Azərbaycan ət və ət məhsullarına daxili tələbatı tam yerli istehsal hesabına təmin edir

 

Prezident İlham Əliyev: Biz öz potensialımızdan maksimum dərəcədə istifadə etməliyik və əhalimizi 100 faiz səviyyəsində ərzaq məhsulları ilə özümüz təmin etməliyik

 

Hazırda dünyada müşahidə edilən tendensiyaların qlobal miqyasda gündəmə gətirdiyi yeni çağırışlar sırasında ölkələrin ərzaq təhlükəsizliyi məsələsi xüsusi önəm daşıyır və bu məsələ milli dövlətlərin iqtisadi-siyasi təhlükəsizliyinin vacib bir komponenti qismində çıxış edir. Dünyanın iqtisadisiyasi güc mərkəzləri getdikcə daha geniş miqyasdadaha açıq şəkildə ayrı-ayrı ölkələrin, regionların ərzaq təchizatı məsələsini manipulyasiya predmetinə çevirərək öz iddialarını reallaşdırmağa və milli dövlətlərə təzyiqlərini artırmağa çalışırlar. Son dövrlərdə isə belə korporativ məqsədlər naminə hətta geni dəyişdirilmiş məhsullardan da istifadə olunur ki, bu da mənzərənin nə dərəcədə acınacaqlı olduğu barədə konkret təsəvvür yaradır.

Ayrı-ayrı beynəlxalq təşkilatlar da dünyanın ərzaq təminatının getdikcə pisləşəcəyi ilə bağlı bədbin proqnozlar verirlər. Dünya Səhiyyə Təşkilatının yaydığı hesabatda bildirilir ki, Yer üzündə təxminən 3,7 milyard insan lazımi səviyyədə qidalana bilmir. Haqqında bəhs olunan hesabatda bu rəqəmin ildən-ilə artdığı vurğulanır və buna səbəb kimi dünyada ərzaq təklifinin tələbə cavab vermədiyi göstərilir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən aparılan araşdırmalarda isə dünyada aclıq həddində yaşayan insanların sayının 925 milyon nəfəri ötdüyü qeyd olunur. Beynəlxalq səviyyəli ayrı-ayrı qurumların proqnozlarına əsasən, 2050-ci ildə dünyada ərzağa olan tələbat 2006-cı ildəki ilə müqayisədə 70 faiz artacaq. Ciddi narahatlıq yaradan həm də o amildir ki, qlobal istiləşmə, iqlim dəyişkənliyi insanların ərzaq məhsullarına olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynayan kənd təsərrüfatı sektoruna mənfi təsir göstərir.

Bütün bu deyilənlərin fonunda Azərbaycanda Prezident İlham Əliyevin ölkənin ərzaq təminatının daxili istehsalın genişləndirilməsi hesabına gücləndirilməsi üçün göstərdiyi siyasi iradə milli təəssübkeşliyin zirvə nöqtəsi sayıla bilər. Dövlət başçısının ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə respublikamızda davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi nikbinlik doğurur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ərzaq təhlükəsizliyinin hər bir ölkə üçün önəmini bir daha vurğulayaraq Azərbaycanın bu sahədə hədəfə yaxınlaşdığını bildirib: “Bütün lazımi tədbirlər görülüb - struktur islahatları aparılıb, müvafiq sərəncamlar imzalanıb. Biz öz potensialımızdan maksimum dərəcədə istifadə etməliyik və əhalimizi 100 faiz səviyyəsində ərzaq məhsulları ilə özümüz təmin etməliyik. Biz buna yaxınlaşırıq”.

