ZƏKANIN QƏTİYYƏTİ

 

Fatehlər haqqında çox oxumuşam...

Onlar haqqında yazılanlar oxucu marağımı həmişə özünə cəlb edib. Zamanın axarını dəyişən bu insanların ömür səhifələrini tarixi mövzularda qələmə alınmış kitablarla vərəqləməyə çalışmışam. Onların istəklərini, həyat və fəaliyyət örnəklərini, uğur və uğursuzluqlarının səbəbini özüm üçün aydınlaşdırmağa can atmışam.

Fatehlər haqqında oxuduqlarımda maraqlı bir məqam daim diqqətimi çəkib. Bu da, demək olar ki, bütün fatehlərin onlarla eyni dövrü paylaşan, onların yanında olan müdriklərlə birgə xatırlanmasıdır.

Dünyanın ən qüdrətli fatehlərinin yanında müdriklər olub, dünyanın ən qüdrətli fatehləri müdrikləri başına toplayıb.

Güc müdrikliyə söykək olub...

Zəka qılıncdan öndə tutulub...

Onların qazandıqları zəfərlərin sirri, görünür, elə buradadır. Fatehlərin at belində qurub-yaratdıqları ucsuz-bucaqsız imperiyaların uğursuzluğa düçarlığının başlanğıc nöqtəsini də silahın ağıldan qabağa düşdüyü məqamlarda axtarmağımız lazım gəlir.

Qılınc zəkanı qabaqladığı gündən o imperiyalarda zaman axsamağa başlayıb və fatehlərin yaratdıqları tarix aramla öz qürubuna doğru yaxınlaşıb.

Düşünürəm ki, bizim indi yaşadığımız dünya, əslində, fatehlərdən yox, müdriklərdən qalan dünyadır. Əgər tarix ancaq əli qılınclı fatehlərin toqquşmalarından ibarət olsaydı, heç tarixin bu dönəminə qədər gəlib çıxa bilməzdik. Qanlı çarpışmalar yer üzündə insan nəslini tamam tükədərdi.

Amma aqillərin müdrikliyi dünyanı XXI əsrə qədər gətirib çıxartdı. Həm də onu elə bir inkişaf səviyyəsinə, tərəqqi sürətinə qovuşdurdu ki, əgər insan kimi danışası dili olsaydı, bu sürətə, bu qədər elmi-texniki nailiyyətlərə ən böyük təəccübü elə tarixin özündən eşidərdik.

Fatehlərin at belində öz ləşkərlərini uzaq dənizlərə doğru müsəlləh etdikləri vaxtlar çoxdan geridə qaldı. Çağdaş dünyamız daha ərazi dünyası deyil, fikir dünyasıdır. Və indiki fatehlər də artıq yeni ərazilər fəth etməyə yetərli qədər gücü, cəbbəxanası olan dövlət adamları sayılmaz.

Çağdaş dünyamızın fatehləri qlobal çevrədəki düşüncə döyüşlərində, fikir qarşılaşmalarında öz zəkasının gücünü ortaya qoyan, təmsil etdiyi dövlətin maraqlarından bir addım da geri çəkilməyən, ağlının qüdrəti ilə xalqını irəli aparan siyasət, diplomatiya cahangirləridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi o kəlmələri eşidərkən mən buna bir daha əmin oldum...

...Həm də söz adamıyam. Ona görə də müşahidələrim bir çox hallarda ədəbiyyatın meyarlarına söykənir.

İlham Əliyev şəxsiyyəti, Onun liderlik məziyyətləri tək müstəqil Azərbaycan dövlətinin rəhbəri kimi yox, çağdaş dünyamızda zəka fatehliyinin ən parlaq obrazlarından biri kimi də ədəbi müşahidələrimdə həmişə mühüm yer tutub.

