Taxtakörpü və Şəmkirçay su anbarları regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir

 

Hazırda regionlarda həm əhalinin içməli su ilə təminatı, həm də əkin sahələrinin suvarma sisteminin yenidən qurulması istiqamətində tədbirlər davam etdirilir

 

(davamı növbəti sayımızda)

 

Müasir dövrdə su təhlükəsizliyinin təmin olunması dünya dövlətləri üçün kifayət qədər ciddi və prioritet məsələlərdən biridir. Bu məsələ daim Azərbaycan dövlətinin də xüsusi diqqət mərkəzindədir. Son illər həyata keçirilən nəhəng layihələr bunu deməyə əsas verir.

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən infrastruktur layihələri arasında etibarlı su təchizatına nail olunması ilə bağlı reallaşdırılan layihələr xüsusi yer tutur. Ölkə Prezidenti mütəmadi olaraq dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrı-ayrı şəhərlərin su təchizatının yaxşılaşdırılmasına vəsait ayırır. Bundan başqa, Dövlət Neft Fondundan da su layihələrinin yerinə yetirilməsinə kifayət qədər irihəcmli maliyyə tranşları ayrılır. Bakı şəhərinin və regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında su layihələri ilə bağlı konkret müddəalar öz əksini tapıb və sözügedən proqramlar çərçivəsində son 11 ildə paytaxtda və ölkəmizin bütün regionlarında müxtəlif həcmli onlarla su layihələri reallaşdırılıb. Su layihələrinə, həmçinin, regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramında da geniş yer verilib. 2035-ci ilə qədər olan dövrü əhatə edən uzunmüddətli strategiyanın hazırlanması da ölkə rəhbərliyinin respublikamızda su təchizatının daha da yaxşılaşdırılmasına verdiyi ciddi önəmin təzahürüdür. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında su layihələrinin ölkəmiz üçün prioritet əhəmiyyət daşıdığını bir daha nəzərə çatdıraraq vurğulayıb ki, bu sahədə hədəf bütün şəhərlərdə 24 saat fasiləsiz yüksəkkeyfiyyətli su təminatına nail olmaqdan ibarətdir: “Bu infrastruktur layihələrinin arasında, əlbəttə, içməli su layihələri də prioritet xarakter daşıyır və son illər ərzində bu sahəyə daha da böyük diqqət göstərilir. Bizim bütün şəhərlərimizdə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su 24 saat təmin ediləcək. Artıq bir neçə şəhərdə bu layihələr başa çatıb”.

Məlumdur ki, müasir dövrdə dünya bir sıra yeni çağırışlarla üz-üzə dayanıb. Yeni minillikdə etibarlı su təchizatının da hər bir ölkə üçün strateji əhəmiyyət daşıyan məsələ səviyyəsinə yüksəldiyi, hətta dövlətlərarası münasibətlərə təsir göstərə bilən faktorlar sırasında yer aldığı heç kəsdə şübhə doğurmur. Mütəxəssislər yeni minillikdə su ehtiyatlarının geostrateji əhəmiyyətinə diqqət çəkərək bildirirlər ki, XXI əsrdə su neftin ötən əsrdəki yerini tuta bilər. Getdikcə daha çox sayda dövlət malik olduğu su ehtiyatlarından başqa dövlətlərə qarşı təzyiq, iqtisadi-siyasi rıçaq vasitəsi kimi istifadə etməyə üstünlük verir.

Müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Verilən məlumatlara görə, hazırda dünyada təxminən 1,5 milyard nəfər içməli su çatışmazlığından əziyyət çəkir. BMT-nin yaydığı hesabat həyəcan təbili çalmağa əsas verir. Qurumun 1998-ci ildə hazırladığı hesabatda göstərilir ki, ötən əsrin 50-ci illərində əhalisi 50 milyondan az olan yalnız 12 ölkə su qıtlığı problemi ilə qarşılaşıb. Ötən əsrin 90-cı illərində bu göstərici 2 dəfədən çox artıb və əhalisi 300 milyon nəfər olan 26 ölkə su çatışmazlığı problemindən əziyyət çəkib. Bu minvalla 2050-ci ildə 65 ölkədə 10 milyard nəfərə yaxın insan su çatışmazlığı ilə üz-üzə qalacaq.

