Prezident İlham Əliyev: Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə, unutmalıyıq

 

Sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları - Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir”

 

Son illərdə dünya miqyasında müşahidə edilən bir sıra arzuolunmaz tendensiyalara - ayrı-ayrı ölkələrdə ciddi fəsadlara yol açan qlobal maliyyə-iqtisadi böhrana, neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, Azərbaycan dinamik sosial-iqtisadi inkişaf templərini ardıcıl şəkildə davam etdirib və ölkə vətəndaşları beynəlxalq səviyyədə yaşanan çətinlikləri bir o qədər də hiss etməyiblər. İqtisadiyyatı neft amili ilə sıx bağlı olan Azərbaycanın qlobal risklər şəraitində belə öz potensialını əhəmiyyətli dərəcədə genişləndirməsi və yeni uğurlara nail olması isə, ilk növbədə, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü şaxələndirmə siyasəti ilə bağlıdır. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq respublikamızda davamlı şəkildə həyata keçirilən islahatlar, qarşıya qoyulan hədəflər iqtisadiyyatın diversifikasiya edilməsinə və ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna keçməsinə yönəldilib.

Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb. Əlamətdar haldır ki, ölkəmizdə qeyri-neft sektorunun genişlənməsi ildən-ilə daha dinamik hal alır. Bunu 2015-ci ilin ilk yarısının statistik göstəriciləri bir daha təsdiqləyir. Belə ki, cari ilin 6 ayı ərzində ölkə iqtisadiyyatı 5,7 faiz artdığı halda, bundan daha yaxşı göstərici 9,2 faiz olmaqla qeyri-neft sektorunda qeydə alınıb. Prezident İlham Əliyev bu günlərdə Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışındakı çıxışında ölkəmizin dayanıqlı inkişafının məhz bu istiqamətdə gedəcəyini bir daha nəzərə çatdırıb. Dövlət başçısı ölkə iqtisadiyyatının prioritet inkişaf istiqamətlərindən bəhs edərək deyib: “Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları - Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir”.

Yeni sənaye quruculuğu Azərbaycanın əsas hədəflərindən biridir

Ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyan yeni paradiqmaları sırasında müasir dünya çağırışları nəzərə alınmaqla müəyyənləşdirilən yeni sənaye quruculuğu siyasəti xüsusilə fərqlənir. Son illərdə Azərbaycanda yeni sənaye quruculuğu siyasətinin uğurla reallaşdırılması sayəsində ölkənin sənaye xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Belə ki, 2003-cü ildən bəri respublikamızda 500-dən çox sənaye müəssisəsi, o cümlədən, Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqlar, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki və digər müəssisələr fəaliyyətə başlayıb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin ölkədə “Sənaye ili” elan olunması respublikamızda sənaye quruculuğuna göstərilən böyük diqqətin ifadəsidir. Respublikamızda “Sənaye ili” çərçivəsində 230-dan çox yeni müəssisə yaradılıb, 123 min yeni iş yeri açılıb ki, onlardan təxminən 100 mini daimi iş yeridir. Bu uğurlu tendensiya 2015-ci ilin birinci yarısında da eyni yüksək ahənglə davam edib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ilin əvvəlindən bəri ölkədə sənaye istehsalının artmasından məmnunluğunu ifadə edərək bunu sənayeləşmə ilə bağlı görülən işlərin nəticəsi kimi səciyyələndirib: “Sənaye istehsalı təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir”.

Əlamətdar haldır ki, yeni sənaye müəssisələri hesabına respublikamızda bir sıra məhsullara olan daxili tələbatın ödənilməsi tam təmin olunub, hətta ölkəmizin böyük ixrac potensialı da yaranıb. Azərbaycan sementə, gipsə, hörgü bloklarına, metal konstruksiyaya, boya və sair məhsullara olan tələbatını artıq daxili istehsal hesabına tam təmin edir. Sumqayıtda yaradılan Kimya Sənaye Parkı ölkə sənayesində yeni inkişaf mərhələsi kimi dəyərləndirilir. Digər bir iri sənaye parkı isə Balaxanıda yaradılır.

Ölkədə kənd təsərrüfatının intensiv inkişafı real zəminə əsaslanır

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı olaraq həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birini kənd təsərrüfatında yüksək inkişafa nail olunması, o cümlədən də, respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması təşkil edir. Prezident İlham Əliyevin cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinin Azərbaycanın dövlət siyasətinin prioriteti olduğunu bir daha nəzərə çatdırıb. Dövlət başçısı vurğulayıb ki, sənaye inkişafı ilə yanaşı, kənd təsərrüfatı da ölkəmizdə qeyri-neft sektorunun əsas istiqamətlərindəndir: “Bu il “Kənd təsərrüfatı ili” elan edilmişdir. Bu, bizim üçün prioritetdir. Gələcəkdə kənd təsərrüfatı, sənaye inkişafı qeyri-neft sektorunun əsas istiqamətləridir, islahatlar aparılır”.

