Taxtakörpü və Şəmkirçay su anbarları regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir

 

Hazırda regionlarda həm əhalinin içməli su ilə təminatı, həm də əkin sahələrinin suvarma sisteminin yenidən qurulması istiqamətində tədbirlər davam etdirilir

 

(əvvəli ötən sayımızda)

 

Sözügedən su layihələrinin icrası Azərbaycanın kənd təsərrüfatında yeni torpaqların dövriyyəyə buraxılmasına, suvarılan əkin sahələrinin artmasına səbəb olacaq. Dövlətimizin başçısının tapşırığına əsasən aparılan dəqiqləşdirmə nəticəsində Şəmkir, Göygöl, SamuxGoranboy rayonlarında su təminatı yaxşılaşdırılacaq 54 248 hektaryeni suvarılacaq 17 147 hektar torpaq sahələrinin olduğu müəyyənləşdirilib. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında Taxtakörpü və Şəmkirçay su anbarlarının respublikamızın kənd təsərrüfatı üçün əhəmiyyətini də xüsusi vurğulayıb:Eyni zamanda, Taxtakörpü, Şəmkirçay su anbarlarının tikintisi nəticəsində on minlərlə hektar torpaq sahələri dövriyyəyə buraxılacaq. Artıq bu il işlər başlanıbdır. Səhraya bənzəyən yerlər gül-çiçək, bostan, bağ olacaq. Budur bizim işimiz”.

Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə reallaşdırılan böyük su layihələrindən biri də 2012-ci ildə dövlət başçısının iştirakı ilə təməli qoyulan Şirvan-Muğan qrup su kəməri layihəsidir. Layihə çərçivəsində Kür-Bakı su kəmərlərindən biri ilə nəql edilən su Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin, Salyanda 41, Neftçalada 44, Biləsuvarda 23, Sabirabadda 13 - ümumilikdə 121 kəndin tələbatının ödənilməsinə yönəldiləcəkdir.

Ümumilikdə, Şirvan-Muğan qrup su kəmərinin istismara verilməsi ilə 470 min insan keyfiyyətli və fasiləsiz su ilə təmin olunacaqdır. Magistral kəmərin çəkilişi ilə yanaşı, hər bir şəhərdə içməli sukanalizasiya şəbəkəsi müasir standartlara uyğun yenidən qurulacaq, çirkab sularını təmizləyən qurğu inşa ediləcəkdir. Artıq layihə çərçivəsində ayrı-ayrı yaşayış məntəqələrinin su-kanalizasiya infrastrukturu yenidən qurulub.

Son illərdə icra olunan böyük su layihəsi - Oğuz-Qəbələ-Bakı su kəməri paytaxtımızın su təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Oğuz-Qəbələ-Bakı su kəməri Abşeron yarımadasının içməli su təchizatı sahəsində həyata keçirilən ən iri layihədir. Oğuz rayonu ərazisindən təmiz suyun boru xətti vasitəsilə Bakıya gətirilməsini nəzərdə tutan bu layihə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 2002-ci ilin dekabrında keçirilən müşavirədə Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmişbu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı müvafiq göstəriş vermişdi. Oğuz-Qəbələ-Bakı su kəmərinin icrasına Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 25 avqust 2005-ci il tarixli müvafiq Sərəncamı ilə start verilib. Layihə çərçivəsində tikinti işlərinə 2007-ci ilin martında başlanılıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin rəsmi açılış mərasimi 2010-cu il dekabrın 28-də keçirilib.

Oğuz-Qəbələ-Bakı su kəmərinin uzunluğu 262,5 kilometr, suburaxma qabiliyyəti saniyədə 5 kubmetr olmaqla özaxımlıdır və şüşəlifli (GRP) borulardan çəkilib. Kəmərin təzyiqi 20 atmosferdən yuxarı olan 55 kilometrlik hissəsi polad borulardan tikilib. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində layihələrin icrasını uğurla davam etdirir. Dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlərin böyük hissəsi yekunlaşıb. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 151 min nəfərin içməli sukanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Ümumiyyətlə, hazırda regionlarda həm əhalinin içməli su ilə təminatı, həm də əkin sahələrinin suvarma sisteminin yenidənqurulması istiqamətində tədbirlər davam etdirilir. Bir neçə fakta diqqət yetirək. Bu günlərdə “Azərsu” ASC-dən bildirilib ki, istehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi üçün Mingəçevir şəhərində yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun birinci mərhələsinin inşası başa çatıb və şəhərə yeni mənbədən içməli suyun verilməsi təmin edilib. Təmizləyici qurğunun ikinci mərhələsinin tikintisi başa çatdıqdan sonra Mingəçevir şəhəri ilə yanaşı, Yevlax şəhəri və ətraf kəndlər də bu mənbədən su alacaq. Layihə çərçivəsində şəhərin içməli su şəbəkəsi üzrə işlərin 80 faizə yaxını icra edilib, tikintisi nəzərdə tutulan 270 kilometr olan şəhərdaxili şəbəkənin 205 kilometrlik hissəsində işlər başa çatdırılıb. Yeni şəbəkədən 15 minə yaxın evə su verilib, 8 minə qədər abonent smart sayğacla təmin olunub.