Bütün bu deyilənlərə su çatışmazlığının ayrı-ayrı ölkələrdə yaratdığı ekoloji problemləri, iqtisadi əngəlləri və digər mənfi təzahürləri də əlavə etsək, onda etibarlı su təchizatının qayğısına qalmağın hər bir ölkə üçün həyati əhəmiyyətli məsələ olduğu barədə konkret təsəvvür yaranar. Azərbaycan da bu cəhətdən istisna deyil. Respublika ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Ölkəmizi qidalandıran əsas su mənbələrinin respublikanın hüdudlarından kənarda formalaşması məsələyə daha həssas yanaşmağı tələb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev etibarlı su təchizatına nail olunmasını müstəqil Azərbaycanın strateji hədəflərindən biri kimi müəyyənləşdirib. Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimindəki çıxışında dövlət başçısı İlham Əliyev bununla bağlı fikirlərini ifadə edərək deyib: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”.

2013-cü ildə istifadəyə verilən Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşası layihələri Azərbaycanın su təchizatı probleminin həllində çox böyük uğurdur. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bu layihələr tarixi layihələrdir. Bu layihələr bundan sonra əbədiyyətə qədər Azərbaycan xalqına, Azərbaycan dövlətinə xidmət göstərəcəkdir. Biz Azərbaycan xəritəsində yeni süni göllərin yaradılmasına nail ola bilmişik”.

Haqqında bəhs olunan su layihələrinin texniki parametrləri kifayət qədər genişdir. Cəmi bir neçə il ərzində Vəlvələçaydan Ceyranbatan gölünə qədər uzanan və mürəkkəb relyefi ilə seçilən ərazidə böyük həcmdə işlər reallaşdırılıb. Bu layihələrin unikallığı həm də ondadır ki, Samur çayından götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülür. Kanal üzərində 57 mükəmməl hidrotexniki qurğu quraşdırılıb. Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Qurğunun ümumi su tutumu 270 milyon kubmetr, faydalı su həcmi isə 238,4 milyon kubmetrdir.

Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə əlaqədar layihə zonasında yerləşən rayonlarda yeni suvarılan torpaqların müəyyənləşdirilməsi ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıqların icrasına əsasən aparılan araşdırmalar nəticəsində “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi zonasında 30 min 153 hektar, o cümlədən, Şabran rayonunda 13 min 678, Siyəzən rayonunda 7 min 962 və Xızı rayonunda 8 min 513 hektar yeni suvarılan torpaq sahələri müəyyən edilib.

Samur-Abşeron suvarma sistemi üzrə nəzərdə tutulan digər tədbirlərin də reallaşdırılması nəticəsində şimal bölgəsi rayonlarında 150 min hektara qədər torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq və 31 min hektar sahədə yeni suvarılan torpaqlar istismara veriləcək. Bu layihə respublikanın şimal zonasında ekoloji tarazlığın təmin edilməsinə də böyük töhfədir. Bütövlükdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi 14 il ərzində dörd mərhələdə reallaşdırılacaq.

Şəmkirçay su anbarı da böyük investisiya tutumlu su layihəsidir. Layihənin yerinə yetirilməsinə 700 milyon manatdan çox dövlət vəsaiti yönəldilib. Ümumiyyətlə, Şəmkirçay su anbarı Taxtakörpü su anbarından sonra qeyri-neft sektorunda reallaşdırılan ən böyük investisiya tutumlu layihədir. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Anbarın bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib. Layihə çərçivəsində Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcək əsas magistral kanal, sağsol sahil magistral kanalları, həmçinin, maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Ən müasir standartlara cavab verən həmin kanallar açıq dəmir-beton üzlüklüdür. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılacaq. Layihənin əhatə etdiyi ərazidə ekoloji vəziyyət əsaslı şəkildə yaxşılaşacaq.

Ümumilikdə, Taxtakörpü və Şəmkirçay su anbarları regionların sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfədir və müstəqillik illərində reallaşdırılan çox vacib layihələr kimi Azərbaycanın müasir tarixində mühüm yer tutacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev vurğulayıb ki, belə nəhəng su layihələrinin yerinə yetirilməsi, eyni zamanda, Azərbaycan dövlətinin gücünü nümayiş etdirir: “Çünki biz keçən il və 2013-cü ildə iki nəhəng layihəni istismara vermişik - Şəmkirçay və Taxtakörpü su anbarlarının tikintisi başa çatıbdır. Azərbaycan tarixində bu layihələrin çox böyük yeri var. Biz bu layihələri ancaq müstəqillik dövründə icra edə bilmişikbu layihələr Azərbaycanın nə qədər güclü ölkə olduğunu bir daha göstərir”.

 

Nardar BAYRAMLI

 

Yeni Azərbaycan. - 2015.- 21 avqust.- S.5.