Göygöl özünün tarixi şöhrətini bərpa edir

 

Vaqif Cavadov: Turistləri buraya cəlb edən, ilk növbədə, Göygölün füsunkar gözəlliyidir

Bu günlərdə ətraf meşə landşaftının zənginliyi və füsunkar gözəlliyi ilə dünyada məşhur olan Göygöl Milli Parkı uzun müddətdən sonra qapılarını turistlərin üzünə açıb. Hələ 1925-ci ildə Azərbaycan ərazisində yaradılan ilk qoruq olan Göygöl təbiət qoruğu həm Sovet dövründə, həm də müstəqillik qazandıqdan sonra insanlar tərəfindən istifadə olunub. Amma insanların təbiətə arzuolunmaz münasibəti nəticəsində ərazi ciddi şəkildə zibillənib və deqradasiyaya uğrayıb. Nəhayət, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla 1 aprel 2008-ci il tarixindən həmin dövlət təbiət qoruğunun bazasında Göygöl Milli Parkı yaradılıb. Digər milli parklarımız kimi, Göygölün də idarəçiliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib. Dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşən milli parkın ərazisində 423 növ ağackol, dərman bitkiləri var. Bundan əlavə, ərazidə Qafqaz maralı, cüyür, ayı, çöl qabanı, dağ keçisi, canavar, tülkü, çaqqal, porsuq, oxatan kirpi, çöl pişiyi, vaşaq kimi heyvan növlərinə də rast gəlmək mümkündür. Bu təbiət incisinin hazırkı durumu ilə oxucuları tanış etmək üçün yolumuzu Gölgöldən saldıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Vaqif Cavadovla elə göl kənarında söhbətləşdik:

- Vaqif müəllim, uzun müddətdən sonra yasaqlar aradan qaldırıldı və Göygöl turistlərin istifadəsinə verildi. Hazırda burada turistlərin istirahəti üçünkimi şərait yaradılıb?

- Qeyd etdiyiniz kimi, Göygöl Azərbaycan ərazisində yaradılan ilk qoruq olub.

Qoruq statusuna görə xüsusi mühafizə olunan təbiət ərazisidir. Ona görə də buraya insanların daxil olması qəti qadağan olunmuşdu. Bəzi hazırlıq işlərindən sonra bu gün artıq Göygöl Milli Parkı ilk turistlərini qəbul etməkdədir. Milli parkın normal fəaliyyət göstərməsi üçün burada, ilk növbədə, nəzarət-buraxılış məntəqəsi təşkil olunub. Ərazidə turistlər üçün məlumat lövhələri yerləşdirilib. Buraxılış məntəqəsindən gölədək olan məsafə təqribən 6 km təşkil edir. Piyada bu yolu gəlmək bir qədər çətindir. Odur ki, turistlərə gölədək avtomobillə gəlmələri üçün xüsusi dayanacaqlar da yaradılıb. Bundan əlavə, nəzərə alsaq ki, bəzi turistlər özləri ilə yemək də gətirirlər, ətrafı çirkləndirməmək üçün piknik ərazilərdə, eləcə də, yol boyu zibil qabları quraşdırılıb. Bildiyiniz kimi, Göygöl bu ərazidə yeganə deyil, buradan Maral göl və digər göllərə də yollar ayrılır. Odur ki, həmin göllərə asan getmək üçün marşrutlar da yaradılıb. Ərazini zibil və məişət tullantılarından təmizləmək üçün lazımi texnika alınıb. Yol göstəriciləri quraşdırılıb, xüsusi bukletlər və təbliğat vasitələri hazırlanıb. Həmçinin, ərazidə mehmanxanalar inşa olunub ki, turistlər burada gecələyə bilsinlər.

- Növbəti sualım da elə bu barədə idi. Mehmanxanalar neçə yerlidir, yataq yerləri kifayət edirmi?

