Heydər Əliyev siyasi irsi Azərbaycanın
milli sərvətidir
2013-cü ildə Azərbaycan xalqının Ümummilli lideri, dahi siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 90 illiyi Azərbaycanın hər bir bölgəsində, eləcə də, ölkəmizin döyünən qəlbi Bakı şəhərində böyük təntənə ilə qeyd edildi. Xalqımız sabitlik və sürətli inkişafa yol açan, müstəqilliyimizin memarı olan qüdrətli bir şəxsiyyətin irsinə, adına və amallarına sədaqətini nümayiş etdirdi. Ulu öndərin həyat və fəaliyyətinə hədsiz bir ehtiramın sübutu olaraq yubiley tədbirləri respublikamızın hüdudlarını aşdı, bir çox dövlətlərdə Heydər Əliyevə həsr olunmuş anım günləri, elmi konfranslar, bayram tədbirləri dünya ictimaiyyətinin qəlbində dərin təəssüratlarla əbədiləşdi. İstər-istəməz, əslində, cavabı hər kəsə aydın olan bir sual üzərində düşünmək lazım gəlir: Ötən əsrin 60-cı illərindən bütün həyatını Azərbaycan xalqının yüksəlişinə həsr edən Heydər Əliyevin irsinə heç vaxt azalmayan, əksinə ildən-ilə artan tükənməz marağın mənbəyində nə dayanır? Bu sualı cavablandırmaq üçün bir insanın, dahi azərbaycanlının ömür yoluna nəzər salmaq, bu şərəfli tarixi yenidən vərəqləmək, cild-cild kitablar yazmaq olar və təbii ki, belə əsərlər yaradılır, yeni nəsillərə çatdırılır.
Hələ 12 il bundan öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük seçkidən sonrakı ilk çıxışında müstəqil Azərbaycanda Heydər Əliyevin başladığı yolun alternativi olmadığını bəyan etdi və on iki ildən bəridir ki, xalqımız Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirir. Sonralar hörmətli Prezidentimiz dahi rəhbərin fəaliyyətini qısa və konkret olaraq belə ifadə etmişdi: “Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir...
Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi. Heydər Əliyevin qurduğu dövlətin iqtisadi siyasəti əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlamaqla sosial yönümü ilə səciyyələnirdi. Bu gün Azərbaycan nüfuzlu vətəndaş cəmiyyətinin əsaslarının qurulduğu, müxtəlif siyasi partiyaların sərbəst fəaliyyət göstərdiyi, yüzlərlə senzurasız qəzet və jurnalın nəşr olunduğu, eləcə də, çox sayda özəl telekanalların yayımlandığı və internet şəbəkəsi istifadəçilərinin sayının sürətlə artdığı bir ölkədir.
Heydər Əliyev Öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də, ictimai-siyasi həyatımızda öz əksini tapmışdır...”
Xalqımızın Ümummilli lideri Heydər Əliyev müasir Azərbaycan tarixinin ən şərəfli, parlaq səhifələrinin müəllifidir. O, təxminən yarım əsr bundan əvvəl Azərbaycan xalqına rəhbər seçildikdən sonra bütün ölkənin həyatında hərtərəfli dönüş mərhələsi başlanmış, hər bir sahənin inkişafında, eləcə də, elm, təhsil, mədəniyyət və incəsənətin tərəqqisində böyük nailiyyətlər əldə edilmişdir. Bu dövrdə xalqımızda milli qürur, milli mənlik şüuru oyanmış, xalq öz tarixini, milli-mənəvi dəyərlərini, soy-kökünü dərindən dərk etməyə başlamış, milli ideologiyanın formalaşması mümkün olmuşdur. Həmin dövrdə Ulu öndər milli düşüncəli ziyalıları, elm, mədəniyyət, incəsənət, ədəbiyyat nümayəndələrini bir amal uğrunda səfərbər edə bilmişdir. Ulu öndərin qayğı və himayəsini daim hiss edən ziyalılar Ona milli mədəniyyətimizin hamisi kimi baxırdılar.
Aydın bir həqiqətdir ki, uzaq tariximizdəki epizodik şəhadətlərə, qədim və zəngin tariximizə ehtiramla nəzər salıb deməliyik ki, cahan müharibələri, inqilablar, dünya xəritəsinin konturlarının dəyişməsi ilə xarakterizə olunan XX əsrdə Vətənimiz Azərbaycan möhtəşəm bir yol keçmişdir. Azərbaycanın yeni dövrə uyğun yüksəlişi, yer kürəsində tanınması birmənalı olaraq Ulu öndər Heydər Əliyevin dahi rəhbər qətiyyəti ilə bağlıdır. O, iqtisadi, siyasi, sosial və mənəvi amilləri birləşdirərək, intibahın ümumi tarazlığını və dönməzliyini yaratmış əvəzolunmaz bir dövlət başçısıdır.
