Azərbaycan infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasındadır

 

Yaxud, bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsi respublikamızın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyasının əsas hədəflərindən biri Azərbaycanı müasir dünya çağırışlarına uyğun olaraq yüksək infrastruktur təminatına malik ölkəyə çevirməkdən ibarətdir. Bu baxımdan, dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən su, qaz, elektrik enerjisi layihələri Azərbaycanın simasını dəyişib və respublikamızı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Xatırladaq ki, indiyədək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı yerinə yetirilib və hazırda 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı da uğurla həyata keçirilir.

Eyni zamanda, bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsi də müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir. Təsadüfi deyil ki, son 12 ildə haqqında bəhs olunan Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib.

Əksər ekspertlərin də vurğuladıqları kimi, ümumiyyətlə, Azərbaycanda sözügedən Dövlət proqramları çərçivəsində yol-nəqliyyat infrastrukturunun yenilənməsi bir sıra mühüm amillərlə şərtlənir. Bu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin sürətli iqtisadi inkişafı ilə bağlıdır. Azərbaycan Respublikasının iqtisadi potensialının artmasına stimul verən vacib amillərdən biri, heç şübhəsiz ki, yol-nəqliyyat təsərrüfatıdır. Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsini zəruri edən digər bir mühüm amil isə Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Respublikasının tranzit daşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi ilə bağlıdır. Belə ki, qədim İpək yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də qurusu sərhədlərinə malik olmasına, eləcə də, iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Bu baxımdan yol-nəqliyyat infrastrukturunun dünya standartlarına uyğun səviyyədə yenilənməsi Azərbaycan Respublikasının istər Şimal-Cənub, istərsə də Şərq-Qərb dəhlizlərində tranzit ölkə kimi mövqeyini daha da gücləndirməyə xidmət edir.

Beləliklə, həyata keçirilən tədbirlərin siyahısına qısa bir nəzər salmaq onu deməyə əsas verir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq bütün ölkə boyu yaradılan müasir infrastruktur sayəsində son illərdə Azərbaycanın tranzit imkanları əhəmiyyətli dərəcədə artıb və respublikamız bütövlükdə regionun nəqliyyat, logistika mərkəzinə çevrilməkdədir. Çünki son 12 ildə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk 2 Dövlət Proqramının həyata keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunelyol ötürücüsü inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminal binası isə ötən il istifadəyə verilib. Bütün bunların nəticəsidir ki, indi respublikanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirilirbu amil Azərbaycanın regionlarının inkişafına əlavə impuls verir. Heç şübhəsiz, yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Yeni Dövlət Proqramının icrasının birinci ili ərzində daha 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30-dan çox yeni körpüyol ötürücüləri tikilibya təmir olunub. O cümlədən, cari ilin birinci rübündə Qəbələ-Ağdaş, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar, Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Şəki-Qax və digər avtomobil yollarında əsaslı təmir işləri davam etdirilib. Hacıqabul-Kürdəmir (80 km), Kürdəmir-Ucar-Yevlax (87 km) avtomobil yollarının birinci texniki dərəcə səviyyəsində tikintisi, Muğanlı-Yevlax yolunun yenidən qurulması (115 km), Bakı-Şamaxı-Yevlax yolunun 15-67-ci kilometrlik hissəsində əlavə 2 zolağın tikintisi (52 km), Ələt-Astara avtomobil yolunun Masallı-Lənkəran (22 km) hissəsinin, Kür çayı üzərində yeni körpünün tikintisi davam etdirilib. Haqqında bəhs olunan layihələrin 2015-ci ilin sonunadək tamamlanması nəzərdə tutulub. Bundan başqa, avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, xidmət səviyyəsinin yüksəldilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması üzrə davamlı tədbirlər həyata keçirilməkdədir. Bu məqsədlə Bərdə, Ağsu, Gədəbəy, Qəbələ, Şamaxı, Xaçmaz, Quba, Yevlax, Daşkəsən, İsmayıllı və Goranboyda yeni avtovağzallar tikilib, Qusar, Oğuz, Xudat, Biləsuvar və Tovuz avtovağzalları yenidən qurulub. Hazırda Gəncə, Horadiz və Quzanlıda yeni avtovağzallar inşa olunur.

