Tolerantlıq nümunəsi olan Azərbaycan
sivilizasiyalararası dialoqa mühüm töhfələr verir
Prezident İlham
Əliyev: Azərbaycanda bütün xalqlar dostluq,
mehribanlıq şəraitində, bir ailə kimi
yaşayır
Tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olub. Təsadüfi deyil ki, müxtəlif zaman kəsiklərində işğallara məruz qalmasına, müxtəlif xalqlar tərəfindən assimilyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub və yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin yüksək səviyyədə formalaşmasına və inkişafına mühüm töhfələr verib. 70 ilə yaxın bir müddətdə ateizmin təbliğ edildiyi və hökm sürdüyü SSRİ mühitində yaşamasına baxmayaraq, xalqımız daim mənəvi - dini dəyərlərə, sərvətlərə əsaslanan humanist meyilləri yaşadıb. Bunun da nəticəsində bu gün Azərbaycan xalqı yüksək dövlət dəstəyi və qayğısının fonunda ən yüksək mənəvi-əxlaqi davranış nümunələrini özündə təcəssüm etdirməkdə və örnək təşkil etməkdədir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra İslam ənənələrinə əsaslanan müqəddəs bayramların qeyd olunmasının bərpa edilməsi, hər bir vətəndaşa etiqad azadlığından yararlanmağa maksimum şəraitin yaradılması, eləcə də, müxtəlif millətlərin və dinlərin nümayəndələrinə istənilən şərait və şərtlərdə yüksək səviyyəli diqqət və qayğının göstərilməsi ölkəmizdəki mövcud humanitar dəyərlərin, eyni zamanda, münasibət və meyillərin inkişafına yüksək stimul verib. Bu da, şübhəsiz, Azərbaycanı yüksək səviyyəli dəyərlərin daşıyıcısı olan müxtəlif xalqlar və dinlərin nümayəndələrinin yanaşı yaşadığı ideal və arzuedilən məmləkətə çevirib.
Azərbaycan multikultural dəyərlərin qorunmasına əhəmiyyətli töhfə verir
Ümumiyyətlə, regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr verən milli dövlətlərin fəaliyyəti sivilizasiyalararası dialoq və qlobal inteqrasiya baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə Azərbaycanın yeri və roluna xüsusi diqqət yetirmək lazımdır. Və sirr deyil ki, Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə, siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunlara paralel olaraq Azərbaycanın sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Azərbaycan elə bir məkandır ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən və yaxud kimləri isə alçaldan amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycanda xalqların, milli və dini icmaların heç bir fərq qoyulmadan bərabər yaşamasına, sıx inteqrasiya etməsinə həm dövlət güclü siyasi iradə nümayiş etdirir, həm də cəmiyyətdə buna böyük istək var.
Son illərdə Azərbaycan qlobal iqtisadi və mədəni əhəmiyyət daşıyan, eyni zamanda, multikultural dəyərləri təbliğ edən tədbirlərin keçirildiyi məkana çevrilib. Məsələn, Davos İqtisadi Forumu kimi mötəbər bir təşkilatın iclasının Bakıda keçirilməsi ölkəmiz üçün böyük uğur olmaqla Azərbaycanın dünyada tanıdılması baxımından da əhəmiyyətli idi. Qafqaz və Orta Asiyada gedən proseslər, iqtisadi və siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsi üçün ölkəmizin seçilməsi bir daha göstərir ki, Azərbaycan nəinki coğrafi, həm də siyasi, iqtisadi və mədəni cəhətdən beynəlxalq mərkəzlərdən birinə çevrilib. Dünya miqyasında mötəbər təşkilat kimi tanınan, çox böyük nüfuza malik siyasətçiləri, ictimai xadimləri birləşdirən Madrid Klubunun toplantısının, Amerika-Azərbaycan konfransının, I Qafqaz, Krans Montana forumlarının Bakıda keçirilməsi də çox əlamətdar hadisə idi. Eyni zamanda, son illərdə Bakıda ardıcıl olaraq Mədəniyyətlərarası Dialoq və Humanitar forumlar keçirilir. Ölkəmiz xalqımızın xoş məramına uyğun olaraq bu kimi tədbirlərə məmnuniyyətlə ev sahibliyi etməklə hazırda dünya üçün böyük önəm daşıyan dəyərlərin qorunmasına öz sanballı töhfəsini verir.
Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi və çoxkonfessiyalı cəmiyyətə malik olması ölkəmizin sivilizasiyalararası dialoqda rolunun artmasını şərtləndirir. Hazırda əksər Avropa təsisatlarının üzvü olan Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının da üzvüdür. Dünyanın iki yüzdən artıq ölkəsini əhatə edən Avropa və Asiya təşkilatlarının üzvü olmaq Azərbaycanın sivilizasiyalararası əlaqələrin gücləndirilməsində əhəmiyyətini daha da artırır.
Ölkəmizin rasional daxili və xarici siyasəti, digər xalqların və dövlətlərin maraqlarına hörmətlə yanaşması beynəlxalq miqyasda təqdir olunur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər hər bir ölkə müstəqil xarici siyasət aparsa, onda dünyada müharibələr də az olar, anlaşılmazlıq da azalar. Hər bir ölkə digər ölkəyə hörmətlə yanaşmalıdır: “Hər bir ölkə digər ölkənin seçiminə də hörmətlə yanaşmalıdır - həm beynəlxalq müstəvidə, həm dinlərarası dialoq, humanitar sahədə. Bütün bunlar bir-biri ilə bağlıdır”.
Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir
Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, sivilizasiyalararası dialoqa mühüm töhfələr verən, tolerantlıq məkanı kimi tanınan Azərbaycanda bütün azadlıqlar - mətbuat, söz, sərbəst toplaşmaq, o cümlədən, vicdan azadlığı təmin edilib. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunu faktlar təsdiqləyir. Belə ki, son 11 il ərzində respublikamızda 250-yə yaxın məscid tikilib və yaxud təmir edilib. Xalqımız üçün çox böyük dəyər kəsb edən Bibiheybət, Təzəpir, Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi yüksək səviyyədə təmir-bərpa işləri aparıldıqdan sonra inanclı insanların istifadəsinə verilib. Hazırda Gəncədəki İmamzadə dini, tarixi, mədəni mərkəzində də belə təmir-bərpa işləri həyata keçirilir. Bir sözlə, ölkəmizdə dövlət tərəfindən cəmiyyətin istəyi nəzərə alınaraq dini abidələrin bərpasına, həmçinin, yeni məscidlərin inşasına böyük diqqət göstərilir.
Bakının Binəqədi rayonunda 12 min kvadratmetr sahədə inşa olunan möhtəşəm Heydər məscidinin istifadəyə verilməsi respublikamızda dövlət-din münasibətlərinin çox yüksək səviyyədə qurulmasının daha bir ifadəsidir. Ölkəmizdə dövlət vəsaiti hesabına belə bir möhtəşəm məscidin inşa olunması bir çox cəhətdən əlamətdardır. Bu, ölkəmizin gücünü, inkişaf dinamikasını göstərməklə yanaşı, həm də Azərbaycanın öz milli, dini ənənələrinə möhkəm bağlı olduğunu təsdiqləyir.
Bununla yanaşı, Azərbaycan dinlər və sivilizasiyalararası dialoqun təşviqində, inkişafında müstəsna rol oynayır və dövlət tərəfindən bu istiqamətdə görülən işlər təqdir edilir. Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Bu kontekstdə onu da qeyd etmək lazımdır ki, Azərbaycanda multikulturalizm məsələsi xüsusi aktuallıq kəsb edir, çünki ölkəmizin təcrübəsi multikulturalizmin təbliği üçün müsbət nümunə qismində çıxış edir. Qeyd etdiyimiz kimi, Azərbaycan müxtəlif xalqların nümayəndələrinin yanaşı, sülh və təhlükəsizlik şəraitində yaşadığı ideal və arzuolunan məmləkət kimi dəyərləndirilməkdədir. Şübhəsiz, bunun fonunda ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir. Prezident İlham Əliyevin bildirdiyi kimi, multikulturalizm Azərbaycanda həyat tərzidir: “Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək. Təsadüfi deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş bir neçə təşəbbüs artıq həyatda öz yerini tapıbdır və bu təşəbbüslər ətrafında yeni imkanlar yaranır...”.
