Füzuli və Cəbrayıl
rayonlarının işğalından 22 il
ötür
Xalqımız əmindir ki, tezliklə işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək
Avqustun 23-də Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 22 ili tamam olur. Bu rayonların işğalı Ermənistanın ölkəmizə qarşı hərbi təcavüz siyasətinin tərkib hissəsidir. Hər iki rayon strateji əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycanın gözəl guşələridir.
Məlumat üçün bildirək ki, Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayonun əsası 1827-ci ildə qoyulub və ilkin adı Qarabulaq olub. Rayon 8 avqust 1930-cu ildə Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılıb. İşğala qədər Füzuli rayonunun ərazisi 1386 kv.km, əhalisi isə təxminən 105 min nəfər olub. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri olub.
Eyni zamanda, işğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm, dəri və zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektlər var idi.
Qarabağımızın dilbər guşəsi olan Füzuli rayonunun ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılıb, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilib. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal - Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km aralı məsafədə yerləşən Azıx mağarasında tapılıb. Azərbaycan arxeologiya elminin böyük nailiyyəti olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarlayıb.
1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, rayon sakinlərindən 733 nəfəri şəhid olub, 192 nəfər girov götürülüb, 1240 nəfər sağlamlığını itirib əlilə çevrilib. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulililərdən 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
1994-cü ilin yanvarında rayonun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub. Eyni zamanda, işğaldan azad olunmuş ərazidə yeni qəsəbələr salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdiriliblər. Hazırda rayon ərazisinin 682 kvadratkilometri işğal altındadır.
Azərbaycanın dilbər guşələrindən biri olan Cəbrayıl rayonu da 1993-cü il avqustun 23-də işğal edilib. Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülüb. XIX əsrin ikinci yarısında və XX əsrin 50-ci illərində Cəbrayıl kəndinə Qıraxdın da deyilib. Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb, işğaldan əvvəl ərazisi 1050 kv.km, 23 inzibati ərazi nümayəndəliyi olmaqla 1 şəhər, 4 qəsəbə, 92 kənddən ibarət olub.
Cəbrayıl ərazisi onlarla tarixi abidənin məskəninə çevrilib. İşğala qədər rayonda tikiş, xalça, cihazqayırma sexləri, səkkiz sənaye obyekti fəaliyyət göstərirdi. Cəbrayıl milli aşıq-ozan sənətimizin baniləri - Dirili Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərəmin, Aşıq Humayın vətənidir. İşğaldan əvvəl rayonda 72 orta və natamam məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana, 3 daimi, 4 səyyar kino qurğusu fəaliyyət göstərirdi. Zəngin eksponatları olan tarix-diyarşünaslıq muzeyi vardı. Əhaliyə 210 çarpayılıq mərkəzi xəstəxana və ümumi çarpayı sayı 245 yer olan kənd xəstəxanaları, Dağ Tumas, Quycaq, Balyand kəndlərində 11 həkim, 52 feldşer-mama məntəqəsi xidmət göstərirdi. Əsas məşğuliyyət isə əkinçilik və maldarlıq olub.
1988-ci ildən başlayaraq Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı siyasət Cəbrayıldan da yan ötməyib. Belə ki, 1990-cı ildən 1993-cü il avqustun 23-nə kimi rayon camaatı köməksiz şəkildə erməni silahlıları ilə üz-üzə durmaq məcburiyyətində qalmışdı. İşğal edilmiş digər ərazilər kimi Cəbrayıl rayonu da həmin illərdə böyük köməyə ehtiyac duyurdu. Hərbi taktika, strategiya, vahid komanda altında birləşmə, irəliləmə yox idi, paytaxtdakı kreslo savaşı, hakimiyyətdə olan AXC-“Müsavat” cütlüyünün iradəsizliyi və səriştəsizliyi cəbrayıllıları da Allahın ümidinə qoymuşdu. Demək olar, rayon böyük bir müddətdə, sadəcə, öz gücü ilə müdafiə olunmağa çalışdı. Çətinliklərə baxmayaraq, sərhəddə ermənilərə qarşı müdafiə xətləri yaradılmışdı. Şaqay yüksəkliyi alınmış və orada mövqe tutulmuşdu. Yeddi ay həmin yüksəkliyin hesabına rayona əhali özü nəzarət etdi. Şaqay yüksəkliyi itirildikdən sonra bununla da Cəbrayılın başı üstünü qara buludlar aldı. Rayonun işğalı həmin yüksəklik verilən gündən başladı.
Rayon əhalisindən döyüşlərdə 180, atəşkəs dövründə isə 6 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın şəxs Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər isə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Cəbrayılın işğalı nəticəsində Azərbaycan iqtisadiyyatına dəyən ziyan 3 milyard dollardan çox olub. Aparılan hesablamalara görə, işğal altında 14 mindən çox daşınmaz əmlak qalıb.
Hazırda rayon əhalisi respublikanın 56 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhalinin böyük bir qismi Bakı şəhəri, Bakıətrafı qəsəbələrdə, bundan başqa, Abşeron rayonunda, Sumqayıt şəhərində, Biləsuvar rayonu ərazisində yeni salınmış qəsəbələrdə, digər şəhər və rayonlarda yaşayır.
Yeri gəlmişkən, Ermənistan tərəfindən işğal edilmiş digər rayonlarımızın sakinləri kimi, Cəbrayıl və Füzulidən olan məcburi köçkünlər də hər zaman yüksək dövlət qayğısı ilə əhatə olunublar. Belə ki, Ümummilli lider Heydər Əliyevin 13 may 2002-ci il tarixli Fərmanına əsasən cəbrayıllı məcburi köçkünlər üçün 2003-cü ildə Biləsuvar rayonu ərazisində 2598 evdən ibarət 6 qəsəbə, həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq həmin ərazidə əlavə yeni qəsəbələr salınıb, hazırda bu qəsəbələrdə minlərlə cəbrayıllı məcburi köçkün yaşayır.
Eyni zamanda, Ümummilli liderimizin tapşırığına əsasən 1996-cı ildən etibarən Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılıb. Bu dövrdə məcburi köçkünlər üçün 16 qəsəbə salınıb, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri, evlər yenidən tikilib və bərpa olunub, rayonun qazlaşdırılmasına başlanılıb, Horadiz qəsəbəsinə şəhər statusu verilib. Həmçinin, son 10 ildə Prezident İlham Əliyev Füzuliyə 4 dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 4 Sərəncam imzalayıb.
Füzuli və Cəbrayıl sakinləri,
bütövlükdə xalqımız əmindir ki, Prezident İlham
Əliyevin məqsədyönlü siyasəti nəticəsində
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ölkəmizin milli mənafeyinə
uyğun həll olunacaq,
işğal altındakı bütün ərazilərimiz düşmən
tapdağından azad ediləcək.
PƏRVİZ
Yeni Azərbaycan. - 2015.- 22 avqust.-
S.6.