Azərbaycanda kosmik sənaye
uğurla inkişaf edir
Prezident İlham Əliyev: İnformasiya-kommunikasiya texnologiyaları və kosmik texnologiyalar bizim üçün əsas prioritetlərdən biridir
Hazırda Azərbaycanın müasir dünya çağırışları nəzərə alınmaqla müəyyənləşdirdiyi inkişaf paradiqmaları sırasında yeni sənaye quruculuğu siyasəti mühüm yer tutur. Son illərdə ölkəmizdə sənayenin iqtisadiyyatın prioritet sahəsi kimi üstün inkişafının təmin edilməsi real zəminə, respublikamızın kifayət qədər geniş potensialına əsaslanır. Eyni zamanda, dövlət bu sahənin inkişafı üçün güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ötən ilin ölkəmizdə “Sənaye ili” elan olunması respublikamızda sənaye quruculuğuna göstərilən böyük diqqətin daha bir ifadəsidir.
Ölkəmizdə 2014-cü ilin, həmçinin, cari ilin birinci yarısının uğurlu göstəriciləri sırasında sənaye quruculuğu sahəsində qazanılan yüksək nəticələri xüsusi vurğulamaq gərəkdir. Məlumat üçün bildirək ki, “Sənaye ili” Azərbaycanda 230-dan artıq yeni sənaye müəssisəsinin, çoxlu sayda yeni iş yerlərinin açılması ilə əlamətdar olub.
Əlamətdar haldır ki, yeni sənaye müəssisələri hesabına respublikamızda bir sıra məhsullara olan daxili tələbatın ödənilməsi tam təmin olunub, hətta ölkəmizin böyük ixrac potensialı da yaranıb. Azərbaycan sementə, gipsə, hörgü bloklarına, metal konstruksiyaya, boya və sair məhsullara olan tələbatını artıq daxili istehsal hesabına tam təmin edir.
Ölkəmizdə sənaye quruculuğunu səciyyələndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, respublikamızda ənənəvi istehsal müəssisələrinin maddi-texniki imkanları genişləndirilməklə yanaşı, innovativ, elm tutumlu sənaye quruculuğu prioritet elan olunub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizdə yeni texnologiyalara, innovasiya layihələrinə sərmayələr yönəldildiyini xüsusi nəzərə çatdıraraq vurğulayıb: “Biz yeni texnologiyalara, innovasiya layihələrinə sərmayə qoyuruq və bu layihələr həm elmin inkişafına xidmət göstərir, idarəetmə məsələlərini təkmilləşdirir, eyni zamanda, cəmiyyətdə hələ də mövcud olan xoşagəlməz halların qarşısını alır”.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektoru iqtisadiyyatın üstün inkişaf edən istiqamətinə çevrilib
Bütün sahələrdə dinamik inkişafa nail olan Azərbaycan, həmçinin, Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul edən ilk dövlətdir. Ümummilli lider Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” respublikamızda İKT sahəsində yeni bir mərhələnin əsasını qoyub.
İnnovasiyalara əsaslanan İKT sektorunun inkişaf etdirilməsi ilə bağlı strategiya Azərbaycanı müasir ölkəyə çevirməyi qarşıya hədəf qoyan Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Prezident İlham Əliyev “Rossiya-24” informasiya telekanalına müsahibəsində bu cəhətə bir daha diqqət çəkərək bildirib: “Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsi sabit inkişaf edir”.
Respublikamızda informasiya-kommunikasiya texnologiyalarının inkişafına dövlət qayğısı çoxşaxəlidir. Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiqlənən Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci və 2010-2012-ci illəri əhatə edən Dövlət proqramları ölkəmizdə İKT sektorunun inkişafına güclü hüquqi baza yaradıb. İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın qəbul edilməsi də dövlətin bu sahədə siyasətinin ardıcıl xarakter daşıdığının bariz nümunəsidir. Qısa müddətdə ölkədə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti təşkil olunub.
