Azərbaycanın regionlarında turizmin geniş inkişaf potensialı var
Son bir neçə ildə dünyada və Avropa ölkələrində turistlərin
sayında cəmi 5 faiz artım müşahidə edilmişdirsə,
Azərbaycana turist axınının artım
dinamikası 10 faiz səviyyəsində olub
Ölkəmizdə 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramının müvəffəqiyyətlə
tamamlanması və hazırda 2014-2018-ci illəri
əhatə edən növbəti Dövlət
Proqramının da icrasının uğurla təmin olunması Azərbaycanın bölgələrinin
simasını tamam dəyişib. Son 12 ildə Dövlət proqramlarının
uğurla yerinə yetirilməsi nəticəsində
regionlarda ümumi məhsul buraxılışı
3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin
gəlirləri 6,3, orta
aylıq əməkhaqqı
7,3, regionlardan vergi ödənişləri 14,2 dəfə
artıb. Sevindirici haldır ki,
artıq 5 şəhər
və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.
Ölkəmizin zəngin turizm potensialı regionların inkişafına güclü
təkan verir
Ölkəmizdə regionların inkişafına
güclü təkan verən sahələrdən
biri də turizm sektorudur. Dünyanın
ayrı-ayrı ölkələrinin
iqtisadiyyatında mühüm
yer tutan turizmin Azərbaycanda da geniş inkişaf
perspektivləri var. Dövlət
başçısının “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında
vurğuladığı kimi,
Azərbaycanda turizmin inkişafı sürətlə
gedir, yeni otellər, beynəlxalq səviyyəli istirahət
zonaları açılır.
Son illərdə ölkəmizin
uğurlu sosial-iqtisadi
inkişafı, möhkəm
daxili sabitlik respublikamıza turist axınını şərtləndirən
əsas amillərdəndir. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və
fauna növlərinin müxtəlifliyi,
Xəzər dənizi,
infrastruktur təminatının
yaxşılaşdırılması ölkəmizin turizm imkanlarını daha da artırır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı
ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi
bu sahənin daha da inkişaf
etdirilməsinə güclü
təkan verib. Əlamətdar haldır ki,
ölkəmizdə turizmin
müxtəlif növlərini,
o cümlədən, biznes,
istirahət, sağlamlıq,
idman turizmlərini inkişaf etdirmək üçün hər cür imkan var.
Eyni zamanda, Azərbaycanın zəngin
turizm potensialı paytaxt Bakı ilə yanaşı, ölkənin bütün
bölgələrində cəmləşib. Prezident İlham
Əliyevin yuxarıda
haqqında bəhs olunan konfransdakı çıxışında vurğuladığı
kimi, bizdə turizm potensialı şimal, şimal-qərb,
cənub və qərb bölgələrində,
əlbəttə ki, Bakı şəhərində
inkişaf edir.
Ölkəmizdə turizm sahəsində dövlət siyasətində
hər bölgənin
turizm sahəsində potensialı və ənənələri əsas
götürülməklə müvafiq infrastruktur qurulmasına diqqət yetirilir. Başqa sözlə desək,
ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır.
Qısa müddətdə Azərbaycanın
bütün turist marşrutları üzrə
mükəmməl infrastruktur
şəbəkəsi yaradılması
və müasir turistyerləşdirmə obyektlərinin
istifadəyə verilməsi
bunun təsdiqidir.
Qısa
müddətdə Azərbaycan
turizmin yüksək səviyyədə inkişaf
etdiyi ölkələr
səviyyəsinə yüksəlib
Qısa
müstəqillik tarixində
Azərbaycan dövləti
ölkəmizdə turizmin
inkişafına nail olmaq
üçün güclü
siyasi iradə nümayiş etdirərək
bir sıra təşkilati tədbirlər
həyata keçirib,
həmçinin, respublikamızda
turizmin inkişafını
stimullaşdıran qanunvericilik
bazası yaradılıb.