Ümumiyyətlə, müasir beynəlxalq
münasibətlər sisteminin əsas tendensiyaları,
hazırkı beynəlxalq durum deməyə əsas verir ki,
multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər,
sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus
töhfələr bəxş edir. Eyni zamanda, bununla xalqlar
öz mədəniyyətləri və mənəvi dəyərlərini
inteqrasiya etdirir, mövcud mədəni sərvətlər
sintez olunmuş formada dünya xalqlarına yeni dəyərlər
kimi təqdim olunur. Müasir dövrdə multikulturalizmin əksinə
olaraq özünütəcrid mövqeyi seçən xalqlar və
dövlətlər nəinki inteqrasiya prosesindən kənarda
qalırlar, eyni zamanda, bəşəri dəyər və
normalardan təcrid olunurlar. Prezident İlham Əliyev bu məsələylə
əlaqədar bildirib ki, multikulturalizmin müasir dünyada
alternativi yoxdur: “Çünki dünya ölkələrinin
mütləq əksəriyyəti çoxmillətli ölkələrdir.
Əgər
multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola
bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir,
ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir. Biz bu təhlükəli meyillərə qarşı
öz səsimizi ucaltmalıyıq. Əlbəttə
ki, bunu, ilk növbədə, dövlətlər etməlidirlər.
Amma, eyni zamanda, dövlətlərin bu siyasətini
böyük dərəcədə hər bir cəmiyyətin
siyasi və ictimai-elmi elitası, ictimai rəy müəyyən
edir... Biz Azərbaycanda
çalışırıq ki, yaşadığımız
bölgədə regional əməkdaşlıq inkişaf
etsin, millətlərarası münasibətlər daha da
yaxşılaşsın, dinlərarası dialoq güclənsin.
Bizim imkanımız var. Çünki bizim
keçmişimiz, dediyim kimi, imkan verir ki, bu məsələlərə
böyük diqqətlə yanaşaq. Biz
bu məsələləri bilirik. Çünki həm Azərbaycan
özü çoxmillətli, çoxkonfessiyalı ölkədir,
həm də keçmişdə müxtəlif dinlərin
nümayəndələri Azərbaycanda birgə
yaşamışdır... Biz istəyirik ki, daha
da çox əməkdaşlıq, qarşılıqlı
anlaşma olsun. Biz bundan sonra da öz
rolumuzu bunda görürük”.
Beləliklə, dünya miqyasında multikultural dəyərlərin
ciddi təhdidlərlə üzləşdiyi indiki dövrdə
Azərbaycan özünü bütün mədəniyyətlərə
və dinlərə tolerant ölkə kimi təsdiqləyir. Azərbaycan
öz üstünlüyünü ölkənin çoxmədəniyyətli
və çoxkonfessiyalı olmasında görür. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin
bərpasına dövlət vəsaiti ayrıldığı
kimi, digər dinlərlə bağlı abidələrə də
eyni yanaşma tətbiq olunur. Məsələn,
ölkəmizdə dövlət, həmçinin, rus pravoslav,
katolik, alban kilsələrinin tikintisinə və bərpasına
da öz dəstəyini göstərir.
Azərbaycan
dünyaya yeni tolerantlıq modeli bəxş edib
Bütün bunlara paralel olaraq vurğulamaq gərəkdir
ki, Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə
də iqtisadi inkişaf baxımından yeni model bəxş
edib. Dünyada “sivilizasiyaların toqquşması”
prosesinin cərəyan etdiyi, müxtəlif ölkələrdə
cəmiyyətdaxili parçalanmalar nəticəsində dini,
etnik zəmində konfliktlərin yaşandığı bir
vaxtda ölkəmiz sabit və tolerant mühiti ilə diqqət
çəkir. Azərbaycan mədəniyyətlərin
inteqrasiyası və tolerantlıq təcrübəsinə
malik olan bir ölkədir. Üstəlik,
bir çox nüfuzlu beynəlxalq mədəniyyət və
idman müsabiqələrinin, tədbirlərinin
respublikamızda keçirilməsi də həm ölkəmizin
inkişafından, həm də dünyaya açıq
olmasından xəbər verir. Bütün
bunlarla əlaqədar olaraq, ölkəmiz dünya
sivilizasiyalarının qovuşmasının və
multikulturalizmin nəzərə çarpan nümunəsi kimi
dünyada tanınır.