Azərbaycanda və müxtəlif xarici dillərdə ayrı-ayrı ölkələrdə böyük tirajlarla nəşr edilmiş “Görkəmli adamların həyatı” seriyasından “İlham Əliyev: bioqrafiya davam edir” adlı kitabımda İlham Əliyev şəxsiyyəti haqqında mümkün qədər təfsilatlı söhbət açmağa çalışmışam.

Amma Azərbaycan Prezidentinin həyatı kitaba və kitablara sığmaz. Çünki Onun həyat və fəaliyyətinin bir-birini əvəz edən çox tarixi məqamları ayrılıqda cild-cild kitabların mövzusudur.

Və zaman bu sıraya yeni-yeni mövzular əlavə etməkdədir...

Tarix İlham Əliyevə ilk baxışdan sadə, amma əslində, son dərəcə çətin, mürəkkəb və həlledici bir dönəmdə müstəqil Azərbaycan dövlətinə rəhbərlik taleyini nəsib edib.

Bu, elə bir dövrdür ki, yəqin, on illərdən sonra tarixçilər onun az qala hər gününü böyük maraqla araşdırıb tədqiq etməli olacaqlar!..

Biz çox tez-tez Azərbaycanın dünyadakı yeri barədə danışırıq. Yazılarımızda da bu istilahdan istifadə edirik. Əlbəttə, bu ifadənin daşıdığı məzmun yükü hamımıza bəllidir. Amma indi xəritəni qarşımızda açıb Azərbaycanın qlobal dünyadakı yerini bir anlıq vizual olaraq təsəvvür etməyə çalışaq.

Müasir Azərbaycanın dünyadakı yeri haradadır?

Azərbaycan dünya üçün haradır?

Hər tərəfdən sıxışdırılan bir ölkə...

Dörd bir yandan gözü götürməyən qüvvələrin aramsız təzyiqləri, təhdidləri ilə üzləşən məmləkət...

Ətrafdakı bir çox güclərin dadlı təam kimi süfrəyə qoyub həzm-rabedən keçirməyə can atdıqları sərvətlərlə zəngin strateji məkan...

Amma bu qədər təzyiqlərə, təhdidlərə, sıxma-boğma cəhdlərinə rəğmən yenə də öz ayaqları üstündə möhkəm dayanıb, dirəniş göstərib gələcəyini yaradan müstəqil dövlət...

Azərbaycan, bəlkə də, tarixin heç bir vədəsində indiki qədər güclü müqavimətin əhatəsində olmayıb!

Tarixin heç bir dönəmində müxtəlif cinahlardan bu qədər düşmən eyni vaxtda üstümüzə yeriməyib!

Dörd bir yanımızı əhatələyib fürsət gözləyən düşmən səflərinə bir nəzər yetirək. Görək, kimdir bizi bitirməyə çalışanlar?!

- İlk növbədə, əsrlərdir Azərbaycana düşmən kəsilmiş erməni millətçi dairələri, öz nüfuz dairəsi ilə, hiyləgər üsulları ilə dünyanın, demək olar ki, bütün əhəmiyyətli nöqtələrini sarmış erməni təsir şəbəkəsi, Azərbaycan Prezidentinin təbirincə desək, dünya erməniliyi...

- Cənubi Qafqaz regionunda Azərbaycanı öz vassalına çevirmək istəyən güclər...

- Azərbaycandakı sabitliyi, tolerant əhvalı pozub əksər müsəlman ölkələri kimi buraları da qana çalxamağa çalışan gözəgörünməz qüvvələr...

- Azərbaycanı özlərinin iqtisadi asılılıqlarında saxlamağa can atan, ölkəmizdəki nümayəndəlikləri ilə dövlət içində dövlət qurmaq, hökumətlə hökumətlik etmək iddiasına düşən meqa holdinqlər və onların süfrəsinin qırıntıları ilə bəslənən həşəratlar...

Daha kimlər, kimlər...