- Ərazidə hazırda 5 mehmanxana inşa olunub. Onlardan 4-ü istifadəyə tam hazırdır. Bunlar ayrı-ayrı sahibkarlar tərəfindən, təbii ki, ETSN-in razılığı əsasında inşa olunublar. Bu tikililər fəaliyyətə başlamaqdan ötrü Mədəniyyət Turizm Nazirliyindən müvafiq lisenziya almalıdırlar. Hazırda bu proses yekunlaşmaq üzrədir. Mehmanxanalarda ümumi yataq yerlərinin sayı 75-ə çatır. Ərazi relyefini nəzərə alaraq, parkda azmərtəbəli mehmanxanalar inşa olunub. Hotellərdən əlavə, ərazidə həm qapalı, həm açıq tipli restoranlar da fəaliyyət göstərir. Onu da deyim ki, yenicə fəaliyyətə başlamasına baxmayaraq, buraya insanların axını böyükdür. Hesab edirəm ki, tezliklə mehmanxanalar öz ilk müştərilərini qəbul edəcəklər.

- Turistlər üçün həm mehmanxanadakı qiymətlər çox maraqlı olur. Bəs burada necədir?

- Mehmanxanalardakı qiymətlər məsələsi hələ tam müəyyənləşməyib. Çünki qiymətlər müvafiq şəkildə hotellərin məxsus olacaqları ulduzlara görə müəyyənləşəcək. Bunu parkın rəhbərliyi müəyyən etmir. Mədəniyyət Turizm Nazirliyindən lisenziya aldıqdan sonra hansı hotel neçə ulduzludursa, qiymətlər ona uyğun olacaq. Təbii ki, burada yüksək dərəcəli - 5 4 ulduzlu hotellərdən söhbət gedir. Yeri gəlmişkən qeyd edim ki, biz bu milli parka, ilk növbədə, istirahət mərkəzi kimi deyil, məhz milli park kimi baxırıq. Bizim, nazirlik olaraq, əsas məqsədimiz təbiət istifadəçilərinin normal istirahətini təmin etməkdir. Odur ki, qiymətlərin üzərində çox da dayanmaq istəməzdim.

- Amma, hər halda, oxucularımıza da maraqlıdır, məsələn, buraya istirahətə gələn turist hansı həcmdə vəsaitindən keçməlidir?

- Milli parka gəlmək üçün, sadəcə, buraxılış məntəqəsində 2 manat ödəyib bilet almaq yetərlidir. Əgər turist öz avtomobili ilə gölədək qalxırsa, o zaman dayanacaq üçün hər saat üçün 50 qəpik olmaqla əlavə haqq ödəməlidir. Düşünürəm ki, bu, çox da böyük bir məbləğ deyil. Yeri gəlmişkən, xatırladım ki, digər milli parklara il ərzində cəmi 2 min turist gəlir. Amma burada ötən şənbə bazar günlərində təqribən 4 min bilet satılıb. Demək, qiymətlər münasibdir ki, insanlar buraya belə maraq göstərirlər.

- Turist axınından danışdınız. Sizcə, Göygölə gələn turisti özünə əsas cəlb edən nədir?

- İlk növbədə, təbiət mənzərələri - Göygölün füsunkar gözəlliyi. İkincisi, yol boyu sıx meşəlikdir. Burada nadir ağac növləri bitir ki, insanlar bu meşələrə baxarkən xüsusi zövq alırlar. Dünya praktikasında da belədir ki, təbiət obyektləri ekoturizmlə məşğul olan insanlar üçün ən maraqlı sahədir. Digər tərəfdən isə, xatırladım ki, milli parkın ərazisində vəhşi heyvanlar da yaşayırlar. Bir neçə gün əvvəl insanlar maralın göldən su içdiyini öz gözləri ilə görüblər. Bir qədər əvvəl isə parka qalxarkən, ayı öz balası ilə avtomobilimin qarşısından keçdi. Meşədə, həmçinin, cüyür digər heyvanlar da yaşayırlar. Sadəcə, gündüzlər səs-küylü olduğu üçün heyvanlar gölün sahilindən bir qədər uzaqlaşırlar. Hesab edirəm ki, ekoturizmlə məşğul olan insanlar üçün belə canlı təbiət nümunələrini görmək olduqca maraq kəsb edir. Göygöl Milli Parkı yenicə öz qapılarını turistlərin üzünə açıb. Düşünürəm ki, tezliklə bu Milli Park öz tarixi şöhrətini bərpa edəcək insanlar sevə-sevə buraya gələrək, öz xoş istirahətlərini təmin edəcəklər.

 

 

Səlim LOĞMANOĞLU

 

Yeni Azərbaycan. - 2015.- 20 avqust.- S.5.