Müdafiə sənayesinin inkişafı
dövlətin diqqət mərkəzindədir
Prezident İlham Əliyev: Beynəlxalq sərgilərdə nümayiş etdirilən Azərbaycan hərbi texnikası dünya miqyasında da böyük qiymətə malikdir
Hər bir ölkənin müdafiə siyasətinin uğurla həyata keçirilməsi üçün bir sıra mühüm şərtlər mövcuddur. Belə şərtlərdən biri də müdafiə sənayesinin inkişaf etdirilməsi, ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsi, dünyada mövcud olan ən qabaqcıl təcrübə və texnologiyalar əsasında yeni istehsal müəssisələrinin yaradılması, müdafiə təyinatlı məhsulların istehsalının artırılması və bu sahədə xaricdən asılılığın azaldılmasıdır. Müdafiə sənayesinin inkişafı həm iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, həm də ölkənin müdafiə qabiliyyətinin, ordunun maddi-texniki təchizatının gücləndirilməsi məqsədlərinə xidmət edir. Təbii ki, işğala məruz qalmış bir ölkə kimi ordu quruculuğuna böyük önəm verən Azərbaycan Respublikasında da müdafiə sənayesinin inkişafı diqqət mərkəzindədir.
Ordu quruculuğu sahəsində sistemli və kompleks işlər görülür
Ölkəmizdə müdafiə sənayesinin inkişafı ilə bağlı konkret faktlara keçməzdən öncə vurğulamaq yerinə düşər ki, hazırda Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında müasir dövrün tələblərinə müvafiq olaraq uğurla reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi hazırkı dinamik inkişafın əsaslarını təşkil edir. Bir sözlə, Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.
Heç şübhəsiz, ölkəmizdə bütün sahələrin paralel inkişafı fonunda ordu quruculuğu sahəsində də sistemli və kompleks işlər aparılır. Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması respublikanın və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Daha dəqiq desək, müstəqil Azərbaycanın ordu quruculuğuna belə ciddi önəm verməsi, ilk növbədə, ölkəmizin Ermənistanın işğalçılıq siyasətinə tuş gəlməsi ilə əlaqədardır. Məlum olduğu kimi, öz havadarlarının köməyinə arxalanan təcavüzkar Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin təxminən 20 faizini işğal altında saxlayır və ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarını müxtəlif vasitələrlə yubadır. Azərbaycan isə danışıqlar prosesinin nəticə verməyəcəyi təqdirdə öz ərazi bütövlüyünü güclü ordusunun sayəsində bərpa etmək niyyətindədir.
Eyni zamanda, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Məhz son illər ərzində bu sahədə həyata keçirilən köklü islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib. Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimini izləyən ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxışı zamanı bildirib ki, ordunun potensialı gündən-günə möhkəmlənir, güclənir: “Ordu quruculuğu bizim dövlət siyasətimizdir, prioritetdir və son illərdə bu istiqamətdə çox böyük işlər görülmüşdür. Ordumuz yeni texnika ilə təchiz edilir. Bu gün bu texnikanın bir hissəsi burada nümayiş etdirilmiş və sonra təlimlərdə iştirak etmişdir.
Bu gün Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Bu göstəriciyə görə, bizim ordumuz dünyada ən güclü ordular sırasındadır”.
Azərbaycanda ordu quruculuğu güclü hərbi sənaye ilə dəstəklənir
Beləliklə, ötən müddət ərzində ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində hüquqi baza möhkəmləndirilib, hərbi hissələrdə möhkəm nizam-intizam yaradılıb, hərbçilərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində işlər görülüb. Sadalanan məsələlərə paralel olaraq milli ordunun maddi-texniki bazasının yerli məhsullar hesabına genişləndirilməsi də daim diqqət mərkəzindədir. Yəni, son illərdə Azərbaycanda ordu quruculuğu sahəsində əldə olunan uğurlardan söhbət açarkən ölkəmizdə modern müdafiə sənayesinin yaradılmasını xüsusi vurğulamaq gərəkdir. Belə ki, respublikamızda ordu quruculuğu güclü hərbi sənaye ilə dəstəklənir. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılması respublikamızda güclü hərbi-sənaye kompleksinin formalaşmasında mühüm rol oynayıb. Artıq ölkəmizdə onlarla hərbi təyinatlı zavod fəaliyyət göstərir. Prezident İlham Əliyev Qaradağ rayonunda Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və “N” saylı hərbi hissənin açılışındakı nitqində milli hərbi-sənaye kompleksində hərbi təyinatlı məhsul istehsalının genişlənməsini ordumuzun təchizatı baxımından əvəzolunmaz hal kimi səciyyələndirib.