Bütün bu niyyətlərlə xaricdən və daxildən Azərbaycana qarşı mövqe tutmuş düşmənlər ölkəmizi hər vəchlə sıxırlar. Öz məqsədlərinə nail olmağa çalışırlar.

Tarixə bir qədər obyektiv, təmkinlə, daha doğrusu, olduğu kimi yanaşmağa çalışaq. Zamanında bütün müsəlman Şərqində yoxdan bir Cümhuriyyət var etmiş atalarımızın qurduqları dövlət bir-iki eşelon əsgərin qarşısında tab gətirə bilmədi...

Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra ömrünü başa vurası oldu...

İndi isə Prezident İlham Əliyevin timsalında müstəqil Azərbaycan dövləti on ildən yuxarıdır ki, bu qədər təhdidlərin qarşısında duruş gətirir!..

Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, biz Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi nizamlı dövlətçilik kursu sayəsində bir müstəqil dövlətin ayaqda durması üçün ən mühüm sayılanlara nail ola bilmişik.

Azərbaycanda müstəqilliyin dəyərini anlayan, bu dəyərin qorunmasından ötrü öz məsuliyyətini dərk edən bir xalq var...

Azərbaycan cəmiyyəti ayrı-ayrı maraqların müdafiəçisi qismində çıxış edən qüvvələrə yox, öz dövlətinə inanan, öz dövlətinin dəyərlərinə tapınan, sabit, nizamlı, sivil bir cəmiyyətdir.

Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə rəhbərimiz bunları da söylədi: “2003-cü ildə demişdim ki, əgər biz iqtisadi müstəqilliyə nail olmasaq, bizim siyasi müstəqilliyimiz də yarımçıq olacaq. Bu gün biz ətrafdakı ölkələrin vəziyyətini görürük”.

Bəli, bu gün Azərbaycan özünün iqtisadi müstəqilliyi ilə, sosial-iqtisadi imkanları ilə nəinki özünü dolandırmaq, hətta kasıb dost ölkələrə də yardım əli uzatmaq iqtidarındadır.

...Və bu inkişafla, bu yüksəlişlə, üzərimizə yeriyən düşmənlər qarşısındakı bu məğrur duruşla Azərbaycan, Prezident İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil dövlət dəyərləndirməsini doğruldur.

Zaman keçdikcə, əslində, nə qədər qarışıq bir dünyada yaşadığımızı daha çox fərq etməli oluruq.

On illər əvvəl elmi-texniki tərəqqi bizləri hər yeni nailiyyəti ilə sevindirdikcə, insanlar daha çox elmə, maarifə tapındıqca, demokratiya, insan hüquqları, tolerantlıq çağırışları daha hündürdən eşidildikcə elə bilirdik ki, qısa zamandan sonra arzu etdiyimiz bir dünyaya qovuşacağıq.

Yüksək rifah, demokratik dəyərlər hər bir dünya sakininin payı olacaq. Mərhum Xalq şairimiz Vaqif Səmədoğlunun öz munis misralarında qeyd etdiyi kimi, bəşəriyyət dövlət, millət məqamından insana enmək vaxtının çatdığını hiss edəcək.

Amma heyhat, biz belə bir dünya gözləyərkən, dünya daha da zalımlaşdı, insan ətinə yeriklədi...

Adamların XXI əsrdə, ilin-günün bu vaxtında da mağara əhli kimi bir-birinin başını kəsib üstəlik bunun videogörüntüsünü bütün dünyada yaydıqları qəribə bir əyyama gəlib çatdıq.

Böyük güclərin iştahı daha da gücləndi, dünyadakı münasibətlər əvvəlkindən də qeyri-səmimi xarakter almağa başladı. Nə qədər acı olsa da, etiraf edək ki, dünyamız əvvəlkindən daha riyakar bir dünya oldu.