Belə ki, Milli Məclis
1999-cu ildə “Turizm haqqında” ayrıca qanun qəbul edib. Ulu öndər Heydər Əliyevin 2002-ci il
27 avqust tarixli müvafiq Sərəncamı
ilə respublikamızda
2002-2005-ci illərdə turizmin
inkişafına dair ayrıca Dövlət Proqramı təsdiq olunub. “2009-2018-ci illərdə
Azərbaycan Respublikasında
kurortların inkişafı
üzrə Dövlət
Proqramı” respublikamızda
istifadəsiz qalan turizm-kurort obyektlərinin bərpasına və yenilərinin yaradılmasına
təkan verib. Azərbaycanda turizmin inkişafı
ilə bağlı
2010-2014-cü illəri əhatə
edən Dövlət Proqramının uğurla
icra olunması nəticəsində respublikamızda
turizm sənayesi yeni mərhələyə
qədəm qoyub.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasına gələn
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
viza rəsmiləşdirilməsi
sahəsində təxirəsalınmaz
tədbirlər haqqında”
2012-ci il 30 noyabr tarixli Sərəncamı respublikamıza
turistlərin gəlib-getmələrini
asanlaşdırmaqla ölkəmizin
turist cəlbediciliyini
əhəmiyyətli dərəcədə
artırıb. Belə ki,
bu sənədə əsasən onlayn viza sisteminin tətbiqi ilə Azərbaycana gəlmək
istəyən əcnəbilər
vizaları elektron qaydada əldə edə bilirlər. Bu sistem sənədləşmənin
daha asan aparılmasına və vaxta qənaət edilməsinə şərait
yaradır.
Ölkəmizdə turizmin inkişafı ilə bağlı həyata keçirilən
təşkilati tədbirlər,
bu sahədə qanunvericilik bazasının
müasir dünya standartları nəzərə
alınmaqla təkmilləşdirilməsi
Azərbaycanı nəinki
regionda, hətta dünya miqyasında turizmin sürətlə inkişaf etdiyi ölkələrdən biri
səviyyəsinə yüksəldib. Ölkəmizdə
həyata keçirilən
uğurlu turizm siyasətinin nəticəsidir
ki, Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatının
(UNWTO) 2013-cü il
24-29 avqust tarixində
keçirilən XX Baş
Assambleyasında qurumun
İcraiyyə Şurasına
üzv qəbul olunub. Bu uğur
Azərbaycanın özünü
turizm ölkəsi kimi təsdiqləməsinin,
qlobal miqyasda respublikamızın turizm reytinqinin artmasının ifadəsidir.
Hazırda Azərbaycan turizm sahəsində geniş beynəlxalq əlaqələr
qurub. Belə ki, respublikamızla turizm sahəsində inkişaf etmiş 21 ölkə arasında “Turizm sahəsində əməkdaşlıq haqqında”
hökumətlərarası saziş imzalanıb, 29 ölkə ilə isə saziş layihəsi hazırlanıb.
Respublikamızın turizm təşkilatları
Dünya Turizm Təşkilatının tədbirlərində
yaxından iştirak edir. Ötən il 2-si otel,
16-sı turizm şirkəti
olmaqla ölkəmizi təmsil edən 18 turizm müəssisəsi
DTT-nin assosiativ üzvləri sırasına
daxil olub. Bu isə öz
növbəsində DTT-yə
üzv ölkələrdə
respublikamızın tanınmasına
və turizm potensialının təbliğinə
geniş imkanlar açır.
