Azərbaycanda kənd təsərrüfatının intensiv metodlarla inkişaf etdirilməsi ölkənin ərzaq təminatına etibarlı zəmin yaradır

 

Prezident İlham Əliyev: ...Bizim düşündüyümüz siyasət, regionlara qoyulan investisiyalar, eyni zamanda, son vaxtlar aparılan islahatlar ərzaq təhlükəsizliyini tam şəkildə təmin edəcəkdir

 

Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafı strategiyasında həmçinin kənd təsərrüfatında intensiv metodlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olunması, respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması əsas hədəflərdən biri kimi nəzərdə tutulub. Bu da təsadüfi deyil. Azərbaycan kənd təsərrüfatının geniş inkişaf perspektivlərinə malik olan ölkədir. Respublikamızda yeni dünya çağırışlarına uyğun olaraq aqrar sektorun inkişaf etdirilməsi real zəminə və ölkənin güclü iqtisadi potensialına əsaslanır. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir.

Ölkədə “Kənd təsərrüfatı ili”ndə qazanılan uğurlar məmnunluq doğurur

Prezident İlham Əliyevin cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ilielan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqaməti olduğunu bir daha təsdiqləyir. Sərəncamda vurğulandığı kimi, respublikada həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Respublikamızda 2015-ci ilin “Kənd təsərrüfatı ilielan olunması isə, kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemlikompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi daşıyır.

Ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı nümayiş etdirilən siyasi iradə öz növbəsində aqrar sektorda istehsal göstəricilərinin artması ilə nəticələnib. Dünya Bankının məlumatına əsasən son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz artıq olub. Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramının icrasının birinci ilində ölkəmizdə 5,2 milyard manat dəyərində kənd təsərrüfatı məhsulları, o cümlədən 2,8 milyard manat həcmində heyvandarlıq məhsulları buraxılıb ki, bu da əvvəlki ilə nisbətən 3 faiz artım deməkdir. Haqqında bəhs olunan dövrdə ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracının əsasını təşkil edən meyvə-tərəvəz ixracının həcmi əvvəlki illə müqayisədə 16,1 faiz çox olub. Yerli istehsalın artımı nəticəsində respublikaya meyvə-tərəvəz idxalı da əhəmiyyətli dərəcədə azalıb. Son illərdə kənd təsərrüfatında intensiv metodların tətbiqi yaxşı nəticələr verir. Bunun sayəsində respublikada bitkiçilikdə istehsalın artım tempi əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi tempini üstələyib, mal-qaranın baş sayı 21 faiz artdığı halda, ət istehsalında 46,4 faiz, süd istehsalında 53 faiz artıma nail olunub.

Ölkəmizin aqrar sektorunda müşahidə edilən inkişaf dinamikası “Kənd təsərrüfatı ili”ndə daha intensiv hal alıb. Belə ki, cari ilin 6 ayında respublikanın kənd təsərrüfatında əksər istiqamətlər üzrə yüksək məhsuldarlığa nail olunub, o cümlədən, taxıl istehsalı 20 faiz artıb ki, bu da son illərdə əldə olunan rekord göstəricidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu günlərdə Cəlilabad rayonuna səfəri çərçivəsində sakinlərlə görüşündə cari ilin birinci yarısında ölkənin kənd təsərrüfatında qazanılan uğurlu nəticələrdən məmnunluğunu ifadə edib:Bu il Azərbaycanda “Kənd təsərrüfatı ilielan edilmişdirşadam ki, bol məhsul götürülübdür. Bu il kənd təsərrüfatı 7 faizdən çox artmışdır”.

Respublika üzrə kənd təsərrüfatının inkişafında bu sahəyə göstərilən çoxşaxəli dövlət qayğısı mühüm rol oynayır

Son illərdə ölkənin kənd təsərrüfatında yüksək inkişaf göstəricilərinə nail olunmasında aqrar sektora göstərilən çoxşaxəli dövlət qayğısının, o cümlədən də, maliyyə təminatının artırılmasının rolunu xüsusi vurğulamaq gərəkdir. Respublikamızda “AqrolizinqASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu, texnikanın dəyərinin 40 faizi dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilib. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir. Son bir ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artıb. O da əlamətdar haldır ki, kənd təsərrüfatı istehsalçılarına verilən texnikanın 83 faizini, kombaynların isə 79 faizini Avropa ölkələrinin ən tanınmış şirkətlərinin məhsulları təşkil edib. Tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə ediblər. Bu da məhsulun maya dəyərinin əhəmiyyətli dərəcədə azalması nəticəsində fermerlərin gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə müsbət təsir göstərib.

