YAP-ın beynəlxalq əlaqələri genişlənir

 

Partiyanın nümayəndə heyəti Bolqarıstanda səfərdə olubbu ölkənin hakim partiyasında görüşlər keçirilib

 

Ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələri yüksələn xətlə inkişaf edir. Partiyanın beynəlxalq əməkdaşlığının coğrafiyası genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. YAP müasir qloballaşan dünyanın çağırışlarına çevik reaksiya verərək, əməkdaşlıq imkanlarından maksimum faydalanır və Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində geniş fəaliyyət göstərir.

Ümumiyyətlə, YAP-ın müxtəlif ölkələrin siyasi partiyaları və demokratik təsisatları ilə qurduğu işgüzar və səmimi münasibətlər ardıcıl olaraq inkişaf edir. YAP-ın beynəlxalq əlaqələrində dostqardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Kanada, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır.

YAP Avroatlantik məkanda siyasi təşkilatlarla əməkdaşlığını genişləndirir

Bununla yanaşı, YAP Avroatlantik məkanda siyasi təşkilatlarla əməkdaşlığını genişləndirir. Bu mənada, Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlər də mövcuddur. Eyni zamanda, partiyamız Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) çərçivəsində də aktiv fəaliyyət göstərir və aparıcı rola malikdir. Həmçinin, YAP bu təşkilatın bir çox tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edib.

Yuxarıda qeyd etdiyimiz kimi, YAP bir çox ölkələrin partiyaları ilə fəal əməkdaşlıq edir, həmçinin, yeni əlaqələr qurur. Bu prosesdə qarşılıqlı səfərlər də vacib rol oynayır. Bu baxımdan, 26-29 iyul tarixlərində YAP nümayəndə heyətinin Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfəri də əhəmiyyətlidir. Səfər zamanı YAP-ın nümayəndə heyəti Bolqarıstanın hakim “GERB” Partiyasının qərargahında bir sıra görüşlər keçirib. Qeyd edək ki, nümayəndə heyətinə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli və YAP Siyasi Şurasının üzvü, QDİƏT Parlament Məclisinin baş katibi Asəf Hacıyev daxil olub.

YAP və “GERB” partiyalarının əlaqələrinin inkişafı üçün böyük potensial var

Səfərlə bağlı fikirlərini bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov Azərbaycanla Bolqarıstan arasında normal münasibətlərin mövcud olduğunu deyib. Bununla belə, hakim partiyalar arasında ilk dəfədir ki, ikitərəfli görüşün baş tutduğunu deyən E.İbrahimovun fikrincə, səfər zamanı keçirilən görüşlər, aparılan danışıqlar nəticəsində YAP-la “GERB” Partiyası arasında əməkdaşlığın təməli qoyulub və gələcəkdə hər iki partiya münasibətləri daha da genişləndirməyi düşünür: “İlk görüşümüz “GERB” Partiyasının sədr müavini Svetan Svetanovla oldu. O, Bolqarıstan Milli Assambleyasında hakim partiya qrupunun rəhbəridir. Görüş zamanı hər iki partiya arasında əlaqələrin inkişafı məsələləri müzakirə olundu. Bilirsiniz ki, partiyamız geniş beynəlxalq əlaqələrə malikdir. Həm Asiya, həm də Avropanın bir çox partiyaları ilə qarşılıqlı əlaqələrimiz var. Bolqarıstan Avropa İttifaqının üzvüdür. Azərbaycan və Bolqarıstanın da gözəl münasibətləri var. Bu mənada hər iki ölkənin hakim partiyalarının da əlaqələri dövlətlərarası münasibətlərə böyük töhfələr verə bilər. Bu baxımdan, hər iki tərəf bu əlaqələrin inkişafının zəruriliyini vurğuladı. Görüşümüzdə qarşılıqlı olaraq təcrübə mübadiləsi, səmərəli siyasi texnologiyalardan istifadə məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı. YAP və “GERB” arasında əlaqələrin inkişafı üçün böyük potensial var. Düşünürəm ki, gələcəkdə partiyamızın “GERB” Partiyası ilə əlaqələri əhəmiyyətli dərəcədə inkişaf edəcək. Çünki Bolqarıstan bizim üçün vacib ölkədir. Bilirsiniz ki, bu partiyanın sədri Bolqarıstanın Baş naziri Boyko Borisovdur. O, ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakı şəhərinə səfər etmişdi. Biz səfərimiz zamanı “GERB” Partiyasını təmsil edən nazirlərlə, parlament üzvləri ilə də görüşdük. Hesab edirəm ki, görüşlərin hər biri əhəmiyyətlidir”.

