Bu ilin ilk altı ayı ərzində də Azərbaycan
dinamik inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub
Bəhs edilən
müddətdə paytaxt Bakı ilə
yanaşı, regionlarda da
quruculuq, abadlıq, tikinti
işləri davam etdirilib
Məlum olduğu kimi, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, son 12 ildə ölkəmizin iqtisadi göstəricilərinin artması davam edib. İyulun 13-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu məqama toxunulub. Daha doğrusu, dövlət başçısı iclasdakı nitqində bildirib ki, bu ilin ilk altı ayı ərzində Azərbaycan dinamik inkişaf edib, qarşıda duran bütün vəzifələr icra edilib. Ümumdaxili məhsul 5,7 faiz, qeyri-neft sektoru isə 9,2 faiz artıb. Təbii ki, bu uğurlardan ölkənin hər bir bölgəsinə, həmçinin, Yevlağa da pay düşüb.
Bu barədə konkret faktlara keçməzdən öncə vurğulamaq yerinə düşər ki, hazırda bütün dünyada nümunə kimi göstərilən inkişafın Azərbaycan modelinin ən səciyyəvi cəhətlərindən biri ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Son 12 ildə ölkədə iqtisadi potensialın artması, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsi, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşması və digər parametrlər baxımından paytaxt Bakı və digər iri şəhərlərlə regionlar arasındakı fərq, demək olar ki, tam aradan qalxıb. Respublikamızda dövlət başçısı tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən siyasət sayəsində iqtisadi potensialın yalnız paytaxtda və yaxud bir neçə regionda cəmləşdirilməsinin qarşısı alınaraq bütün ölkə boyu inkişaf təmin edilib, ayrı-ayrı bölgələr tarixən formalaşan ənənələrinə, əmək ehtiyatlarına uyğun olaraq respublikanın ümumi tərəqqisi prosesinə qoşulub. Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı çıxışında Dövlət proqramlarının regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının artmasında böyük rol oynadığını bildirib.
Beləliklə, verilən məlumatlara görə, bu ilin ilk yarısında Yevlaxda quruculuq, abadlıq, tikinti işlərinin aparılması davam etdirilib, infrastrukturun yaxşılaşdırılması, sakinləri narahat edən çətinliklərin, problemlərin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılıb. Məhz həyata keçirilən məqsədyönlü işlərin nəticəsində 2015-ci ilin birinci yarısında Yevlax rayonunda ümumi daxili məhsulun (ÜDM) həcmi 247,8 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 18,7 milyon manat və yaxud 8,1 faiz çoxdur. ÜDM-in 8,3 milyon manatı sənaye, 43,9 milyon manatı kənd təsərrüfatı, 19,4 milyon manatı tikinti, 143,9 milyon manatı ticarət, 2,7 milyon manatı nəqliyyat, 0,7 milyon manatı rabitə, 28,9 milyon manatı digər xidmətlərin payına düşür. Adambaşına 1979,8 manat ÜDM istehsal olunub ki, bu da 2014-cü ilin birinci yarısına nisbətən 131,3 manat və yaxud 7,1 faiz çoxdur. Ümumi daxili məhsulun 98,5 faizi qeyri-dövlət sektorunda istehsal olunub və eyni zamanda, ÜDM artımı əsasən məhsul istehsalının, tikinti işlərinin və xidmətlərin həcminin artması hesabına olub.
Rayon üzrə orta aylıq əməkhaqqı 230,7 manat təşkil edib.
Ötən ilin eyni
dövrünə nisbətən orta
aylıq əməkhaqqı 8,5 manat
artıb. 2015-ci ilin ilk altı ayında əhalinin
pul gəliri 136,3 milyon manat olub.
Bu isə 2014-cü ilin
altı ayına nisbətən 8,3 milyon manat və
yaxud 6,5 faiz çoxdur. Adambaşına
(hər nəfərə)
pul gəlirləri
1088,9 manat olub ki, bu
da 2014-cü ilin altı ayına nisbətən 56,7 manat və ya 5,5 faiz çoxdur.
Ticarət və xidmət
sahəsindəki mövcud
vəziyyətə gəlincə,
cari ilin ilk altı ayı ərzində pərakəndə
əmtəə dövriyyəsi
və pullu xidmətlərin ümumi həcmi 143,9 milyon manat təşkil
edib, nəticədə
bu göstərici
2014-cü ilin eyni dövründəkindən 17,4 milyon
manat, yaxud 13,8 faiz çox olub. Eyni zamanda, əhaliyə
göstərilən ticarət,
ictimai-iaşə və
digər xidmətlərin
keyfiyyətinin yüksəldilməsi
məqsədi ilə əlavə 30 ədəd
nümunəvi xidmət
obyekti tikilib istifadəyə verilib.
Əlamətdar haldır ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları hər bölgənin özünəməxsus
xüsusiyyətləri, həmin
bölgələrdə yaşayan
insanların təklifləri
nəzərə alınmaqla
hazırlanıb. Hər bir proqram üzrə qarşıya
real vəziyyət nəzərə
alınmaqla konkret hədəflər qoyulub və onlara çatmaq üçün
bütün imkanlar səfərbər edilir.
Prezident İlham Əliyevin vurğuladığı kimi,
yerlərdən gələn
təkliflər və
arzular ümumiləşdirilib,
proqram halına salınıb, maliyyə resursları təşkil edilib. Hər il dövlət
büdcəsi qəbul
edilərkən proqramın
icrası, investisiya qoyuluşu nəzərdə
tutulur. Beləliklə, bu proqramlar
konkret xarakter daşıyır.