Bu riyakar dünyanın şər-xatasından mümkün qədər qorunmaq üçün indi çarəni öz qınına çəkilməkdə görən dövlətlər var. Xüsusən, Azərbaycan kimi yenicə müstəqillik qazanmış bəzi dövlətlərin getdikcə dünyadan təcrid yolu seçdikləri, bu ölkələrə qarşı iş aparan qüvvələrdən mümkün qədər uzaq durmağa çalışdıqları özünü hiss etdirir.

Həmin ölkələrin durumuna nəzər salanda bu, müəyyən mənada, bəlkə də, doğru yoldur, amma o ölkələrin gələcəyi üçün o qədər də böyük perspektivlər vəd etməyən seçimdir. Çünki bütün mənfi çalarlarına rəğmən, müasir dünyamızdakı qlobal inkişaf meyilləri də vazkeçilməzdir. O meyilləri mənimsəmək, onların ən müsbətlərini ölkəmizə gətirməkdən ötrü isə dünyayla iç-içə yaşamaq lazım gəlir.

Bu baxımdan, Azərbaycan Prezidentinin seçdiyi yol tarixi bir yoldur.

Azərbaycanın gələcəyi üçün əsl qəhrəmanlıq mövqeyidir.

İlham Əliyev Azərbaycanı nəinki dünyadan təcrid edir, əksinə, milli dövlətimizin beynəlxalq aləmə inteqrasiya kursunu ildən-ilə daha da gücləndirir və bu aləmdə Azərbaycana qarşı olan, hər vəchlə ölkəmizin mövqelərini sarsıtmağa can atan bədxahlar şəbəkəsinin birbaşa üzərinə, yığnağına gedir!..

Qorxmadan, çəkinmədən düşmənlərin əhatəsində dayanmaq, bunu fürsət bilib təxribatçı mövqeləri ilə Azərbaycan Prezidentinin timsalında müstəqil dövlətimizə qarşı hücuma keçənlərin bu hücumları qarşısında bir an belə özünü itirmədən səbrlə, təmkinlə, dəmir məntiqlə onları bir-bir susdurub yerlərində oturtmaq, öz hədlərini bildirmək...

Bütün bunlar son illər cənab İlham Əliyevin siyasi obrazında diqqət çəkən ən maraqlı cizgilərdir. Və bu məqamları izlədikcə Azərbaycan Prezidentinin psixoloji cəhətdən nə qədər güclü, hazırlıqlı lider olduğunu düşünürsən.

Etiraf edək, bəzən adi bir diskussiyanı, mübahisəni axıra qədər başa çatdırmağa səbrimiz yetmir. Qarşımızdakının haqsız olduğunu bilə-bilə həyasızlıqla üzümüzə dirənib bizi suçlu çıxartmağa çalışdığını görüncə dayana bilmirik, emosiyalarımız təmkinimizə qalib gəlir.

Hətta bəzən coşub harada olduğumuzu da unuduruq...

Amma ötən ilin yayında Avropa Şurası Parlament Assambleyasının iclası zamanı bütün dünyanın gözləri qarşısında cənab İlham Əliyevə qarşı yönəlmiş məqsədli avantüraları, Onun bu avantüralar qarşısında son dərəcə təmkinli, soyuqqanlı davranışlarını, təxribatçı suallara iti cavablarını və bu davranışları, cavabları ilə də qazandığı psixoloji qələbəni xatırladıqca düşünürəm ki, belə durumlarda cənab Prezidentdən əxz etməli olduğumuz o qədər şey var ki...

Bunun düsturu, bəlkə də, xeyli sadədir: öz mövqeyində haqlı olduğuna tam əminlik və bu əminliyi qorumaq üçün mənəvi güc...

Bu iki amilin vəhdətində bütün avantüralar, məqsədli təxribatlar mənasını, təsirini itirəcək...

İlham Əliyevin Öz opponentləri üzərində qazandığı üstünlüklər məhz buna əsaslanır.

