Prezident İlham Əliyev hər zaman Azərbaycan mətbuatının problemlərinə diqqətlə yanaşır

 

Jurnalist Rasim Əliyevin bir qrup şəxs tərəfindən döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi faktı ən yüksək səviyyədə ciddi nəzarətə götürülüb

 

Azərbaycanda demokratik cəmiyyətin formalaşmasında mətbuatın özünəməxsus yüksək rolu var. Ölkəmizdə KİV-in inkişafı ilə bağlı görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan dövləti mətbuat və söz azadlığının qorunması, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi və media nümayəndələrinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində uğurlu siyasət həyata keçirir. KİV-in hərtərəfli inkişafına yardım göstərilməsini də bu siyasətin tərkib hissəsi sayır. Hazırda ölkəmizdə informasiya təminatının şəffaflığı üçün lazımi işlər görülür və dövlətin bu istiqamətdə siyasi iradəsi var. Mətbuatın inkişafının və daha səmərəli fəaliyyət göstərməsinin şərtlərindən birinin də dövlət orqanları ilə media arasında münasibətlərin səmərəli şəkildə qurulması olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti bu istiqamətdə mühüm addımlar atıb.

Eyni zamanda, Azərbaycanda dövlət qurumları ilə media arasında münasibətlərin səmərəli qurulması istiqamətində mövcud qanunvericilik bazası formalaşdırılıb, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi və onların KİV-lərlə münasibətlərinin tənzimlənməsi üçün müvafiq addımlar atılır.

Ölkədə mətbuatın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə hərtərəfli dövlət qayğısı göstərilməsi ilə yanaşı, jurnalistlərin öz peşə fəaliyyətlərini sərbəst şəkildə həyata keçirmələrinə də lazımi şərait yaradılıb və bütün hüquqi təminatlar verilib. Ölkəmizdə, həmçinin, media mənsublarının bəzən peşə fəaliyyətlərini yerinə yetirərkən fiziki təzyiqlərə məruz qalmaları da əlaqədar qurumlar tərəfindən ciddi nəzarətə götürülürbununla bağlı təxirəsalınmaz tədbirlər görülür. Bu günlərdə jurnalist Rasim Əliyevin bir qrup şəxs tərəfindən onun ölümü ilə nəticələnən ağır fiziki təzyiqə məruz qalması faktı da ən yüksək səviyyədə ciddi nəzarətə götürülüb. Bununla bağlı mətbuata açıqlama verən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Prezident İlham Əliyev avqustun 8-də Ann.az saytının əməkdaşı Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olub. Prezident İlham Əliyev hadisə barədə xəbər tutan kimi Azərbaycan Respublikasının Baş ProkurorluğuDaxili İşlər Nazirliyinə məsələnin qısa müddətdə, tam təfsilatı ilə araşdırılması, cinayətkarların tapılması və məsuliyyətə cəlb edilməsi, habelə hadisənin başvermə səbəbləri, istintaqın gedişi haqqında dövlət başçısının və ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıqlar verib. Azərbaycan Prezidenti məsələni şəxsi nəzarətində saxlayacağını və cinayətkarların tapılaraq qanuna uyğun şəkildə cəzalandırılacağını diqqətə çatdırıb.

Məsələ ilə bağlı “İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan dövləti birmənalı şəkildə daim azad mətbuatın inkişafına dəstək verirbu istiqamətdə lazımi addımlar atır. Ölkə Prezidentinin hər zaman jurnalistlərə qayğı göstərdiyini deyən V.Rəhimzadə qeyd edib ki, bu sahədə dövlətin və dövlət başçısının diqqətini həmişə hiss etməkdəyik: “Jurnalist R.Əliyevin ölümü ilə bağlı məsələnin dövlət başçısı tərəfindən şəxsi nəzarətə götürülməsi də cənab Prezidentin daim mətbuatı diqqət mərkəzində saxlamasının göstəricisidir. Cənab Prezident bu hadisədən ciddi narahatlığını ifadə edib. İnanırıq ki, aidiyyəti dövlət orqanları hadisəni obyektiv araşdıracaq və zəruri tədbirlər görəcəklər. Artıq hadisə ilə əlaqədar bir neçə nəfərin saxlanılması da bu faktı bir daha təsdiqləyir”.

