Regionların inkişafı, həm də turizmin inkişafı ilə bağlıdır

 

Yaxud Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində Azərbaycanın regionlarında turizm sektoru intensiv olaraq inkişaf edir

 

İçəribazar” XIX əsrin sonları, XX əsrin əvvəllərindən yaşayış yeri, mədəni əyləncələr yeri, xalq yaradıcılığının milli bayramların keçirilməsi yeri kimi öz funksiyasını davam etdirib. Bugünkü “İçəribazar” tarixi abidə kimi Azərbaycanın ən cəlbedici və maraqlı turizm mərkəzlərindən biri sayılır. “İçəribazar” keçmiş yüzilliklərin memarlığını yeni ideya və məzmunda duymaq, müasir reallığı hiss etmək mümkündür. Ümumiyyətlə, “İçəribazar” maddi-mədəniyyət abidəsinin yenidən qurulması tarixi irsimizin qorunması istiqamətində ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlərin bariz nümunəsidir. Qala kompleksində əsrlərdən bəri qorunub saxlanılan bir çox maddi-mədəniyyət abidələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, eyni zamanda, onun tarixinə verilən dəyəri nümayiş etdirir. Bir neçə il əvvəl aparılan tikinti və yenidənqurma işlərindən sonra şəhərin bu qədim tarixi hissəsi tamamilə müasirfüsunkar görkəm alıb.

Yenidənqurma işləri zamanı ərazidə mükəmməl layihə əsasında açıq səma altında 300 yerlik səhnə, həmçinin tətbiqi sənət ustaları üçün emalatxanalar inşa olunub.

Prezident İlham Əliyev 2011-ci ilin noyabrında Qax rayonuna səfəri zamanı “İçəribazar” qala kompleksində aparılmış tikinti və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olarkən deyib: “Deyə bilərəm ki, müasir Azərbaycanda belə gözəl guşələrin yaradılması yəqin ki, Qaxdan başlayıb... Mən çox şadam ki, Qaxın tarixi simasını əks etdirən bu kiçik guşə artıq fəaliyyətə başlayır. Burada sənətkarlar öz sənətlərini təqdim edirlər, açıq səma altında gözəl səhnə yaradılıbdır. Bir sözlə, belə guşələr Azərbaycanda daha da çox olmalıdır”.

Yenidənqurma işlərindən sonra “İçəribazar” şəhər sakinlərinin, eləcə də, rayona gələn yerlixarici turistlərin ən çox üz tutduqları istirahət məkanlarından birinə çevrilib. Sakinlərin, uşaq və gənclərin, qonaqların asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün burada hər cür şərait yaradılıb. Yaz-yay aylarında hər həftənin şənbə və bazar günlərində buradakı açıq səma altında səhnədə konsertlər, diskotekalar, əyləncəli proqramlar təşkil olunur. Kompleksi ziyarət edən yerlixarici turistlərə rayonun, həmçinin şəhərin bu qədim yaşayış məhəlləsinin tarixi, əhalinin yaşam tərzi, adət-ənənələri, məişəti, mətbəxi barədə müfəssəl məlumat verilir, qonaqlar buradakı obyektlərin xidmətlərindən yararlanırlar.

Yeri gəlmişkən, Qax rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarov AZƏRTAC-a müsahibəsində deyib ki, yay səhnəsində vaxtaşırı olaraq ümumrayon tədbirləri, bayram şənlikləri keçirilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə hər il ənənəvi olaraq təşkil olunan Beynəlxalq Musiqi Festivalının səyyar konsertlərindən birinin Qax şəhərindəki “İçəribazar” Turizm Mədəniyyət Mərkəzinin səhnəsində keçirilməsi artıq adət halını alıb.