Qeyd edək ki,
Müdafiə Sənayesi Nazirliyi tərəfindən
qısa müddət ərzində ölkədə xeyli sayda istehsal
sahəsi yaradılıb, istehsal olunan müdafiə təyinatlı məhsulların
çeşidləri yüzlərlədir. Prezident
İlham Əliyev bildirib
ki, bugünkü dünyada daha çox yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə
malik olan silahlar üstünlük
təşkil edir: “Bu
silahları biz alırıq və
alacağıq. Eyni zamanda, Azərbaycanda son illərdə
yerli istehsal da təşkil edilibdir. 2005-ci ildən bu
günə qədər
Müdafiə Sənayesi
Nazirliyinin xətti ilə 900 adda hərbi təyinatlı silah-sursat istehsal olunubdur və bu gün bu
proses davam etdirilir. Gələcəkdə biz sursatlarla, texnika
ilə özümüzü
tam şəkildə təmin
etməliyik. Eyni zamanda,
ən müasir müxtəlif texnika alınır, alınacaqdır.
Müasirləşmə prosesi daim aparılmalıdır”.
Onu da vurğulamaq yerinə düşər ki, Prezident İlham
Əliyev öz çıxışlarında daxildə
istehsal olunan hərbi məhsulların keyfiyyətini yüksək
qiymətləndirib: “Patronlar,
silahlar, mərmilər,
tapançalar, avtomatlar,
pulemyotlar, minaatanlar, snayper tüfəngləri,
zirehli texnika, pilotsuz təyyarələr
- bütün bunlar Azərbaycanda istehsal olunur. Azərbaycanda istehsal olunan
hərbi texnika yüksək səviyyədədir.
Beynəlxalq sərgilərdə nümayiş etdirilən Azərbaycan hərbi texnikası dünya miqyasında da böyük qiymətə
malikdir”.
Ordumuzun
müxtəlif döyüş
texnikalarına olan tələbatının xeyli
hissəsi daxili istehsal hesabına təmin edilir
Məlumat üçün onu
da bildirək ki, 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət istiqamətlərinə,
əsasən, müdafiə
sənayesi sahəsində
vahid dövlət siyasətinin formalaşmasında
iştirak etmək və bu siyasətin
həyata keçirilməsini,
habelə müdafiə
sənayesi sahəsinin
inkişafını təmin
etmək, dövlət
sifarişi əsasında
hərbi texnika, silah, mühəndis texnikası, ehtiyat hissələri, döyüş
sursatları və digər müdafiə təyinatlı məhsullar
üzrə Dövlət
Müdafiə Sifarişi
Proqramına uyğun olaraq müdafiə təyinatlı məhsulların
yaradılmasını, istehsalını,
təkmilləşdirilməsini, təmirini, utilizasiyasını,
idxal-ixracını təmin
etmək daxildir.
Nazirliyin nəzdində olan müəssisələrdə istehsal
olunan yüzlərlə
adda məhsul özünün yüksək
keyfiyyəti ilə müasir tələblərə
cavab verir. Məhz bunun
nəticəsidir ki, Azərbaycanın xarici silah bazarlarından asılılığı əhəmiyyətli
dərəcədə azalıb.
Artıq
ordumuzun müxtəlif
döyüş texnikalarına
olan tələbatının
xeyli hissəsi daxili istehsal hesabına təmin edilir. Ölkəmizdə
hərbi-sənaye kompleksinə
aid “İqlim”, “Avia-Aqreqat”,
“Sənayecihaz”, “Dalğa”
elm-istehsalat birlikləri,
“Elektron Hesablayıcı
Maşınlar”, “Gəncə
maşınqayırma” və
s. bu kimi müəssisələr uğurla
fəaliyyət göstərir.
Bu müəssisələrdə
aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların
istehsalı ildən-ilə
genişləndirilir, eyni
zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalatda tətbiq olunur.
Beləliklə, ilk növbədə, Azərbaycan
Silahlı Qüvvələrinin
hərbi-texniki təchizatına
xidmət edən müdafiə sənayesinin
kəmiyyət və keyfiyyət göstəricilərinin
yüksəlməsi ölkənin
müdafiə qabiliyyətini
yüksəldir, ordumuzun
təchizatının ixracdan
asılılığını aradan qaldırır. Hərbi məhsulların
satışı üzrə
genişləndirilən xarici
əməkdaşlıq isə
əlavə iqtisadi dividendlər gətirir, ölkənin xarici bazarlardakı mövqeyini gücləndirir.
Azərbaycanın müdafiə sənayesi
sürətlə genişlənir
Müdafiə sənayesinin inkişaf göstəriciləri, qarşıya
qoyulan vəzifələr,
görüləcək işlər
barədə ictimaiyyət
mütəmadi olaraq məlumatlandırılır. Bu baxımdan, iyul ayında Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində
2015-ci ilin birinci yarımilinin yekunlarına
həsr edilmiş səyyar kollegiya iclası nazirliyin birlik və müəssisələrinin istehsal,
maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları
və qarşıda duran məsələlərə
aydınlıq gətirib.
Məlumat verilib ki, hesabat dövründə
nazirliyin müəssisələrində
2015-ci il üçün nəzərdə
tutulan tədbirlərin
icrası davam etdirilib, respublikanın güc strukturlarının
sifarişləri əsasında
bağlanmış müqavilələr
üzrə müdafiə
təyinatlı məmulatlar
istehsal olunaraq sifarişçilərə təhvil
verilib. Eləcə də, mülki
məmulat istehsalının
genişləndirilməsi davam
etdirilib.
