TARİXİ MİSSİYA

 

Hər bir xalqın tarixində onun gələcək taleyini müəyyənləşdirən əlamətdar məqamlar olur. Bu məqamların çoxu öz xalqlarının tarixində müstəsna rol oynamış dövlət adamlarının həyat və fəaliyyəti ilə bağlıdır. Bu insanların ömür yolu onların müəllifi olduqları milli dövlətçilik tarixinin böyük bir parçası kimi görünür.

Ölkəmizin tarixinə aid belə əhəmiyyətli anlardan biri xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi tarixdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi 1969-cu ilin 14 iyul günü Heydər Əliyev demişdi: Bu vəzifəyə seçilməklə mən üzərimə düşən məsuliyyəti dərk edirəm, qarşımda duran vəzifələrin mürəkkəbliyini və çətinliyini başa düşərək əmin etmək istəyirəm ki, bu böyük və yüksək etimadı doğrultmaq üçün əlimdən gələn bütün imkanlarımdan istifadə edəcəyəm. ...Hesab edirəm ki, birgə səmimi fəal işimiz bizim gələcək müvəffəqiyyətlərimizin rəhni olacaqdır”.

Ulu öndər Azərbaycan xalqı qarşısında verdiyi bu sözü tutduOnun ölkədə yaratdığı mühit, atdığı addımlar respublikamızın ən böyük nailiyyətlərinin təminatçısına çevrildi.

Heydər Əliyevin bu vəzifəyə seçildiyi vaxt, ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycan iqtisadiyyatı dərin iqtisadi böhran mərhələsində idi. Respublikanın sosial-iqtisadi həyatında mənfi meyillər özünü göstərirdi. Bir sıra obyektivsubyektiv səbəblərə görə Azərbaycan ümumi inkişafdan geri qalırdı. Bir çox sahələrdə - milli gəlirin inkişaf tempinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalatda tətbiqinə, ictimai əməyin məhsuldarlığına görə Azərbaycan digər ittifaq respublikaları ilə müqayisədə xeyli geriləyirdi.

Respublikanı belə bir ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolu axtarıb tapılmalı, iqtisadiyyatın inkişafına yönələn yeni konseptual proqram işlənməli, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri həyata keçirilməli idi. Bütün bu çətin və mürəkkəb işlərin həyata keçirilməsi üçün Azərbaycana Heydər Əliyev kimi güclü, bacarıqlı təşkilatçının, qətiyyətli liderin rəhbərlik etməsi əslində tarixi missiyaya çevrilmişdi.

Beləliklə, Ulu öndərin sarsılmaz qətiyyəti sayəsində növbəti illər Azərbaycanın iqtisadiictimai-siyasi həyatında dönüş mərhələsi kimi yaşandı. Milli dövlətçilik tariximizdə yeni bir dönəm başlandı. Respublikanın dinamik inkişafı üçün kompleks proqramlar işlənib hazırlandı. Bu proqramların uğurla icrası mühüm nəticələrlə müşayiət edildi.

Görülən böyük işlər, iqtisadisosial sahələrdə aparılan davamlı islahatlar Azərbaycanda həyat səviyyəsini yeni mərhələyə yüksəltdi. Cəmiyyət həyatının əhəmiyyətli sahələrində ardıcıl inkişaf proseslərinin əsası qoyuldu. Azərbaycanda illər sonra müstəqil dövlətimizin sosial-iqtisadi inkişafının məhək daşına çevriləcək neft sənayesinin inkişafı da məhz Heydər Əliyevin o zamanlar bu sahənin inkişafına göstərdiyi diqqətin nəticəsi idi.

Ulu öndər Heydər Əliyevin təşkilatçılıq qabiliyyəti, lider qətiyyəti, insanları ümumi məqsədlər uğrunda bir araya gətirmək bacarığı sayəsində 1969-1982-ci illərdə Azərbaycan inkişaf səviyyəsinə görə, nəinki keçmiş ittifaqın bütün respublikalarından, hətta bir sıra inkişaf etmiş xarici ölkələrdən də irəli çıxdı.