Mərkəzdə fəaliyyət göstərən sənətkarlıq emalatxanaları - tətbiqi sənət, ağacoyma, toxucu, xalçaçı, Şərq şirniyyatı və təndirxana otaqları ilin bütün fəsillərində yerli sakinlərin və turistlərin üzünə açıqdır. Burada fəaliyyət göstərən tətbiqi sənət nümunələrinin satış mərkəzində yerli sənətkarların hazırladıqları milli suvenirlər, rəngkarlıq və qrafika əsərləri, ağac üzərində oyma, daş üzərində təsvirlər, toxuculuq məmulatları, suvenir xalçalar nümayiş olunur. Məlumatlara görə, xarici turistlər daha çox Qax rayonunun məşhur tarixi abidələrinin, təbiət gözəlliklərinin əks olunduğu əsərlərə, buta ilə işlənmiş suvenir xalçalara maraq göstərir, bu işləri həvəslə alırlar.

Bir sözlə, Qax şəhərinin bu qədim tarixi məhəlləsi - “İçəribazar” Turizm Mədəniyyət Mərkəzi rayona gələn qonaqlar üçün əsl istirahət məkanına çevrilib. Turistlər “İçəribazar” kompleksi ilə tanış olarkən keçmiş yüzilliklərin memarlığını yeni ideya və məzmunda duymaq imkanı əldə edirlər. Yeni yaradılan belə istirahət məkanları Qax rayonunda da turizm sahəsinin inkişafı üçün geniş imkanlar açır.

Ümumiyyətlə, Qaxda dünya və ölkə əhəmiyyətli 60-dan çox abidə qeydə alınıb. Arxeoloji abidələr, kurqanlar burada məskunlaşmanın paleolit dövrünə gedib çıxdığından xəbər verir. Ləkitdə dairəvi alban məbədi (V əsr - Bizans memarlığı üslubunda tikilib), Qum kəndində bazilika (V əsr), Sırt qalası (VII əsr - həm müdafiə, həm də müşahidə qalası kimi tikildiyi ehtimal edilir), 7 kilsə (VI-VII əsrlər - 2 bazilika və 5 kiçik sövmədən ibarətdir), XVII əsr abidəsi olanKürmük çayı üzərində salınmış Ulu körpü, inşa tarixi XVII-XVIII əsrlərə aid edilən Sumuq qala, Cümə məscidi (XVIII əsr), Alaverdi kilsəsi ( XIX əsr) tarixə səyahət üçün ideal məkanlardır. Amma bu, hələ hamısı deyil. Elə təkcə məşhur İlisu kəndində 11 tarixi abidə qeydə alınıb. Deyilənə görə, dağlardakı yüksəkliklərdə elə möhtəşəm abidələr var ki, hətta isti yay aylarında belə oralara gedib çıxmaq müşkülə dönür. Hündürlüyü 10 metrə çatan Qacır qalası (IX əsr), Cinliqala (VII-IX əsrlər) buna nümunədir.

Bildirmək yerinə düşər ki, hazırda qədim abidələrlə yanaşı müasir memarlıq nümunələri də Qaxa gələn yerlixarici qonaqların diqqətini cəlb edir. Qaxdakı Heydər Əliyev Mərkəzi isə belə memarlıq nümunələri içərisində xüsusilə fərqlənir. 2013-cü ilin avqustunda Prezident İlham Əliyevin də açılışında iştirak etdiyi Heydər Əliyev Mərkəzi milli memarlıq ənənələrini saxlamaqla ən müasir üslubda tikilib. Yerli inşaat materiallarının istifadə edildiyi tikinti işləri rayonun daxili imkanları hesabına həyata keçirilib.

Ölkəmizdə turizmin inkişafı üçün gözəl imkanlar var

Məlum olduğu kimi, istənilən məkanı turistlər üçün cəlbedici edən məqamlardan biriorada təqdim edilən mətbəx nümunələridir və Qax bu baxımdan da fərqlənir. Yəni, bu gün öz mətbəxi ilə seçilən Qaxın sürhüllü, hingili, girs (ala girsi, ət girsi, çürümtək girsi) kimi ləziz təamları var. Qaxın bu 3 milli xörəyinin hamısı xəmir əsaslı olsa da, dadları tamam fərqlidir. Yeməyin yanındakı əlavələr çətin həzm olunmanın qarşısını alır. Turistlər əsasən Qaxın mərkəzində, Ağçay, Sarıbaş, İlisu kəndlərində daha dadlı, spesifik sürhüllü, hingili, girs yeyə bilərlər. Rayona bir dəfə gəlib bu təamları yeyən turist ikinci dəfə də gəlməyi arzu edəcək.