Yeni dünya çağırışlarına uyğun olaraq Azərbaycanda da kənd təsərrüfatının inkişaf etdirilməsi real zəminə və respublikanın güclü iqtisadi potensialına əsaslanır. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir.

Respublikamızda son illərdə aqrar sektorun dinamik inkişaf relslərinə çıxmasında vacib amillərdən biri də ölkəmizin güclü iqtisadi potensialı, geniş maliyyə imkanlarıdır. Ölkədə kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir. Respublikamızda “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir.

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyindən söhbət açarkən son illərdə ölkəmizdə həyata keçirilən bir sıra infrastruktur layihələrinin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Əlamətdar haldır ki, dövlət kənd təsərrüfatının inkişafı baxımından zəruri sayılan infrastruktur layihələrinin maliyyə təminatını öz öhdəsinə götürür, həmçinin, genişmiqyaslı meliorasiya və irriqasiya tədbirləri həyata keçirir. Son iki ildə istifadəyə verilən Taxtakörpü və Səmkirçay su anbarları aqrar sektorun inkişafı baxımından çox mühüm əhəmiyyət daşıyan layihələrdir.

Son illərdə ölkədə kənd təsərrüfatının inkişafına göstərilən davamlı dövlət qayğısı bu sahədə diqqətəlayiq uğurlar əldə olunması ilə nəticələnib. Ötən bir ildə aqrar sektorda 5,2 milyard manatlıq məhsul istehsal olunub. Cari ilin arxada qalan 6 ayı ərzində isə kənd təsərrüfatında 7,3 faiz artıma nail olunub.

Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları da əhəmiyyətli dərəcədə artıb. Respublikamızda əhalinin ət və ət məhsullarına, üzümə, kartofa, tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə çatması məmnunluq doğurur.

Respublikamızda informasiya-kommunikasiya texnologiyaları sektorunun böyük gələcəyi var

Hazırda hər bir ölkənin inkişafının bu və ya digər dərəcədə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişaf və tətbiq səviyyəsi ilə bağlı olduğu heç kəsdə şübhə doğurmur. Bu mənada, Azərbaycanın gələcəyinə nikbin yanaşmağa ciddi əsaslar var. İnformasiya-kommunikasiya sektorunun üstün inkişafının təmin edilməsi respublikanın yeni inkişaf paradiqmalarından biri kimi müəyyənləşdirilib. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması bu sektorun inkişafına göstərilən siyasi iradənin və yüksək diqqətin bariz nümunəsidir.

Bütün sahələrdə dinamik inkişafa nail olan Azərbaycan, həmçinin, Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul edən ilk dövlətdir. Ümummilli lider Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” respublikamızda İKT sahəsində yeni bir mərhələnin əsasını qoyub.

İnnovasiyalara əsaslanan İKT sektorunun inkişaf etdirilməsi ilə bağlı strategiya Azərbaycanı müasir ölkəyə çevirməyi qarşıya hədəf qoyan Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Respublikamızda informasiya-kommunikasiya texnologiyalarının inkişafına dövlət qayğısı çoxşaxəlidir. Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiqlənən Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci və 2010-2012-ci illəri əhatə edən Dövlət proqramları ölkəmizdə İKT sektorunun inkişafına güclü hüquqi baza yaradıb. Qısa müddətdə ölkədə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti təşkil olunub.

Hərtərəfli dövlət qayğısı və güclü maliyyə təminatı ölkəmizdə İKT sektorunun dinamik inkişafını təmin edib. Son 11 ildə respublikamızda informasiya-kommunikasiya texnologiyaları sektorunda hər il 20-25 faiz civarında artım müşahidə edilib, sektor hər 3 ildə 2 dəfə genişlənib. 2013-cü ildə ilk peykini - “Azerspace-1”i orbitə çıxaran Azərbaycan artıq kosmik sənayeyə malik ölkədir. Prezident İlham Əliyev “Azərspace-1”in uğurla orbitə buraxılması münasibətilə xalqımıza ünvanladığı təbrikində vurğulayıb: “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim uğurlu gələcəyimizi müəyyən edəcək, təmin edəcəkdir”.