Azərbaycanın 1990-cı illərin əvvəllərində müstəqillik qazanması, on il ərzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin yaratdığı siyasi, sosial, mədəni, mənəvi irs hərəkətverici təsirini güclü şəkildə qoruyub saxlamaqdadır. Ulu öndər xalq həyatının inkişafında mədəni dəyərlərdən istifadənin misilsiz rolunu əməli addımlarla təsbit etmişdir. Məhz buna görə tarixin ardıcıllığını düzgün və tam qavramaq naminə hər zaman bu və digər əhəmiyyətli məsələ təhlil edilərkən hər bir uğurun əsasında zəmin qatların olduğunu xatırlatmaq olduqca zəruridir.
Təbii ki, Azərbaycan mədəniyyətində və turizm sferasında baş verən dərinləşmə prosesi, mədəniyyət faktorunun, turizm təsərrüfatının, əgər belə demək mümkündürsə, xalqın həyat tərzinin bir parçasına çevrilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin on ildən çox bir müddətdəki yorulmaz fəaliyyətinin yekunlarındandır. Dövlət başçısının Heydər Əliyev irsini rəhbər tutaraq müəyyən etdiyi vəzifələr möhtəşəm uğurlara təminat yaradır. Bəllidir ki, mədəniyyət və incəsənət sahəsi sahibkarlıq fəaliyyətinə əsaslanmır. Onlara dövlət səviyyəsində qayğı göstərilir. Heç şübhəsiz ki, dövlətin əməli köməyi, xüsusilə dövlət başçısının düşünülmüş tədbirləri, sevgisi olmadan mədəni uğurlara indiki səviyyədə imza atmaq olmazdı.
Mövzuya uyğun olaraq yeri gəldikcə Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolla gedən və bu əsaslar səbəbindən böyük uğurlar qazanan ölkəmizin müasir həyatındakı müəyyən məqamlarına nəzər salmaq zəruridir.
Heydər Əliyev irsinə sadiqlik nümayiş etdirən Azərbaycan dövlətinin müasir dövrdə apardığı hərtərəfli inkişaf siyasətində mədəniyyət proseslərinin dərinləşdirilməsi amili aparıcı xarakter daşıyır. Sadə dillə desək, mədəniyyətin inkişafı iqtisadiyyat, sosial məsələlər, sağlamlıq, təhsil, maddi rifah halının yaxşılaşdırılması ilə bərabər tutulur. Nəticədə mədəniyyət və turizm ictimaiyyəti hərəkətverici stimul qazanır.
Daxili və xarici siyasətin digər sahələrində reallaşdırılan niyyətlər bəllidir. Ötüb keçən son on ili mədəni təkamülün qızıl dövrü adlandırmaq olar. Elə bir dövr ki, o, sonrakı daha böyük uğurlara təminat yaratmışdır. Dövlət səviyyəsində milli-mənəvi problemə konstruktiv yanaşma təbii olaraq rezonans doğurur. İndi ölkədə mədəniyyət və turizm layihələrində iştirak etmək istəyən nə qədər maraqlı təşəbbüslər vardır. Şəxsiyyətlər, qeyri-hökumət təşkilatları düzgün siyasətə cavab olaraq özlərinin xidmət və köməklərini təklif edir, bir çox hallarda cəmiyyət tərəfindən böyük rəğbət də qazanırlar.
Fəaliyyətə başlamasının on illiyi tamam olan Heydər Əliyev Fondunun təhsilə, səhiyyəyə, yeni nəslin təlim-tərbiyəsinə diqqət, imkansız ailələrə, qaçqın-köçkün soydaşlarımıza kömək göstərməsini, sosial layihələr icra etməklə yanaşı, mədəniyyətin inkişafına töhfələr verməsini xüsusi qeyd etmək lazımdır. Fondun prezidenti, millət vəkili, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Qobustan Tarix və Mədəniyyət Qoruğunun, Qala Qoruğunun, İçərişəhərin, Novruz bayramının, Xalça sənətinin, Aşıq yaradıcılığının, Muğam musiqisinin Azərbaycanın müəllifliyi əsasında dünya sivilizasiyasının örnəkləri kimi qeyd olunması, tanıdılması sahəsində möhtəşəm işlər görmüşdür. Keçmişə ehtiramla yanaşı, elmin, incəsənətin, yaradıcı fəaliyyətin müxtəlif sahələrində gənclərin üzə çıxarılması və parlaması üçün Mehriban xanım Əliyevanın irəli sürüb reallaşdırdığı ideyalar birmənalı olaraq millətə, vətənə xidmət, yüksək vətəndaşlıq nümunəsidir.
