadi artım 12,9 faiz təşkil edib ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdəndir.

2013-cü ildə ölkə iqtisadiyyatına rekord həcmdə - 28 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. Sevindirici haldır ki, iqtisadiyyatımıza yatırılan investisiyalar portfelində daxili sərmayələrin həcmi üstünlük təşkil edir.

Diqqəti çəkən əsas məqamlardan biriodur ki, Azərbaycan neft ölkəsi olsa da, son illərdə burada iqtisadi inkişaf dinamikası əsasən qeyri-neft sektorunun payına düşür. Son 10 ildə qeyri-neft sektorunda 2,6 dəfə artıma nail olunub.

Ölkəmizin sosial-iqtisadi sahədə qazandığı uğurlar nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapıb. “Dünya rəqabətqabiliyyətliyi hesabatı”nda Azərbaycan artıq 5 ildir ki, MDB ölkələri arasında birincidir. Dünyanın nüfuzlu reytinq agentlikləri “Fitch”, “Moodys” və “Standard and Poors” Azərbaycanın investisiya səviyyəli kredit reytinqini bir daha təsdiqləyiblər.

Azərbaycanda daxili imkanlar və beynəlxalq təcrübə nəzərə alınmaqla elm tutumlu, innovasiyalara əsaslanan iqtisadiyyatın qurulmasına böyük önəm verilir. Bu cəhətdən böyük gələcəyə malik İKT sektorunun inkişafı diqqəti daha çox cəlb edir. 2003-cü ildə Milli İKT Strategiyasının, sonrakı illərdə isə “Elektron Azərbaycan” Dövlət Proqramı”nın qəbul olunması bu sahənin inkişafında mühüm rol oynayıb. Son 10 ildə informasiya-kommunikasiya sahəsində 8,2 dəfə artım müşahidə edilib.

Prezident İlham Əliyevin vurğuladığı kimi, 2013-cü il fevralın 7-dən 8-nə keçən gecə Azərbaycanın müstəqillik tarixində ən əlamətdar hadisələrdən biri baş verdi - Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarıldı. Bununla da Azərbaycan Cənubi Qafqazda ilk və yeganə kosmik ölkəyə çevrildi.

Kosmik ailənin üzvü olan ölkəmiz bu sahədə uğurlarını gələcəkdə daha da artırmaq əzmindədir. Qarşıdan gələn 2015-ci və 2016-cı illərdə Azərbaycanın daha iki peykinin orbitə çıxarılması nəzərdə tutulub.

Azərbaycan xarici ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə Cənubi Qafqazda liderdir və MDB məkanında ilk yerlərdən birini tutur. Ölkəmizin xarici dövlətlərin sərmayə bazarlarına yatırdığı investisiyaların həcmi təxminən 8 milyard dollar təşkil edir. Azərbaycanın investisiyalar yönəltdiyi ölkələrin coğrafiyasına Türkiyə, Rumıniya, Moldova, Ukrayna, Belarus, Slovakiya, Çexiya, Malayziya və digər dövlətlərin sərmayə bazarları daxildir.

Respublikamız, həmçinin, Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına sərmayələr yönəldən və regional infrastruktur layihələrini maliyyələşdirən investor rolunda çıxış edir. Təbii ki, Ermənistan məlum səbəblərdən Azərbaycanın investisiya imkanlarından məhrum qalıb. Digər Cənubi Qafqaz respublikası olan Gürcüstan isə Azərbaycanın ən çox investisiya yönəltdiyi ölkələrdəndir. Azərbaycan şirkətləri bu ölkənin yanacaq, energetika, turizm və digər sektorlarına iri həcmdə sərmayələr yönəldiblər. Hazırda Gürcüstanın “mavi yanacaqla təminatının təxminən 70 faizi SOCAR-ın bu ölkədəki törəmə müəssisəsi tərəfindən həyata keçirilir. Bundan başqa, “SOCAR-CEORGİA” törəmə müəssisəsi qonşu ölkədə çoxlu sayda müasir standartlar səviyyəsində qurulan yanacaqdoldurma məntəqələri açıb.

Ötən il Azərbaycan Gürcüstan iqtisadiyyatına 95 milyon dollar həcmində sərmayə yatırıb. Ümumiyyətlə, respublikamız bu Cənubi Qafqaz dövlətinə investisiyalar yönəldən ölkələr sırasında ilk beşlikdə qərar tutur.