Qəbul edilən hüquqi-normativ sənədlər, Dövlət proqramları ölkədə ərzaq məhsulları istehsalının stimullaşdırılmasında mühüm rol oynayır

Ölkəmizin inkişafı və müstəqilliyimizin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyan bütün strateji sahələrdə olduğu kimi, respublikamızda etibarlı ərzaq təminatına nail olunması siyasətinin əsası da xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən ötən əsrin 90-cı illərinin ortalarından etibarən qoyulub. Həmin dövrdə Azərbaycanda ərzaq təminatı sahəsində vəziyyət heç də ürəkaçan deyildi. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində qeyd etdiyi kimi, müstəqilliyin ilk dövrlərində biz idxaldan böyük dərəcədə asılı vəziyyətə düşmüşdük. Bu vəziyyəti dəyişmək üçün çox ciddi tədbirlər görüldü.

Ulu öndərin böyük siyasi iradəsi sayəsində Azərbaycanda MDB ölkələri arasında ən sürətli torpaq islahatları həyata keçirilib, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılıb, beynəlxalq təşkilatlarla, o cümlədən, Dünya Bankı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanılıb. 2001-ci ildə Ulu öndərin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilib. Bu proqram çərçivəsində görülmüş işlər nəticəsində ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb. Sonradan Azərbaycanda sürətli iqtisadi inkişafın başlaması nəticəsində aqrar sahənin daha da inkişaf etdirilməsi üçün görülən tədbirlər də genişlənib. Aqrar sahənin inkişafı və bu əsasda ölkənin etibarlı ərzaq təhlükəsizliyinə nail olunması Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi strategiyasının başlıca istiqamətlərindən birini təşkil edir.

Ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunmasında zəruri normativ-hüquqi bazanın yaradılması müstəsna rol oynayır. Belə ki, Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da isə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub.

Sərəncama uyğun olaraq qısa müddətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsi hazırlanıb. Burada ölkədə gələcək aqrar siyasətin əsas prinsipləri, kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflər və prioritet istiqamətlər öz əksini tapıb. Dövlət başçısı cari il 2 mart tarixində “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda ölkədə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədi ilə yüksək məhsuldarlığa malik və quraqlığadavamlı yeni növ toxumlara tələbat yarandığı vurğulanır. Sərəncamla ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun yaradılması qərara alınıb. Dövlət başçısının imzaladığı bu sənədə əsasən, Nazirlər Kabinetinə Dövlət Toxum Fondunun fəaliyyətinin təmin edilməsi, habelə yüksək məhsuldar toxumların istehsalının və tədarükünün həyata keçirilməsini stimullaşdırmaq üçün zəruri tədbirlər həyata keçirmək tapşırılıb.

Etibarlı ərzaq təminatına nail olunması məqsədilə ölkəmizlə FAO arasında əməkdaşlığın getdikcə dərinləşməsinin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. 2014-cü ildə bu əməkdaşlıq daha səmərəli olub. Belə ki, dünyanın inkişaf etməkdə olan ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda FAO-nun ofisinin yaradılması üzrə razılıq əldə edilib. İndiyədək yalnız ABŞ, Yaponiya, Belçika və İsveçrədə mövcud olan belə ofisin ölkəmizdə təsis edilməsi ərzaq təhlükəsizliyinə nail olunmasına Azərbaycan dövlətinin güclü siyasi iradə nümayiş etdirdiyini bir daha təsdiqləyir.

Ölkədə ərzaq məhsulları istehsalının artırılması aqrar sektorda həyata keçirilən önəmli tədbirlərlə dəstəklənir

Diqqətəlayiq haldır ki, ölkəmizdə ərzaq məhsulları istehsalının genişləndirilməsi ilə bağlı dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə paralel surətdə hərtərəfli texniki və maliyyə təminatı ilə dəstəklənir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs olunan iclasındakı nitqində son bir ildə kənd təsərrüfatının inkişafı məqsədilə önəmli tədbirlərin həyata keçirildiyinə xüsusi diqqət çəkib. Dövlət başçısı həyata keçirilən tədbirlərin ölkədə kənd təsərrüfatının inkişafına xidmət göstərdiyini bildirib: “Deyə bilərəm ki, kənd təsərrüfatının inkişafı üçün bu il çox önəmli addımlar atılmışdır. Bir neçə Fərman imzalanmışdır ki, bu da kənd təsərrüfatının inkişafına xidmət göstərir. Məsələn, taxılçılıqda məhsuldarlıq böyük dərəcədə - təxminən 20 faiz artmışdır. Əvvəllər hektardan 22 sentner götürürdüksə, mənə verilən məlumata görə, indi 30 sentner götürmüşük. Dövlətin dəstəyi ilə iri fermer təsərrüfatları yaradılır, meliorasiya tədbirləri, bütün aqrotexniki tədbirlər görülür, strukturlaşma prosesi gedir və şəffaflıq təmin edilir”.