İstehlakçıları dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Mingəçevir şəhərinin relyef baxımından yüksək ərazisində ümumi tutumu 20 min kubmetr olan anbar kompleksinin, su şəbəkəsinin tikintisisayğaclaşma işləri hazırda davam etdirilir. Şəhər üzrə layihələndirilmiş 234 kilometr kanalizasiya şəbəkəsinin 84 kilometrlik hissəsində işlər yekunlaşıb. Bundan başqa, çirkab suların idarə olunması məqsədilə 3 ədəd kanalizasiya nasos stansiyası tikilərək istifadəyə verilib. Bunun nəticəsində Kür çayına 21 nöqtədən axıdılan çirkab suların qarşısı alınıb.

Mingəçevir şəhərində yaranacaq tullantı sularının Yevlax rayonu ərazisində tikiləcək və məhsuldarlığı sutkada 60 min kubmetr layihələndirilmiş təmizləyici qurğuda zərərsizləşdirilməsi nəzərdə tutulur. Qeyd edək ki, gələcəkdə Yevlax şəhərinin tullantı suları da bu təmizləyici qurğuya ötürüləcək.

Bundan başqa, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən “Ağcabədinin 10 kəndində suvarma sisteminin bərpası” layihəsi başa çatıb. Bu münasibətlə Ağcabədi rayonunun Hindarx qəsəbəsində keçirilən tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər. Mərasimdə çıxış edən səfir Tsuquo Takahaşi həyata keçirilən layihələri Yaponiya-Azərbaycan dostluğunun nümunəsi adlandırıb. O, əminliklə bildirib ki, layihə rayonda kənd təsərrüfatının inkişafına, məhsuldarlığın artmasına töhfə verəcək.

Məlumat verilib ki, “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində indiyədək Azərbaycanın bölgələrində yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi ilə əlaqədar ümumi dəyəri 17 milyon 223 min 886 ABŞ dolları olan 202 layihə üzrə qrant müqaviləsi imzalanıb. Yaponiya hökuməti indiyədək Ağcabədi rayonunda üç layihə həyata keçirib. Bu isə dördüncü layihədir. Diqqətə çatdırılıb ki, yeni layihənin məqsədi Ağcabədinin Hindarx qəsəbəsində, Biləğan, Boyat, Şərəfxanlı, Sərvanlar, Arasbar, Minəxorlu, Hacılar, Qaraxanlı, Köyük kəndlərində suvarma məqsədi ilə istifadə olunan quyuları bərpa edərək, 458 hektar sahədə məhsuldarlığı artırmaqdır. Ümumi məbləği 103 min 44 ABŞ dolları təşkil edən layihədən 285 ailə bəhrələnəcək. Tədbirdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və Milli Məclisin deputatı Aqil Abbas həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildiriblər.

Oğuz rayonunda isə Azərbaycan Prezidentinin ötən ilin dekabrında imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamdan irəli gələn vəzifələr uğurla icra olunur. Həmin Sərəncamda 2015-ci ildə Oğuz rayonunun kəndlərində 6 subartezian quyusunun qazılması nəzərdə tutulub. Rayon icra hakimiyyətindən verilən məlumata görə, subartezian quyularının qazılması işi artıq başa çatdırılıb. Transformatorlar quraşdırıldıqdan və texniki şərtlər alındıqdan sonra quyular əhalinin istifadəsinə veriləcək.

Bu yöndə işlər Tovuz rayonunda da davam etdirilir. Məsələn, xeyli vaxtdır Tovuz rayonunun Əyyublu kəndi ərazisində su kanallarının betonlanmasına start verilib. Su kanalında betonlama işlərinin payızlıq əkinlərin suvarılması dövrünə kimi başa çatdırılması planlaşdırılır. Bunun üçün bütün imkanlar səfərbər edilib. Artıq su kanallarının yaşayış ərazisindən keçən hissəsində işlər başa çatmaq üzrədir. Su kanallarının xətti boyunca keçən yollar da təmir olunur.

Beləliklə, bir daha aydın olur ki, bu gün Azərbaycanda dövlətimizin təhlükəsizliyinin təmin olunması, vətəndaşlarımızın ali maraq və mənafelərinə uyğun addımların atılması istiqamətində çox böyük işlər görülür. Ölkəmizin su təhlükəsizliyinin təmin olunması istiqamətində reallaşdırılan layihələr də bunlar sırasında xüsusi əhəmiyyətə malikdir. Ən sevindirici məqamlardan biri odur ki, Azərbaycan dövləti bu kimi layihələri həyata keçirmək üçün hansısa dövlətə, maliyyə təşkilatına müraciət etmir. Azərbaycan dövlətinin güclü iqtisadi imkanları hesabına görülən bu işlər xalqımızın gələcəyinə xidmət edir. Bu istiqamətdə də dövlətimiz qətiyyətli addımları atır.

 

Nardar BAYRAMLI

 

Yeni Azərbaycan. - 2015.- 22 avqust.- S.6.