Azərbaycan investisiyalar üçün açıq ölkədir

 

Prezident İlham Əliyev: Ölkəmizə 6 ayda 12,7 milyard manat sərmayə qoyulmuşdur. Bu da çox böyük rəqəmdir

Hər bir ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən ən mühüm amillərdən biri, heç şübhəsiz ki, maliyyə təminatı ilə bağlıdır. Bu cəhətdən Azərbaycanın vəziyyəti nikbinlik üçün əsas verir. Respublikamız dünyanın bir sıra ölkələrində ciddi fəsadlarla nəticələnən qlobal böhran illərində belə yüksək sosial-iqtisadi göstəricilərə nail olub. Bu isə, ilk növbədə, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq məqsədyönlü şəkildə həyata keçirilən şaxələndirmə siyasətinin və dünyadakı yeni çağırışlara əsasən müəyyənləşdirilən prioritet sahələrin maliyyə təminatının gücləndirilməsi ilə bağlıdır. Belə ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət sayəsində Azərbaycanın bütün sahələrdə nail olduğu dinamik inkişaf göstəriciləri ölkə iqtisadiyyatının maliyyə təminatının yaxşılaşmasında özünü daha qabarıq şəkildə büruzə verir. Sevindirici haldır ki, ölkəmizdə müxtəlif sahələrə yönəldilən sərmayələrin həcmi ilbəil genişlənir. İnvestisiya qoyuluşunda artım dinamikası cari ilin birinci yarısında da davam edib. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində vurğuladığı kimi, ölkəmizə 6 ayda 12,7 milyard manat sərmayə qoyulmuşdur. Bu da çox böyük rəqəmdir.

Sərmayələrin strukturunda xarici investisiyaların həcminin artması Azərbaycana böyük inamın ifadəsidir

Azərbaycanda son illərdə ardıcıl olaraq investisiya qoyuluşunun genişlənməsi və bu müsbət tendensiyanın qlobal risklər şəraitində cari ilin birinci yarısında da davam etməsi ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində formalaşan əlverişli investisiya mühitinin nəticəsidir. Möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, möhkəm qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, ölkədə yaradılan əlverişli biznes mühiti Azərbaycanı investisiya qoyuluşu baxımından cəlbedici məkana çevirib. Həyata keçirilən bütün bu və digər tədbirlər sayəsində ölkədə iqtisadi fəallıq artıb, respublikamızda yerli və xarici kapital əsasında qurulan çoxlu sayda yeni müəssisələr yaradılıb.

Cari ilin birinci yarısında ölkəmizə yönəldilən investisiyaların strukturunun dəyişməsi və burada xarici sərmayələrin həcminin daxili sərmayələri üstələməsi xüsusilə diqqəti cəlb edən məsələdir. Ümumilikdə, bu tendensiya beynəlxalq maliyyə qurumlarında, böyük nüfuza malik transmilli şirkətlərdə və xarici ölkələrdə Azərbaycana qarşı getdikcə artan inamın ifadəsidir. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev bildirib: “Son illərdə biz görürdük ki, daxili investisiyalar üstünlük təşkil edir. Bu ilin 6 ayında isə xarici sərmayə üstünlük təşkil edir. Bu da müsbət haldır, çünki yenə də göstərir ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur”.

Əlamətdar haldır ki, iqtisadiyyatımızın müxtəlif sahələrinə investisiyalar yatıran xarici ölkələr arasında yüksək inkişaf səviyyəsinə çatmış Avropa İttifaqı ölkələri üstünlük təşkil edir. Son 12 ildə Azərbaycanda əsas kapitala yönəlmiş xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi məhz Avropa İttifaqı ölkələrinin payına düşür. Bu sırada Almaniya, Böyük Britaniya, Fransa, İtaliya kimi ölkələrin adını çəkmək mümkündür. Azərbaycanda müxtəlif Avropa ölkələrinə məxsus 1000-dən çox şirkət qeydiyyatdan keçib. Bu şirkətlər sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə uğurla fəaliyyət göstərirlər. Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqının 20 ölkəsi arasında ikiqat vergitutmanın aradan qaldırılması, 17 ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 10-dan çox ölkə ilə isə hökumətlərarası komissiya yaradılıb.