Azərbaycanın dünya kosmos ailəsinin tərkibində fəaliyyəti yalnız “Azerspace-1”lə yekunlaşmır. Yeni peykin - “Azersky”ın kommersiya fəaliyyətinə start verilməsi ilə Azərbaycanın kosmik imkanları daha da genişlənib. Respublikamızın paytaxtında keçirilən “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC və Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanan müqaviləyə əsasən, ötən ilin iyununda orbitə çıxarılan və “Azersky” adlandırılan “Spot 7” yüksək ayırdetməli Yer səthini məsafədən müşahidə peyki “Azərkosmos” ASC-nin mülkiyyətinə keçib və onun kommersiya fəaliyyətinə start verilib.

Bütün bunlar Azərbaycanın mövqelərini peyk xidmətləri göstərən azsaylı ölkələr arasında daha da möhkəmləndirəcək. Bununla belə, Azərbaycan kosmik sənaye sahəsində əldə etdiyi uğurlarla kifayətlənmək niyyətində deyil. Ölkəmiz gələcəkdə dünya kosmik ailəsinin daha fəal üzvünə çevrilmək əzmi nümayiş etdirir.

Azərbaycan zəngin turizm potensialına malik ölkədir

Dünyanın ayrı-ayrı ölkələrinin iqtisadiyyatında mühüm yer tutan turizmin Azərbaycanda da geniş inkişaf perspektivləri var. Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, ölkəmizdə turizmin inkişafını da qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edib. Dövlət başçısı Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışındakı çıxışında diqqəti bir daha ölkəmizdə turizmin inkişaf etdirilməsinin zəruriliyinə çəkərək deyib: “Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur”.

Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması ölkəmizin turizm imkanlarını daha da artırır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verib. Əlamətdar haldır ki, ölkəmizdə turizmin müxtəlif növlərini, o cümlədən, biznes, istirahət, sağlamlıq, idman turizmlərini inkişaf etdirmək üçün hər cür imkan vardır.

Respublikamızın turist cəlbediciliyinin yüksəlməsi ölkəmizə gələn turistlərin sayının artmasında da öz əksini tapır. Belə ki, son bir neçə ildə dünyada və Avropa ölkələrində turistlərin gəlməsində cəmi 5 faiz artım müşahidə edilmişdirsə, Azərbaycana turist axınının artım dinamikası 10 faiz səviyyəsində olub. Burada, heç şübhəsiz ki, bütün turist marşrutları üzrə mükəmməl infrastruktur şəbəkəsi yaradılması da mühüm rol oynayır. Son illərdə Azərbaycanda müxtəlif turist marşrutları üzərində beynəlxalq səviyyəli turizm mərkəzlərinin yaradılması ölkəmizin turizm reytinqinin yüksəlməsində mühüm rol oynayıb. “Şahdağ” qış-yay turizm kompleksi məhz belə yüksək səviyyəli turizm obyektlərindən biridir. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Başqa bir beynəlxalq səviyyəli turizm mərkəzi - “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi son 3 ildə Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda yaradılır.

Ölkəmizdə müxtəlif turist marşrutları üzrə geniş infrastruktur qurulmasından söhbət açarkən dünya miqyasında məşhur brend otellərin tikintisini də ayrıca vurğulamaq gərəkdir. Respublikamızda mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2003-cü illə müqayisədə 5,4 dəfə artaraq 516-ya çatıb ki, onların da böyük əksəriyyəti regionlarda yerləşir.

Azərbaycanda zəngin müalicəvi kurort mərkəzlərinin də geniş potensialı var. Hazırda ölkəmizin turizm sahəsində dövlət siyasətində belə mərkəzlərin yenidən qurulması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu günlərdə dövlət başçısının iştirakı ilə Şabran rayonunda “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin istifadəyə verilməsi də ölkəmizin turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur “Qalaaltı” kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahəsi olan kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər var.

Beləliklə, ölkənin turizm potensialından düzgün istifadə olunması sayəsində Azərbaycan dünya səviyyəli turizm mərkəzlərindən birinə çevrilir. Prezident İlham Əliyev bu cəhətə diqqət çəkərək bildirib: “Bizim digər kurort yerlərimiz də var, misal üçün, bir neçə il bundan əvvəl Naxçıvanda “Duzdağ” mağarasının ətrafında gözəl otel tikilmişdir. O mağaralarda da gözəl işlər görülmüşdür. O, daha çox ağciyər xəstəlikləri üçün yararlıdır. “Qalaaltı” kompleksində böyrək, öd kisəsi, Naftalanda revmatizm, oynaq xəstəlikləri müalicə olunur. Bax bu müxtəliflik artıq Azərbaycanı dünya səviyyəli turizm mərkəzinə çevirir”.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2015.- 13 avqust.- S. 2.