Səfər zamanı parlamentlərarası əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub

Qeyd edək ki, YAP nümayəndə heyətinin üzvləri Bolqarıstan parlamentində də görüşlər keçirib. E.İbrahimov bildirib ki, nümayəndə heyəti ilk olaraq Bolqarıstan Milli Assambleyasının sədri xanım Seska Saçeva ilə görüşüb: “Görüşdə, parlamentlərarası əlaqələrə dair geniş fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin, A.Hacıyev QDİƏT PM-in Varnada keçiriləcək komitə iclası ilə bağlı məsələləri spikerlə müzakirə edib. Xatırladım ki, xanım Seska Saçeva 2012-ci ilin mayında ölkəmizdə səfərdə olub. Daha sonra Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdük. 24 nəfərdən ibarət olan qrup parlamentdə ən böyük qrupdur. Görüşdə əlaqələrin daha da möhkəmlənməsi müzakirə olunub. Onu da qeyd edim ki, hələ 2008-ci ildə Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkəyə səfər edib. 2012-ci ildə isə YAP İcra katibinin müavini Siyavuş Novruzovun başçılıq etdiyi parlament nümayəndə heyəti Bolqarıstanda səfərdə olub, bu ölkənin parlamentində görüşlər keçirilib. Görüşlərin məqsədi budur ki, əlaqələri daha da inkişaf etdirək”.

Bundan əlavə, partiyamızın nümayəndə heyəti Bolqarıstan parlamentinin İqtisadi siyasət, enerjiturizm komitəsinin sədri Sveta Karayançeva, Əmək və sosial siyasət komitəsinin sədr müavini xanım Svetlana Angelova ilə də görüşərək qarşılıqlı əməkdaşlıq, qanunvericilik sahəsində təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparıb. Parlamentdə keçirilən görüşlərdə Azərbaycanın Bolqarıstandakı səfiri Emin Kərimov da iştirak edib.

İqtisadi əməkdaşlıq münasibətlərinin inkişafı üçün geniş imkanlar mövcuddur

E.İbrahimov hesab edir ki, iqtisadiyyat sahəsində də Bolqarıstan böyük potensiala malikdir. Səfər zamanı bu ölkənin kənd təsərrüfatı naziri xanım Desislava Taneva ilə görüşdüklərini deyən komitə sədri aqrar sahədə əməkdaşlığa dair müzakirələr apardıqlarını bildirib. Çünki Bolqarıstanda kənd təsərrüfatı yaxşı inkişaf edibbu sahədə əlaqələrin genişlənməsi əhəmiyyətli olardı. Ona görə də hər iki ölkənin hökumət nümayəndələrinin ardıcıl olaraq görüşüb müzakirələr aparması vacibdir. “Həmçinin, Bolqarıstanda sahibkarlar təşkilatının sədri xanım Çilova ilə də görüşdük. Görüşdə hər iki ölkənin sahibkarları arasında da əlaqələrin genişləndirilməsi zərurəti vurğulandı”, - deyən E.İbrahimov Bolqarıstanla qədim əlaqələrə malik olduğumuzu bildirib.

