Azərbaycan dövlətçiliyinin
memarı
Milli dövlətçilik ideyasını, bu ideyanı reallığa çevirmək qüdrətində olan liderlərin həyat və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyildir. Ona görə də, zəngin milli dövlətçilik ənənələrinə malik hər bir xalqın tarixində şəxsiyyət amilinin rolu danılmaz sayılır.
Tarix göstərir ki, daxilən güclü, vətənpərvər və xarizmatik lideri olmayan xalqın yaranmış real şansdan düzgün yararlanması, milli iradəsini ortaya qoyaraq həqiqi müstəqillik istəyinə qovuşması mümkün deyil. Xalqların həqiqi azadlığına zəmin yaradan iqtisadi müstəqillik də məhz fenomen şəxsiyyətlərin milli resursları nəzərə almaqla müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanır. Belə liderlər milli dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsində, davamlı və sabit tərəqqi üçün dayanıqlı əsasların müəllifinə çevrilirlər.
Azərbaycan xalqının milli dövlətçilik tarixində də bu ali missiyanı xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyev yerinə yetirmişdir. Ulu öndərin 1969-cu ildə Azərbaycanın rəhbəri seçilməsi ölkəmizin və xalqımızın tarixində əhəmiyyətli bir dönüş məqamı idi. Azərbaycanın inkişafına doğru aydın məqsədlər, strateji planlar, real qiymətləndirmələr Ulu öndərin Azərbaycanın rəhbərliyi ilə başlanmışdı. Bu fəaliyyətdə Azərbaycanda sənayenin, kənd təsərrüfatının, xidmət sahələrinin, dövlət orqanlarının fəaliyyəti yenilənmiş məsul olan şəxslərin fəaliyyətlərindən dinamika tələb edilmişdir, respublikanı dinamik inkişaf yoluna çıxarmaq məqsədilə konkret təkliflər, əməli tövsiyələr və geniş tədbirlər kompleksi həyata keçirilmişdir.
Heydər Əliyevi əvvəlki rəhbərlərdən fərqləndirən əsas və ən mühüm keyfiyyətlərdən biri bu idi ki, O, əhalinin ən müxtəlif zümrələri ilə fəal təmas qura bilirdi. İnsanlar Ona inanır, güvənir, apardığı haqq işində Heydər Əliyevə dəstək olmağa çalışırdılar.
Onun qətiyyətli mövqeyi, prinsipial qərarları sayəsində cəmiyyətdə haqq-ədalət öz yerini tapırdı. Universitetlərdə ən hazırlıqlı gənclərin qəbuluna şərait yaradıldı. Belə bir addımdan sonra həkim, hüquqşünas, jurnalist və digər ixtisaslar üzrə oxuyan zəhmətkeş ailələrdən çıxan tələbələrin sayı artdı. Eyni zamanda, Ulu öndərin şəxsi təşəbbüsü və təşkilatçılığı ilə minlərlə istedadlı gənc təhsil almaq üçün SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilirdi.
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu kimi tədbirlər təkcə Azərbaycan ictimaiyyəti tərəfindən deyil, SSRİ-nin digər respublikalarının sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanırdı. Təsadüfi deyildir ki, o dönəmdə Heydər Əliyevin “Literaturnaya qazeta”da dərc olunmuş “Qoy ədalət zəfər çalsın” sərlövhəli geniş müsahibəsi SSRİ-də böyük marağa səbəb olmuşdu. Təqribən bir ilə yaxın müddətdə qəzetdə bu mövzu ətrafında müzakirələr getmiş, hətta xarici mətbuatda da bu müsahibə ilə bağlı materiallar işıq üzü görmüşdü.
Heydər Əliyev o illərdə qısa zaman ərzində Azərbaycanı dəyişdirib inkişaf etdirməyə müvəffəq oldu. XX əsrin 60-cı illərində SSRİ-nin ən geridə qalan, qanunsuzluqların tüğyan etdiyi respublikası kimi tanınmış Azərbaycan 1969-cu ildən başlayaraq keçmiş ittifaq məkanının ən öncül respublikalarından oldu. Azərbaycan digər respublikalardan fərqli olaraq bütün sahələrdə dinamik inkişaf yolunda idi. Bu inkişaf və artımlar bazar və dükanlarda, əhalinin sosial vəziyyətində, ən başlıcası isə bütövlükdə ölkənin mədəni simasında öz əksini tapırdı.
Ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ordu sıralarında da milli kadrların yetişməsinə və yerləşməsinə çalışırdı. Ölkəyə birinci rəhbərliyi dövründə Azərbaycanda fəaliyyət göstərən hərbi məktəblərlə maraqlanan Ümummilli lider orada kursant və müəllimlərin sırasında belə azərbaycanlıların az olduğunu görmüşdü. Bundan sonra müxtəlif növ qoşun hissələrində xidmət edəcək zabit kadrların azərbaycanlılar sırasından hazırlanmasını nəzarətə götürmüşdü.
O dövrdə bu, bir o qədər də asan deyildi. Dərin zəka sahibi və uzaqgörən siyasətçi Heydər Əliyev məsələnin köklü şəkildə həlli yolunu tapdı. Çox keçmədən Onun təşəbbüsü və şəxsi himayəsi altında Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb açıldı. Tezliklə bu məktəb böyük şöhrət qazandı. Yeniyetmələr burada ilkin baza təhsili alır, təhsillərini keçmiş SSRİ-nin müxtəlif ali hərbi məktəblərində uğurla davam etdirirdilər. Qarabağ uğrunda döyüşlərdə məktəbin müdavimləri böyük şücaət göstərdilər. Bir çoxu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü. Müstəqillik dövründə milli ordu quruculuğunda vaxtilə C.Naxçıvanski adına hərbi təmayüllü məktəbi bitirən zabitlərin əməyi böyük olmuşdur. Onlar bu gün də orduda ləyaqətlə xidmət edir, Heydər Əliyev ideyalarına sadiqliklərini nümayiş etdirirlər.
Heydər Əliyev qısa müddətdə ölkədə mədəni və mənəvi intibahı təmin etməklə, bu mütərəqqi prosesi iqtisadiyyatdakı uğurlarla üzvi surətdə əlaqələndirir, paralel şəkildə həyata keçirirdi. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı inkişaf və quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir.
Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə həyat amalının xalqa layiqli xidmətdən ibarət olduğunu əməli fəaliyyəti ilə nümayiş etdirməklə yanaşı, gələcək müstəqilliyə etibarlı zəmin formalaşdırdı, Azərbaycanın həyatında intibah mərhələsinin əsasını qoydu.
Ötən əsrin 80-ci illərin əvvəllərində SSRİ rəhbərliyi Heydər Əliyevi Moskvaya Onun gücünə, təcrübəsinə, səriştəsinə, enerjisinə olan ehtiyaca görə apardı. Çünki çökməkdə olan iqtisadiyyatı yenidən canlandırmaq və dövlət idarəçiliyini sahmana salmaq üçün Heydər Əliyev kimi əzmkar liderə böyük ehtiyac var idi. Kremldə SSRİ Nazirlər soveti sədrinin birinci müavini və Sov. İKP Siyasi Büronun üzvü kimi Heydər Əliyevə ən çətin, mürəkkəb və geridə qalmış sahələr həvalə edilmişdi. Heydər Əliyev qısa zaman ərzində nəzarət etdiyi bu sahələrdə də böyük irəliləyişlərə nail oldu.
Bütün bunlar isə, Heydər Əliyevə ümumxalq rəğbətini gücləndirməklə yanaşı, hakimiyyət dairələrində Onun təşkilatçılıq məharətinə, işgüzarlığına, ictimai nüfuzuna qısqanclıqla yanaşırdılar. Başda M.S.Qorbaçov olmaqla bu bədxahlar hər vəhclə Heydər Əliyevi vəzifədən kənarlaşdırmağa çalışırdılar. Amma Heydər Əliyev Öz nümunəsi ilə bir daha təsdiq etdi ki, böyük şəxsiyyətlər hakimiyyətdən kənarda olduqları dönəmdə də Öz xalqının gözündə və qəlbində yenə böyük olaraq qalırlar.