Özəl bölmənin maliyyə təminatının artırılması sayəsində ölkədə güclü sahibkarlar sinfi formalaşıb

Respublikamızda uğurlu investisiya siyasəti prioritet sahələrin maliyyə təminatının gücləndirilməsi yolu ilə həyata keçirilir. Bu baxımdan ölkədə sahibkarlığın inkişafının güclü maliyyə təminatı ilə dəstəklənməsi xüsusilə diqqəti cəlb edir.

Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Əlamətdar haldır ki, son illərdə respublikamızda qeyri-neft sektoru əsasən sahibkarlığın inkişafı və sahibkarların fəaliyyəti hesabına genişlənib. Buna görə də, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır.

Ölkəmizdə sahibkarlığın inkişafından söhbət açarkən bu sahə ilə bağlı hüquqi bazanın ardıcıl olaraq təkmilləşdirilməsini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin 2014-cü il martın 3-də imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman özəl bölmənin yeni mərhələsinin hüquqi təminatlarını özündə əks etdirir. Prezidentin imzaladığı bu Fərman ölkəmizdə özəl bölməyə dövlət dəstəyinin ardıcıllığını bir daha təsdiqləyir. Fərmana uyğun olaraq həyata keçirilməsi planlaşdırılan islahatlar çərçivəsində 6 qanunun qəbul olunması nəzərdə tutulub. Bunlardan iki qanun tamamilə yeni olacaq. Bunlar “Özəl kredit büroları haqqında” və “Təminatlı əqdlər haqqında” qanun layihələridir. Bu qanunların qəbul olunması bank xidmətləri sferasının genişlənməsinə, eləcə də, sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılmasına imkan yaradacaq.

Prezident İlham Əliyev son illərdə ölkəmizdə özəl bölməyə göstərilən dövlət qayğısına və bunun nəticəsində çoxsaylı sahibkarlar ordusunun yarandığına diqqət çəkərək deyib: “Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq. Mən bunu dəstəkləyirəm ki, fermerlər, iş adamları daha da rahat işləsinlər, daha da böyük gəlir əldə etsinlər. Yəni, dövlət çalışır ki, bu məsələ daim diqqət mərkəzində qalsın. Məhz bunun nəticəsində bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb”.

Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 12 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb.

Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatıb. Sahibkarlığın inkişafına maliyyə dəstəyinin daha da gücləndirilməsi siyasəti cari ildə də davam etdirilib. Bu məqsədlə cari ilin birinci yarısında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96,0 milyon manat həcmində güzəştli kreditlər verilib.

Zəruri təşkilati tədbirlər və güclü maliyyə təminatı sayəsində aqrar sektorda istehsal genişlənib

Ölkəmizdə kənd təsərrüfatının intensiv inkişaf etdirilməsi ilə bağlı dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə paralel surətdə hərtərəfli texniki və maliyyə təminatı ilə dəstəklənir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs olunan iclasındakı nitqində son bir ildə kənd təsərrüfatının inkişafı məqsədilə önəmli tədbirlərin həyata keçirildiyinə xüsusi diqqət çəkib. Dövlət başçısı həyata keçirilən tədbirlərin ölkədə kənd təsərrüfatının inkişafına xidmət göstərdiyini bildirib: “Dövlətin dəstəyi ilə iri fermer təsərrüfatları yaradılır, meliorasiya tədbirləri, bütün aqrotexniki tədbirlər görülür, strukturlaşma prosesi gedir və şəffaflıq təmin edilir”.

Ölkədə etibarlı ərzaq təhlükəsizliyinə nail olunması üçün aqrar sektorun inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir və davamlı xarakter daşıyır. Respublikamızda “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu, texnikanın dəyərinin 40 faizi dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilib. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir. Son bir ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən, taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artıb. Tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə ediblər. Bu da məhsulun maya dəyərinin əhəmiyyətli dərəcədə azalması nəticəsində fermerlərin gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə müsbət təsir göstərib.