Müdafiə təyinatlı məmulatların
yaradılması sahəsində
nazirliyin elmi müəssisələrinin potensialından
istifadə etməklə
bir sıra elmi-tədqiqat və təcrübi-konstruktor işləri
uğurla həyata keçirilir. Bu sahədə
respublikanın elm ocaqlarından
Azərbaycan Milli Elmlər Akademiyası, Milli Aviasiya Akademiyası və digərləri ilə sıx əməkdaşlıq
edilir.
Nazirliyin Elmi-Tədqiqat İnstitutunda cari ildə 20 mövzu, o cümlədən dövlət sifarişi xətti ilə 9 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilir. Eləcə də, Milli Aerokosmik Agentliyinin (MAKA) 2015-ci ildə elmi-tədqiqat işləri üzrə planında müdafiə təyinatlı məmulatların fəaliyyət prinsiplərinin işlənməsi, aerokosmik məlumatların emalının təkmilləşdirilməsi və ekoloji monitorinq məsələlərinin həllinə xüsusi yer verilib.
Ölkəmizdə istehsal olunan məhsullar beynəlxalq sərgilərdə uğurla təmsil olunur
Ölkəmiz üçün qürurverici haldır ki, milli hərbi-sənaye kompleksində buraxılan müxtəlif növ döyüş texnikası qısa müddətdə xarici bazarlara yol tapıb. Son illərdə ölkəmizin hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə buraxılan müxtəlif növ döyüş texnikası beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilir ki, bu da respublikamızda hazırlanan hərbi təyinatlı məhsulların geniş rəqabət imkanlarına malik olmasının təsdiqidir. Müqayisə üçün deyək ki, Azərbaycan ilk dəfə beynəlxalq sərgilərdə 27 adda məhsulla təmsil olunmuşdu. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən “İDEX-2015” beynəlxalq müdafiə sərgisində isə respublikamız 180-dək müxtəlif növ döyüş texnikası ilə çıxış edib. Burada nümayiş etdirilən məmulatlardan “Yırtıcı”, “Yalquzaq”, “İstiqlal”, “Mübariz” snayper tüfəngləri, “Şimşək-10” hücum pulemyotu, NATO standartlarına uyğun 5,56x45 çaplı avtomat silah, digər döyüş sursatları sərgidə təmsil olunan və qonaq qismində qatılan ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb. 2014-cü il sentyabrın 11-13-də isə Azərbaycan “ADEX-2014” sərgisinə ev sahibliyi edib. “ADEX-2014” sərgisinə dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti qatılmışdı. Azərbaycan isə ev sahibliyi etdiyi sərgidə 37 şirkətlə təmsil olunmuşdu. Uğurla keçən sərgi Azərbaycanın müdafiə sənayesinin bütün dünyada artan nüfuzunun, ölkəmizin hərbi potensialının daha bir təsdiqinə çevrildi.
Bundan başqa, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar cari ilin may ayında Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2015” beynəlxalq müdafiə sənayesi sərgisində uğurla nümayiş olunub. İki ildən bir keçirilən “İDEF” sərgisində Müdafiə Sənayesi Nazirliyi artıq dördüncü dəfədir iştirak edib. Bu sərgidə Müdafiə Sənayesi Nazirliyi 184 adda müdafiə təyinatlı məmulatı nümayiş etdirib.
Ümumilikdə, beynəlxalq sərgilərdə nümayiş olunan Azərbaycan istehsalı məmulatlar sərgiyə gələnlərin böyük marağı ilə qarşılanır. Bu cəhətdən istisna olmayan “İDEF-2015” sərgisi çərçivəsində bir sıra ölkələrin qabaqcıl şirkətlərini təmsil edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirilib, mövcud və yeni əməkdaşlıqlara dair danışıqlar aparılıb. Sərgi zamanı 2016-cı ildə Azərbaycanda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı məlumatlar verilib və dəvətlər çatdırılıb.
Göründüyü kimi, Azərbaycan
iqtisadiyyatının digər sahələri kimi
müdafiə sənayesi də sürətlə inkişaf edir və bu sahənin inkişafı Prezident,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin birbaşa nəzarəti altındadır.
Bu isə
o deməkdir ki,
yaxın gələcəkdə Azərbaycan hərbi gücünü və hərbi təchizat sahəsindəki
müstəqilliyini daha da
artırmaqla bərabər, beynəlxalq bazarlarda
da mühüm tərəfdaşlardan
birinə çevriləcək. Və Prezident
İlham Əliyev müxtəlif tədbirlərdəki
çıxışlarında xaricdən müasir
silah-sursat alınması ilə
yanaşı, ölkə daxilində hərbi texnikanın
istehsalının əhəmiyyətini dəfələrlə
vurğulayıb. Elə dövlət
başçısının ötən il
Ağdamdakı “N” saylı hərbi hissədə hərbçilərlə
görüşündə səsləndirdiyi fikirlər də
bu sahədəki irəliləyişi təsdiq
edir: “Son vaxtlar həm Azərbaycanda müasir
silah və texnika istehsal olunur, eyni zamanda, xarici
mənbələrdən aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir”.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan. - 2015.- 22 avqust.-
S.2.