BİR GƏNCİN “PAYIZ NƏFƏSİ”...

 

Aliyə Əsədova istedadlı gənc yazarlarımızdandır. Əlbəttə, “istedadlı” sözünü, bəlkə bir çox gənc yazara şamil edilən görürük və bəzən şübhəyə düşürük... lakin şeirlər kitablaşınca, necə deyərlər gənc yazarın yaradıcılığı sistemli, bütöv mənzərə şəklində görününcə, həqiqət daha aydın şəkildə üzə çıxır. Bu anlamda, Aliyə Əsədova “istedadlı gənc yazar” yaraşdırmasını öz kitabları ilə təsdiq və haqq etmiş gənclərdəndir, deyə bilərik.

Aliyənin “Payız nəfəsi”nə “önsözü, çağdaş ədəbi-ictimai fikrimizdə daha çox cılğa həqiqət(lər)i yazan, kiminsə haqqında yazdığı zaman (sözün yaxşı anlamında) həssaslıq nümayiş etdirən yazıçı-publisist Südabə Ağabalayevanın yazması təsadüfi deyil. “Azərbaycan” jurnalının şöbə müdiri Südabə Ağabalayeva “Aliyənin yolu” adını verdiyi “önsöz”də belə qeyd edir: “Aliyə fikirlərini qırıq-qırıq ifadə edir. Bu fraqmentallıq ən qısa vaxt ərzində fikrin çox şaxələnməsinə gətirib çıxarır; adətən, zəngin müşahidə və yaradıcı fantaziyanın genişliyini işarələndirir.

Aliyə assosiativ düşüncəni poetik qəlibə salmağa meyillidir... amma bu qəlib ilk baxışda nəzərəçarpan, ilk ağlagələn qafiyə sahmanı deyil. Aliyə ağlagəlməz vəziyyətləri, rabitəsiz, rəngarəng nəsnələri eyni vaxtda görə-görə, göstərə-göstərə sirli bir ahəng içində yollara bürünüb gedir...”

Bax, Aliyənin istedadı da məhz bu məqamlarda şəkillənir. Odur ki, izlədiyi fərqli yolda ona uğurlar diləyərkən, “istedadın sənə yar olsun!” deyir, onun öz fərqliliyini həmişə qoruyacağına güvəncimizi bildiririk.

Uğurlar, Aliyə!

* * *

P.S. Bu günlərdə (iyulun 25-də) Bakıdakı “KitabEvim.Azkitab dükanında Aliyə Əsədovanın “Payız nəfəsi”nin ikinciimza günükeçirilib.

Qeyd edək ki, gənc yazarın ikinci kitabı olan “Payız nəfəsi”nə daxil olan şeirlər həm Azərbaycan, həm də ingiliscə verilib. Şeirləri ingilis dilinə gənc yazarın özüSevil Gültən çevirib. Kitabın redaktoru (və “önsöz” yazarı) Südabə Ağabalayevadır. Kitabın rəssamlıq işi isə gənc yazarın özünə aiddir.

* * *

ÜŞÜYƏN SÜMÜKLƏR

Gücüm varmış

indi bilmədiklərimin

dərdinə qalmağa,

Bir bilsən

dərd necə üşüyür..?

İndi gəzmək istədim -

yer var yaxşı ki,

addımbaşı dərdləri

ayaqlamağa...

Şərf, əlcək istədin

yarımçıq yuxumda,

Son dəfə üşüyən

barmaqların

necədi indi?

Narahatsan?

Əti didib yeyən

qanı içib sovuran

yer var -

adı Torpaq,

dərd torpaq qədər

torpaq qədər dərd var -

dərd boydadı məzar...

məzar torpağına

sağ oldedim gələndə,

bu keşikçi torpaqların

borcu var əslində

başdaşını saxlamağa,

sümüyünü qorumağa,

birsağ olda deyəcəm

baş qoyduğun torpağa.

Bilsən ki,

torpaq necə üşüyür...

 

Yeni Azərbaycan.-2015.- 1 avqust.- S. 6.