Azərbaycan qadınları
ölkəmizin ictimai-siyasi həyatında
fəal iştirak edirlər
YAP Qadınlar
Şurasının yaradılmasının 20 illik
yubileyinə həsr olunmuş “Uğurdan-uğura 20 il”
adlı tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının yaradılmasının 20 illik yubileyinə həsr olunmuş “Uğurdan-uğura 20 il” adlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək Ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub.
Tədbirin aparıcısı, YAP Gənclər Birliyi ofisinin koordinatoru Fərid Nəsibov Azərbaycan qadınlarının ölkəmizdə bütün sahələrin inkişafında fəal iştirak etdiyini bildirib.
YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva çıxış edərək təşkilatın ötən dövr ərzindəki fəaliyyəti haqqında geniş məlumat verib. Yubiley münasibətilə təbrik iştirakçılarını təbrik edən N.Əliyeva qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir. O bildirib ki, Azərbaycan qadınları bu gün dünya qadınlarının qabaqcıl dəstəsi ilə bir sırada addımlayır, qurub yaradırlar. Çünki bu gün ölkəmizdə Azərbaycan qadınları üçün tariximizin heç bir mərhələsində görünməmiş imkan - qurub-yaratmaq, idarə etmək, özünü sübuta yetirmək imkanı yaranıb: “Müstəqil Azərbaycanın gündən-günə tərəqqi etməsi, iqtisadi inkişafın vüsət alması, ölkəmizin dünyanın sivil ölkələri sırasında mühüm yer tutması, milli-mədəni irsimizin dünyaya çatdırılması, təhsilə yeni yanaşmanın təşəkkülü, səhiyyəmizin inkişafı bizim gözümüz önündə baş verir. Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə dövlət rəhbərliyinə qayıdışından sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib”.
N.Əliyeva deyib ki, Azərbaycan qadını bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına birinci xanım ənənələrini də gətirib: “Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansı əyyamında isə unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. O həm rəsmi bir şəxs, həm Azərbaycanın zadəgan dəyərlərinin davamçısı, həm də ən böyük xeyriyyəçi kimi bütün layihələrində müqəddəs analığın xidmətindədir. Mehriban xanımın fəaliyyəti nəticəsində ölkədə xeyriyyəçilik bir hərəkata çevrilib: uşaq evləri, məktəblər cəmiyyətin diqqət mərkəzinə keçib. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi hər bir vətəndaşın arzusunun reallaşmasının ifadəsidir”.
YAP-ın cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsi olduğunu deyən N.Əliyevanın sözlərinə görə, bunun əsas səbəbi qazanılmış uğurlar və YAP-ın sıralarındakı minlərlə məsləkli, əqidəli insanlardır: “Bizim, doğrudan da, geniş potensialımız var. Bəlkə, elə buna görə də yaşadığı zamanın və məkanın xarakterindən asılı olmayaraq qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan qadını gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istəyib. Öz fəaliyyəti dövründə Ulu öndər, partiyamızın qurucusu Heydər Əliyev Azərbaycan qadınına böyük hörmətlə yanaşıb, onun cəmiyyətdə layiqli yer tutmasına çalışıb, bu zərif zümrənin YAP-ın həyatında da fəal iştirakını təmin edib”.
N.Əliyeva deyib ki, Yeni Azərbaycan Partiyasının tərkibi partiyamızın ölkədə həm kəmiyyət, həm də keyfiyyət etibarilə qüdrətli bir siyasi qüvvə olduğunu təsdiq edir. Onun sözlərinə görə, 660 min nəfərdən çox üzvü olan partiyamızda qadınların təmsilçiliyi təxminən 50 faizdir.
Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova da yubiley münasibətilə tədbir iştirakçılarını təbrik edib. Onun sözlərinə görə, bu illər ərzində qürur duyduğumuz uğurlu addımların sayı daha da artıb: “Azərbaycan qadınları fəaliyyət göstərdikləri sahələrdə fədakarlıqla çalışıb, dövlət quruculuğu prosesinə layiqli töhfələr veriblər. Son zamanlar YAP sıralarına çox fəal qadınlar daxil olurlar. YAP Qadınlar Şurasının müsbət işlərinin nəticəsidir ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin ideyaları geniş təbliğ edilir və sağlam düşüncəli qadınlar partiya sıralarına cəlb olunurlar”.