Hərtərəfli dövlət qayğısı və güclü maliyyə təminatı ölkəmizdə İKT sektorunun dinamik inkişafını təmin edib. Son 12 ildə respublikamızda informasiya-kommunikasiya texnologiyaları sektorunda hər il 20-25 faiz civarında artım müşahidə edilib, sektor hər 3 ildə 2 dəfə genişlənib. Müstəqillik illərində Azərbaycanda İKT-nin inkişafına 3 milyard ABŞ dollarından artıq vəsait yatırılıb. Nəticədə, son 12 ildə informasiya və rabitə sahəsinin inkişafı təxminən 3 dəfə artıb. 2015-ci ilin birinci yarısında isə ölkədə rabitə və yüksək texnologiyalar sektorunun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 12 faiz artıb ki, bu da özlüyündə çox yaxşı artım dinamikasıdır. Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2014” hesabatında Azərbaycan dünyanın 148 ölkəsi arasında 7 pillə irəliləyərək 56-cı yerdən 49-cu yerə yüksəlib və təxminən 20 göstərici üzrə MDB ölkələri arasında lider olub. BMT-nin “E-Hökumət”lə bağlı hər iki ildən bir nəşr etdiyi “E-Govemment Survey 2014” adlı hesabatında isə ölkəmiz 28 pillə irəliləyərək 68-ci yerə yüksəlib. Bu rəqəmlər bir daha təsdiqləyir ki, İKT-nin inkişafı ilə bağlı aparılan siyasət öz bəhrəsini verməkdədir.
Respublikamızın dünya kosmik ailəsinə daxil olması son dərəcə qürurverici haldır
Ölkə sənayesinin gələcəyi isə, heç şübhəsiz ki, müasir dünya trendlərinə cavab verən innovativ, elm tutumlu müəssisələrin yaradılması ilə bağlıdır. Qeyd etdiyimiz kimi, respublikamızda informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və böyük gələcəyə malikdir. Azərbaycanın yeni sənaye quruculuğu siyasətində bir sıra üstün istiqamətlər də müəyyənləşdirilib. Prezident İlham Əliyev “BakuTel-2014” sərgisində “Euronews” telekanalına müsahibəsində ölkəmizin yeni prioritetlərinin məhz informasiya-kommunikasiya və kosmik texnologiyalarla bağlı olduğunu nəzərə çatdırıb: “Biz iqtisadiyyatımızın şaxələndirilməsi siyasətini həyata keçiririk və bu siyasət uğurludur. İnformasiya-kommunikasiya texnologiyaları və kosmik texnologiyalar bizim üçün əsas prioritetlərdən biridir. Yəqin, bilirsiniz ki, biz artıq ilk peykimizi orbitə buraxmışıq. Bu, ikincidir. Proses davam edəcək”.
Qısa müstəqillik tarixinə malik Azərbaycanın artıq dünya kosmik ailəsinə daxil olması son dərəcə qürurverici haldır. “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında dövlət başçısının imzaladığı müvafiq sərəncamlar Azərbaycanın dünya kosmik ailəsinə inamlı inteqrasiyasını təmin edib. Dövlət başçısının 3 may 2010-cu il tarixli Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilib. “Azərkosmos”un yaradılmasında əsas məqsəd ölkədə kosmik sənayeyə aid milli məhsul istehsalını təmin etməkdən ibarətdir. ASC-nin yaradılmasından təxminən 3 il sonra, 2013-cü il fevralın 8-də “Azerspace-1” peyki uğurla orbitə çıxarılıb. Ölkəmizin ilk peyki olan “Azerspace-1” Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Prezident İlham Əliyev Azərbaycan Respublikasının ilk peyki - “Azerspace-1”in uğurla orbitə buraxılması münasibətilə xalqımıza ünvanladığı təbrikində ölkəmizin beynəlxalq kosmik ailənin tərkibinə daxil olmasını əlamətdar tarixi hadisə kimi səciyyələndirib: “Birinci peykin orbitə çıxarılması, əlbəttə, çox əlamətdar tarixi bir hadisədir”.