Təbii ki, bu istiqamətdə əldə edilən uğurlardan Yevlax rayonuna da pay düşüb. Məsələn, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Nəqliyyat Nazirliyinə həvalə edilmiş tədbirlər planına Yevlaxda yerli əhəmiyyətli avtomobil yollarının tikintisinin, yenidən qurulmasının, əsaslı təmirinin və körpülərin tikintisinin davam etdirilməsi, o cümlədən, Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yolunun tikintisi və Salahlı-Balçılı-Ağqıraq-Varvara-Cırdaxan avtomobil yolunun yenidən qurulması da daxil edilib.

Yol-nəqliyyat infrastrukturunun inkişafından söz düşmüşkən, artıq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması layihəsi çərçivəsində aparılan işlər yekunlaşmaq üzrədir. “Azəryolservis” ASC-dən verilən məlumata görə, yenidənqurma işləri Muğanlı-Yevlax yolunun 0-8,4 və 38-145-ci kilometrlik hissələrində aparılıb. Əsaslı şəkildə yenidənqurulan yol iki hərəkət zolaqlı olmaqla ümumi uzunluğu 115,15 kilometr, yol yatağının eni 12,5 metr, hərəkət hissəsinin eni isə 7,5 metrdir. Yaşayış məntəqələrində yol yatağının eni bir az daralaraq 10,5 metr təşkil edir. Layihə çərçivəsində yenidən qurulan Muğanlı-Yevlax yolunda yeni asfalt-beton örtüyünün döşənməsi işləri, demək olar ki, tam icra olunub.

Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliklərinin nəzarəti altında ümumilikdə indiyə qədər əsaslı şəkildə yenidən qurulan avtomobil yolunda 263 ədəd suötürücü boru qoyulub, 16 min paqon-metr əyrixətli tirdən 15 min metri quraşdırılıb, qurulmalı olan 41 avtobus dayanacağından 27-si artıq hazırdır, yanaşma yolları üzrə 53 yol birləşməsindən 49-u tam hazır vəziyyətə gətirilib. Bundan başqa, Muğanlı-Yevlax avtomobil yolunun yenidənqurulması layihəsi çərçivəsində yol boyu 6 mövcud körpüdən 5-i sökülərək yenidən tikilməli, biri isə əsaslı təmir edilməli idi. Artıq həmin körpülərdən 4-də inşaat işləri tam olaraq yekunlaşdırılıb.

Bununla yanaşı, 2015-ci ilin birinci yarısında Yevlax şəhərində və rayonun qəsəbələrində abadlıq işləri davam etdirilib ki, nəticədə də Aran qəsəbəsindən keçən Bakı-Ələt-Qazax avtomobil yolunun kənarında qala divarlarının və bürclərin tikintisiüzlük daşla üzləmə işləri başa çatdırılıb. Həmçinin, Aran qəsəbəsi-Mingəçevir avtomobil yolunun kənarlarında 1350 metr dekorativ metal torlarla təhlükəsizlik hasarı çəkilib. 850 metr yeni səkilər tikilib. Şəhərdə və rayonun ərazisindən keçən avtomobil yollarının kənarlarında geniş yaşıllaşdırma işləri aparılıb. Ərazilərdə 104 mindən çox müxtəlif ağaclar, qızılgül kolları əkilib.

Sonda onu da bildirmək yerinə düşər ki, Prezident İlham Əliyevin respublikamızda yol-nəqliyyat infrastrukturunun yüksək səviyyəyə qaldırılması sahəsində qarşıya qoyduğu yeni hədəflərdən biri də kənd yollarının yenidən qurulması ilə bağlıdır. Həm artıq başa çatan Dövlət proqramlarında, həm də yeni Dövlət Proqramında kənd yollarının yenidən qurulması ilə bağlı geniş tədbirlər öz əksini tapıb. Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində bu barədə danışan Prezident İlham Əliyev kənd yollarının insanları narahat edən məsələ olduğunu xüsusi vurğulayıb. Dövlət başçısı qeyd edib ki, bütövlükdə son illərdə bu sahəyə ayrılan vəsaitin həcmi artır. Əhalinin böyük əksəriyyəti, xüsusilə kəndlərdə yaşayan insanlar artıq yaxşı yollarla təmin olunublar. Ancaq hələ də təmirsiz yollar çoxdur. Prezident İlham Əliyev nəzərə çatdırıb ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaq.

 

Nadir AZƏRİ

 

Yeni Azərbaycan. - 2015.- 20 avqust.- S.6.