Əsrlər boyu əkinçilik diyarı kimi tanınmış Azərbaycan Heydər Əliyevin rəhbərliyi dövründə aparıcı aqrar-sənaye respublikalarından birinə çevrildi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ucqar rayon mərkəzlərində, müxtəlif bölgələrdə respublika əhəmiyyətli obyektlər tikilir, yerləri açılırdı. Bunun nəticəsində respublikada ən kəskin problemlərdən biri olan əmək qabiliyyətli əhalinin ictimai əməyə cəlb olunması, əmək ehtiyatlarından səmərəli istifadə problemi öz həllini tapırdı. Görülən işlər şəhərlərimizin, kəndlərimizin görkəmini dəyişirdi. Bakıda və bölgələrimizdə yeni yaşayış binalarının, sosial infrastruktur obyektlərinin tikintisi geniş vüsət alır, insanlar daimi və mənzil sahibi olurdular.

Heydər Əliyevin o illərdəki ən böyük tarixi xidmətlərindən biriOnun Sovet hakimiyyəti dövründə mövcud olan neqativ hallara, xüsusilə, rüşvətxorluğa qarşı barışmaz mübarizəsi idi. O dövrdə insanlara SSRİ-də, guya rüşvətxorluq hallarının olmaması təlqin edilirdi. Halbuki, bu problem bir çox cəmiyyətlər kimi SSRİ-də də vardı və insanlar ayrı-ayrı vəzifə sahiblərinin bu naqisliklərindən əziyyət çəkirdilər. Yerlərdən mərkəzə guya, heç bir rüşvətxorluq halının olmaması barədə yalan məlumatlar ötürülürdü. Heydər Əliyev isə mərkəzə verilən məlumatların saxta olduğunu açıqlayır, rüşvətxorluğa qarşı mübarizəni ciddiyyətlə davam etdirirdi. Onun cəmiyyətdəki naqisliklərə qarşı barışmazlığı bütün ittifaq məkanında böyük rezonans doğurmuş, hətta bu barədə xarici mətbuatda da yazılar dərc edilmişdi.

Heydər Əliyevin ali dəyərlərə sadiqliyi, Onun rəhbərliyi ilə görülən işlərin mahiyyəti ölkənin mənəvi həyatında da mühüm nailiyyətlərlə müşayiət olunurdu. Ulu öndər Azərbaycan vətəndaşlarını təhsil almağa, öz savadlarını, praktik bacarıqlarını artırmağa həvəsləndirirdi. Onun rəhbərliyi dövründə Azərbaycanda elmi-tədqiqat institutları, ali məktəblər, elm və tədris müəssisələri yüksəkixtisaslı kadrlarla təmin edilmişdi. Respublikada yeni ali məktəblər açılmışdı.

Heydər Əliyevin şəxsi təşəbbüsü ilə SSRİ-nin nüfuzlu ali məktəblərinə respublikamız üçün xüsusilə gərəkli ixtisaslar üzrə təhsil almağa göndərilən Azərbaycan gənclərinin sayı ildən-ilə artırdı. 1969-1982-ci illərdə 15 mindən çox azərbaycanlı tələbə SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa göndərilmişdi. Bütün bunlar həm respublika rəhbərinin Azərbaycan gəncliyinə göstərdiyi böyük qayğının, həm Heydər Əliyevin ittifaq məkanındakı şəxsi nüfuzunun, həm də Ulu öndərin müdrikliyinin, uzaqgörənliyinin, bir neçə on ildən sonra həyatını müstəqil dövlət kimi quracaq Azərbaycanın gələcəyinə hesablanmış ali niyyətlərinin təzahürü idi.

Heydər Əliyevin o illərdə elm, təhsil, maarif, ictimai-mədəni sahələrdə yaratdığı fundamental maddi-texniki baza, mütərəqqi ənənələr o sahələrin hər birində ardıcıl inkişafın möhkəm bünövrəsini formalaşdırdı.

Ulu öndər ölkənin inkişafına dəstək verən hər bir vətəndaşın əməyini də yüksək qiymətləndirirdi. Onun dəstəyi ilə Azərbaycanın 12 min vətəndaşı ayrı-ayrı fəaliyyət sahələrinə verdikləri töhfələrə görə ordenmedallara layiq görülmüşdülər.