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyindən söhbət açarkən son illərdə ölkəmizdə həyata keçirilən bir sıra infrastruktur layihələrinin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Respublikamızda dövlət kənd təsərrüfatının inkişafı baxımından zəruri sayılan infrastruktur layihələrinin maliyyə təminatını öz öhdəsinə götürür, həmçinin genişmiqyaslı meliorasiyairriqasiya tədbirləri həyata keçirir. Son iki ildə istifadəyə verilən Taxtakörpü və Şəmkirçay su anbarları aqrar sektorun inkişafı baxımından çox mühüm əhəmiyyət daşıyan layihələrdir. Samur-Abşeron suvarma sisteminin yenidənqurulması layihəsi çərçivəsində inşa edilən Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Bu qurğunun ümumi su tutumu 270 milyon kubmetr, gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir. Taxtakörpü su anbarının və Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan su kanallarının fəaliyyətə başlaması nəticəsində 150 min hektar torpaqda suvarma yaxşılaşdırılacaq, 30 min hektar isə yenidən əkin üçün yararlı vəziyyətə gətiriləcək.

Son illərdə reallaşdırılan və aqrar sektorun inkişafı baxımından ciddi önəm daşıyan böyük investisiya tutumlu layihələrdən biri də ötən ilin noyabr ayında dövlət başçısının iştirakı ilə istifadəyə verilən Şəmkirçay su anbarıdır. Şəmkirçay su anbarı, su elektrik stansiyası, su kanalları vahid bir kompleks təşkil edir. Bu infrastruktur obyektinin fəaliyyəti ölkə iqtisadiyyatına, kənd təsərrüfatına, sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Bu su anbarının fəaliyyəti nəticəsində 54 min hektar torpaqda suvarma, 17 min hektar torpaqda isə yenidən suvarma imkanları yaxşılaşıb.

Yeri gəlmişkən, yuxarıda haqqında bəhs olunan görüşdə də respublikamızda kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyindən geniş söhbət açılıb. Görüşdə ölkə Prezidenti vurğulayıb ki, dövlət aqrar sektorun inkişafı üçün üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir: “Subsidiyalar, gübrələr, yanacaq verilir. Eyni zamanda, “Aqrolizinq” xətti ilə texnika təmin edilir. Yəni, dövlət öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Fermerlər də bu imkanlardan səmərəli şəkildə istifadə etsinlər ki, kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin”.

Azərbaycanda ərzaq təhlükəsizliyi məsələsi uğurla həllini tapır

Məlumdur ki, hazırda qlobal miqyasda müşahidə edilən arzuolunmaz tendensiyaların fonunda yaranan yeni çağırışlardan biri də ölkələrin ərzaq təminatı ilə bağlıdır. Beynəlxalq səviyyəli ayrı-ayrı qurumların proqnozlarına əsasən, 2050-ci ildə dünyada ərzağa olan tələbat 2006-cı ildəki ilə müqayisədə 70 faiz artacaqdır. Təkcə bu fakt bir daha təsdiqləyir ki, müasir dövrdə aqrar sektorun inkişaf etdirilməsi, ələlxüsus da, ərzaq təhlükəsizliyinə nail olunması hər bir ölkə və xalq üçün ümummilli, strateji mahiyyət kəsb edir. Bu mənada Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə Azərbaycanda davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi nikbinlik doğurur. Dövlət başçısı Cəlilabad rayonuna səfəri çərçivəsində sakinlərlə görüşündə bir daha vurğulayıb ki, hər bir ölkə üçün ərzaq təhlükəsizliyi ən vacib məsələlərdən biridir. Dövlət başçısı ölkəmizdə ərzaq təhlükəsizliyi məsələsinin uğurla həllini tapdığına diqqət çəkərək deyib: “Biz Azərbaycanda bu məsələləri həll edirik. Çalışırıq ki, Azərbaycan öz ərzaq tələbatını 100 faiz səviyyəsində özü təmin etsin”.

Ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunmasında normativ-hüquqi bazanın yaradılması müstəsna rol oynayır. Belə ki, Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da isə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub.

Son illərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq respublikanın ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. Respublikanın 19 rayonunda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin verilməsi istehsalın artması, ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib. Bundan başqa, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisəsinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsini təmin edibyeni ixrac imkanları yaradıb. Ötən illər ərzində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən, 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyini təmin edir.

Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Dünya Bankının hesabatına əsasən, son 10 ildə dünyada ərzaq məhsullarının istehsalında artım 18 faiz olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil edib. Belə yüksək dinamikanın nəticəsidir ki, son illərdə ölkəmizin bir sıra ərzaq məhsulları ilə təminatı sırf daxili istehsal hesabına həyata keçirilir. Respublikamızda əhalinin ət və ət məhsullarına, üzümə, kartofa, tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə çatması məmnunluq doğurur.