Faydalı yük üzrə 36 fəal transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan “Azerspace-1” peyki 46 dərəcə Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşdirilib və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. Orbitdə istismar müddəti ən azı 15 il təşkil edəcək “Azerspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də, korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulub. Peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə edilir, qalan 80 faizi isə dünya bazarlarına ixrac olunur. Peykin texnoloji dizaynı və geniş qoşulma imkanları vasitəsilə dünyanın təqribən üçdəbir hissəsini əhatə edən coğrafiya üzrə milyonlarla insan müasir informasiya və rabitə xidmətlərindən rahat istifadə imkanı qazanıb. İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rola malikdir.
İlk peyk iqtisadi baxımdan da səmərəli bir layihədir
Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir. Belə ki, “Azerspace-1” peyki yaxın gələcəkdə bütün Azərbaycan ərazisində keyfiyyətli televiziya və radio yayımı, o cümlədən, sürətli IP xidmətlərin göstərilməsini təmin edəcək, ümumiyyətlə, ötürülən bütün məlumatlara daha yaxşı nəzarət olunacaq, müxtəlif elektron hökumət layihələrinin həyata keçirilməsi, həmçinin, məsafədən təhsil və elektron səhiyyə kimi mühüm proqramlar üçün əlverişli platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkə zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu təqdim olunacaq, habelə rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün yeni şifrələmə texnologiyası ilə mühafizə olunan və ən son tələblərə cavab verən müasir rabitə sistemi qurulacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ilk milli peykimizin iqtisadi əhəmiyyətinə də xüsusi diqqət çəkib: “İnformasiya-kommunikasiya texnologiyaları sahəsi həm bilik, zəka, intellekt, eyni zamanda, biznes sahəsidir. Peykin fəaliyyəti nəticəsində Azərbaycan dövləti, eyni zamanda, maliyyə məsələlərini həll edəcəkdir. Yəni, bu peykin fəaliyyəti iqtisadi cəhətdən də səmərəli olacaqdır”.
“Azerspace-1”in uğurla orbitə çıxarılması ilə “Azərkosmos” ASC öz müştərilərinə peyk rabitəsi əsasında yayım və genişzolaqlı internet xidmətləri, eləcə də, yüksək etibarlı peyk əsaslı rabitə platformaları təqdim etməyə başlayıb. Hazırda “Azerspace-1” peykinin üzərindən yerli və beynəlxalq səviyyəli 129 televiziya və 16 radio kanalı yayımlanır. 230 milyon ABŞ dollarına başa gələn “Azerspace-1” peykinin ona yatırılmış investisiyanı öz istismarının 7-ci ilində doğruldacağı proqnozlaşdırılır. Ümumiyyətlə isə “Azerspace-1” peykinin 15 il istismar müddəti ərzində 650 milyon dollar gəlir əldə ediləcəyi gözlənilir.
Azərbaycan öz kosmik imkanlarını daha da genişləndirir
Azərbaycanın dünya kosmos ailəsinin tərkibində fəaliyyəti ilə bağlı qarşısına qoyduğu hədəflər isə daha genişdir. Ölkəmiz zəngin iqtisadi potensialına və geniş maliyyə imkanlarına əsaslanaraq özünün kosmik imkanlarını getdikcə genişləndirir. Ötən ilin dekabrında respublikamızın paytaxtında keçirilən “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC və Fransanın “Airbus Defence and Space” şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, ötən ilin iyununda orbitə çıxarılan və “Azersky” adlandırılan “Spot 7” yüksək ayırdetməli Yer səthini məsafədən müşahidə peyki “Azərkosmos” ASC-nin mülkiyyətinə keçib və onun kommersiya fəaliyyətinə start verilib. Yeni layihə Azərbaycan