Onun sözlərinə görə, Bolqarıstan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdəndir: “1992-ci ilin yanvar ayında Bolqarıstan Azərbaycanın müstəqilliyini tanıyıb, bundan bir neçə ay sonra ölkələr arasında diplomatik əlaqələr qurulub. Prezident İlham Əliyev 2005-ci, 2009-cu və 2015-ci illərdə bu ölkədə rəsmi səfərdə olub. Eyni zamanda, Bolqarıstanın prezidentləri də dəfələrlə Azərbaycana səfərlər ediblər. Məsələn, keçmiş Prezident G.Prıvanov ölkələr arasında əlaqələrin inkişafında xidmətlərinə görə, “Heydər Əliyev” Ordeni ilə təltif olunub. Hazırkı Prezident Rosen Plevneliyev ilk Avropa Oyunlarının bağlanış mərasimində iştirak edib. Təbii ki, bu səfərlər, görüşlər ölkələr arasında münasibətlərin inkişafına böyük təsir göstərir. Bununla belə, müxtəlfi sahələrdə də əməkdaşlıq mövcuddur. Belə ki, 1995-ci ildə yaradılan Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyəti xalqlarımız arasında iqtisadi, mədəni, humanitar, sosial sahədə əməkdaşlığın inkişafına böyük töhfələr verir. 1996-cı ildən Bakı Slavyan Universitetində bolqar dili tədris olunur. Həm də, Bakıda bolqar dili və mədəniyyəti ilə əlaqədar mərkəz də fəaliyyət göstərir. Şəki şəhəri ilə Bolqarıstanın Qobrova şəhəri qardaşlaşıb. Hazırda Bolqarıstan bir sıra beynəlxalq layihələr- TRASEKA və Böyük İpək yolu layihələri çərçivəsində əməkdaşlığa böyük maraq göstərir. Hesab edirəm ki, bu sahələrdə əməkdaşlıq üçün böyük perspektivlər var. Eyni zamanda, bizim əsas məqsədlərimizdən biri də partiyalarımız arasında əlaqələri inkişaf etdirməkdir. Hesab edirəm ki, səfər zamanı aparılan müzakirələr hər iki tərəfin buna maraqlı olduğunu təsdiqlədi”.

Bolqarıstan Azərbaycan tərəfi ilə əməkdaşlıqda çox maraqlıdır

Nümayəndə heyətinin digər üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli də səfərin uğurlu olduğunu bildirib. H.Rəcəbli qeyd edib ki, Bolqarıstan Azərbaycan tərəfi ilə əməkdaşlıqda çox maraqlıdır. Onun sözlərinə görə, həm iqtisadi, həm də siyasi cəhətdən əlaqələrin inkişafı əhəmiyyətlidir: “Bolqarıstanı Azərbaycanın inkişaf təcrübəsi çox maraqlandırır. Nə üçün? Çünki Aİ-yə üzv olandan sonra bu ölkə üçün müəyyən problemlər yaranıb. Məsələn, 9 milyon əhali azalaraq 7 milyon nəfərə enib. Göründüyü kimi, ölkədən 2 milyon nəfər miqrasiya edib. Gənclər Avropanın böyük şəhərlərinə üz tuturlar. Aqrar ölkə olan Bolqarıstanda kənddə işləməyə adam tapmaq problemə çevrilib. Onlarda hazırda işsizlik 14 faizdir. Bizdə isə 5 faizdir. İş yerlərinin yaradılması üçün onların maliyyə imkanları yoxdur. Yəni Bolqarıstan Azərbaycanın inkişaf təcrübəsindən yararlanıb daha da inkişaf etmək, problemlərini həll etmək istəyir. Bu ölkə onu da istəyir ki, Azərbaycan onların iqtisadiyyatına investisiya qoysun. Bu baxımdan, TAP və TANAP layihələri Bolqarıstanı sevindirir. Çünki bu layihələrdən mənfəət əldə edəcəklər. Biz parlamentdə görüşlərimiz zamanı sosial qanunların hazırlanmasına məsul olan şəxslərlə də görüşdük. Mən bu yöndə ölkəmizin təcrübəsi haqqında məlumat verdim”.

H.Rəcəblinin sözlərinə görə, “GERB” Partiyası YAP-ı güclü təşkilat hesab edir: “Bizim partiyamızın rəqibləri olduqca zəifdir. Onlar da istəyirlər ki, YAP kimi güclü partiya olsunlar. Görüşlərimiz zamanı qeyd edirdilər ki, iqtidar partiyasının güclü olması cəmiyyətin inkişafına xeyir verən məsələdir. Çünki hakim partiyası güclü olanda ölkədə ictimai-siyasi sabitlik də yaxşı təmin olunur. Bütövlükdə hesab edirəm ki, bu səfər, aparılan danışıqlar partiyalarımızın əməkdaşlığının inkişafına böyük təkan verəcək”.

 

Nardar BAYRAMLI

Yeni Azərbaycan.-2015.- 11 avqust.- S. 4.