Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir

 

Prezident İlham Əliyev: Ən müasir silah, texnika alınır və bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

Son illərdə ordunun döyüş hazırlığının və maddi-texniki təchizatının yüksəldilməsi respublikamızda həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir ki, bu da səbəbsiz deyil. Məlum olduğu kimi, təcavüzkar Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ora bitişik 7 rayonunu işğal altında saxlayır. Bu işğal nəticəsində 1 milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin düşüb. Azərbaycan Ermənistanın ərazilərimizin 20 faizini işğal altında saxlaması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Hələlik Azərbaycan dövləti xalqımızın xoş niyyətinə sadiq qalaraq ölkənin ərazi bütövlüyünün təmin olunmasına sülh yolu ilə nail olmağa çalışır və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlara öz konstruktiv mövqeyi ilə dəstək verir. Bununla belə, xalqımızın səbri tükənməz deyil. Azərbaycan sülh danışıqları nəticə verməyəcəyi təqdirdə ölkənin ərazi bütövlüyünü məhz öz güclü ordusunun sayəsində təmin etmək əzmindədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ordu quruculuğunun Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri olduğunu xüsusi nəzərə çatdırıb: “Ordu quruculuğu bizim üçün daim prioritetdir və Xəzər sahilində ən böyük hərbi obyektlərdən biri bu il Azərbaycanda istifadəyə verilibdir. Hərbi dəniz qüvvələri bazası yaradılmışdır. Bütün digər lazımi tədbirlər görülür, hərbi şəhərciklər, bazalar tikilir, təmir olunur, əsgərlər, zabitlər üçün gözəl şərait yaradılır. Təbii ki, silah-sursat, maddi-texniki təminat daim diqqət mərkəzindədir”.

Azərbaycan öz ərazi bütövlüyünü mütləq təmin edəcək

Ölkənin ərazi bütövlüyünün təmin olunması Azərbaycan üçün prinsipial məsələdir. Respublikamız bu məsələdə öz prinsipial mövqeyindən heç vaxt geri çəkilməyəcək.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə istənilən nöqteyi-nəzərdən yanaşdıqda ölkəmizin haqlı mövqedə olduğu ortaya çıxır. Dağlıq Qarabağ bölgəsi və ora bitişik inzibati-ərazi vahidləri əzəli Azərbaycan torpaqlarıdır. Həmin ərazilərdəki maddi-mənəvi mədəniyyət nümunələri, toponimlər, adət-ənənələr, islamaqədərki və ondan sonrakı dövrlərə aid dini abidələr bu yerlərin aborogen sakinlərinin məhz azərbaycanlılar olduğunu, ermənilərin isə sonradan məqsədli şəkildə məskunlaşdırıldıqlarını təsdiqləyir. Azərbaycan xalqının Dağlıq Qarabağaişğal altındakı digər ərazilərimizə güclü mənəvi bağlılığı var.

Bundan başqa, beynəlxalq hüquq da Ermənistanın zor gücünə işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edir. Məlumdur ki, dövlətlərin ərazi bütövlüyü beynəlxalq hüquqda əsas prinsip kimi götürülür. Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyü dünyanın əksər dövlətləri və BMT tərəfindən tanınıb. Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul edib. ATƏT, AŞPA, İƏT və digər beynəlxalq qurumlar da ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul ediblər.

Bütün bunlara baxmayaraq, Ermənistan münaqişənin sülh yolu ilə həllinə hər hansı dəstək nümayiş etdirmir. Artıq bütün dünyada hamı görür ki, Ermənistan sülh istəmir, mövcud status-kvonun saxlanılmasına nail olmaq üçün manipulyativ cəhdlər göstərir və danışıqlarda yalnız imitasiya taktikası seçir.

Bütün bu cəhətləri nəzərə aldıqda Azərbaycanın münaqişənin həlli ilə bağlı ədalətli mövqedən çıxış etdiyi aydın nəzərə çarpır. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına əminliyini ifadə edərək bildirib: “...Gün gələcək, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük”.

Prezident İlham Əliyev onu da nəzərə çatdırıb ki, Azərbaycana məxsus əraziləri işğal altında saxlamaq Ermənistanın öz hünəri deyil. Bu məsələdə dünyanın müxtəlif paytaxtlarındakı havadarları ikili standartlardan çıxış edərək işğalçı ölkəyə dəstək nümayiş etdirirlər. Dövlət başçısının vurğuladığı kimi, əks halda bir həftə ərzində Ermənistanda daş daş üstündə qalmaz: “...Bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil. Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, anti-Azərbaycan qüvvələrdir. Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Bir həftə ərzində orada daş daş üstündə qalmaz”.