Partiya Siyasi Bürosundan və SSRİ rəhbərliyindən istefaya gedəndən sonra Heydər Əliyevə qarşı şəxsən Qorbaçovun göstərişləri ilə məqsədli təxribatlar həyata keçirilsə də, bu, xalqın öz liderinə olan inam və ehtiramını sarsıtmadı.
Moskvadan Azərbaycana dönən Heydər Əliyev ömrünün bir neçə ilini doğulub boya-başa çatdığı Naxçıvan torpağında keçirdi. Blokada şəraitində yaşayan, çoxsaylı sosial-iqtisadi çətinliklərlə üz-üzə qalan Naxçıvan Muxtar Respublikasının ən ağır illərində burada yaşayan insanlara həyan oldu. Onun liderlik əzminə, müdrikliyinə, düzgün qərarlarına tapınan insanların ümid çırağına çevrildi.
O dövrdə Azərbaycanda siyasi vəziyyət durmadan ağırlaşırdı. Hakimiyyət böhranı ölkəni fəlakətə sürükləyirdi. Azərbaycanda xaos və anarxiya, qanunsuzluq mühiti baş alıb gedirdi. Qanunsuz silahlı birləşmələr hakimiyyət uğrunda arası kəsilmədən mübarizə aparır, torpaqlarımız kəndbəkənd düşmən işğalına məruz qalırdı. Azərbaycanın nəinki bəyan olunmuş müstəqilliyi, hətta bütövlükdə bir dövlət kimi mövcudluğu sual altında idi. Artıq dövləti idarə edə bilməyən AXC-Müsavat iqtidarı da siyasət meydanından getmək məcburiyyətində qalmışdı.
Belə bir zamanda Azərbaycan xalqı milli dövlətçilik tarixinin ən doğru qərarını verdi. Xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev yenidən dövlətçilik sükanının arxasına keçdi. Ölkənin ən ağır anlarında xilaskar missiyasını üzərinə götürən Ümummilli lider Heydər Əliyev özünəməxsus enerji və uzaqgörənliklə fəaliyyətə başladı. Özünəməxsus uzaqgörənliyi, təcrübəsi və əzmkarlığı ilə, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu təmin etdi. Qanunsuz silahlı dəstələr, dövlətçiliyə qarşı çıxmış qiyamçılar, ölkəni parçalamaq iddiasına düşən separatçılar zərərsizləşdirildi. Xalq, vətəndaş müharibəsi təhlükəsindən xilas oldu.
O dövrdə ölkə daxilindəki qüvvələrin və siyasi partiyaların başı hakimiyyət uğrunda mübarizəyə və daxili çəkişmələrə qarışdığından torpaqların müdafiəsi büsbütün unudulmuşdu. Bundan istifadə edən düşmən ciddi xalq müqaviməti olsa da əraziləri ələ keçirirdi. Milli ordu yaratmaq adı ilə “birləşdirilən” ayrı-ayrı dəstələrdə pərakəndəlik və özbaşınalıq hökm sürürdü. Vahid komandanlığa tabeçilik göstərilmirdi. Düşmən Kür çayına qədər olan əraziləri tezliklə işğal etmək niyyətini gizlətmirdi.
1993-cü ilin 15 iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hərbi əməliyyatların gedişində atəşkəs elan edilməsi bir sıra problemlərin həllinə imkan verdi. İnsan itkilərinin qarşısını aldı.
Heydər Əliyev qısa zamanda ölkədə ictimai-siyasi sabitliyi tam təmin etməklə ölkə iqtisadiyyatındakı tənəzzül prosesinin qarşısının alınmasına yönələn bir sıra zəruri tədbirlər həyata keçirdi. Həmin dövrdə bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrünü yaşayan Azərbaycanın hansı iqtisadi modelə üstünlük verəcəyi ilə bağlı çoxlu fikirlər, təkliflər irəli sürülsə də, böyük strateq Heydər Əliyev hansısa dövlətin təcrübəsinin olduğu kimi milli iqtisadiyyata köçürülməsini düzgün saymamışdı. Ümummilli lider demokratik həyat tərzinin diktə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın özünəməxsus sosial-iqtisadi inkişaf modelini irəli sürmüş və onu əsaslandırmışdı. İqtisadi sahədə mərhələlərlə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanırdı.