Ölkəmizdə ərzaq təminatı ilə bağlı qarşıya qoyulan hədəf isə yaxın bir neçə il ərzində bütün istiqamətlər üzrə daxili tələbatı tam şəkildə yerli istehsal hesabına təmin etməkdən ibarətdir. Prezident İlham Əliyev respublikamızda ərzaq təhlükəsizliyinə nail olmaq üçün bütün imkanların olduğuna diqqət çəkərək deyib: “Mən tam əminəm ki, biz öz ərzaq təhlükəsizliyimizi yüz faiz səviyyəsində təmin edə bilərik. Hesab edirəm, bu məqsədə çatmaq üçün bizə bir neçə il lazımdır. Çünki bizim düşündüyümüz siyasət, regionlara qoyulan investisiyalar, eyni zamanda, son vaxtlar aparılan islahatlar ərzaq təhlükəsizliyini tam şəkildə təmin edəcəkdir”.

İri fermer təsərrüfatlarının yaradılması ilə ölkədə yeni kənd təsərrüfatı sistemi formalaşır

Azərbaycanda kənd təsərrüfatının inkişafında dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübənin tətbiqinə də geniş meydan verilir. Bu baxımdan, ölkənin müxtəlif regionlarında iri fermer təsərrüfatlarının yaradılması diqqətəlayiq haldır. Bu prosesə hələ bir neçə il bundan əvvəl dövlət başçısının siyasi iradəsinə uyğun olaraq start verilib. Hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxı rayonlarında 30 min hektardan artıq sahədə 15 sahibkarlıq subyekti tərəfindən 19 iri fermer təsərrüfatı yaradılır. Ümumi dəyəri 123,7 milyon manat olan bu təsərrüfatların yaradılmasına 54,8 milyon manat məbləğində güzəştli kreditlər verilib. Yeni yaradılan təsərrüfatlarda orta məhsuldarlığı ən azı iki dəfə artırmaq imkanı var. Məsələn, yeni fəaliyyətə başlayan təsərrüfatlarda ərzaq buğdası üzrə orta məhsuldarlıq 57-60 sentner təşkil edir ki, bu da ölkə üzrə göstəricidən iki dəfəyədək çoxdur.

Respublikamızda növbəti iri fermer təsərrüfatı Cəlilabad rayonunda yaradılıb. Avanqard” MMC tərəfindən keçmiş dövlət kənd təsərrüfatı istehsalı müəssisəsinin bazasında 1300 hektar torpaq sahəsində yaradılan təsərrüfatın investisiya layihəsinin ümumi dəyəri 5,9 milyon manat təşkil edir ki, bunun da 1,9 milyon manatı sahibkarın şəxsi vəsaiti, 4 milyon manatı isə güzəştli kredit vəsaiti hesabına həyata keçirilir. Təsərrüfat, əsasən, toxumçuluq istiqamətində fəaliyyət göstərəcək və yüksək reproduksiyalı buğda toxumuna olan tələbatın yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli rol oynayacaq. Bu il təsərrüfatda yazlıq qarğıdalı əkilib və hər hektardan orta məhsuldarlığın 10 tondan artıq olacağı gözlənilir. Ərazidə yeraltı qrunt sularının axıdılması məqsədilə 4860 metr uzunluğunda drenaj qazılıb, ABŞ-ın “Lindsay” şirkətinin istehsalı olan süni yağış yağdırma üsulu ilə müasir suvarma sistemləri quraşdırılıb. Təsərrüfatın fasiləsiz su ilə təminatını həyata keçirmək üçün 3 kilometr uzunluğunda mövcud kanal təmizlənib, tutumu 50 min kubmetr olan süni göl yaradılıb, 2,3 kilometr uzunluğunda yeni elektrik xətti çəkilib.

Prezident İlham Əliyev bildirib ki, iri fermer təsərrüfatlarının yaradılması ilə ölkədə yeni bir kənd təsərrüfatı sistemi formalaşır. Dövlət başçısı bunu yeni yanaşma kimi səciyyələndirərək vurğulayıb: “Bu gün artıq Azərbaycanda 20-yə yaxın iri fermer təsərrüfatı fəaliyyət göstərir və bu təsərrüfatlarda məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan ən azı 2 dəfə yüksəkdir. Hektardan 50-60 sentner məhsul götürülür. Bax, budur yeni yanaşmabizim siyasətimiz”.

 

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.-2015.- 14 avqust.- S. 2.