Ölkəmizdə aqrar sektorun inkişafına çoxşaxəli dövlət dəstəyi 2015-ci ilin birinci yarısında da davam etdirilib və kənd təsərrüfatının maliyyə təminatı daha da gücləndirilib. Ötən 6 ayda “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrasına 25 milyon manat vəsait yönəldilib.

Son illərdə aqrar sektorda həyata keçirilən davamlı tədbirlər sayəsində ölkənin ərzaq məhsulları ilə təminat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə bir faktı məmnunluqla vurğulamaq yerinə düşər ki, respublikamızda əhalinin daxili istehsal hesabına əsas ərzaq məhsulları ilə təminatı səviyyəsi iki dəfəyə qədər artıb. O cümlədən, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatlarına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisələrinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bir sıra məhsullara daxili tələbatın tam yerli istehsal hesabına ödənilməsini təmin edib və ixrac imkanları yaradıb.

Ötən illər ərzində məhsulların tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən, 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır və istehlak bazarında qiymətlərin sabitliyi təmin edilir.

Son illərdə Azərbaycanda aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Təkcə son bir neçə ildə respublikanın 19 rayonunda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kredit yönəldilib. Ölkədə heyvandarlığın inkişafında intensiv metodlardan istifadə edilməsinin rolunu xüsusi vurğulamaq lazımdır. Bu sahədə intensiv metodların tətbiqi sayəsində son bir ildə ölkəmizdə mal-qaranın baş sayı cəmi 21 faiz artdığı halda, ət istehsalında 46,4 faiz, süd istehsalında 53 faiz artım əldə olunub.

İxrac yönümlü sənaye sahələrinə investisiyalar yönəldilməsi dövlətin prioritetləri sırasındadır

Prezident İlham Əliyevin müasir dünya çağırışlarını nəzərə alaraq müəyyənləşdirdiyi yeni inkişaf paradiqmaları sırasında müasir sənaye quruculuğu mühüm yer tutur. Dövlət başçısı innovativ, elm tutumlu, müasir texnologiyalara əsaslanan sənaye quruculuğunu Azərbaycanın gələcək inkişaf hədəflərindən biri kimi müəyyənləşdirib. Bu mənada son 12 ildə sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biridir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bu məqamı bir daha diqqətə çatdırıb: “Keçən il Azərbaycanda “Sənaye ili” elan edilmişdir. Bu, bizim siyasətimizi göstərir. Çünki sənayeləşmə Azərbaycanda uğurla aparılır. Sənayeləşmə aparılmasaydı, biz həmişə neft amilindən asılı vəziyyətdə olacaqdıq”.

Son 12 ildə Azərbaycanda həyata keçirilən uğurlu sənayeləşdirmə siyasəti ölkədə çoxsaylı müəssisələrin yaranmasında, bir sıra məhsullara olan daxili tələbatın tam ödənilməsində, eyni zamanda, ixrac potensialının yaranmasında öz əksini tapıb. Qeyd etmək xoşdur ki, son 12 ildə istifadəyə verilən 500-dən artıq yeni istehsal müəssisəsi sayəsində Azərbaycanın sənaye xəritəsi əhəmiyyətli dərəcədə zənginləşib. Hazırda ölkəmiz yerli istehsal hesabına bir sıra tikinti materiallarına, o cümlədən də sementə, bentonitə, beton bloklara, metal konstruksiyalara, polietilen borulara və digər məhsullara olan tələbatını sırf daxili istehsal hesabına təmin etmək gücündədir. Respublikamızda yaradılan güclü emal sənayesi öz növbəsində, kənd təsərrüfatının inkişafını stimullaşdırır və ölkənin ərzaq məhsulları ilə təminatında mühüm rol oynayır. Qısa müstəqillik tarixində Azərbaycan kosmik sənayeyə malik ölkəyə çevrilib. Müdafiə təyinatlı məhsul buraxan sənayenin yaradılması da ölkəmizin əldə etdiyi tarixi nailiyyətdir.