20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Ulu öndər Heydər Əliyevin çox böyük müdriklik və uzaqgörənliklə hazırladığı yeni neft strategiyasının həyata keçirilməsinə başlandı. Neft sahəsi lokomotiv rolunu oynayaraq iqtisadiyyatın digər sahələrinin də inkişafına təkan verdi.
Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət idi. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet istiqamətlər təşkil edirdi.
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasından ibarət oldu. Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğu istiqamətində yürütdüyü davamlı siyasət ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdı.
Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası müstəqil dövlət quruculuğu prosesinin əsas prioritetlərini müəyyənləşdirdi. Siyasi, iqtisadi, hüquqi islahatlar keçirildi, möhkəm qanunvericilik bazası yaradıldı.
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı.
Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımları, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli nəticələrlə müşayiət olundu. Qazanılan uğurlar nəticəsində Azərbaycan bir sıra nüfuzlu xarici təşkilatlara, o cümlədən, Avropa Şurasına üzv oldu.
Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bildi.
Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.
Bu prinsipləri rəhbər tutan xarici siyasət kursu Azərbaycanı dünya birliyinə tanıtdı. Beynəlxalq əlaqələr inkişaf etdirildi. Dünya xəritəsində Azərbaycan özünə layiqli yer tutdu. Hüquqi, sosial-iqtisadi islahatlar uğurla aparıldı. Ölkəmizə böyük həcmdə investisiyalar cəlb edildi.
Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan 1990-cı illərin əvvəllərinin xaos və özbaşınalığını arxada qoyaraq yeni inkişaf istiqamətini götürdü. Yeni şəraitdə milli və dövlət quruculuğu ideyalarına uyğun olan daha etibarlı dəyərlər bazası və kollektiv özünüdərk zərurəti yarandı.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın - azərbaycançılıq ideologiyasının əsası qoyuldu.
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji inkişaf kursu 2003-cü ildən yeni bir mərhələyə qədəm qoymuşdur. Heydər Əliyev ideyaları, müəyyən etdiyi siyasi xətt yaşayır və ölkəmiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünün nailiyyətlərinə imza atır.
Azərbaycanda yaradılmış davamlı ictimai-siyasi sabitlik, dövlət başçısının cəsarətli, qətiyyətli, reallığa hesablanmış addımları əvvəllər bir çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi qlobal layihələri reallığa çevirdi. Azərbaycan öz təbii sərvətlərini heç bir ölkənin vasitəçiliyi olmadan dünya bazarlarına çıxarmaq imkanı qazandı. Bununla da ölkəmiz dünya birliyində öz mövqelərini daha da möhkəmləndirdi. İri infrastruktur layihələrinin reallaşdırılmasında gücü, qüdrəti və təcrübəsi olan müstəqil dövlət imici qazandı. Aparılan məqsədyönlü siyasət Azərbaycanı qlobal zirvələrə doğru gedən ölkələr qrupunda öncül mövqeyə çıxardı.
Bu gün müstəqil Azərbaycan dövlətinin cənab İlham Əliyevin rəhbərliyi ilə yaşadığı yeni mərhələnin əsas strateji hədəfləri milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmiş və onların icrası istiqamətində mühüm nəticələr əldə edilmişdir.
Ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən, qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması və onların inkişafının tarazlaşdırılması bu vəzifələrə aiddir. Çox sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələr də Azərbaycan dövlətinin strateji hədəfləri sırasındadır.
Müxtəlif problemlərin icrasına yönələn çoxsaylı dövlət proqramlarının uğurla icrası sayəsində artıq ölkədə qeyri-neft sektorunun davamlı inkişafı təmin edilmişdir. Yeni müəssisələr və iş yerləri yaradılmışdır. Regionlarda, eləcə də, paytaxtda kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi mümkün olmuşdur. Sahibkarlıq mühiti daha da yaxşılaşdırılmış, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Azərbaycan hökumətinin apardığı siyasətin əsas məqsədlərindən biri də Azərbaycanın təbii sərvətlərini insan kapitalına çevirməkdən ibarətdir. İnkişaf etmiş dövlətlərin təcrübəsini nəzərə alan hökumət bu təşəbbüsü reallaşdırmaqla intellektual və yüksək idarəetmə qabiliyyətinə malik güclü insan kapitalı bazasını formalaşdırır.