Heydər Əliyev kursuna sədaqətin yekunu olaraq müasir Azərbaycan başqa qitələrdən, yad dövlətlərdən gələn əmr və göstərişlərlə, yaxud hər gün ağıla gələn fikirlərlə deyil, konkret layihələr və proqramlar əsasında idarə olunur və inkişaf edir. Ölkəmizdə uğurla həyata keçirilən teatr, kino, mədəni irsin inkişafı, kulturoloji və turizm təhsili, ayrıca olaraq turizm, kitabxana, muzey işi sahəsində həyata keçirilən dövlət proqramlarından kifayət qədər yazılmışdır. Həm də haqlı olaraq tez-tez qeyd edilir ki, məhz Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdən başlayaraq mədəniyyətin yüksəlişinə şərait yaradan hüquqi baza yaradılmış, müvafiq qanunlar qəbul edilmişdir. Bir vacib məqamı qeyd etməliyik ki, mədəniyyət və turizm sahəsində icra olunan həmin ali sənədlər həyati əhəmiyyət daşıyan digər dövlət proqramları ilə əlaqələndirilir. Məsələn, bir çox mədəniyyət xarakterli dövlət proqramlarını regionların sosial inkişafını nəzərdə tutan ümumrespublika layihələrindən kənarda təsəvvür etmək qeyri-mümkündür. Bu, onun göstəricisidir ki, dövlət səviyyəli proqramlar bir-biri ilə əlaqəlidir və bir-birini tamamlayır.
Azərbaycanda icra olunan təməl layihələrin hər biri hörmətli Prezidentimiz tərəfindən əsaslandırılıb irəli sürülən “Azərbaycan 2020 - gələcəyə baxış” milli inkişaf konsepsiyasının tərkib hissəsi qismində qəbul edilməlidir. Bu, strateji bir sənəddir və 5-10 ildən sonrakı Azərbaycanın əlbəttə ən yüksək inkişaf nöqtəsi bu konsepsiyanın icrasından asılı olacaqdır. Bununla bərabər yeni “Azərbaycan Respublikasının Mədəniyyət qanunu”nun qəbul olunmasını mədəniyyət sahəsində ən önəmli hadisələrdən biri saymaq olar. Məlumdur ki, “Mədəniyyət haqqında” qanun sonuncu dəfə 1999-cu ildə qəbul edilmişdir. Aradan keçən dövr bir sıra hüquqi qanunvericilik müddəalarının müasir mədəniyyət mühitinə və tələbatlarına uyğun yeniləşməsini tələb edirdi. İndi əlimizdə daha çağdaş, daha dolğun və əhatəli qanun var. Üstəlik, Azərbaycan dövlətinin “Mədəniyyət konsepsiyası” da hazırlanmışdır.
Ulu öndər Azərbaycanın mənəvi və mədəni dəyərlərinin dünyada tanıdılmasına yüksək əhəmiyyət verirdi. Ənənə bu gün də davam edir. Çünki beynəlxalq müstəvidən, xüsusilə qloballaşan dünyada mədəniyyətlərarası dialoqdan kənarda qalmaq mümkün deyil. Milli mədəniyyətimizi dünyada tanıtmaq, Azərbaycanın istedadlı insanlarının Amerika, Avropa, Asiya, Afrika qitələrindəki məşhur arena və məkanlara çıxmalarına kömək etmək və beynəlxalq kulturoloji təcrübələri mənimsəmək üçün müvafiq tədbirlər görülür. Eyni zamanda, dünyada tanınan, yüksək sənət baxımından diqqəti cəlb edən məşhur xarici ifaçıların Azərbaycana gəlmələri, bu yolla müasir mədəniyyət örnəklərini bizim tamaşaçılara çatdırmaq məsələsi unudulmur. Hər il dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyət günləri keçirilir. Bu, ölkənin mədəni nailiyyətlərini tanıtmaq üçün ən yaxşı imkanların açılması deməkdir. Eyni zamanda, Azərbaycanda da bir sıra dost ölkələrin mədəniyyət günlərinin keçirilməsi ənənəsi yaranmışdır. Ümumiyyətlə, son illər bir çox layihələrimiz icra olunarkən, əgər belə demək mümkündürsə, onun əhəmiyyətinin artırılması və məzmunca zənginləşməsi üçün miqyaslılıq, beynəlxalq səviyyənin olması nəzərə alınır.