Yüksək dövlət qayğısı
sayəsində ölkəmizdə
turizmin qeyri-neft sektorunun mühüm istiqamətlərindən biri
kimi sürətlə
inkişaf etməsi
2002-ci ildən bəri
respublikamızda təşkil
olunan Azərbaycan Beynəlxalq turizm və səyahətlər
sərgisinə marağın
ildən-ilə artması
da təsdiqləyir. Əgər 2002-ci ildə sərgiyə cəmi 14 ölkə qatılmışdısa, 2014-cü ildə təşkil olunan sərgidə iştirak edən ölkələrin sayı
38-ə çatıb. Ümumilikdə, bu ölkələrdən “AITF-2014” XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində
351 şirkət və
təşkilat öz xidmətlərini təqdim
edib. Respublikamızın turist cəlbediciliyinin
yüksəlməsi ölkəmizə
gələn turistlərin
sayının artmasında
da öz əksini tapır. Belə ki, son bir neçə ildə dünyada və Avropa ölkələrində turistlərin
gəlməsində cəmi
5 faiz artım müşahidə edilmişdirsə,
Azərbaycana turist axınının artım
dinamikası 10 faiz səviyyəsində olub.
Azərbaycanın regionlarında bütün
turist marşrutları
üzrə mükəmməl
turistyerləşdirmə obyektləri
yaradılıb
Son illərdə Azərbaycanın ayrı-ayrı regionlarında turist marşrutları üzərində beynəlxalq səviyyəli turizm mərkəzlərinin yaradılması ölkəmizin turizm reytinqinin yüksəlməsində mühüm rol oynayıb. “Şahdağ” qış-yay turizm kompleksi məhz belə yüksək səviyyəli turizm obyektlərindən biridir. “Şahdağ” qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən başlanılıb. Həmin il keçirilən tenderdə dünyanın aparıcı şirkətləri qalib gəlib. Bu kompleksin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. O vaxtdan görülən işlər nəticəsində “Şahdağ” qış-yay turizm kompleksinə çəkilən avtomobil yolu genişləndirilib, körpülər tikilib, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilib. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır.
“Şahdağ” qış-yay turizm kompleksi Azərbaycanda ilk dağ-xizək kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılır. Bu möhtəşəm obyektin inşasını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev dəfələrlə əraziyə gələrək tikintinin gedişi ilə tanış olub, bir neçə obyektin və otelin açılışında iştirak edib. Dövlət başçısı cari ilin yanvar ayında “Şahdağ” qış-yay turizm kompleksində daha bir yeni turizm obyektinin - “Park Chalet” otelinin açılışına qatılıb.
Başqa bir beynəlxalq səviyyəli turizm mərkəzi - “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi son 3 ildə Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda yaradılır. Bu iri kompleksin inşası göstərir ki, Azərbaycanda turizmin inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir. Layihə çərçivəsində indiyədək “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksində nəhəng infrastruktur yaradılıb, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülüb. Ərazidə insanların rahat istirahəti üçün hər cür şəraitə malik infrastrukturun, o cümlədən, mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər davam etdirilir. Xizək kompleksinə yaxın ərazidə “Qolf resort” idman və istirahət mərkəzinin tikintisi də nəzərdə tutulub. Kompleksin birinci mərhələsinin açılışı ötən ilin yanvarında dövlət başçısının iştirakı ilə reallaşdırılıb. Kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xətti tam inşa olunub, on xizək yolundan beşində inşaat işləri başa çatdırılıb. Digər işlər isə mərhələli şəkildə həyata keçirilir. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılıb. Ümumiyyətlə, bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, otel və digər xidmətlərdən istifadə etməyə imkanlar verir.
Ölkənin regionlarında
müxtəlif turist marşrutları
üzrə geniş infrastruktur
qurulmasından söhbət açarkən dünya
miqyasında məşhur brend otellərin
tikintisini də ayrıca vurğulamaq
gərəkdir. Ölkəmizdə mehmanxana
və mehmanxana tipli
obyektlərin sayı isə 2003-cü illə müqayisədə
5,4 dəfə artaraq 516-ya çatıb
ki, onların da böyük əksəriyyəti regionlarda yerləşir.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan. - 2015.- 27 avqust.-
S.8.