Ümummilli lider Azərbaycan tarixində xidmətləri olan görkəmli şəxsiyyətlərin - elm, mədəniyyət, ictimai - dövlət xadimlərinin xatirəsinə də böyük hörmətlə yanaşır, onların mənəvi irsinin təbliği, xatirələrinin əbədiləşdirilməsi üçün müvafiq addımlar atırdı. Məhz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə respublikamızda görkəmli şəxsiyyətlərin, elm, təhsil və mədəniyyət ocaqlarının yubileylərinin keçirilməsi böyük tarixi hadisəyə çevrildi.

Heydər Əliyev Azərbaycanda qadın hüquqlarının da qüdrətli təminatçısı idi. O, ölkəmizdə qadın fəallığı ənənələrinin inkişafına ardıcıl dəstək verir, qadınların hüquqlarının qorunması, ölkənin sosial-iqtisadi həyatında onların fəal iştirakının təmin olunması üçün müvafiq addımlar atırdı. Həmin dövrdə hər il yüzlərlə azərbaycanlı gənc qız təhsil almaq üçün keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərilirdi.

Ana dilimizin, milli mentalitetimizin qorunması və inkişafı da Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə daim diqqətdə saxladığı məsələlərdən idi. O deyirdi: “Öz dilini inkişaf etdirən alim, müəllim, öz tarixini yazan, inkişaf etdirən, tarixini əks etdirən, öz mənəviyyatını araşdıran, təhlil edən və ümumiləşdirən, xalqına yüksək səviyyədə çatdıran alim - onlar hamısı birlikdə öz xalqının, millətinin, milli şüurunun, milli ruhunun, vətənpərvərlik ruhunun inkişaf etməsinə, irəli getməsinə xidmət göstərir”.

Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və mübarizəsi nəticəsində Azərbaycan dilinin dövlət dili olması haqqında müddəa Azərbaycanın 1978-ci il Konstitusiyasında öz əksini tapdı. Konstitusiyanın 73-cü maddəsində “Azərbaycanın dövlət dili Azərbaycan dilidir” müddəası təsbit edildi. Ulu öndər Azərbaycan Respublikası Konstitusiya Komissiyasının 1995-ci il oktyabrın 31-də keçirilən iclasında xatırlayırdı: “Ancaq bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu, yoxdur, buna ehtiyac yoxdur... Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu da öz konstitusiyamıza yazmalıyıq və yazacağıq”.

O illərdə Heydər Əliyevin öz müdrik siyasəti nəticəsində respublikada yaratdığı güclü sosial, iqtisadiintellektual potensial Azərbaycanın müstəqilliyi üçün mühüm zəmin yaratdı. Müasir Azərbaycan dövlətinin inkişafı məhz həmin illərdə yaradılmış möhkəm təməl üzərində quruldu. Ulu öndər Azərbaycanın müstəqilliyinin ilk illərində, ölkəni bürümüş gərgin siyasi, sosial-iqtisadi təlatümlər mühitində daha bir tarixi missiyanı uğurla yerinə yetirərək ölkəmizi parçalanma təhlükəsindən, yenicə əldə edilmiş müstəqilliyin əldən verilməsi qorxusundan hifz etdi.

Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmiz vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Xarici qüvvələrin təhriki ilə respublikanın müxtəlif regionlarında separatçı qüvvələr baş qaldırırdı. Səriştəsiz insanlardan təşkil olunmuş müvəqqəti iqtidarlar yaranmış vəziyyətdən çıxış üçün aydın fəaliyyət planına malik deyildi. Azərbaycan açıq şəkildə fəlakətə sürüklənirdi. Belə bir məqamda Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı və qayıdışının ilk saatlarından etibarən bütün imkanlarından, siyasi təcrübəsindən faydalanaraq silahlı qarşıdurmanın kəskinləşməsinin qarşısını aldı. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən, qardaş qırğını qorxusundan uzaqlaşdırdı.

Sonrakı illərdə Azərbaycana qarşı yönələn xarici təhdidlərin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Dövlətçiliyimizin əsaslarını möhkəmləndirdi. Cəmiyyətdə hüququn aliliyini təmin etdi.

1994-cü ilin sentyabrında dünyanın aparıcı neft şirkətləri ilə Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının birgə hasil edilməsi üzrə müqavilənin - “Əsrin müqaviləsi”nin imzalanması, Azərbaycanın iqtisadi müstəqilliyinin təməlinə çevrildi.