Təbii ki, bu baxımdan
Yevlaxda da müvafiq addımlar atılıb. Məsələn, bəhs edilən
dövrdə tikinti-quruculuq
və abadlıq işləri də uğurla davam etdirilib. Belə ki, Azərbaycan
Beynəlxalq Bankının
Yevlax filialının
binası istifadəyə
verilib, Aran qəsəbəsindən keçən
Bakı-Ələt-Qazax avtomobil
yolunun kənarında
qala divarlarının
və bürclərin
tikintisi başa çatdırılıb, “Sahil”
istirahət kompleksində
yenidənqurma işləri
davam etdirilib. Yuxarı Qarxun, Gülövşə, Yuxarı
Salamabad, Aşağı
Salamabad, Əcəmi,
Ərəş kəndləri
qazlaşdırılıb. Şəhərdə və rayon ərazisindən
keçən avtomobil
yollarının kənarlarında
geniş yaşıllaşdırma
işləri aparılıb,
104 mindən çox müxtəlif ağac, qızılgül kolu əkilib. Hazırda Kür çayı sahilində beşulduzlu hotelin, rayon polis şöbəsinin,
İqtisadiyyat və Sənaye Nazirliyinin Aran Regional İnkişaf Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin
Yevlax rayon idarəsinin,
təhsil şöbəsinin,
11 saylı Ərazi Vergilər Departamentinin,
100 yerlik uşaq bağçasının binalarının
tikintisi davam etdirilir.
Yeri gəlmişkən,
son illərdə Azərbaycanın
regionlarının məqsədyönlü
şəkildə inkişaf
etdirilməsindən söhbət
açarkən bölgələrdə
yüksək səviyyədə
reallaşdırılan infrastruktur
layihələrini xüsusi
qeyd etmək lazımdır. Son 12 il
ərzində regionların
sosial-iqtisadi inkişafı
ilə bağlı Dövlət proqramlarının
uğurla icra edilməsi nəticəsində
respublikanın bölgələrinin
elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş
yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın
elektrik enerjisi sistemində 23 yeni elektrik stansiyası istismara buraxılıb, 10
min kilometrdən çox
yeni elektrik xətləri çəkilib,
1500-dən çox yarımstansiya
inşa edilib və yaxud yenidən
qurulub. 2015-ci ilin yarım ilində əhalinin içməli su ilə təmin olunması diqqət mərkəzində olmuş,
artezian və subartezianların, kanalizasiya
nasos stansiyalarının
istismarı nəzarətdə
saxlanılıb. Əhalinin içməli
su ilə təminatında və çirkab, yağış
sularının şəhərdən
kənarlaşdırılmasında problemlər olmayıb.
Məhz bu kontekstdə 2015-ci ilin ilk altı ayı ərzində Yevlaxda da əhalinin
və istehsalat sahələrinin fasiləsiz
və dayanıqlı
elektrik enerjisi ilə təmin olunması həyata keçirilib. Yarım il ərzində
elektrik verilişi hava xətlərinin 610 ədəd ağac dayağı metal və dəmir-beton dayaqlarla əvəz edilib. 15 km SİB kabellər çəkilib, 15 km naqil dəyişdirilib. 9 ədəd yeni transformator məntəqəsi
quraşdırılıb, 11 ədəd zədələnmiş
transformator yenisi ilə əvəz edilib.
2015-ci ilin birinci yarım
ilində rayonun kənd yaşayış məntəqələrinin qazlaşdırılması
işləri də davam etdirilib və Yuxarı Qarxun, Gülövşə,
Yuxarı Salamabad, Aşağı Salamabad, Əcəmi, Ərəş
kəndlərinin qazlaşması
başa çatdırılıb.
Hazırda Havarlı, Quşçu kəndlərinin
qazlaşdırılması işləri davam etdirilir. Şəhərdə
və rayonun kənd yaşayış məntəqələrində 24,6 milyon kubmetr
təbii qaz istehlak olunub.
Məlum olduğu kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda bəhs olunan iclasındakı yekun nitqində sahibkarların işinə müdaxilənin
yolverilməz olduğunu
qeyd edib. Öz növbəsində,
dövlət başçısının
müvafiq tövsiyə
və tapşırıqlarına
uyğun olaraq bu ilin ilk yarısında
Yevlaxda da sahibkarlığın inkişafı,
sahibkarlara diqqət və qayğı göstərilməsi istiqamətində
tədbirlər davam etdirilib.
Məlumat üçün bildirək
ki, rayonda 8 bank filialı fəaliyyət göstərir və
2015-ci ilin ilk altı ayında rayonda fəaliyyət göstərən
bank filialları tərəfindən
5840 vətəndaşa, iş
adamlarına, sahibkarlara
14 milyon 335,3 min manat kredit verilib, əhalidən 8 milyon 546
min manat əmanət qəbul edilib. 2015-ci ilin birinci yarısında
şəhərin büdcə
gəlirləri 6 milyon
609,7 min manat, xərcləri
10 milyon 844,9 min manat olub. Eyni zamanda,
bu ilin ilk altı ayında 587 iş yeri açılıb
ki, onlardan da 314-ü daimidir. Ümumilikdə isə
2004-2015-ci illərdə rayonda
17708 iş yeri yaradılıb ki, onlardan 11110-u daimi iş yeridir.
Bir sözlə, göründüyü
kimi, Prezident İlham Əliyevin 17 fevral 2014-cü il
tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı” hər yerdə olduğu kimi, Yevlaxda da uğurla icra olunur. Hər halda
hazırda şəhərdə
tikinti, abadlıq, quruculuq işlərinin davam etməsi deyilənlərin əyani
təsdiqidir.
Nadir AZƏRİ
Yeni Azərbaycan. - 2015.- 26 avqust.-
S.8.