Bir sözlə, xalqların daim tolerantlıq şəraitində
və təhlükəsizlik mühitində
yaşadığı Azərbaycan ayrı-ayrı dinlərin,
millətlər və toplumların inteqrasiyasında müstəsna
rol oynayıb.
Dövlətimizin başçısının
vurğuladığı kimi, biz Azərbaycan olaraq ölkələr
arasındakı əlaqələrin inkişafı
üçün humanitar aspektlərə daim böyük diqqət
göstərmişik: “Çünki bizim tarixi
keçmişimiz, mədəniyyətimiz bunu diktə edir. Əsrlər boyu Azərbaycanda
çoxkonfessiyalı, çoxmillətli cəmiyyət
formalaşıb, mövcuddur və müstəqillik
dövründə bu müsbət meyillər daha da gücləndi.
Azərbaycanda bütün xalqlar dostluq,
mehribanlıq şəraitində, bir ailə kimi
yaşayır. Heç vaxt Azərbaycanda
dini, milli zəmində qarşıdurma,
anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir.
Çünki hər bir ölkənin
gücünü, əlbəttə ki, bir neçə amil
müəyyən edir - siyasi imkanlar, iqtisadi güc və eyni
zamanda, cəmiyyətdə mövcud olan ab-hava, sağlam
mühit və həmrəylik duyğuları. Hesab edirəm ki, bu baxımdan Azərbaycanın təcrübəsi
çox müsbətdir və biz öz işimizlə
dünyada gedən proseslərə müsbət töhfəmizi
veririk”.
Azərbaycan
tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və
mədəniyyət sahələrində də qlobal əməkdaşlıq
üçün əlverişli məkandır
Siyasi və iqtisadi məsələlərlə
yanaşı, mədəniyyət, humanitar sahələrində
də Azərbaycan İslam ölkələri arasında əlaqələrin
genişlənməsində mühüm rol oynayır. Azərbaycan
humanitar, mədəni sahələrdə yeni qlobal mərkəzə
çevrilməkdədir. Bakıda
keçirilən Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun ənənə halını alması da təsadüfi
olmayıb, ölkəmizin mədəniyyətlərin
inteqrasiyasına verdiyi töhfələrdən xəbər
verir. Azərbaycan tolerantlıq və
multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət
sahələrində də qlobal əməkdaşlıq
üçün əlverişli məkandır. Azərbaycan bu gün dünyaya istər
tolerantlıq, istərsə də iqtisadi inkişaf
baxımından yeni model bəxş edib. İslamofobiya,
irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin
dünyada yayıldığı bir vaxtda Azərbaycanda bu
proseslərin tamamilə əksini, mədəniyyətlərin
toqquşmasını deyil, qovuşmasını müşahidə
etmək mümkündür. Bütün
bunlarla əlaqədar olaraq, ölkəmiz dünya
sivilizasiyalarının qovuşmasının və
multikulturalizmin nəzərə çarpan nümunəsi kimi
dünyada tanınır və sadalanan cəhətlər
başqa ölkələrə də gözəl örnəkdir.
Bakıda
Heydər məscidinin açılışı mərasimindəki
çıxışı zamanı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
vurğuladığı kimi, biz bu gün beynəlxalq aləmdə
dinlərarası dialoqun möhkəmləndirilməsi
üçün öz dəyərli töhfəmizi veririk: “Təsadüfi
deyil ki, məhz Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən
birinə çevrilmişdir. Ölkəmizdə
keçirilən beynəlxalq tədbirlər, dialoqlar, mədəniyyətlərarası
dialoq, humanitar forum, dünya dinlərinin liderlərinin zirvə
görüşləri - bütün bunlar bu gün Azərbaycan
reallıqlarıdır. Biz
çalışırıq bu tədbirlərin keçirilməsi
ilə ümumi işimizə töhfəmizi verək ki, dünyada
da dini, milli zəmində heç vaxt anlaşılmazlıq,
qarşıdurma olmasın”.
Nurlan
QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2015.-
8 avqust.- S. 2.