Azərbaycan Prezidentinin bu gücünü Onun 2014-cü ilin axırında Almaniya səfərində də müşahidə etdik.

Biz Almaniyanı özümüzə uzaq ölkə saymırıq. Avropanın ən qabaqcıl dövlətlərindən biri kimi bu ölkə ilə də münasibətlərin dostluq mühitində inkişafına can atırıq.

Amma o da sirr deyil ki, Avropadakı anti-azərbaycançı şəbəkənin mühüm bir hissəsi müəyyən qədər məhz Almaniyada özünə yer edib. Bu ölkədə Azərbaycana qarşı müəyyən iş aparan “hüquq” təşkilatlarının mövcudluğu hamıya məlumdur.

Onlar Azərbaycana qarşı vaxtaşırı hücumlarla müəyyən maraqların təmin olunmasına çalışırlar. Eyni maraqlarla bu ölkədən dövlətimizə, dövlət rəhbərimizə qarşı yönələn təxribatlara əvvəllər çox şahid olmuşduq. Oxşar avantüraların Azərbaycan Prezidentinin Almaniyaya son səfərində də təkrarlanacağı gözlənilən idi. Bunu nəzərə alaraq cənab İlham Əliyev ora heç getməyə də bilərdi.

Amma Azərbaycan Prezidenti şəxsən Özü bu şəbəkənin içərisinə getdi!

Sözünü onların üzünə deyib Azərbaycana qarşı məqsədli təxribatlarla məşğul olanların haqsız mövqelərini ifşa etdi!

Ona qarşı yönələn qərəzli sualların arxasındakı qara niyyəti, qaranlıq mənzərəni ölkəmizin parlaq demokratik nailiyyətləri ilə gün işığına çıxartdı. Azərbaycanın bu nailiyyətləri ilə, əslində, həm də Avropa ölkələrində, ABŞ-da polislər tərəfindən güllə atəşinə tutulan, atların ayaqları altında tapdaq edilən insanları xatırlatdı. Bu ölkələrdə hökumət əleyhinə yazılarına görə sosial şəbəkələrə, o cümlədən, “Facebook”a çıxışı bağlanan, işdən qovulub bir tikə çörəyə möhtac edilən xarici jurnalistləri yada saldı...

Yaxud ABŞ-da, Avropada reklam adı altında, əslində, bizim anladığımız “reketçi jurnalistika” ənənələrini inkişaf etdirən media orqanlarına diqqət yönəltdi.

Və göstərdi ki, Azərbaycan dövlətinin müstəqillik yaşı cəmi 23 il olsa da, biz o ölkələrdən daha müstəqil və daha azadıq!..

Azərbaycan Prezidenti Davos İqtisadi Forumunda iştirak etməklə Azərbaycanın maraqlarını bütün dünyaya bəyan etmək üçün bu tribunadan uğurla istifadə edir. Sübut edir ki, Azərbaycan daima öz maraqlarını yüksək səviyyədə həll etmək iqtidarındadır.

Bu il Azərbaycanda möhtəşəm bir idman, mən isə həm də əlavə edərdim ki, möhtəşəm siyasət, mədəniyyət hadisəsi yaşanacaq. Tarixdə ilk dəfə olaraq keçirilən birinci Avropa Oyunlarına ev sahibliyini məhz Azərbaycan edəcək. Dünyanın nəzərləri növbəti dəfə ölkəmizə yönələcək.

2012-ci ildə doğma Bakımızda keçirilən “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi ərəfəsində haray-həşirləri aləmi götürən bədxahlarımız da, güman ki, yenə əməllərindən qalmayacaqlar. Bütün vasitələrdən yararlanaraq Azərbaycana qarşı qarayaxma kampaniyasının yeni mərhələsinə start verməyə can atacaqlar.

Amma ona da əminik ki, bütün bunların heç bir faydası olmayacaq. Bu qərəzli haray-həşirlər, bədxah çığır-bağırlar Azərbaycanın növbəti uğurlarının alqış və təntənəsində öləziyib itəcək!