B.Muradova deyib ki, YAP yarandığı ilk gündən onun sıralarında qadınlarımız da olub. YAP-ın inkişafının bütün mərhələlərində xanımlarımız öndə olublar. Bütün çətin anlarda onlar sınaqlardan üzüağ çıxıb, öz üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetiriblər. “Biz YAP-ın sıralarında birləşməklə dövlətçiliyin xidmətində dayanmışıq. Bu nümunə həmişə qeyd olunmaqdadır. YAP qədər qadın amilinə yüksək dəyər verən ikinci siyasi təşkilat yoxdur. Ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevə minnətdarıq və hesab edirik ki, Azərbaycan qadınları qarşılarında duran vəzifələri yerinə yetirmək üçün çox böyük imkanlara malikdirlər. Prezident İlham Əliyevin səyləri nəticəsində bu imkanlar daha da genişlənməkdədir”, - deyə vitse-spiker vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova Azərbaycan qadınının fəaliyyətinin partiyaya uğurlar gətirdiyini qeyd edərək deyib ki, YAP bu baxımdan da digər partiyalara örnəkdir. Onun sözlərinə görə, hazırda Azərbaycanın ictimai həyatının bütün sahələrində qadınların sayı və rolu getdikcə artır. H.Hüseynova bildirib ki, rayon və şəhər icra hakimiyyətlərinin müavinlərindən birinin qadın təyin edilməsi onların dövlət idarəçiliyinə geniş cəlb olunmasından xəbər verir: “Bu, Azərbaycan Prezidentinin qadınlara yüksək qayğısının və etimadının daha bir göstəricisidir”.
Ümummilli lider Heydər Əliyevin qadınlara həmişə böyük diqqət və qayğı göstərdiyini xatırladan H.Hüseynova məhz Ulu öndər tərəfindən 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalandığını, Prezidentin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını, Azərbaycan qadınlarının I qurultayının keçirildiyini diqqətə çatdırıb. Komitə sədri qeyd edib ki, bu gün Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirir. “Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın fəaliyyəti qadınlarımız üçün böyük örnəkdir. Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə Azərbaycan qadın hərəkatının tarixində yeni mərhələ açıb”, - deyə H.Hüseynova vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxışında qeyd edib ki, qadınlar partiyamızın fəaliyyətində yaxından iştirak edirlər. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin irsi zəngin tarixi mənbədir, biz bu sərvəti qoruyub saxlamalıyıq. Ü.Həmzəyeva Naxçıvan Muxtar Respublikasında da qadınların idarəetmədə, ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini diqqətə çatdırıb. O, muxtar respublikada qadınların YAP tərkibində xüsusi yer tutduğunu qeyd edib.
YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə qadınların cəmiyyətdə yeri və rolu barədə danışarkən bildirib ki, Azərbaycan qadınları tarixin hər bir mərhələsində ağır, məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəliblər. Onun sözlərinə görə, dövlətimizin keçdiyi bütün inkişaf yollarında Azərbaycan qadınlarının böyük rolu olub. O vurğulayıb ki, bu gün hər bir Azərbaycan vətəndaşı, o cümlədən, qadınlarımız ölkəmizə Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərlik etməsindən qürur duyurlar.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov 20 illik yubiley münasibətilə YAP Qadınlar Şurasının üzvlərini təbrik edib. Əli Əhmədov bildirib ki, 20 il əvvəl YAP Qadınlar Şurasının yaradılması Azərbaycanın müasir tarixində əlamətdar hadisədir: “YAP Qadınlar Şurasının yaradılması Ümummilli lider Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi müdrik siyasətin tərkib hissəsi olmaqla, ölkəmizi bütün dünyaya müasir, sivil imicdə təqdim etmək niyyətindən irəli gəlirdi. Təbii ki, bunun başqa məqamlarını da qeyd etmək olar. YAP Qadınlar Şurasının yaranması həmçinin ölkəmizdə nüfuzu getdikcə artan partiyamızın sosial bazasının daha da möhkəmləndirilməsi ilə əlaqədar idi. Həqiqətən, Heydər Əliyevin həyata keçirdiyi siyasəti, Onun rəhbərliyi altında yaradılan YAP-ı Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti kimi, qadınlarımız da birmənalı şəkildə dəstəkləyir, bu partiyanın sıralarında olmağa can atır, onun sıralarında fəaliyyət göstərmək istəklərini açıq şəkildə bildirirdilər. Bununla əlaqədar olaraq, təbii ki, YAP-ın Qadınlar Şurasının yaradılması ehtiyacı obyektiv olaraq gündəmə gəlmişdi. YAP Qadınlar Şurasının yaranmasının bir məqsədi də Azərbaycan qadınlarının ictimai-siyasi həyatda iştirakının genişlənməsi ilə əlaqədardır. Bütün ölkə ictimaiyyəti, daha çox toplumun qadın hissəsi aydın dərk edir ki, YAP-ın vasitəsilə çoxlu sayda qadınlarımız ölkəmizin ictimai-siyasi proseslərində yaxından iştirak ediblər, Heydər Əliyev siyasətinin reallaşmasında böyük töhfələrini vermək imkanı qazanıblar. Beləliklə, tarix atılan bu addımın nə qədər doğru olduğunu 20 il ərzində sübuta yetirib”.
Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının özünün keçdiyi şərəfli yol kimi onun Qadınlar Şurası da şərəfli, zəngin hadisələrlə dolu olan yol keçibdir. Təbii ki, Qadınlar Şurasının 20 illik şərəfli yolu YAP-ın tarixinin şərəfli bir parçasıdır. Onun fikrincə, yəqin ki, Qadınlar Şurası yaranmasaydı, qadınların YAP-ın fəaliyyətində iştirakçılığı olmasaydı, YAP-ı bu gün bizim gözlərimizin önündə canlanan güclü partiya kimi təsəvvür etmək mümkün olmazdı. “Bu mənada Ulu öndər Heydər Əliyevin atdığı addımın nə qədər özünü doğrultduğu hər birimizə aydındır. Bu gün Azərbaycanın qadınları təkcə YAP-ın sıralarında deyil, bütövlükdə ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Bu, Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə əlaqədardır. Bu bizi sevindirir ki, Azərbaycan qadınları bütün sferalarda kişilərlə birlikdə çalışırlar, öz qabiliyyət və bacarıqlarını ölkəmizin inkişafı naminə təqdim edirlər və ölkəmizin inkişafına böyük töhfələr verirlər. Güman edirəm ki, YAP Qadınlar Şurasının bu istiqamətdəki fəaliyyəti təqdirəlayiqdir və bundan sonra da ölkəmizin inkişafında YAP-la yanaşı onun Qadınlar Şurasının rolu və əhəmiyyəti getdikcə artacaq. Keçdiyimiz yol kifayət qədər şərəfli, hadisələrlə zəngin olan yoldur. Bununla yanaşı, qarşımızda da daha möhtəşəm və əzəmətli yol, daha məsuliyyətli vəzifələr dayanır. O cümlədən, YAP Qadınlar Şurasının üzvlərinin də üzərinə düşən vəzifələr var. YAP olaraq biz Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsini arzulayırıq. YAP-ın özünün nüfuzunun daha da güclənməsində də qadınların rolunu artırmağa ehtiyac var. Partiyamızın qadın üzvlərinin sayı kifayət qədərdir, onlar YAP üzvlərinin 40 faizdən çoxunu təşkil edirlər. Bu, qadınların partiyamızda nə qədər geniş təmsilçiliyini sübut edir. Amma partiyada təmsilçiliyi yalnız statistika ilə deyil, onların daha çox ictimai-siyasi həyatda yaxından iştirakı vasitəsilə sübut etməliyik. Qadınların ölkəmizin gənc nəslinin mənəvi tərbiyəsində rolunun artırılmasına xüsusi ehtiyac var. İndiki dövrdə kənarda cərəyan edən hadisələr fonunda qadınlarımızın gənclərin mənəvi tərbiyəsində təsirini daha da artırmaq mümkündür”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov bildirib ki, YAP-ın qarşısında duran vəzifələrdən biri də bütövlükdə qadınlarımızın ictimai-siyasi fəallığının daha da artırılması üçün təqdim etdiyi meydanın daha da genişlənməsi ilə əlaqədardır: “Ölkəmizdə qadınların ictimai-siyasi proseslərdə iştirakçılığı üçün geniş imkanlar yaradılıb. Amma bizim qarşımızda duran vəzifə odur ki, bu meydanı daha da genişləndirək. Nə qədər ölkəmizin inkişafı üçün sağlam iddialı qadınlar ortaya çıxıb özlərini cəmiyyətə təqdim edərlərsə, bu, bütövlükdə ictimai-siyasi potensialımızın güclənməsinə xidmət göstərər. Beləliklə, biz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə qadınların iştirak payının artırılmasına nail ola bilərik”.
Çıxışının sonunda Əli Əhmədov YAP Qadınlar Şurasına gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıb.
Qeyd edək ki, yubiley tədbirində ictimai-siyasi proseslərdə fəal iştirak etmiş bir qrup qadına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Tədbir tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam edib.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2015.- 1 dekabr.- S. 6