Azərbaycan yalnız iqtisadi göstəricilər baxımından deyil, eyni zamanda, siyasi təsisatlar, demokratik cəmiyyət quruculuğu, vətəndaşların fundamental hüquq və azadlıqlarının təmin edilməsi, cəmiyyətin demokratikləşməsi, innovasiyaların tətbiqi nöqteyi-nəzərindən də Cənubi Qafqazda lider mövqedə dayanır. Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində qazanılan nailiyyətlər region ölkələri üçün yaxşı nümunə sayıla bilər. 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin tövsiyələri nəzərə alınmaqla hazırlanan və referendumla qəbul edilən Konstitusiyada təsbit olunan vətəndaşların geniş spektrli hüquq və azadlıqları Azərbaycanın bu sahədə inamlı mövqeyini ortaya qoydu. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin təmin edilməsi istiqamətində məqsədyönlü işlər davam etdirilir. Korrupsiya və rüşvətxorluğa, insan alverinə qarşı mübarizənin gücləndirilməsi, elektron hökumətin qurulması, “ASAN xidmət” sisteminin yaradılması, qeydiyyatvergi ödəmələri prosedurlarının sadələşdirilməsi, müxtəlif sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi və digər addımlar bunu təsdiq edir. Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla irəliləyir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları dövlətin artan dəstəyini hiss edirlər. Ölkədə fikir plüralizmi, mətbuat və internet azadlığı təmin edilib. KİV üzərində senzura ləğv edilib, dövlət siyasi oriyentasiyasından asılı olmayaraq, bütün kütləvi informasiya vasitələrinin maddi-texniki təminatının, o cümlədən də, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə dəstək verir.

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan paralel surətdə regionun beynəlxalq əməkdaşlığa və təhlükəsizliyə verdiyi töhfələrin artmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərlə və beynəlxalq əlaqələr sistemi ilə bağlı öz mövqeyi olan, böyük beynəlxalq nüfuza malik bir ölkə hesab edilir. Ölkəmiz qısa müstəqillik tarixində xarici siyasət sahəsində bir sıra uğurlara imza atıb. Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun getdikcə artmasının parlaq təzahürüdür. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu iki il ərzində, həmçinin, təşkilata sədrliyi dövründə Azərbaycan qlobal təhlükəsizliyə, dünyada əməkdaşlığın və sülhün bərqərar olmasına, sivilizasiyalararası dialoqa, o cümlədən, beynəlxalq terrorizmə qarşı aparılan mübarizəyə öz töhfəsini verib.

Son illərdə Azərbaycanın beynəlxalq əməkdaşlıq, tolerantlıq və sivilizasiyalararası dialoq məkanına çevrildiyini məmnunluqla qeyd edə bilərik. Ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməklə Cənubi Qafqazın geosiyasi əhəmiyyətini daha da artırır. Ötən il Azərbaycan Davos İqtisadi Forumunu Cənubi Qafqaz və Mərkəzi Asiya regionuna gətirən ilk ölkə olmuşdur. Bundan başqa, 2013-cü ildə respublikamızda İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq Humanitar Forumun, II Mədəniyyətlərarası Dialoq Forumunun, Avropa İttifaqının “Rouz-Rout” seminarının, ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının və digər qlobal miqyaslı tədbirlərin keçirilməsi də Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzuna, eləcə də, ölkəmizin, xalqımızın xoş niyyətinə dəlalət edir. 2015-ci ildə isə Azərbaycan ilk Avropa Oyunlarını Cənubi Qafqaza gətirəcək.

Başqa bir önəmli cəhət isə ondan ibarətdir ki, Azərbaycan Cənubi Qafqazda əksər regional layihələrin təşəbbüsçüsü kimi çıxış edir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP enerji dəhlizləri və digər layihələr buna misaldır.

Cənubi Qafqazın qlobal əməkdaşlığa verdiyi töhfələrdə mühüm payı olan Azərbaycanın yeganə problemi Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. BMT, ATƏT, AŞ PA, İƏT kimi beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etsələr də, hələ də ədalətin bərpası mümkün olmayıb. Ermənistanın qeyri-konstruktiv mövqeyi və işğalçılıq siyasətini davam etdirməsi üzündən münaqişənin həllinin uzanması Cənubi Qafqazda iqtisadi inkişafa, regional əməkdaşlığa və təhlükəsizliyə təhdiddir.

Bir sözlə, bütün faktlar bir daha sübut edir ki, bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyilə Heydər Əliyev ideyaları uğurla reallaşdırılır. Düşünürük ki, Azərbaycan xalqının, dövlətinin və hakimiyyətinin Heydər Əliyev ideyalarına sadiqliyi ölkəmizin perspektiv inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu mənada, hər bir azərbaycanlı Heydər Əliyev ideyalarına və irsinə bundan sonra da sadiq qalacaq, Prezident İlham Əliyevin yürütdüyü siyasətə dəstəyini verəcəkdir.

 

  Ağabəy ƏSGƏROV

“Azərbaycan” Nəşriyyatının

baş direktoru, YAP Siyasi Şurasının üzvü

Yeni  Azərbaycan.-2015.- 23 aprel.- S. 4.