Ölkədə etibarlı ərzaq təhlükəsizliyinə nail olunması üçün aqrar sektorun inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir və davamlı xarakter daşıyır. Respublikamızda “AqrolizinqASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu, texnikanın dəyərinin 40 faizi dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilib. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir. Son bir ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən, taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artıb. O da əlamətdar haldır ki, kənd təsərrüfatı istehsalçılarına verilən texnikanın 83 faizini, kombaynların isə 79 faizini Avropa ölkələrinin ən tanınmış şirkətlərinin məhsulları təşkil edib. Tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə ediblər. Bu da məhsulun maya dəyərinin əhəmiyyətli dərəcədə azalması nəticəsində fermerlərin gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə müsbət təsir göstərib.

Ölkəmizdə aqrar sektorun inkişafına çoxşaxəli dövlət dəstəyi 2015-ci ilin birinci yarısında da davam etdirilib və kənd təsərrüfatının maliyyə təminatı daha da gücləndirilib. Ötən 6 ayda “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrasına 25 milyon manat vəsait yönəldilib.

Azərbaycan bir sıra pozisiyalar üzrə ərzaq təminatını 100 faiz daxili istehsal hesabına həyata keçirir

Son illərdə aqrar sektorda həyata keçirilən davamlı tədbirlər sayəsində ölkənin ərzaq məhsulları ilə təminat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə bir faktı məmnunluqla vurğulamaq yerinə düşər ki, respublikamızda əhalinin daxili istehsal hesabına əsas ərzaq məhsulları ilə təminatı səviyyəsi iki dəfəyə qədər artıb. O cümlədən, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bir sıra məhsullara daxili tələbatın tam yerli istehsal hesabına ödənilməsini təmin edibixrac imkanları yaradıb.

Ötən illər ərzində məhsulların tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən, 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır və istehlak bazarında qiymətlərin sabitliyi təmin edilir.

Son illərdə respublikanın aqrar sektorunda əhəmiyyətli kəmiyyət və keyfiyyət artımına nail olunsa da, bu sahədə potensial daha genişdir. Azərbaycanın əlverişli coğrafi-iqlim xüsusiyyətləri, ölkənin güclü iqtisadi-maliyyə imkanları respublikamızda ərzaq məhsulları istehsalını daha da genişləndirməyə və hətta xarici bazarlara böyük həcmlərdə kənd təsərrüfatı məhsulları çıxartmağa imkan verir. Buna nail olmaq üçün Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan konfransdakı nitqində respublikada daxili tələbatın ödənilməsinin və məhsul ixracının vahid bir sistem kimi qurulmasının, eləcə də, kənd təsərrüfatında intensiv metodlardan istifadə edilməsinin zəruriliyini gündəmə gətirib: “...Kənd təsərrüfatı məhsullarının istehsalı, daxili tələbatın ödənilməsi və ixracı bir sistem olmalıdır. Kənd təsərrüfatı intensiv metodlarla inkişaf etməlidir”.