Ötən il iyul ayının əvvəllərində Fransanın Kann şəhərində “Azərbaycan Kannda” mədəniyyət günlərinin açılışı oldu. Heydər Əliyev Fondunun, ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mədəniyyət günlərinin rəsmi açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edirdi. Yüksək təşkilatçılığı, proqram zənginliyi ilə fərqlənən “Kannda Azərbaycan günləri” çərçivəsində açılan sərgilər, konsert çıxışları heyranlıq doğurmuş, Mehriban xanım Əliyeva orada keçirdiyi görüşlər, söhbətlər zamanı Azərbaycan həqiqətlərini bu ölkə ictimaiyyətinin, qonaqların diqqətinə çatdırmışdır.
Yeri gəlmişkən, beynəlxalq mədəni əlaqələrin dərinləşməsinin əsasında, heç şübhəsiz, Azərbaycan Prezidentinin tapşırığı ilə iki ildən bir Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səslənən müddəalar dayanır.
Azərbaycanın təşkilatçılığı ilə mədəniyyət tədbirlərinin keçirildiyi ölkələrin adları göstərir ki, coğrafiya çox genişdir, dünyanı əhatə edir. Fransa, Almaniya, İngiltərə, Avstriya, ABŞ, Argentina, Türkiyə, Rusiya, digər MDB-yə üzv dövlətlər, İran, ərəb ölkələri, Afrika ölkələri, Yaxın və Uzaq Şərq, Yunanıstan, Xorvatiya, Sloveniya və digər çox sayda ölkələrlə mədəniyyətin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq qurulmuşdur, turizm statistikasına baxsanız, görəcəksiniz ki, göstərilən ölkələrlə gediş-gəlişlər, ekskursiya və səyahətlər də ildən-ilə daha da intensiv xarakter alır.
Qeyd edildiyi kimi, müasir, müstəqil Azərbaycanın mədəniyyətinin və tariximizin özül daşları Ulu öndərimizin əli ilə düzülmüşdür. Nadir şəxsiyyət olan Heydər Əliyev milli intibaha və dövlətin idarə olunmasına qlobal yanaşırdı. O öyrədirdi ki, siyasi, iqtisadi, sosial uğurların nəticəsi, yekunu mədəniyyətə qovuşur, insanların sağlam həyat tərzinə qovuşur.
Heydər Əliyevin milli-mənəvi və əxlaqi dəyərlərimizin ümumbəşəri ideyalarla zənginləşdirilməsində xüsusi xidmətləri olmuşdur. Azərbaycan mədəniyyətinin böyük zaman aralığındakı tarixi inkişaf yolu bilavasitə Onun adı və şəxsiyyəti ilə bağlıdır. O, xalqın tarixi keçmişinə, mənəvi dəyərlərinə, irsinə, incəsənətinə həmişə qayğı ilə yanaşmışdır. Xalqın mənəviyyatını zənginləşdirən, onu bütün dünyada tanıdan milli mədəniyyətimizin hərtərəfli inkişafını, yüksəlişini daim diqqət mərkəzində saxlamış, ona ən ümdə vəzifəsi kimi baxmışdır. Təsadüfi deyil ki, Heydər Əliyev ənənələrinin yaşadılması nəticəsində bu gün daha böyük nailiyyətlər qazanılır.
Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Buna görə də O, mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan bütün tədbirləri görürdü.
O deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.
XX əsrdə Azərbaycan mədəniyyətinin bütün sahələrinin vüsətli inkişafı, geniş miqyasda təbliği və böyük nailiyyətləri bilavasitə Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin nəticəsi idi.
Bütün həyatını Azərbaycanın yüksəlişinə və çiçəklənməsinə sərf etmiş Ümummilli lider Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunub saxlanması və zənginləşdirilməsinə də hər zaman diqqət və qayğı ilə yanaşmışdır. Görülən bütün bu işlər milli ruhun, milli mənlik şüurunun inkişafına əsaslı zəmin yaradırdı.
Ümummilli liderin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə (1993-2003) xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin dirçəldilməsi, xüsusən də Sovet dönəmində dağıdılan İslam mədəniyyəti nümunələrinin - məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı həyata keçirilən tədbirlər Onun milli-mənəvi dəyərlərin qorunmasına bəslədiyi münasibətin bariz sübutudur.