ilə Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində reallaşdırılıb. Müqaviləyə əsasən, “Azərkosmos”a məxsus “Azersky” peyki və “Airbus Defence and Space” şirkətinə məxsus “SPOT 6” yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki hər iki şirkətin daha yüksək xidmət göstərməsi üçün peyk toplusu formasında birgə istifadə olunacaq. Həmçinin, Azərbaycanda quraşdırılacaq yerüstü stansiya “Azərkosmos” ASC-yə kommersiya hüquqları “Airbus Defence and “Space” şirkətinə məxsus çox yüksək ayırdetməli Pleiades 1A və 1B peyklərindən istifadə imkanı yaradacaq. Bu peyk toplusu Yer səthinin məsafədən müşahidəsi üçün istifadə olunan tətbiqlərə geniş imkanlar yaradır və ən yeni peyk görüntülərini indiyə qədər mümkün olmayan cəldliklə əldə etmək imkanı verir. “Azersky” və “SPOT 6” peyk toplusu bir gün ərzində 6 milyon kilometr ərazinin şəklini çəkə bilir. Bu, o deməkdir ki, Yer kürəsinin hər bir nöqtəsi hər gün “Azersky” və “SPOT 6” peykləri tərəfindən yüksək ayırdetmədə müşahidə oluna bilər. Bütün bunlar Azərbaycanın mövqelərini peyk xidmətləri göstərən azsaylı ölkələr arasında daha da möhkəmləndirəcək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs olunan iclasındakı nitqində ikinci peykimizin də müvəffəqiyyətlə orbitə çıxarılmasını məmnunluq hissi ilə diqqətə çatdıraraq bunu çox gözəl hadisə kimi səciyyələndirib: “Keçən il ikinci peykimiz orbitə buraxıldı. Bu da çox gözəl hadisədir. Bu da nəhəng layihələr arasında özünəməxsus yer tutan bir layihədir. Artıq bizim iki peykimiz var. Biri telekommunikasiya peyki, ikincisi Yer səthini müşahidə edən peyk. Bunun çox böyük əhəmiyyəti var və Azərbaycanda kosmik sənayenin inkişafı sürətlə gedir”.
Bununla belə, Azərbaycan kosmik sənaye sahəsində əldə etdiyi uğurlarla kifayətlənmək niyyətində deyil. Ölkəmiz gələcəkdə dünya kosmik ailəsinin daha fəal üzvünə çevrilmək əzmi nümayiş etdirir. Yaxın perspektivdə ölkəmiz yeni milli peyklərini orbitə buraxmağı hədəfləyib.
Milli kadrların hazırlanması da diqqət mərkəzindədir
“Azərkosmos” ASC müştərilərinə hər zaman yüksəkkeyfiyyətli xidmətlər göstərməyi hədəfləyib. Qurum bu məqsədlə fəaliyyətini beynəlxalq standartlar əsasında quraraq keyfiyyətli idarəetmə siyasətinin formalaşdırılması istiqamətində iş aparır. “Azərkosmos”un yerləşdiyi ərazidə milli peyklərə nəzarəti həyata keçirmək üçün bütün imkanlar yaradılıb. Burada peykin idarə olunması üçün müxtəlif təyinatlı antenlər quraşdırılıb.
Əlamətdar haldır ki,
Azərbaycan öz peykini
milli kadrlar vasitəsilə
idarə edir. Ötən dövrdə “Azərkosmos”
ASC-də yüksəkixtisaslı kadrların
hazırlanmasına xüsusi diqqət yetirilib. Texniki heyət mərhələli
şəkildə ABŞ-da və Malayziyada müxtəlif kurs
və təlimlərdə iştirak edib. Milli kadrlar
peykimizi müstəqil surətdə uğurla idarə edirlər. Prezident
İlham Əliyev “Azerspace-1”in uğurla orbitə
buraxılması münasibətilə xalqımıza
ünvanladığı təbrikində peykin
idarəetmə mərkəzində azərbaycanlı mütəxəssislərin
çalışmasından məmnunluğunu ifadə edərək
vurğulayıb: “Bu hadisə münasibətilə
bu işdə iştirak
etmiş bütün qurumlara, bütün insanlara, ilk növbədə,
Azərbaycan mütəxəssislərinə minnətdarlığımı
bildirmək istəyirəm. Bu gün bu salonda
əyləşən gənc mütəxəssislərimiz
artıq peşəkar mütəxəssislərdir, bizim fəxrimizdirlər. Mən çox şadam ki, bu gözəl idarəetmə
mərkəzində çalışan işçilərin böyük əksəriyyəti Azərbaycan
vətəndaşlarıdır”.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan. - 2015.- 27 avqust.-
S.2.