Qarşıda isə ölkə sənayesini yeni-yeni inkişaf üfüqləri gözləyir. Prezident İlham Əliyev ölkədə sənayenin intensiv inkişafının təmin edilməsi məqsədilə texnoparkların, sənaye klasterlərinin yaradılmasını bir vəzifə kimi qarşıya qoyub. Artıq texnoparkların yaradılması istiqamətində bir sıra zəruri tədbirlər görülüb və Sumqayıtda, Balaxanıda yaradılan texnoparklarda ilk rezidentlər fəaliyyətə başlayıblar. Prezident İlham Əliyev haqqında bəhs olunan konfransdakı nitqində ölkəmizin sənaye quruculuğu sahəsində böyük perspektivlərə malik olduğunu qeyd edib. Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra ölkəmizdə ixrac potensialı olan sənaye müəssisələrinin yaradılmasına hər cür dəstək veriləcək. Metallurgiya kompleksinin yaradılması da Azərbaycanın sənaye quruculuğunda yeni prioritet sahələrdən biridir. Prezident İlham Əliyev bu sahənin əhəmiyyətinə diqqət çəkərək bildirib: “Xüsusilə mən burada metallurgiya kompleksinin tikintisini qeyd etmək istəyirəm. Çünki bu, bir növ bizim üçün yeni sənaye sahəsi olacaq ki, bunun da xammal, resurs bazası var, ixrac imkanları da kifayət qədər genişdir. Ona görə bu sahəyə dövlət investisiyaları qoyulur. O sahələr ki, ölkəmiz üçün strateji əhəmiyyət daşıyır və o sahələr ki, öz növbəsində, həm ixrac potensialımızı artıracaq, eyni zamanda, özəl sektorun fəaliyyətinə təkan verəcək, o sahələrə dövlət investisiyalar qoyur, qoymalıdır”.

Sosial proqramlar da uğurla icra edilir

Ölkəmizdə son 12 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, ilk növbədə, sosial mahiyyəti ilə fərqlənib. Bu siyasətin mərkəzində, dövlət başçımızın dəfələrlə vurğuladığı kimi, insan amili, Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə fəal əhalinin məşğulluğunun təmin olunması, yeni iş yerləri yaradılmasının daimi prosesə çevrilməsi, eyni zamanda ölkədə mükəmməl sosial infrastruktur yaradılması dövlət siyasətinin əsas prioritetləri kimi müəyyənləşdirilib. Təkcə onu vurğulamaq kifayətdir ki, son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması nəticəsində ölkədə 1 milyon 400 mindən çox yeni iş yerləri yaradılıb ki, bu da əhalinin sosial təminatında çox mühüm amil kimi çıxış edir. Ötən 12 ildə ölkənin hər yerində sosial infrastruktur layihələri reallaşdırılıb. Bəhs olunan dövrdə respublikada təxminən 3 min məktəb binası, 600-dək tibb ocağı tikilib və ya təmir edilib. Təkcə regionlarda 41 Olimpiya idman mərkəzi və 30 gənclər mərkəzi istifadəyə verilib.

Cari ilin birinci yarısında da ölkəmizdə sosial layihələrin icrasına lazımi qədər investisiya yönəldilməsi təmin olunub. Hazırda ölkədə 20-dən artıq məktəbdə, 30-dan çox tibb müəssisəsində əsaslı yenidənqurma işləri uğurla davam etdirilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs olunan iclasındakı nitqində qlobal risklərə və dünya birjalarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, ölkəmizdə sosial proqramların uğurla icra olunmasından məmnunluğunu ifadə edib və bunu dövlət siyasətinin əlaməti kimi səciyyələndirib: “...Bütün sosial proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik”.

 

Mübariz ABDULLAYEV

 

Yeni Azərbaycan. - 2015.- 28 avqust.- S.2.