Ölkəmiz tutduğu prinsipial mövqeyində öz güclü ordusuna güvənir

Bir sözlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarda prinsipial mövqedən çıxış edərkən ölkəmiz, ilk növbədə, özünün getdikcə güclənən ordusuna arxalanır. Davamlı dövlət qayğısı sayəsində əsaslı inkişaf yolu keçən Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə artıb. Azərbaycanın dövlət büdcəsində ən böyük xərclər məhz ordu quruculuğu üçün nəzərdə tutulub. Son 12 ildə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər 20 dəfədən çox artıb. Müqayisə üçün deyək ki, Azərbaycanda orduya ayrılan xərclər Ermənistanın dövlət büdcəsini düz iki dəfə üstələyir. Prezident İlham Əliyev ordumuzun güclənməsinə diqqət çəkərək vurğulayıb: “Ən müasir silah, texnika alınır və bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır”.

Orduya lazımi qədər vəsait ayrılması sayəsində silahlı qüvvələrin maddi-texniki təchizatını yüksək səviyyəyə qaldırmaq mümkün olub. Hazırda ordumuzun arsenalında olan ən müasir tanklar, artilleriya qurğuları, döyüş təyyarələri və digər texnikalar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xəttində düşmənə layiqli dərs verməsi ordumuzun böyük zəfərinin uzaqda olmadığından xəbər verir. 2014-cü ilin yayında düşmən qüvvələri qoşunların təmas xəttində vəziyyəti yenidən gərginləşdirməyə cəhd göstərəndə ordumuz öz yüksək döyüş hazırlığını bir daha nümayiş etdirdi. Düşmənin təxribat-diversiya hərəkətlərinin qarşısını qətiyyətlə alan silahlı qüvvələrimizin ön xətdəki hissələri qarşı tərəfə layiqli həmlələr endirdi. Şiddətli döyüşlərdə ermənilərin burunları əməlli-başlı ovuldu. Geri oturdulan düşmən canlı qüvvə və texnika sarıdan böyük itkilərə məruz qaldı. Ötən ilin sonlarında isə ordumuzun ön xətdəki qüvvələri sayıqlıq göstərərək Azərbaycanın hava məkanını pozan bir düşmən helikopterini məhv edib. Bütün bunlar düşmənə də, düşmənin havadarlarına da göstərib ki, istənilən vaxtda Azərbaycan ordusu ölkənin ərazi bütövlüyünü bərpa edə bilər.

Beləliklə, güclənən Azərbaycan Ordusu Ermənistan üçün ciddi təhlükə mənbəyinə çevrilib. Azərbaycan Ordusunun güclənməsinin fonunda Ermənistan cəmiyyətində getdikcə artan psixoloji deqradasiya, ruh düşkünlüyü hiss olunmaqdadır. Ermənilər getdikcə daha dərindən dərk edirlər ki, ikinci Qarabağ savaşı başlayacağı təqdirdə güclü Azərbaycan Ordusunun həmlələrinə cavab verə bilməyəcəklər. Artıq Ermənistan cəmiyyətinə qorxu hakim kəsilib, ölkə sürətlə boşalır. Əgər əvvəllər il ərzində Ermənistanı 70-80 min civarında insan tərk edirdisə, hazırda bu göstərici 2-3 qat artıb. Düşmən ölkədən daxil olan məlumatlarda bildirilir ki, təmas xəttindəki məlum gərginliklərdən sonra Ermənistandan “böyük köçdaha da artıb və bu ölkədən yaxın, uzaq xaricə uçan təyyarələrə bilet tapmaq belə çətinləşib...

Müharibə şəraitində olan Azərbaycan ordu quruculuğunu bundan sonra da diqqət mərkəzində saxlayacaq

Yuxarıda vurğuladığımız kimi, işğalçı Ermənistan cəbhə bölgəsində yaranan status-kvonun dəyişməsinə və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına hər vəchlə mane olmağa, aparılan sülh danışıqlarına müxtəlif vasitələrlə əngəllər yaratmağa çalışır. Bu isə o deməkdir ki, müharibə hələ bitməyib. Buna görə də ərazi bütövlüyü məsələsində prinsipial mövqedən çıxış edən Azərbaycan öz ordusunun gücünü bundan sonra da artırmağa çalışacaq. Prezident İlham Əliyev ordu quruculuğu ilə bağlı ölkəmizin gələcək planlarını açıqlayaraq deyib: “...Gələcəkdə də ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi bir nömrəli vəzifə olacaqdır. Nəzərə alsaq ki, biz müharibə şəraitində yaşayırıq, əlbəttə, bu, daha da ciddi diqqətə malik olmalıdır”.

 

Mübariz ABDULLAYEV

 

Yeni Azərbaycan. - 2015.- 19 avqust.- S.2.