Azərbaycanda söz, fikir azadlığına böyük önəm verildiyini deyən baş redaktor qeyd edib ki, bu amil demokratik prinsiplərin mühüm tərkib hissəsidir. “Məhz KİV nümayəndəsinin öldürülməsi faktına dövlət başçısının həssaslıqla yanaşması da çox böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycanda kimsə sərbəst fikirlərinə görə cəzalandırılmır. Bu mənada kriminal xarakterli halların baş verməsi yolverilməzdir. Hər halda aidiyyəti qurumlar hadisənin hansı səbəbdən baş verməsini tam aydınlaşdıracaqlar, cinayət işi açılıb və hazırda istintaq gedir”, - deyə V.Rəhimzadə vurğulayıb.

Baş redaktor deyib ki, demokratik inkişafın əsas atributlarından biri olan kütləvi informasiya vasitələrinin, milli mətbuatımızın inkişafı üçün hər cür şərait yaradılıb. Onun sözlərinə görə, dövlət başçısının mətbuat sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı bu sahənin sürətlə irəliləməsinə, mətbu orqanların fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub. Məhz bunun nəticəsidir ki, hazırda milli mətbuatın bazasının möhkəmləndirilməsi, dövlət orqanları ilə mətbuat arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də jurnalistin ölümündən təəssüfləndiyini deyib. Onun sözlərinə görə, mətbuatın, sosial medianın fikirlərinə dözümlə yanaşılmalıdır: “Biz həmişə deyirik ki, KİV-də, sosial mediada yazılan fikirlərə qarşı dözümlülük göstərmək lazımdır. Təəssüf ki, hər zaman belə olmur. Aqressiv münasibət normal nəticəyə gəlməyə imkan vermirölüm halları ilə rastlaşırıq. Təbii ki, ölkə Prezidentinin şəxsi nəzarətində olan bu məsələ araşdırılacaq, günahkarlar cəzalandırılacaq. Amma hər kəs bu hadisədən ibrət götürməlidir. Hər kəs mediada yayılan fikirlərə dözümlə yanaşmalıdır”.

Baş redaktor qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin milli mətbuatın inkişafına göstərdiyi diqqət və qayğısı istər Azərbaycan ictimaiyyətinə, istərsə də dünya ictimaiyyətinə yaxşı məlumdur. Onun fikrincə, dövlət başçısının şəxsi nəzarətində olan məsələnin obyektiv araşdırılacağı və günahkarların tezliklə cəzalandırılacağı şübhəsizdir: “Çünki Prezident İlham Əliyev jurnalistlərin dostudurbu sahə ilə bağlı baş verən məsələlərə xüsusi diqqətlə yanaşır”.

Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də Prezident İlham Əliyevin məsələyə münasibətini ümumilikdə mediaya, azad sözə verilən qiymətin göstəricisi hesab edir: “Prezident İlham Əliyev hər zaman Azərbaycan mətbuatının problemlərinə diqqətlə yanaşıb və jurnalistlərlə bağlı məsələlərdə xüsusi həssaslıq nümayiş etdirib. Bu, bir daha cənab Prezidentin mediaya, azad sözə verdiyi qiymətin göstəricisi kimi dəyərləndirilməlidir. Baş verən hadisə, şübhəsiz ki, üzücüdür. Amma bu, kriminal, cinayət xarakterli hadisədir. Hesab edirəm ki, Azərbaycan mətbuatı, bütövlükdə vətəndaşlarımız da baş verən hadisədən nəticə çıxartmalıdırlar”.

 

Nardar BAYRAMLI

Yeni Azərbaycan.-2015.- 12 avqust.- S. 4.