Ədəbiyyata, incəsənətə, bütövlükdə mədəniyyətə sıx bağlılığı bu böyük şəxsiyyətin fitri istedadından, yaradıcı təbiətindən və milli irsə olan diqqətindən qaynaqlanırdı. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi cəhətdən çox ağır durumda olduğu zamanlarda belə, Heydər Əliyev mədəniyyət və incəsənətin xalqlar və millətlər arasında heç bir tərcüməyə ehtiyacı olmayan ən yaxşı ünsiyyət vasitəsi kimi rolunu nəzərə alaraq, Azərbaycanın zəngin mədəniyyətinin dünyaya inteqrasiyası və onun təbliğində mühüm addımlar atırdı.
Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından kənarda qalmış olsun. Musiqi, heykəltəraşlıq və rəssamlıq, teatr və kino, xalça sənəti və digər sahələrin bugünkü inkişafı Ulu öndərin dəyərli ideyalarından bəhrələnib. Bununla dahi rəhbər Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoymuşdur.
Ulu öndər, sözün əsl mənasında, Azərbaycanın ən böyük sərvəti hesab olunan milli-mənəvi dəyərlərin və mədəniyyətimizin himayədarı idi. O, azərbaycançılığı milli ideya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın bir parçası hesab edirdi: “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Ulu öndər hər zaman vurğulayırdı ki, yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın bitkin inkişaf konsepsiyası ola bilər. Heydər Əliyev nəinki bu konsepsiyanı yaratdı, həm də çox böyük ustalıqla, səbir və təmkinlə həyata keçirtdi.
Beləliklə, xalqımızın öz milli dəyərlərinə getdikcə daha çox önəm verməsi, azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi, çoxmillətli ölkəmizin bütün sakinlərinin qarşılıqlı anlaşma, dialoq şəraitində birgəyaşayışı, dövlətimizin yüksək insani dəyərlərə, humanizm və tolerantlığa sadiqliyi qloballaşma prosesləri fonunda olduqca müsbət haldır. Heydər Əliyevin mədəniyyətimizin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması yolunda gördüyü işlər bizlərə müasir qloballaşma prosesində milli-mənəvi dəyərlərimizi ön plana çəkməyi, öz milli kimliyimizi, dinimizi və adət-ənənələrimizi unutmamağı tövsiyə edir. Bu baxımdan Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqinin müstəsna əhəmiyyətini qeyd etməliyik. O, Öz nitqində azərbaycançılıq ideyasının mahiyyətini, milli dövlətçilik ideyasının milli-mənəvi dəyərlərlə vəhdətini açıb göstərdi. O, böyük fəxr və iftixar hissi ilə bildirdi ki, bizim hamımızı birləşdirən məhz bu amildir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıqdır. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan üçün bu ideologiya mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa mühüm bir körpüdür.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün “Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir”. Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini qoruyub saxlamaq müstəsna əhəmiyyət kəsb edir ki, onu da azərbaycançılıq fəlsəfəsi təmin edir: “Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər”.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin siyasi, sosial-mədəni və iqtisadi sahələrdə həyata keçirdiyi köklü islahatlar və əsaslı tədbirlər ölkəmizin bütün sahələrdə günü-gündən güclənməsinə, o cümlədən, mədəniyyət və turizm sahələrində böyük uğurlar qazanılmasına münbit şərait yaratmışdır. Azərbaycan musiqisi dünyanı fəth edir, tamaşalarımız, filmlərimiz, kitablarımız, təsviri sənət nümunələrimiz nüfuzlu beynəlxalq festival və müsabiqələrdə uğurla nümayiş etdirilir, ölkənin turizm potensialı dünyaya tanıdılır, turizm sənayesinin infrastrukturu durmadan genişləndirilir, mədəniyyət müəssisələrinin maddi-texniki bazası gücləndirilir, müasir standartlara uyğun yeni-yeni mədəniyyət ocaqları tikilib istifadəyə verilir.
Çünki Heydər Əliyevin mənəvi inkişafa həssas yanaşması Azərbaycan dövlətinin mədəniyyət siyasətinin mənbəyi, tərkib hissəsidir. Çünki bizim Vətənimizdə mədəniyyət yaşamaq deməkdir, həyatın özü deməkdir. Heydər Əliyevdən əmanət qalan bu irs hər yeni gələn nəsillər tərəfindən yenidən dərk olunur və bu belə də olmalıdır.
Vaqif Əliyev
Azərbaycan
Respublikasının mədəniyyət və turizm
nazirinin birinci müavini,
YAP İdarə
Heyətinin üzvü
Yeni Azərbaycan.-2015.- 25 aprel.- S. 4.