İndiki dövrdə torpaqlardan səmərəli istifadə olunması da çox aktual məsələdir. Lakin gizlətmək lazım deyil ki, bir sıra hallarda torpaqlardan lazımi səmərə ilə istifadə olunmur. Ölkədə istifadəsiz qalan torpaqlar da çoxdur. Dövlət başçısının vurğuladığı kimi, torpaqların istifadəsiz saxlanılması, onlardan təyinatı üzrə istifadə olunmaması və yaxud əksinə, yararlı torpaqlarda müxtəlif obyektlərin tikilməsi yolverilməzdir: “Mərkəzi orqanlar da burada yeni təkliflərlə çıxış etməlidirlər ki, istifadəsiz torpaqlar olmasın. Onsuz da bizim o qədər də çox torpağımız yoxdur. İcazə verə bilmərik ki, istifadəsiz qalsın, yaxud da ki, torpaqdan səmərəli şəkildə istifadə edilməsin”.

Ölkənin ərzaq təminatının möhkəmləndirilməsi baxımından aqrar sektorda məhsuldarlığın artırılması prosesiçox önəmlidir. Məhsuldarlığın aşağı olması, o cümlədən, taxıl istehsalında daha qabarıq şəkildə nəzərə çarpır. Hazırda respublikamızda taxıla olan tələbatın təxminən 60 faizi daxili istehsal hesabına ödənilir, halbuki məhsuldarlığı artırmaqla bu göstəricini də 100 faizə çatdırmaq mümkündür. Taxıl istehsalında məhsuldarlığın artırılması isə iri fermer təsərrüfatlarının yaradılmasından keçir. Qeyd edək ki, artıq ölkəmizdə 20-dək iri fermer təsərrüfatının yaradılması istiqamətində aparılır. İndiyədək dövlət başçısının tapşırığına uyğun olaraq, ərzaq tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə 12 rayonda 30 min hektardan çox sahədə iri fermer təsərrüfatının yaradılmasına 47 milyon manat güzəştli kreditlər verilib. İlkin nəticələrə əsasən, iri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektar üzrə 55 sentner səviyyəsində olub ki, bu da kifayət qədər yüksək göstəricidir.

Heyvandarlıqda intensiv metodların tətbiqi sayəsində ölkədə ət və ət məhsulları istehsalı əhəmiyyətli dərəcədə artıb

Son illərdə Azərbaycanda aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Təkcə son bir neçə ildə respublikanın 19 rayonunda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kredit yönəldilib. Ölkədə heyvandarlığın inkişafında intensiv metodlardan istifadə edilməsinin rolunu xüsusi vurğulamaq lazımdır. Bu sahədə intensiv metodların tətbiqi sayəsində son bir ildə ölkəmizdə mal-qaranın baş sayı cəmi 21 faiz artdığı halda, ət istehsalında 46,4 faiz, süd istehsalında 53 faiz artım əldə olunub. Heyvandarlıqda əldə olunan bu kimi uğurlar son nəticədə ölkəmizə ət və ət məhsulları idxalının azalmasını, istehlakın tam olaraq yerli istehsal hesabına ödənilməsini təmin edib.

Prezident İlham Əliyevin bu günlərdə imzaladığı heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi və hevandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında müvafiq sərəncamları ölkəmizdə heyvandarlığın inkişafı sahəsində yeni perspektivlər açır. Haqqında bəhs olunan sərəncamlarda Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər çərçivəsində heyvan mənşəli məhsulların istehsalının daha da artırılması, cins iribuynuzlu damazlıq heyvanlara olan tələbatın ödənilməsi, eləcə də, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyinin gücləndirilməsi məqsədi ilə maliyyə təminatının artırılması da daxil olmaqla bir sıra vacib tədbirlərin görülməsi nəzərdə tutulub. Dövlət başçısının imzaladığı sərəncamların birində ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundanAqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15,0 (on beş) milyon manat vəsait ayrılması nəzərdə tutulub. Digər Sərəncamla isə əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 (yüz) manat həcmində subsidiya müəyyən ediləcək.

Beləliklə, ölkəmizdə heyvandarlığın inkişafında yeni mərhələnin başlandığını söyləmək mümkündür ki, bu da, öz növbəsində, respublikanın ərzaq məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsində mühüm rol oynayacaq.

 

Mübariz ABDULLAYEV

 

Yeni Azərbaycan. - 2015.- 21 avqust.- S.2.