Hazırda Azərbaycanın həm respublika daxilində, həm də xarici dövlətlərin nüfuzlu elm və təhsil müəssisələrində təhsil alan, öz biliyini, peşəkar vərdişlərini artıran gənclər ordusu müasir dünyanın elmi, texniki və mədəni tərəqqisinin ölkəmizə transfer olunmasının əsas bazası kimi çıxış edir. Hökumət xarici ölkələrdə təhsil alan gənclərin həm sayının artırılması, həm də onların tədris xərclərinin yüksəldilməsi ilə bağlı məqsədyönlü addımlar atır. Beləliklə, neft-qaz ehtiyatlarından əldə olunan gəlirlər insan kapitalının inkişafına yönəldilməklə Azərbaycanın iqtisadi tərəqqisi və davamlı inkişafı üçün etibarlı zəmin yaradılır.
İndi respublikamızın ərazisi başdan-başa tikinti, quruculuq meydanını xatırladır. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri Azərbaycan insanının firavan həyatını təmin edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində duya bilir. Yeni yaşayış binaları, evlər, məktəb və xəstəxanalar, sosial obyektlər tikilir, yollar çəkilir, körpülər salınır, park və xiyabanlarda, binalarda yenidənqurma işləri aparılır. Azərbaycanın siması büsbütün dəyişir. Bunu ölkəmizə təşrif gətirən qonaqlar da səmimiyyətlə etiraf edirlər.
Azərbaycan bu gün qlobal forumların, mədəniyyətlərarası dialoqların, beynəlxalq idman yarışlarının keçirildiyi mərkəzə çevrilmişdir. Şərq və Qərb sivilizasiyalarını eyni uğurla bir araya gətirən, bütün dünyada tolerantlıq ünvanı kimi tanınan Azərbaycanın bu sahədə qazandığı uğurlar bütün dünyada parlaq bir örnək kimi öyrənilir və əxz olunur.
Ulu öndər Heydər Əliyevin bir zamanlar bəyan etdiyi “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir” fikri tolerantlığı, mədəniyyətlər arasında qarşılıqlı hörmət mühitini Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın cəlbedici imicinə çevirmişdir. Dilindən, dinindən, irqindən asılı olmayaraq, ölkəmizdə bütün vətəndaşlar eyni hüquqlara malikdirlər və bu hüquqlar müvafiq qanunlar əsasında qorunur.
Ölkəmizin ev sahibliyi etdiyi dini sammitlərdə, sivilizasiyalararası dialoqun gücləndirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda da tolerantlıq təcrübəsi yüksək dəyərləndirilərək bildirilir ki, Azərbaycanda milli dəyərlərə sadiqlik, ümumbəşəri dəyərlərə hörmət meyilləri respublikanın müasirləşməsinə, modernləşməsinə xidmət göstərir. Bütün bunlar Heydər Əliyev kursunun, bu kursu yüksək dinamizmlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin həyatımıza gətirdiyi tarixi nailiyyətlərdir.
Dünya tarixində nəcib
əməllərə imza atmış bütün görkəmli şəxsiyyətlər
kimi xalqımızın Ümummilli
lideri, Ulu öndər
Heydər Əliyev də zəngin irs qoymuşdur. Onun ən qiymətli
irsi isə cənab İlham
Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən, aydın sabahlarına doğru inamla addımlayan
müstəqil Azərbaycan dövlətidir. Və bu dövlətin tərəqqisinə xidmət
etmək, Vətənin nailiyyətlərinə töhfə
vermək, qəlbi Azərbaycan kəlməsi ilə
döyünən hər bir insan üçün
şərəf işidir.
Firdovsi Əliyev
Yeni Azərbaycan.-2015.- 29 aprel.- S. 5.