Qaxın zəngin mətbəx nümunələrinə malik olmasının nəticəsidir ki, Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi yeniXalq yaradıcılığı paytaxtları” Proqramına əsasən, Qax şəhəri 2015-ci il üçün “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilib. Yeri gəlmişkən, mayın 13-də bununla bağlı təqdimat mərasimi olub.

Səməd Vurğun adına Qax rayon Mədəniyyət evində keçirilən “Milli mətbəx paytaxtı”nın təqdimat mərasimində rayon rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, mədəniyyət işçiləri, turizm obyektlərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarov açaraq, Qax şəhərinin “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilməsinin rayonun mədəni həyatında çox əlamətdar hadisə olduğunu bildirib, “paytaxt ili” çərçivəsində həyata keçiriləcək tədbirlərin Qaxın milli kulinariyasının, həmçinin rayonun zəngin turizm potensialının yerlixarici turistlərə daha yaxından tanıdılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev xalqımızın malik olduğu maddiqeyri-maddi mədəni irsin qorunması və təbliği işinin mədəniyyət siyasətinin mühüm tərkib hissələrindən biri olduğunu qeyd edib. Vurğulanıb ki, Proqramın icrası bölgələrin adət-ənənələrinin, mədəniyyətinin, tarixinin, turizm imkanlarının tanıdılmasına, rayonların mədəni həyatının dirçəldilməsinə böyük təsir göstərib.

İyunun 22-də isə “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilmiş Qaxdapaytaxt ili” çərçivəsində növbəti tədbir keçirilib. Rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə Qum kəndində təşkil olunan “Bəsləsən atlas olar tut yarpağından” adlı festivalda tutdan hazırlanmış məhsullar nümayiş etdirilib.

Festival iştirakçıları əvvəlcə tutun çırpma üsulu ilə yığılması prosesini izləyiblər. Sonra əyani şəkildə tutdan müxtəlif məhsulların hazırlanması qaydaları ilə tanış olublar. Müxtəlif kəndlərin təqdim etdikləri tutdan hazırlanmış geniş çeşiddə təamlar festival iştirakçılarının böyük marağına səbəb olub. Münsiflər heyətinin rəyinə əsasən, dadı və çeşidi ilə fərqlənən tut məhsullarının müəllifləri diplom və hədiyyələrlə mükafatlandırılıblar. Festival çərçivəsində, həmçinin yerli sənətkarların əl işlərindən ibarət sərgi də nümayiş olunub.

Beləlikə, yuxarıda sadalananlar da bir daha təsdiq edir ki, ölkəmizdə turizmin inkişafı üçün çox gözəl imkanlar var. Və Prezident İlham Əliyevin avqustun 8-də Azərbaycan Respublikasının Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılış mərasimindəki çıxışı zamanı bəyan etdiyi kimi, biz bu imkanlardan maksimum dərəcədə istifadə etməliyik. Dövlət başçısı onu da deyib ki, hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir: “Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur. Biz bəzi ölkələrin gəlirlərinə fikir versək görərik ki, ən çox gəlir gətirən sahə turizmdir. Bəs turizmin inkişafı üçün nə lazımdır? İlk növbədə, gərək səni tanısınlar. Biz ölkəmizi tanıtdırırıq, dünya miqyasında, xarici ölkələrdə təqdimatlar, mədəniyyətimizlə, inkişafımızla bağlı tədbirlər keçiririk. Eyni zamanda, Azərbaycanda mötəbər beynəlxalq yarışlar, mədəni tədbirlər, festivallar, müsabiqələr təşkil olunur”.

 

əvvəli var

 

Nadir AZƏRİ

Yeni Azərbaycan.-2015.- 12 avqust.- S. 6.