1995-ci ilin noyabrında müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu ilə Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu istiqamətində daha bir mühüm addım atdı. Azərbaycanda iqtisadi islahatlar uğurla həyata keçirildi. Ölkənin demokratik inkişafı, insan hüquq və azadlıqlarının qorunması, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində möhtəşəm nailiyyətlər əldə olundu.

Ulu öndər Heydər Əliyev çıxışlarının birində demişdi: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”.

Ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı bu müqəddəs andı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin timsalında ən ali mənəvi dəyər kimi uca tutulur və ölkəmizin yeni-yeni nailiyyətlərinə yol açır. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı misilsiz tarixi uğurlar Ulu öndər Heydər Əliyevin mənəvi irsinə sadiqliyin ifadəsidir.

Bu gün Azərbaycan dünyanın çox az dövlətlərindəndir ki, bütün təzyiq və təhdidlərə rəğmən malik olduğu müstəqil siyasətin, strategiyanın davamlılığını, ardıcıllığını, milli maraqlarımıza uyğunluğunu təmin edə bilir. Son illərdə Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlər, qloballaşan dünyada məkan etibarilə ölkəmizin tutduğu coğrafi mövqe dünyanın güc mərkəzləri üçün dövlətimizin əhəmiyyətini getdikcə artırır.

Qarşıdurmaların artıq nəinki xalqlar, dövlətlər, hətta miqyas etibarilə sivilizasiyalar arasında davam etdiyi müasir dünyamızda bu balansı saxlamaq, hər kəsə bərabər məsafədə qərar tutmaq, üz-üzə dayanmış böyük güclərin mənafelərinin daim toqquşduğu, xarakter etibarilə yetərincə mürəkkəb geostrateji məkanda sülhü, ictimai-siyasi sabitliyi ən yüksək səviyyədə qorumaqbütün bunlarla bərabər həm də ölkənin öz tarixi boyu heç zaman yaşamadığı nailiyyətləri qazanmaq, heçasan məsələ deyil.

Yaxın-uzaq ölkələrdə baş verən və xalqların, ölkələrin taleyi baxımından böyük təəssüf hissi doğuran siyasi proseslər göstərir ki, bu cür xoşagəlməz olayların yaşanmaması, xarici qüvvələrin gizli əli ilə qarışan ölkələrin bu cür hallardan uzaq durub Azərbaycan kimi öz sabit, davamlı inkişaf yoluna davam etməsi üçün öz vətənini sevən, onun dəyərlərinə hörmətlə yanaşan qətiyyətli lideronun həyata keçirdiyi inkişaf kursuna ümumxalq dəstəyi ən böyük tarixi zərurətdir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz belə bir tarixi missiyanı yerinə yetirir. Cəmiyyətimizin sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə etdiyi yüksək göstəricilər və nəticələr ölkəmizin qüdrətini ildən-ilə artırır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, hüquqi dövlət quruculuğu yolunda atılan ardıcıl addımlar, Azərbaycanın dinamik inkişafını təmin edir.

Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafına şərait yaradır. Vətəndaşların güzəranı gündən-günə yaxşılaşır. Əhalinin sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi kimi fundamental məqsədlər reallığa çevrilir.

Bu strateji kurs daxili ictimai-siyasi sabitliyin və ardıcıl tərəqqinin təməli rolunda çıxış edir. Eyni zamanda, Azərbaycandakı ictimai-siyasi sabitlik mühiti, vətəndaşların dövlətə, dövlət rəhbərliyinin həyata keçirdiyi islahatlar kursuna dəstəyi Azərbaycanın milli dövlətçilik tarixində yeni inkişaf səhifələri açır.

Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində sosial-iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaradılıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən siyasətin nəticələri Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə zəmin yaradır.

Xalqın böyük dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündən ölkənin taleyüklü problemlərinin həllinə diqqət yetirən cənab İlham Əliyev Azərbaycanın daha böyük uğurlara nail olacağını əminliklə ifadə edirdi:Biz xalqla birlikdə Azərbaycanı inkişaf etdirəcəyik, ölkəmizi zəngin və qüdrətli dövlətə çevirəcəyik”.

Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə qazanılan və sırası ildən-ilə daha da genişlənən tarixi uğurlar bu amalın təntənəsidir. Müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu gün tarixinin ən qüdrətli mərhələsinə qədəm qoyub. Azərbaycan milli dövlətçilik tarixinin heç bir mərhələsində indiki qədər qüdrətli olmayıb. Bu gücün, bu qüdrətin formulu isə dövlət rəhbərimizin aşağıdakı fikirlərində dəqiqliklə ifadəsini tapıb: Düşünülmüş siyasət, siyasiiqtisadi islahatlar, xalqla iqtidar arasında olan birlik, vəhdət, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü hakimiyyət və sabitlik - budur bizim inkişafımızı şərtləndirən amillər”.

Güclü iqtisadiyyat, güclü sosial siyasət, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, qanunun aliliyinin bərqərar olunması, demokratiyanın inkişafı, siyasi islahatların aparılması və dərinləşməsi - bütün bunlar Azərbaycanın hərtərəfli tərəqqisini təmin edir. Sözlə əməlin vəhdətinə əsaslanan, Azərbaycanın öz gücünə söykənən müstəqil siyasət Azərbaycanı irəli aparır. Xarici təhdidlərdən, beynəlxalq şəraitdən asılı olmayaraq, ölkəmizin dinamik və hərtərəfli inkişaf tempi qorunur, siyasi, sosial-iqtisadi qüdrəti artır, dünyadakı mövqeləri daha da möhkəmlənir.

Bəzi Qərb dövlətlərinin bir neçə yüzillikdə keçdiyi islahatlar yolunu müstəqil Azərbaycan dövləti qısa zamanda başa vuraraq, hətta bu ölkələr üçün örnək rolunu oynaya biləcək demokratik inkişaf nümunələrinə imza atır.

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulanbu gün Prezident İlham Əliyevin əzmlə həyata keçirdiyi siyasət Azərbaycanda insanı ən qiymətli sərvət, ən qiymətli kapital kimi dəyərləndirir. Ölkəmizin əldə etdiyi uğurlar təbii sərvətlərimizin insan kapitalına çevrilməsinə zəmin yaradır. Prezident İlham Əliyev “qara qızıl”ın insan kapitalına çevrilməsini Azərbaycan hökumətinin apardığı siyasətin başlıca məqsədi elan edib: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir. ...Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır”.

Mövcud insan kapitalının inkişafı sahəsində dünya təcrübəsinin elmi tədqiqi və optimal, səmərəli istifadəsi davam etdirilir. Milli, regional xüsusiyyətlər nəzərə alınmaqla, Azərbaycanda istifadə üçün ən uyğun insan kapitalının toplanmasının effektiv üsul və vasitələri müəyyənləşdirilir. İnsan kapitalının davamlı inkişafı üzrə milli strategiyanın əsas konseptual müddəalarının inkişafı və onun effektiv şəkildə tətbiqinin müasir mexanizmləri işlənib hazırlanır.

İnşa olunan yeni körpülər, yollar, elektrik stansiyaları, sosial infrastruktur sistemi hər il ölkəmizi dünyanın qabaqcıl texnologiyalar tətbiq edən dövlətləri sırasında daha da önə çıxarır.

Etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqini dövlət siyasətinin başlıca istiqamətlərindən birinə çevirən Azərbaycan son illər bütün dünyada fərqli sivilizasiyaların bir araya gəldiyi, mədəniyyətlər arasındakı ziddiyyətlərin dialoq məcrasına yönəldiyi sülh və tolerantlıq ünvanı kimi tanınır. Bu nailiyyətlərin əldə edilməsində, Ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun, bu Fondun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın da tarixi xidmətləri var.

Ötən əsrin ortalarından Heydər Əliyev adı ilə milli dövlətçilik tariximizdə yeni bir salnamə başlandı. Bu gün bu salnamənin Ulu öndərin mənəvi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu ölkənin vətəndaşları olaraq bizim tarixdəki ən böyük şansımızdır. Və biz həyat və fəaliyyətimizin hər bir məqamında bu şansı düzgün dəyərləndirməyi bacarmalıyıq.

 

İmamverdi İsmayılov

Milli Məclisin deputatı

Yeni  Azərbaycan.-2015.- 24 aprel.- S. 4.