Azərbaycanla Bolqarıstan
arasında əməkdaşlıq gündən-günə inkişaf edir
Ölkələrimiz arasında qarşılıqlı investisiyaların qoyuluşu, şirkətlərin fəaliyyəti və ikitərəfli əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı şərait mövcuddur
Xəbər verildiyi kimi, aprelin 23-də Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov bu ölkənin Baş nazirinin müavini, daxili işlər naziri xanım Rumiana Baçvarova ilə görüşüb. Səfir E.Kərimov son vaxtlar ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini, bu əlaqələrin möhkəmlənməsində yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərlərinin mühüm rol oynadığını bildirib. O, iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın gündən-günə inkişaf etdiyini deyən R.Baçvarova qarşılıqlı münasibətlərin, o cümlədən Daxili İşlər nazirliklərinin əlaqələrinin daha da genişlənməsi istiqamətində səylərini davam etdirəcəyini bildirib.
Rumiana Baçvarovanın da qeyd etdiyi kimi, bu gün Azərbaycanla Bolqarıstan arasında əlaqələr yüksək dinamika ilə inkişaf edir. Təbii ki, bu inkişafda dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin əhəmiyyəti kifayət qədər böyükdür. Bu mənada son olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin mart ayının 3-5-də Bolqarıstan Respublikasına rəsmi səfəri xüsusilə təqdirəlayiqdir. Qeyd etmək yerinə düşər ki, səfər çərçivəsində Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, humanitar, mədəni və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi işinə böyük töhfə verəcəyi qeyd olunub. Əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivin və yaxşı imkanların olduğu bildirilib.
Səfər çərçivəsində martın 4-də Sofiyada Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Bolqarıstan Prezidenti Rosen Plevneliyev çıxış edərək deyib: “Biz ötən 20 ildə konkret layihələri icra etməklə tarixi əlaqələrimizi inkişaf etdirərək münasibətlərimizi praqmatizmlə zənginləşdirmişik. Bu gün Azərbaycan Bolqarıstanın çox dəyərli və etibarlı tərəfdaşıdır. Ən yüksək siyasi səviyyədə keçirilən müntəzəm görüşlər yeni əməkdaşlıq formalarını müəyyən etmək üçün iradəmizin mövcudluğunu sübut etmişdir. Bu gün Bolqarıstan Respublikası və Azərbaycan Respublikası arasında imzalanmış Birgə Bəyannamə münasibətlərimizi mühüm strateji səviyyəyə yüksəldərək yeni mərhələnin başlanğıcını qoymuşdur”.
Rəsmi ziyafətdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Azərbaycan və Bolqarıstan xalqları arasında münasibətlərin qədim tarixi var. Bizim mədəniyyət, incəsənət, elm sahəsində də əlaqələrimizi sübut edən çoxlu faktlar mövcuddur. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri isə hələ XIX əsrdə bolqar dilinə tərcümə olunub nəşr edilmişdir. Görkəmli Azərbaycan şairləri, yazıçıları Bolqarıstana, bolqar xalqına həsr olunmuş gözəl əsərlər yazmışlar. Bolqar ədəbiyyatının klassikləri-İvan Vazovu, Xristo Botevi, Yemelyan Stanevi və bir çox başqalarını bu gün də Azərbaycanda sevərək oxuyurlar.
İqtisadi sahədə əlaqələrimizin inkişafı üçün yaxşı imkanlar var. Azərbaycanda mövcud olan əlverişli siyasi-iqtisadi mühit beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Davos İqtisadi Forumu Azərbaycanı iqtisadi sahədə rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Bu da ölkələrimiz arasında qarşılıqlı investisiyaların qoyuluşu, şirkətlərin fəaliyyəti və ikitərəfli əməkdaşlığın genişlənməsi üçün yaxşı şəraitin olduğunu göstərir.
Eyni zamanda, enerji sahəsində əməkdaşlıq əlaqələrinin perspektivləri genişdir. Zəngin karbohidrogen ehtiyatlarına malik ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Hazırda Azərbaycandan enerji resurslarını müxtəlif istiqamətlərə nəql edən 7 neft və qaz kəməri mövcuddur. Azərbaycan TANAP layihəsinin əsas səhmdarıdır, TAP və “Şahdəniz” layihələrində isə böyük paya malikdir. Cənubi Qafqaz qaz kəmərinin genişlənməsi ilə bərabər bu layihələr hazırda Avropada inşa edilən ən böyük, dəyəri ən azı 45 milyard dollar olan infrastruktur layihəsidir”.