Necə ki, “Eurovision” beynəlxalq mahnı müsabiqəsində belə oldu. Aparılan bütün qarayaxma kampaniyalarına, gözdənsalma cəhdlərinə rəğmən Azərbaycan bütün dünyada bu müsabiqənin təşkilinin yeni bir normasını müəyyən etdi. Tamam fərqli bir standartını ortaya qoydu.

Bu yarışmada iştirakımız heç beş il də deyildi, bütün dünyanın diqqət kəsildiyi belə möhtəşəm beynəlxalq tədbirin təşkili sahəsində heç bir təcrübəmiz, müşahidə və müqayisə imkanlarımız yox idi, hətta Azərbaycanın bu işin öhdəsindən gələ bilməyəcəyini düşünən pessimistlər də ara-sıra tapılırdı.

Amma bu sahədə on illərlə saç-saqqal ağartmış təcrübəli əcnəbilərin “Eurovision 2012”dən sonra bildirmələri ki, Azərbaycan bu müsabiqənin təşkilində bir inqilab etdi, bu, bizim üçün böyük bir qürur idi...

Birinci Avropa Oyunlarının da, 2017-ci ildə ölkəmizdə təşkili nəzərdə tutulan İslam Həmrəyliyi Oyunlarının da modelini məhz biz yaradacağıq!..

Və həm Qərb, həm də Şərq dünyasına eyni doğmalıqla qucaq açan, hər iki sivilizasiyanın asanlıqla dil tapdığı bu tolerantlıq məkanında formalaşan modellərlə Azərbaycan bütün dünyada sülhə, tolerantlığa, bəşər övladlarının cismani tərbiyəsi ilə birgə ruhunun da tərbiyəsinə, kamilləşməsinə öz töhfələrini verəcək...

Ümumən, hansı sahəyə nəzər salsaq, bu gün bütün dünyada inkişafın nadir bir Azərbaycan modeli görünəcək. Bu mövzuda Azərbaycan Prezidenti də söhbət açıb: “Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır. Siyasi, iqtisadi islahatlar, müstəqil siyasət, dinlərarası dialoq, yüksək səviyyəli milli dini tolerantlıq, dözümlülük, sosial siyasət və görülən işlər göz qabağındadır. Bunu dost görür, sevinir, düşmən gəlib görəndə kefi pozulur. Biz bundan sonra da elə işləməliyik ki, xalqımız, dostlarımız sevinsin, düşmənin pis niyyəti gözündə qalsın. Əminəm ki, belə də olacaq, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir”.

Uğurlarımızı görüb qəlbi açılan dostlarımızın sevincini bölüşdüyümüz kimi, pis niyyətini ölkəmizə qarşı şər kampaniyalarında ifadə edən düşmənlərimizə qarşı da səfərbər olmağı bacarmalıyıq!

Onların avantüralarına meydan verməməliyik...

Bu tək Ulu öndər Heydər Əliyevin milli dövlətçilik kursuna, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü inkişaf siyasətinə ümumxalq dəstəyimiz deyil. Həm də Azərbaycan dövlətinə qarşı yönəlmiş təhdidlərin qarşısının alınması üçün vətəndaş olaraq üzərimizə düşən mənəvi borcdur!

Xalqımızın yetirdiyi bu iki görkəmli şəxsiyyətin adları isə artıq çoxdan Azərbaycanın müstəqilliyinin qarantına çevrilib...

Və biz bu adları, bu kursu, bu siyasəti pis niyyətlərdən qorumaqla milli dövlətçiliyimizi hifz etmiş oluruq...

 

Hüseynbala MİRƏLƏMOV

Milli Məclisin deputatı,

YAP Xətai rayon təşkilatının sədri

Yeni  Azərbaycan.-2015.- 28 aprel.- S. 5.