Səfər çərçivəsində, həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun mətbuat konfransı olub. Bolqarıstanın Baş naziri Boyko Borisov da mətbuata açıqlamasında ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına verdiyi önəmi bir daha ifadə edib. Onun sözlərinə görə, bu iki dövlət arasında əlaqələr strateji tərəfdaşlıq əlaqələridir: “Bu əlaqələrin çox gözəl perspektivləri vardır. İlk növbədə, siyasi əlaqələr yüksək səviyyədədir. Biz Sizinlə mütəmadi qaydada görüşürük. Siyasi əlaqələrin güclü olması, əlbəttə ki, bütün başqa sahələrə də müsbət təsir göstərir. Biz, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Bu gün, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də görüşümüz zamanı müzakirə edilmişdir və Bolqarıstan bu əlaqələrin inkişafında çox mühüm rol oynayır. Təbii ki, əsas danışıqlar mövzusu ikitərəfli əlaqələr olmuşdur və bu sahədə biz çox müsbət nəticələri görürük. İqtisadi sahədə çox gözəl imkanlar var. Bilirəm ki, həm Bolqarıstan, həm Azərbaycan şirkətləri birgə fəaliyyət aparmaq üçün böyük səylər göstərirlər. İnvestisiya imkanları araşdırılır. Azərbaycan şirkətləri çox böyük həvəslə Bolqarıstana investisiya qoymağa hazırlaşırlar. Eyni zamanda, Bolqarıstan şirkətlərini də investorlar kimi Azərbaycanda görmək istəyərdik. Bolqarıstan şirkətləri, eyni zamanda, Azərbaycanda infrastruktur layihələrinin icrasında iştirak edə bilərlər”.
Ümumiyyətlə, Azərbaycan ilə Bolqarıstan arasında hər zaman sıx münasibətlər mövcud olub. Qeyd edək ki, Bolqarıstan Azərbaycanın müstəqilliyini 14 yanvar 1992-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin 5 iyun tarixində yaradılıb. Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu ilin dekabr ayında fəaliyyətə başlayıb. Azərbaycanın bu ölkədə səfirliyi isə 2005-ci ildə açılıb. İki ölkə arasındakı əlaqələrin genişlənməsində dövlət başçılarının və digər rəsmi şəxslərin qarşılıqlı səfərlərinin, səfərlər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan müqavilə və sazişlərin imzalanmasının böyük əhəmiyyəti var. Bu ölkə ilə əlaqələrə önəm verən Ümummilli lider Heydər Əliyev 29-30 iyun 1995-ci il tarixində Bolqarıstana rəsmi səfər edib. Bolqarıstanın keçmiş Prezidenti P.Stoyanov isə 2-3 dekabr 1999-cu il tarixində Azərbaycanda rəsmi səfərdə olub.
Öz növbəsində Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk vaxtlardan etibarən Bolqarıstanla münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıb. 2003-cü ilin noyabrında Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstanın müdafiə naziri Prezident İlham Əliyevlə görüşüb. 19-23 yanvar 2004-cü il tarixində Azərbaycanın gənclər, idman və turizm naziri Bolqarıstanda rəsmi səfərdə olub. 15-16 mart 2004-cü il tarixində Bakıya səfəri çərçivəsində Bolqarıstanın xarici işlər naziri Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşlər keçirib. 2008-ci il martın 10-da Bolqarıstan Prezidenti Georgi Pırvanov Azərbaycana işgüzar səfər edib. İki Prezident arasında iqtisadi, siyasi və mədəni əlaqələrlə bağlı məsələlər müzakirə olunub.
2009-cu il yanvarın 22-də Bolqarıstan Prezidenti Georgi Pırvanov növbəti dəfə Azərbaycana səfər edib. Azərbaycan və Bolqarıstan prezidentləri arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Həmçinin, Prezident İlham Əliyev 13 noyabr 2009-cu ildə Bolqarıstanda işgüzar səfərdə olub, bu ölkənin dövlət başçısı ilə görüşüb.
Yüksək rəsmi səfərlərlə yanaşı, Azərbaycan-Bolqarıstan siyasi münasibətləri parlamentlərarası əlaqələr üzrə də inkişaf edir. Belə ki, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir. Bundan əlavə, 1999-cu ildə iki dövlət arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya yaradılıb. Komissiyanın əsas məqsədi ölkələr arasında iqtisadi münasibətləri genişləndirmək, əməkdaşlığı inkişaf etdirmək və ticarət dövriyyəsini artırmaqdan ibarətdir. 2008-ci ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə müştərək komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi müəyyənləşdirilib.
Qeyd etdiyimiz kimi, Bolqarıstan Azərbaycanın mühüm geostrateji mövqeyindən və daxili inkişaf meyillərindən irəli gələn iqtisadi potensialını yüksək qiymətləndirir. Azərbaycanın enerji ixracatçısı və tranzit ölkə kimi əhəmiyyətinin artması bir çox dövlətlər kimi, Bolqarıstanı da respublikamızla əməkdaşlığa cəlb edir. 1998-ci ildən Bolqarıstan Azərbaycanla birlikdə Avrasiya nəqliyyat dəhlizi layihəsində (TRACECA) iştirak edir. Azərbaycan və Bolqarıstan, həmçinin, regional təşkilat olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də qarşılıqlı əlaqələrə malikdir. Eyni zamanda, müxtəlif illərdə Azərbaycanla Bolqarıstan arasında iqtisadi sahədə önəmli sənədlər imzalanıb.
Aqşin ŞAHİNOĞLU
Yeni Azərbaycan.-2015.- 25 aprel.- S. 8.